Azərbaycanda sahibkarlara dövlət tərəfindən böyük dəstək göstərilir

 

Dünya Bankının hesabatına əsasən ölkəmizin biznes mühitinin yaxşılaşdırılmasına görə dünya miqyasında 25-ci yerdə qərarlaşması böyük nailiyyətdir

Azərbaycan Respublikasında azad sahibkarlığın və liberal iqtisadiyyatın inkişafı məqsədilə əlverişli biznes mühitinin yaxşılaşdırılması, müvafiq qanunvericilik bazasının təkmilləşdirilməsi, yerli və xarici investisiyaların, müasir texnologiyaların, idarəetmə təcrübəsinin cəlb edilməsi və bu yolla yüksəkkeyfiyyətli, rəqabətqabiliyyətli məhsulların istehsal edilməsi Prezident İlham Əliyevin müəyyən etdiyi iqtisadi inkişaf strategiyasının prioritetlərindəndir. Eyni zamanda ölkəmizdə azad sahibkarlığa dövlət himayəsinin sistemli şəkildə həyata keçirilməsi, sahibkarlara dəstək tədbirlərinin səmərəsinin yüksəldilməsi bu sahədə mühüm nailiyyətlərin əldə edilməsinə gətirib çıxarıb.

Azərbaycan biznesin asanlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə edib

Onu da xüsusi qeyd etmək lazımdır ki, ölkəmizdə investisiya mühitinin yaxşılaşdırılması istiqamətində son illər geniş islahatlar aparılır. Belə ki, sahibkarlar həm birbaşa, həm də dolayı yolla güzəşt, təşviq proqramlarından istifadə etmək imkanına malikdirlər. Onlara öz biznesini qurmaq və genişləndirmək üçün güzəştli şərtlərlə kreditlər verilir, investisiya təşviqi proqramı çərçivəsində müxtəlif layihələr reallaşdırılır. Prezident İlham Əliyev “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın icrasının yekunlarına həsr olunan konfransdakı çıxışında qeyd edib ki, sahibkarlara dəstək tədbirləri gələcəkdə də davam etdiriləcək: “Sahibkarlıqla bağlı siyasətimiz davam etdiriləcək. Sahibkarlara dövlət tərəfindən böyük dəstək verilir - həm mənəvi dəstək, siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər, subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə gedəcək, texnika, gübrələr, yanacaq güzəştli şərtlərlə verilir. Bu sahədə də Azərbaycan nadir ölkələrdəndir ki, öz sahibkarına, öz fermerinə bu qədər diqqət göstərir. Əlbəttə ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik”.

Təsadüfi deyil ki, 2018-ci ilin sonunda Dünya Bankının növbəti “Doing Business” hesabatında 150-dən çox ölkə arasında Azərbaycanın biznesin asanlaşdırılması istiqamətində böyük nailiyyətlər əldə etdiyi qeyd olunub. Ən əsası odur ki, “Doing Business” hesabatında Azərbaycan Cənubi Qafqaz dövlətləri arasında yeganə sürətli inkişaf edən, biznes mühitinin asanlaşdırılması istiqamətində ciddi islahatlar aparan ölkə kimi təqdim edilir.

Yeri gəlmişkən, 2019-cu il yanvarın 11-də Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında dövlət başçısı İlham Əliyev iqtisadi gücümüzün müstəqil siyasət aparmağa, Azərbaycan xalqının maraqlarını müdafiə etməyə imkan verdiyini, keçən ilin uğurlu və dərin iqtisadi islahatlar ili olduğunu vurğulayaraq demişdir: “İqtisadi islahatların əsas məqsədi bu sahədə şəffaflığı tam təmin etməkdir, xoşagəlməz hallara qarşı mübarizəni gücləndirməkdir və beləliklə, ölkəmizin uğurlu inkişafını sürətləndirməkdir. Deyə bilərəm ki, beynəlxalq təşkilatlar, aparıcı maliyyə qurumları Azərbaycanda gedən prosesləri çox böyük maraqla izləyirlər və bizim işimizə çox yüksək qiymət verirlər. Mən xüsusi qeyd etməliyəm ki, Dünya Bankının “Doing Business” hesabatında Azərbaycan dünya miqyasında 25-ci yerdədir. İl ərzində biz 32 pillə irəli getmişik. Hesab edirəm ki, bu, rekord göstəricidir. Biznesi aparmaq üçün yaradılan şəraitə görə dünya miqyasında 25-ci yerdə olmaq böyük nailiyyətdir”.

Azad sahibkarlığın təşviq edilməsi üçün ciddi islahatlar reallaşdırılır

Respublikamızda Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu özəl sektorun inkişafına dəstək siyasəti son 15 ildə Prezident İlham Əliyev tərəfindən də eyni ardıcıllıqla davam etdirilib. Bunun məntiqi nəticəsidir ki, ölkədə liberal iqtisadiyyata keçid prosesi uğurla yekunlaşıb, özəl sektorda istehsal imkanları əhəmiyyətli dərəcədə genişlənib. Bu dövr ərzində ölkəmizdə biznes mühitinin yaxşılaşdırılması ilə bağlı mühüm tədbirlər görülüb, sahibkarlığın inkişafına böyük dəstək göstərilib. Azərbaycanda fəaliyyət göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti göstərən hüquqi şəxslərin sayı 2 dəfə artıb.

Dünyada iqtisadi-maliyyə böhranları, digər mənfi tendensiyaların müşahidə edildiyi axırıncı 5 ildə yaranmış yeni iqtisadi şəraitdə Azərbaycan dövləti Prezident İlham Əliyevin siyasi iradəsi əsasında özəl sektora dəstək tədbirlərini daha da gücləndirib. Yeni iqtisadi şəraitdə Azərbaycan dövlət başçısının imzaladığı Fərman və sərəncamlar əsasında reallaşdırılan islahatların böyük bir qismi məhz azad sahibkarlığın inkişafının təşviq edilməsinə, özəl sektorda istehsal və ixrac imkanlarının artırılmasına hesablanıb. Sahibkarların imkanlarının genişləndirilməsi baxımından respublikada investisiyaların və ixracın səmərəli təşviq mexanizminin işə salınmasının, sahibkarlıq subyektlərində yoxlamaların dayandırılması müddətinin 2021-ci ilədək uzadılmasının, lisenziya tələb olunan fəaliyyət növlərinin sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların müddətsiz müəyyən edilməsinin və digər belə tədbirlərin aktuallığı böyükdür.

Ölkəmizdə sahibkarlığın inkişafı məqsədilə hüquqi bazanın möhkəmləndirilməsi, səmərəli təşviq mexanizmlərinin işə salınması və digər siyasi dəstək tədbirləri ilə yanaşı, maddi dəstəyin də miqyası mütəmadi qaydada artırılır. İndiyə qədər investisiya layihələrinin ümumi dəyəri 4,9 milyard manat olan 35 mindən çox sahibkara 2,2 milyard manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması nəticəsində 164 minə yaxın yeni iş yerinin açılması imkanı yaradılıb.

Cari ildə 39 yeni müəssisənin açılması gözlənilir

Yeni iqtisadi şəraitdə həyata keçirilən islahatlar çərçivəsində özəl sektorda fəaliyyət göstərən təsərrüfat subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının genişləndirilməsi sahibkarlar üçün yeni imkanlar açıb. Qeyd edək ki, dövlət başçısının “Azərbaycan Respublikasında sahibkarlığın inkişafına dövlət dəstəyi mexanizminin təkmilləşdirilməsi haqqında” 2018-ci il 31 iyul tarixli Fərmanı ilə Sahibkarlığa Kömək Milli Fondu ləğv edilərək İqtisadiyyat Nazirliyinin tabeliyində Sahibkarlığın İnkişafı Fondu publik hüquqi şəxsi yaradılıb və “Azərbaycan Respublikası Sahibkarlığın İnkişafı Fondunun vəsaitindən istifadə Qaydası” təsdiq edilib. Yeni qaydalara əsasən, güzəştli kreditlərdən daha səmərəli istifadə məqsədilə Sahibkarlığın İnkişafı Fondunun kreditlərinin illik faiz dərəcəsi 6 faizdən 5 faizə endirilib. İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu sahibkarların maarifləndirilməsi, sahibkarlıq fəaliyyətinin təşviqi və güzəştli kreditlərin verilməsi məqsədilə “Sahibkarların maarifləndirilməsi və maliyyə resurslarına çıxış imkanlarının artırılması”na dair bu ilin ilk işgüzar forumunu fevralın 15-də Tovuz rayonunda keçirib. Forumda Tovuz rayonunun iqtisadi potensialına uyğun olaraq kənd turizmi layihələrinin maliyyələşdirilməsi, kartofçuluq, cins heyvandarlıq və arıçılıq təsərrüfatlarının, meyvə emalı müəssisəsinin yaradılması üzrə nümunəvi investisiya layihələrinin təqdimatı keçirilib, sahibkarlara maarifləndirici materiallar təqdim olunub.

Tədbirdə bildirilib ki, təkcə ötən il müvəkkil kredit təşkilatları vasitəsilə ümumi dəyəri 617,8 milyon manat olan 999 investisiya layihəsinin maliyyələşdirilməsinə 160,2 milyon manat güzəştli kredit verilib. Bu kreditlərdən istifadə etməklə investisiya layihələrinin reallaşdırılması 9000-dək yeni iş yerinin açılmasına imkan yaradır. Kreditlərin 64,3 faizi regionların, 35,7 faizi isə Bakının qəsəbələrinin payına düşüb. Güzəştli kreditlərin 70,3 faizi aqrar sektorun, 29,7 faizi müxtəlif sənaye məhsullarının istehsalı və emalı sahələrinin inkişafına yönəldilib. 2018-ci ildə Sahibkarlığın İnkişafı Fondu tərəfindən maliyyələşdirilən 35 istehsal, emal və infrastruktur müəssisəsi fəaliyyətə başlayıb. Cari ildə isə daha 39 müəssisənin açılması gözlənilir.

Sahibkarların sistemli təşviq olunması tədbirləri sahibkarlığın inkişafına böyük təkan verir

Sahibkarlığın inkişafının dəstəklənməsi üçün müxtəlif mexanizmlərdən istifadə olunur ki, onlardan biri də investisiya təşviqi sənədidir. Belə ki, bu vaxtadək sahibkarlara investisiya dəyəri 2,8 milyard manatdan çox olan layihələr üzrə 333 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 2188 təsdiqedici sənəd verilib. Bu sənədi almış sahibkarlar çox fərqli güzəştlərdən faydalanırlar. Güzəştlərin tətbiqi imkan verir ki, sahibkarlar vergi formasında ödəniləcək vəsaitləri öz sərəncamlarında saxlasınlar.

Həmin layihələrin 41 faizi kənd təsərrüfatı, 59 faizi isə sənaye sahələrini əhatə edir. Bu layihələrin reallaşması nəticəsində 22 minədək iş yerinin açılacağı gözlənilir. Eyni zamanda, təkcə keçən il sahibkarlara investisiya dəyəri 801 milyon manat olan layihələr üzrə 107 investisiya təşviqi sənədi və bu investisiya təşviqi sənədləri əsasında 1058 təsdiqedici sənəd təqdim edilib.

Onu da xatırladaq ki, investisiya mühitinin yaxşılaşdırılması fonunda sahibkarlıq subyektlərində yoxlamaların 2021-ci il yanvarın 1-dək dayandırılması da sahibkarlara müdaxiləni minimumlaşdırır. Vergi Məcəlləsindəki son dəyişikliklər isə sahibkarların çox fərqli güzəştlərdən istifadə etməsinə imkan yaradır. Belə ki, yeni formalaşan startaplar mənfəət vergisindən 3 il müddətinə azad olacaq. Sahibkarlar üçün həyata keçirilən sistemli təşviq tədbirləri sahibkarlığın inkişafına böyük təkan verir. Təkcə onu qeyd etmək yerinə düşər ki, növbəti regionların sosial-iqtisadi inkişafı Dövlət Proqramında dövlət bu istiqamətə 17 milyard manat vəsait ayıracaq.

 

(davamı növbəti sayımızda)

Qaşqay RAMAZANOV

Yeni Azərbaycan.- 2019.-2 aprel.- S.7