Regionlarda aqrar sahənin
inkişafı istiqamətində atılan addımlar
mühüm uğurların əldə olunmasını təmin
edib
2017-ci ildə
913,9 min ton və ya əvvəlki ilə nisbətən 1,3 faiz
çox kartof, 1405,6 min ton və ya 10,6 faiz çox tərəvəz
yığılıb
Ölkəmizdə kənd təsərrüfatının
inkişafında son bir neçə ildə mühüm
uğurlar qeydə alınıb. Vurğulanmalıdır ki,
2004-cü ildə həyata keçirilən və
regionların inkişafını özündə ehtiva edən
Dövlət proqramları bölgələrin simasının
dəyişməsində əhəmiyyətli rol oynayıb.
Adıçəkilən Dövlət proqramlarının
uğurlu icrası ölkəmizdə kənd təsərrüfatı
məhsullarının istehsalının artması ilə
yanaşı, vətəndaşların sosial rifahının
yüksəlməsinə də yol açıb. Bu gün
ixrac məhsulları arasında kənd təsərrüfatı
məhsulları mühüm yer tutur.
Yeri gəlmişkən, ötən il kənd təsərrüfatının
inkişafında mühüm uğurlara nail olunub. Belə ki, bu sahənin inkişafına dövlət
dəstəyinin daha da artırılması,
pambıqçılığın,
taxılçılığın,
baramaçılığın,
tütünçülüyün və
heyvandarlığın kompleks inkişafının genişləndirilməsi
və ərzaq təhlükəsizliyinin daha da gücləndirilməsi
üçün 2017-ci ilin dövlət və icmal büdcələrindən
581 milyon manat vəsait ayrılıb. Kənd təsərrüfatı
dövriyyəsinə əlavə suvarılan torpaq sahələrinin
daxil edilməsi, meliorativ sistemin müasir tələblər səviyyəsinə
uyğun modernləşdirilməsi və mütərəqqi
suvarma üsullarının tətbiqi üçün 2017-ci
ilin dövlət və icmal büdcələrindən ayrılan
vəsait və xaricdən cəlb edilmiş kreditlər
hesabına cəmi 461 milyon manat vəsait yönəldilib.
Qeyd edək ki, Prezident İlham
Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər
Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasında nitq söyləyən dövlət
başçısı bildirib ki, ötən il bölgələrdə
pambıqçılıq,
baramaçılıq, fındıqçılıq,
tütünçülük, çayçılıq,
çəltikçilik, sitrusçuluq üzrə
müşavirələr keçirilib, bir neçə
Dövlət proqramı qəbul edilib. Ölkə Prezidenti
qeyd edib ki, 2018-ci il də kənd təsərrüfatının
inkişafı üçün uğurlu olacaqdır:
“Keçən il kənd təsərrüfatı 4,1 faiz artıbdır.
Bu, yaxşı göstəricidir. Biz həm ərzaq təhlükəsizliyi
məsələlərini həll edirik, həm də kənd təsərrüfatının
bizim üçün ənənəvi olan texniki sahəsini
inkişaf etdiririk. Qeyd etməliyəm ki, Davos Ümumdünya
İqtisadi Forumu da ərzaq təhlükəsizliyi ilə bağlı
hesablama aparıb. Ərzaq təhlükəsizliyi indeksinə
görə Azərbaycan 57-ci yerdədir. Bu,
yaxşı göstəricidir. Ərzaq təhlükəsizliyi
ilə, xüsusilə taxılçılıqla bağlı
əlavə tədbirlər görüləcək ki, biz
keçən il olduğu kimi, bu il də idxaldan
asılılığı azaldaq və ixracyönümlü
məhsulların həcmi artsın”.
Bu ilin statistikasına nəzər saldıqda əldə
olunan inkişafı real rəqəmlərdə də görmək
mümkündür. Belə ki, 2017-ci ildə 913,9 min ton və
ya əvvəlki ilə nisbətən 1,3 faiz çox kartof,
1405,6 min ton (10,6 faiz çox) tərəvəz, 438,1 min ton
(5,7 faiz az) bostan məhsulları yığılıb.
Dövlət Statistika Komitəsindən bildirilib ki, meyvə və
giləmeyvə istehsalı 2017-ci ildə 8,2 faiz artaraq 954,8 min
ton olub. İl ərzində əlavə olaraq 10942 hektarda
fındıq, 971 hektarda nar, 471 hektarda xurma, 681 hektarda sitrus
meyvə bağları salınıb. Həmçinin
ötən il 152,8 min ton (12,0 faiz çox) üzüm, 775,2
ton (23,7 faiz az) yaşıl çay yarpağı, 422,2 min ton
(22,0 faiz çox) şəkər çuğunduru, 30,6 min ton
(78,1 faiz çox) dən üçün günəbaxan, 5213,2
ton (45,4 faiz çox) tütün yarpağı, 207,5 min ton
(2,3 dəfə çox) pambıq
yığılıb.
Vurğulanmalıdır ki, Azərbaycanda tərəvəz
və kartof toxumçuluğu işi İsrail dövlətinin
“Breedit” şirkətinin mütəxəssislərinin layihəsi
əsasında yenidən qurulur. Belə ki, tərəvəz
və kartof toxumçuluğu işinin fundamental əsaslarla
dünya standartlarının tələblərinə uyğun
qurulması üçün Kənd Təsərrüfatı
Nazirliyinin Tərəvəzçilik Elmi-Tədqiqat
İnstitutunda (TETİ) toxumçuluq və biotexnologiya istiqamətində
işlərə başlanılıb. Bu məqsədlə
mövcud laboratoriyalar Avropa və Amerika şirkətlərinin
istehsalı olan müasir avadanlıqlarla komplektləşdirilir.
Hazırda “Breedit” şirkətinin layihəsi əsasında
TETİ-də 6,14 hektar ərazidə müasir istixana və 30
hektar açıq sahədə tərəvəz
toxumçuluğunun beynəlxalq tələblərə
uyğun təşkili üçün iş aparılır.
Burada yetişdiriləcək tərəvəzlərdən
yüksəkkeyfiyyətli toxum almaq məqsədilə iki emal
sexi tikilib və yaxın vaxtlarda istifadəyə veriləcək.
Toxumlar emal prosesindən keçdikdən sonra
qablaşdırılacaq, qabların üzərində “Made in
Azerbaijan” sözü yazılacaq. Seleksiya və toxumçuluq
laboratoriyasının əməkdaşları istehsal və
emal proseslərində yaxından iştirak edəcəklər.
Toxumçuluqla bağlı bir sıra təlim
kurslarının və treninqlərin keçirilməsi də
nəzərdə tutulub.
Ölkənin ilkin mərhələdə
kartof toxumuna tələbatının 50 faizinin ödənilməsi
və idxaldan asılılığın azaldılması
üçün beynəlxalq layihə çərçivəsində
yaradılmış “Azərbaycanda tərəvəz və
kartof bitkiləri üzrə toxumçuluq müəssisəsi”ndə
bu işlərin gedişi diqqət mərkəzində
saxlanılır.
Müəssisənin
yaradılmasından məqsəd daxili bazarda güclü tələbat
duyulan, o cümlədən ərzaq təhlükəsizliyi
baxımından mühüm əhəmiyyət daşıyan
tərəvəz bitkiləri üzrə yüksək məhsuldar
toxumlar əldə etmək, ölkəmizin müxtəlif zona
və iqlimlərinə uyğun bitkilərin
seleksiyasını həyata keçirmək, ilboyu istixanalarda
və mövsümi olaraq açıq sahələrdə
seleksiya aparmaq, yerli fermerləri sərfəli qiymətə
keyfiyyətli toxumlarla təmin etməkdir.
Ötən il Ağcabədi rayonunda 175 hektar
sahədə meyvə bağları salınıb. Yeni
salınan bağlarda tut, ərik, nar və digər ağac
tingləri əkilib. Baramaçılığın
inkişafı məqsədilə rayon ərazisində əkilmək
üçün 43 min ədəd tut tingi verilib. Bundan
başqa, meyvə tinglərinin yetişdirilməsi məqsədilə
1 hektarda ərik, alça, gavalı, şaftalı və digər
meyvələrin toxumları səpilib. Kökləndirmək
üçün 3,5 hektarda 250 min ədəd nar qələmi
basdırılıb, 565 kiloqram müxtəlif meyvələrin
toxumu tədarük olunub. Meyvə bağlarının
salınması 2018-ci ildə də davam etdiriləcək.
Qəbələ rayonunda iqtisadiyyatın
əsasını təşkil edən
taxılçılıq, meyvəçilik və tərəvəzçilik
məhsullarının satışından yaxşı gəlir
əldə edən kəndli fermerlər və fərdi təsərrüfat
sahibləri bu sahələrin ildən-ilə daha da inkişaf
etdirilməsini qarşıya məqsəd qoyublar. Mütəxəssislər
2017-ci ilin Qəbələnin torpaq mülkiyyətçiləri
üçün uğurlu il olduğunu hesab edirlər. Belə
ki, kəndlilər əvvəlki illərlə müqayisədə
2017-ci ildə əkin sahələrini xeyli artırmaqla
yanaşı, həm də bol məhsul əldə etməyə
nail olublar. Belə ki, 2017-ci ildə Qəbələdə kənd
təsərrüfatı məhsullarının
yığımı vaxtında və itkisiz başa
çatdırılıb. Ötən il 21 min 47 hektar sahədən 64 min 597 ton
taxıl tədarük olunub. Cari ilin məhsulu
üçün rayonda 20 min 100 hektar sahədə taxıl səpini
aparılıb. Həmçinin ötən il Qəbələdə
1598 hektar sahədən 3 min 65 ton qarğıdalı, 8 hektar
sahədən 116 ton bostan məhsulları, 854 hektar sahədən
7 min 600 ton tərəvəz, 613 hektar sahədən 12 min 260
ton kartof tədarük olunub. Ötən il bağbanlar 365
hektar üzüm sahəsindən 2065 ton, 6 min 198 hektar meyvə
bağından 13 min 527 ton məhsul tədarük ediblər. O
cümlədən ötən il 4684 hektar
fındıq bağından 7300 ton məhsul tədarük
olunub. Son 3 ay ərzində Qəbələdə
314 hektar sahədə yeni fındıq bağı
salınıb. Bütün sahələr
üzrə əldə edilən nəticələr əvvəlki
ilin göstəricilərindən xeyli yüksəkdir.
Zaqatala rayonunda isə 2017-ci ildə xurma
bağlarından 5 min 521 ton məhsul tədarük olunub. Xurma
istehsalı əvvəlki illə müqayisədə 283 ton
artıb. İstehsal edilən məhsul
satış üçün daxili bazarla yanaşı, Rusiyaya
da ixrac olunub. Hazırda rayonda mövcud
xurma bağlarının ümumi sahəsi 385 hektardır.
Bu bağların 320 hektarı barverəndir.
Ötən il rayonda 16 hektar sahədə
yeni xurma bağları salınıb. Yeni
bağlar salınarkən daha çox “Şişburun” xurma
sortuna üstünlük verilib.
Ölkəmizin kənd təsərrüfatında
aparılan islahatlar aqrar bölgə olan Ağsu rayonunda da
iqtisadiyyatın bu sahəsinin inkişafına güclü təkan
verib. Rayon statistika idarəsindən bildirilib ki, 2017-ci ildə
Ağsuda kənd təsərrüfatının
inkişafında 6,1 faiz artım qeydə alınıb. Belə
ki, ötən il aqrar sektorda 75,6 milyon manatlıq məhsul
istehsal olunub ki, bu da əvvəlki ildən 4,4 milyon manat
çoxdur. Məhsul istehsalının 36,6 faizi bitkiçilik
sahələrindəndir. Təkcə keçən il
pambıq istehsalı əvvəlki ilə nisbətən 2,7 dəfə
artaraq 2786,8 tona çatıb.
İsmayıllı rayonunun
üzümçüləri də ötən ili uğurla
başa vurublar. Plantasiyalardan inişilkindən 433,9 ton
çox olmaqla, 2519,7 ton məhsul istehsal edilib. Rayon
İcra Hakimiyyətindən bildirilib ki, Prezident İlham
Əliyevin 2011-ci il 15 dekabr tarixli Sərəncamı ilə təsdiq
edilən “2012-2020-ci illərdə Azərbaycan
Respublikasında üzümçülüyün
inkişafına dair Dövlət Proqramı” bölgədə
təsərrüfatın ənənəvi, həm də
perspektivli sahəsinin inkişafına güclü təkan
verib və son illər bu istiqamətdə ardıcıl tədbirlər
görülür. Rayonda plantasiyaların sahəsi artıq
1071,3 hektara çatdırılıb. Bağların 986
hektarı məhsuldardır. Ötən il Kürdmaşı ərazi
vahidində 24,2 hektarda yeni plantasiyalar salınıb. Bu il də
Kürdmaşı, habelə Aşıqbayramlı ərazilərində
80 hektarda yeni bağların salınması nəzərdə
tutulub.
Qeyd edək ki,
üzümçülüyün inkişafı nəticəsində
Hacıhətəmli kəndindəki “İsmayıllı
şərab-2” zavodunun ixrac imkanları ildən-ilə
artır. Belə ki, təkcə keçən il burada 700 min
butulka şərab istehsal olunub. Məhsullar əsasən Rusiya
və Baltikyanı ölkələrə satılıb.
2017-ci ildə cəbhə bölgəsində
yerləşən Ağdam rayonunda digər kənd təsərrüfatı
məhsulları kimi tərəvəz istehsalında da
artım olub. Ağdam rayon statistika idarəsindən bildirilib
ki, kəndli fermerlər və torpaq mülkiyyətçiləri
ötən il 3724 hektar sahədə tərəvəz becəriblər.
Bu, əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə
1179 hektar çoxdur. Tərəvəz sahələrinin 94
hektarı kələm, 254 hektarı xiyar, 255 hektarı pomidor,
3050 hektarı baş soğan, 71 hektarı digər bitkilər
olub. Sahələrdən 75 min 324,6 ton və ya 51,2 faiz
çox məhsul götürülüb ki, bunun da 1360 tonu kələm,
4711 tonu xiyar, 5261 tonu pomidor, 62695 tonu baş soğan, 1297 tonu
digər tərəvəz bitkiləridir. Kələmin məhsuldarlığı
6,6 sentner, xiyarın məhsuldarlığı 0,3 sentner,
pomidorun məhsuldarlığı 10,5 sentner, baş
soğanın məhsuldarlığı 2,8 sentner artıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2018.- 24 yanvar.- S.7.