Bölgələrdə yeni yolların tikintisi uğurla davam etdirilir

 Bu il ərzində ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir

Azərbaycanda iqtisadi inkişaf tempinin qorunması, əhalinin sosial müdafiəsinin gücləndirilməsi, ölkəmizin beynəlxalq mövqelərinin möhkəmləndirilməsi istiqamətində tədbirlər 2017-ci ildə də uğurla həyata keçirilib. Ölkəmizdə qeyri-neft iqtisadiyyatının, özəl sektorun, sənayenin bütün seqmentlərinin inkişafını sürətləndirmək məqsədilə reallaşdırılan əməli tədbirlər nəticəsində inkişaf dinamikasının davamlılığı təmin edilib, bütün sahələrdə çox ciddi nailiyyətlər əldə olunub.

Onu da vurğulayaq ki, müvafiq Dövlət proqramları çərçivəsində həyata keçirilən layihələr sayəsində bölgələrin siması əhəmiyyətli dərəcədə dəyişib, infrastruktur təminatı güclənib. Son 14 ildə respublikanın inkişafından, paytaxtda və bölgələrdə aparılan quruculuq-abadlıq işlərindən söhbət açarkən məktəblərin, səhiyyə ocaqlarının, gənclər mərkəzlərinin və bu qəbildən olan digər sosial təyinatlı obyektlərin inşasını, yaxud yenidən qurulmasını xüsusi vurğulamaq gərəkdir. Dövlət sosial sferada bu və ya digər layihələrin həyata keçirilməsinə böyükhəcmli sərmayələr yönəldir. Bölgələrdə əsasən milli memarlıq üslubunda yaradılan və hər cür rahatlıqlara malik sosial infrastruktur obyektləri bir növ müstəqil Azərbaycanın hərtərəfli inkişafının rəmzinə çevrilib.

Eyni zamanda, yol-nəqliyyat infrastrukturunun yenilənməsi, müasir standartlara cavab verən yolların istifadəyə verilməsi Azərbaycan hökumətinin sosial sahədə həyata keçirdiyi siyasətin mühüm istiqamətlərindən birini təşkil edir. Regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarına uyğun olaraq Azərbaycanda avtomobil yollarının tikintisi və yenidən qurulması işlərinin həcmi ildən-ilə artmaqdadır. Hazırda respublikanın yol-nəqliyyat infrastrukturunun yenidən qurulması və təkmilləşdirilməsi ilə bağlı istər beynəlxalq maliyyə qurumlarının əsaslı vəsait qoyuluşları, istərsə də dövlət büdcəsi vəsaiti hesabına irimiqyaslı layihələr uğurla icra olunur. Məhz bunun nəticəsində ölkəmizdə şəhər və rayonlarda yol infrastrukturu əsaslı şəkildə yenidən qurulub. Bu məqamda vurğulamaq yerinə düşər ki, Prezident İlham Əliyevin Sərəncam və göstərişlərinə əsasən hazırda əsas diqqət regionlarda kənd və qəsəbələri birləşdirən yolların, həmçinin yaşayış məntəqələrinin daxili yollarının təmirinə və yenidən qurulmasına yönəldilib.

Elə ötən il ərzində də kəndlərarası yolların, rayon mərkəzləri ilə ucqar kəndləri birləşdirən yol xətlərinin təmiri və yenidən qurulması istiqamətində geniş tədbirlər həyata keçirilib. Yanvarın 10-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Sədrliyi ilə keçirilən Nazirlər Kabinetinin 2017-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı çıxışında dövlət başçısı bildirib ki, 2017-ci ildə 1300 kilometr avtomobil yolu salınıb: “Bu da çox böyük göstəricidir. Beş yüzdən çox kəndə yeni yol salınmışdır. Biz ilin əvvəlində bəyan etmişdik ki, şərti olaraq 40 kənd yolu layihəsini icra edəcəyik, ancaq hər bir layihənin əhatə dairəsi çox genişdir. Biz il ərzində yol infrastrukturunun yaradılmasına əlavə vəsait ayırdıq və beləliklə, 500-dən çox kəndə yeni gözəl yol salınıbdır”.

Dövlət başçısı həmçinin qeyd edib ki, bu il iki min kilometrdən çox avtomobil yolu çəkilməlidir: “Keçən illə müqayisədə bu, təxminən iki dəfə çoxdur. Ən azı altı yüz yeni kəndə avtomobil yolu çəkilməlidir”.

Beləliklə, Prezident İlham Əliyevin vurğuladığı kimi, bu il bölgələrimizdə yol tikintisi uğurla davam edir. Bunu yanvar ayının geridə qalan günləri ərzində görülən işlər də təsdiqləyir. Belə ki, respublikanın avtomobil yolları şəbəkəsinin yenidən qurulması və bərpası layihəsi çərçivəsində ölkənin cənub-qərb magistral avtomobil yolunun (M6) tərkib hissəsinə aid olan Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 64 kilometrlik (113-177) hissəsinin yenidən qurulması işləri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb. Agentliyin mətbuat xidmətindən bildirilib ki, Beyləqan və Füzuli rayonlarından keçən yolda tikinti-quraşdırma işləri iki hissədən ibarət olmaqla həyata keçirilib. Belə ki, I hissə 113-138 kilometr arası məsafəni, II hissə isə 138-177 kilometr məsafəni əhatə edir.

Yenidənqurma işləri çərçivəsində yolboyu köhnə asfalt-beton örtüyünün üst qatı frezlənərək kənara daşınıb, zəruri olan yerlərdə yol yatağının yararsız qruntu qazılaraq çıxarılıb, xüsusi material tökülərək kipləşdirmə işləri aparılıb, daha sonra yol yatağı və yol əsası inşa edilib. Torpaq işlərindən sonra yolun asfaltlanması işlərinə başlanılıb. Ümumilikdə yolun 500 min kvadratmetrdən çox hissəsinə 2 qat olmaqla 12 santimetr qalınlığında asfalt-beton örtüyü döşənib.

Məlumata görə, III texniki dərəcəyə uyğun yenidən qurulan 2 hərəkət zolaqlı yolun hərəkət hissələrinin hər birinin eni 4 metr, çiyinlərin 2 metr olmaqla yol yatağının ümumi eni 12 metr təşkil edir. Bundan başqa, yenidən qurulan yolun üzərindəki 9 ədəd 2 aşırımlı, uzunluqları 24-36 metr olan avtomobil körpülərinin əsaslı şəkildə təmiri də yekunlaşdırılıb. Təmir işləri çərçivəsində körpünün hərəkət hissələrinin eni 10-12 metrə qədər genişləndirilib. Bu isə öz növbəsində avtonəqliyyat vasitələrinin yolboyu rahat və maneəsiz hərəkətini təmin edib.

Layihəyə uyğun olaraq, yolboyu 38 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib və 30 avtobus dayanacağı quraşdırılıb. Hərəkətin normal təşkili üçün yolboyu 2710 ədəd siqnal dirəkləri, 515 ədəd yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Həmçinin qeyd olunub ki, Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun 0-112 kilometrlik hissəsi 2015-ci ildə II texniki dərəcəyə uyğun yenidən qurularaq istifadəyə verilib. Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə gedən yol başlanğıcını məhz Hacıqabul-Bəhrəmtəpə-Mincivan avtomobil yolunun təqribən 177-ci kilometrindən götürür. Magistral yolun 64 kilometrlik hissəsinin yenidən qurulması ilə Bakı şəhərindən istər Beyləqan və Füzuli rayonlarının yolboyu yerləşən yaşayış məntəqələrinə, istərsə də Cəbrayıl rayonunun Cocuq Mərcanlı kəndinə rahat, maneəsiz və təhlükəsiz şəkildə gediş-gəliş təmin olunub, yük və sərnişin daşıması asanlaşıb.

Qeyd edək ki, Biləsuvar rayonu ərazisində də, Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən yekunlaşdırılıb. 22,6 kilometr uzunluğunda olan Birinci-On birinci qəsəbələrarası avtomobil yolu 4-cü texniki dərəcəyə uyğun olaraq 2 hərəkət zolağı enində yenidən qurulub. Burada hərəkət hissəsinin eni 6 metr olmaqla ümumi yol yatağının eni 10 metr təşkil edir. Tikinti layihəsi çərçivəsində yolboyu zəruri olan yerlərdə yararsız qrunt qazılaraq çıxarılıb, əvəzinə yararlı material tökülərək kipləşdirmə işləri aparılıb, qum-çınqıl və optimal-qırmadaş qarışığından ibarət yeni yol əsası inşa olunub. Daha sonra yola 2 qat olmaqla yeni asfalt-beton örtük döşənib. Ümumilikdə asfaltlanma işləri 135 min kvadratmetr sahəni əhatə edib.

Bundan başqa, yenidən qurulan yolun üzərində yerləşən 12 avtomobil körpüsü əsaslı şəkildə təmir edilib, yolboyu 12 ədəd müxtəlif diametrli suötürücü borunun təmiri və tikintisi həyata keçirilib. Avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün yolboyu 904 ədəd siqnal dirəyi, 220 ədəd isə yol nişanı və məlumatverici lövhə qoyulub, yolun üfüqi nişanlanma xətləri çəkilib.

Biləsuvar rayonu ərazisində Cəbrayıl rayonundan olan məcburi köçkünlərin məskunlaşdığı Birinci-On birinci qəsəbələrarası avtomobil yolunun əsaslı təmiri ilə 11 yaşayış məntəqəsinin 18 min əhalisinin gediş-gəlişi, həmçinin yük və sərnişin daşınması asanlaşıb.

Göyçay rayonunda isə 11 kənd yaşayış məntəqəsini birləşdirən avtomobil yolu yenidən qurulur. Belə ki, rayonun Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidənqurulması işlərinə başlanılıb. Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən 3-cü texniki dərəcəyə uyğun olaraq yenidən qurulan yolun ümumi uzunluğu 23 kilometrdir. Hazırda ərazidə ağır texnikalar və işçi qüvvəsi çalışır. Əvvəlcə yolda söküntü və torpaq işləri görülür, yol yatağı və yol əsası inşa edilir. Uzun illərdir ki, istismar olunduğu üçün yararsız hala düşən mövcud 4-cü texniki dərəcəli bu yolun eni 6 metr olub. Yaşayış məntəqələrində əhalinin sayının artması və avtomobillərin intensiv hərəkəti zamanı yaranan sıxlıq nəzərə alınaraq yeni layihəyə əsasən hazırda aparılan yenidənqurma işləri zamanı yolun hərəkət hissəsinin eni 6 metrdən 12 metrədək genişləndirilib. Dövlət proqramına uyğun olaraq salınan yeni yol 4 hərəkət zolağından ibarət olacaq.

“Göyçay 17 saylı Yol İstismar” MMC-nin baş mühəndisi Urfan Mütəllimov bildirib ki, yol yatağında daş və torpaq bərkitmə işləri bitdikdən sonra əraziyə qalınlığı 5 və 7 santimetr olacaq ikiqat asfalt-beton örtüyü döşənəcək. Hazırda Alpoud və Bəydövül kəndləri ərazisində yolun söküntüsü, tarazlanması və bərkitmə işləri görülür, müxtəlif diametrli yeraltı suötürücü borular quraşdırılır. Əraziyə müxtəlif təyinatlı 20-dən çox ağır texnika və işçi qüvvəsi cəlb olunub. Mart ayında yola yeni asfalt örtüyünün vurulması işlərinə start veriləcək. Yolun bu ilin mayınadək istismara verilməsi nəzərdə tutulur.

Yolda tikinti işləri bitdikdən sonra avtonəqliyyat vasitələrinin hərəkətinin normal təşkili üçün zəruri olan yerlərdə yol nişanları qoyulacaq, yolun üfüqi nişanlama xətlərinin çəkilişi işləri aparılacaq, avtobus dayanacaqları, məktəblərin qarşısında piyada keçid nişanları qoyulacaq.

Qeyd edək ki, Cəyirli-Ləkçiplaq-Qaraxıdır-Bəydövül-Alpoud avtomobil yolunun yenidən qurulması 11 yaşayış məntəqəsinin 16 mindən çox sakininin Göyçay şəhərinə gediş-gəlişini, eləcə də Bakı-Şamaxı-Yevlax və Bakı-Qazax magistral avtomobil yollarına rahat, maneəsiz və təhlükəsiz şəkildə çıxışını təmin etməklə, yük və sərnişin daşınmasını xeyli asanlaşdıracaq.

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2018.-25 yanvar.- S.7.