Azərbaycanda özəl
sektorda məhsul istehsalının həcmi əhəmiyyətli
dərəcədə artıb
Ölkəmizdə sahibkarlığın
güzəştli qaydada maliyyələşdirilməsində
səmərəliliyin daha da artırılması, kiçik və
orta sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin
geniş tətbiqi istiqamətində mühüm addımlar
atılır
Azərbaycanda qeyri-neft sektorunun üstün
inkişafının təmin olunması istiqamətində həyata
keçirilən tədbirlərin əsas istiqamətlərindən
birini ölkəmizdə liberal iqtisadiyyatın və
sahibkarlıq fəaliyyətinin təşviq edilməsi təşkil
edir. Son 15 ildə özəl bölmənin inkişafına dəstək
siyasəti uğurla həyata keçirilib. Bunun məntiqi nəticəsidir
ki, ölkədə liberal iqtisadiyyata transformasiya prosesi
uğurla yekunlaşıb, özəl sektorda istehsal
imkanları əhəmiyyətli dərəcədə
genişlənib. Təkcə belə bir faktı vurğulamaq
kifayətdir ki, hazırda respublikamızda ümumi daxili məhsul
istehsalında, məşğulluqda və vergi
daxilolmalarında özəl bölmənin xüsusi çəkisi
70 faizi ötüb ki, bu da kifayət qədər yaxşı
göstəricidir. Həmçinin Azərbaycanda fəaliyyət
göstərən sahibkarlıq subyektlərinin sayı 4,3 dəfə,
o cümlədən sahibkarlıq fəaliyyəti göstərən
hüquqi şəxslərin sayı 2 dəfə artıb. Bəhs
olunan dövrdə respublikamızda hüquqi şəxs
yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin sayı isə 5,1 dəfə
artıb.
“Sahibkarlara xidmət” və “Biznes inkubasiya” mərkəzlərinin
fəaliyyətə başlaması bu istiqamətdə
göstərilən xidmətlərin keyfiyyətinin
artırılmasına imkan verəcək
Ölkəmizdə sahibkarlığa dəstək
tədbirləri çoxşaxəli olmaqla müxtəlif
istiqamətləri əhatə edir. Sahibkarlıq
fəaliyyətinin genişləndirilməsi və özəl
sektorun iqtisadiyyatda rolunun daha da artırılması məqsədilə
kompleks dövlət dəstəyi tədbirləri həyata
keçirilir. İqtisadiyyat Nazirliyi yanında
Sahibkarlığın İnkişafı Fondu tərəfindən
indiyədək ümumi dəyəri 5,1 milyard manat olan
35 mindən çox sahibkarlıq subyektinin layihəsinə 2,3
milyard manatlıq dövlətin güzəştli krediti verilməsi
ölkə sahibkarlarının ən müxtəlif sahələrdə
uğurla fəaliyyət göstərməsinə əhəmiyyətli
töhfədir. Bu kreditlərin əsas hissəsi geri
qaytarılan vəsaitlər hesabına təmin olunub ki, bu həm
də onu deməyə əsas verir ki, sahibkarlar dövlətin
yaratdığı bu imkandan uğurla bəhrələnirlər.
Qeyd olunmalıdır ki, sahibkarlara dövlət dəstəyi
tədbirləri yalnız güzəştli şərtlərlə
kreditlərin verilməsi ilə məhdudlaşmır. Bununla yanaşı, sahibkarların imkanlarının
genişləndirilməsi baxımından respublikada
investisiyaların və ixracın səmərəli təşviq
mexanizminin işə salınmasının, sahibkarlıq
subyektlərində yoxlamaların dayandırılması
müddətinin 2021-ci ilədək uzadılmasının,
lisenziya tələb olunan fəaliyyət növlərinin
sayının 59-dan 37-yə endirilməsinin, lisenziyaların
müddətsiz müəyyən edilməsinin və digər
belə tədbirlərin aktuallığı
böyükdür. Həmçinin müasir texnologiyaların
tətbiqi, dünya trendlərinin, elm və texnologiyaların
inkişafının şərtləndirdiyi yeni təcrübələrin
mənimsənilməsi istiqamətində də sahibkarlara dəstək
göstərilir. Aprelin 2-də isə İqtisadiyyat Nazirliyinin
Sahibkarlığın İnkişafı Fondunda “Sahibkarlara
xidmət” və “Biznes inkubasiya” mərkəzləri fəaliyyətə
başlayıb. Bu münasibətlə
keçirilən tədbirdə iqtisadiyyat nazirinin müavini
Sahib Məmmədov dövlət başçısının
uğurlu siyasəti nəticəsində iqtisadiyyatın
davamlı və dayanıqlı inkişafının təmin
edildiyini, əlverişli biznes və investisiya mühitinin
yaradıldığını, sahibkarlıq fəaliyyətinin,
rəqabətqabiliyyətli və ixracyönümlü məhsul
istehsalının genişləndiyini vurğulayıb.
Nazir müavini qeyd edib ki, yeni
yaradılmış mərkəzlər sahibkarlara göstərilən
xidmətlərin keyfiyyətinin, özəl sektorun güzəştli
qaydada maliyyələşdirilməsində səmərəliliyin
daha da artırılmasında, kiçik və orta
sahibkarlığa dövlət dəstəyi mexanizmlərinin
daha geniş tətbiqində əhəmiyyətli olacaq.
Tədbirdə mərkəzlərin fəaliyyət
istiqamətləri, sahibkarlara və startapçılara
müasir informasiya texnologiyalarının imkanlarından istifadə
etməklə göstərilən xidmətlər barədə
məlumat verilib.
“Sahibkarlara xidmət” mərkəzində
müasir informasiya-kommunikasiya imkanlarından istifadə etməklə
sahibkarların müraciətlərinin operativ şəkildə
cavablandırılması üçün hər cür şərait,
o cümlədən “qaynar xətt” (012-310-23-00)
yaradılıb. Mərkəz həmçinin
hüquqi, iqtisadi və digər məlumatların
toplanması, bazar konyunkturunun öyrənilməsi, müasir
texnologiyaların və elmi-texniki yeniliklərin təbliği,
qabaqcıl beynəlxalq təcrübənin öyrənilməsi
istiqamətində fəaliyyət göstərəcək.
“Biznes inkubasiya” mərkəzi vasitəsilə
sahibkarlıq fəaliyyətinə başlamaq istəyən təşəbbüskar,
innovativ ideyası olan gənclərə dəstək veriləcək,
startapçıların ideyalarının
reallaşdırılması üçün lazımi şərait
yaradılacaq.
Yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatlarının
həcmi 5 milyard dollardan çox olub
Ölkəmizdə liberal iqtisadiyyatın
inkişaf etdirilməsi və sahibkarlığa dəstək
göstərilməsi istiqamətində həyata keçirilən
tədbirlər Azərbaycanın ixrac potensialının
genişlənməsinə əsaslı töhfələr
verir. Dövlət Statistika Komitəsindən verilən məlumatda
əksini tapan rəqəmlər də bir daha bunu təsdiq
edir. Belə ki, Komitənin məlumatında bildirilir ki, cari
ilin yanvar-fevral aylarında Azərbaycanda ticarət əməliyyatlarının
həcmi ümumilikdə 5 milyard 317 milyon 941 min ABŞ
dolları olub. Ticarət əməliyyatlarının ümumi
həcminin 2 milyard 165 milyon 811 min dolları idxalın, 3 milyard
152 milyon 129 min dolları isə ixracın payına
düşüb.
Hesabat dövründə Azərbaycandan
dünyanın ayrı-ayrı bölgələrinə ixrac
olunan məhsulların həcminin də artması
müşahidə edilib. Dövlət Statistika Komitəsinin məlumatına
görə, 2019-cu ilin yanvar-fevral aylarında Azərbaycandan
MDB ölkələrinə 143 milyon 72 min ABŞ dollarlıq məhsul
ixrac edilib. Sözügedən dövrdə Azərbaycandan Avropa
İttifaqına (Aİ) üzv ölkələrə 2 milyard
201 milyon 173 min ABŞ dolları dəyərində məhsul
ixrac edilib. Bu göstərici 2018-ci ilin müvafiq dövrünə
nisbətən 1 milyard 66 milyon 804 min dollar çoxdur. Ötən
iki ayda Aİ ölkələrindən Azərbaycana idxal edilən
məhsulun dəyəri isə 329 milyon 870 min dollar olub. Bu ilin yanvar-fevral aylarında Azərbaycan ən
çox İtaliyaya məhsul ixrac edib. Ötən iki ayda
ixracda əsas ölkələrin siyahısında ilk
sırada İtaliya olmaqla, Türkiyə və Almaniya qərarlaşıb.
İtaliyaya ixrac 1 milyard
187 milyon 392 min ABŞ dolları, Türkiyəyə 274 milyon
742 min dollar, Almaniyaya isə 240 milyon 647 min dollar dəyərindədir.
Azərbaycanla ticarət dövriyyəsində əsas
ölkələrin siyahısında ilk üçlükdə
İtaliya, Türkiyə və Rusiya dayanır.
İtaliya ilə ticarət dövriyyəsi 1 milyard 239 milyon
616 min dollar, Türkiyə ilə 471 milyon 377 min dollar, Rusiya ilə
isə 340 milyon 512 min dollar təşkil edib.
Ayrı-ayrı məhsul adları üzrə də
ixracın həcminin artdığı müşahidə
olunub. Belə
ki, Dövlət Gömrük Komitəsinin məlumatına əsasən,
ilin ilk 2 ayında Azərbaycandan 55 min 427 ton kimya sənayesi məhsulları
ixrac edilib. İxrac edilən kimya sənayesi məhsullarının
dəyəri 12 milyon 598 min ABŞ dolları olub.
Xatırladaq ki, 2018-ci ilin eyni dövründə ölkədən
ixrac edilən 10 min 568 ton kimya məhsulunun dəyəri 6
milyon 623 min dollar təşkil edib. Sözügedən
dövrdə ixrac olunan çayın həcmi də artaraq 228
ton təşkil edib. İxrac edilən
çayın dəyəri 1 milyon 443 min ABŞ dolları təşkil
edib. Həmçinin bu dövrdə
ölkədən 79 min 114 ton meyvə-tərəvəz ixrac
olunub. İxrac edilən meyvə-tərəvəzin
dəyəri 75 milyon 972 min ABŞ dolları olub.
Xatırladaq ki, yanvarda Azərbaycana dəyəri 58 milyon 418
min dollar olmaqla 57 min 273 ton meyvə-tərəvəz ixrac
edilib. Eyni zamanda, bu ilin ilk iki ayında 70 min 70
ton meyvə-tərəvəz idxal olunub. İdxal
edilən meyvə-tərəvəzin dəyəri 36 milyon 359
min dollar təşkil edib.
Sənaye
müəssisələri və bu sahədə fəaliyyət
göstərən sahibkarlar tərəfindən 7,6 milyard manatlıq məhsul istehsal edilib
Ölkəmizdə sahibkarlığın yüksək
inkişafını ifadə edən faktlardan biri də
müxtəlif sahibkarlıq subyektləri tərəfindən
istehsal olunan məhsulun həcminin əsaslı şəkildə
artmasıdır. Bu müsbət dinamika cari ilin ilk ayı ərzində
də davam edib. Xüsusilə, sənayedə
fəaliyyət göstərən fərdi sahibkarlar cari ilə
uğurla start veriblər. Bunun nəticəsidir ki, sənaye
müəssisələri və bu sahədə fəaliyyət
göstərən fərdi sahibkarlar tərəfindən bu
ilin yanvar-fevral aylarında 7,6 milyard
manatlıq və ya keçən ilin müvafiq dövrü ilə
müqayisədə 4,6 faiz çox sənaye məhsulu istehsal
edilib. Dövlət Statistika Komitəsindən bildirilib ki, sənayenin
qeyri-neft sektorunda məhsul istehsalı 15,5
faiz artıb. Sənaye məhsulunun 22,7
faizi emal sektorunda istehsal olunub. Bu sektorda avtomobil, qoşqu və
yarımqoşquların istehsalı 3 dəfə, mebel
istehsalı 85,5 faiz, maşın və avadanlıqların
istehsalı 80,8 faiz, rezin və plastik kütlə məmulatlarının
istehsalı 64 faiz, içkilərin istehsalı 63,4 faiz,
kağız və karton istehsalı 50,2 faiz, toxuculuq sənayesi
məhsullarının istehsalı 49,6 faiz, kompüter, elektron
və optik məhsulların istehsalı 37,8 faiz, kimya sənayesi
məhsullarının istehsalı 33,2 faiz, əczaçılıq
məhsullarının istehsalı 26,8 faiz, ağacın
emalı və ağacdan məmulatların istehsalı 25,3
faiz, maşın və avadanlıqların
quraşdırılması və təmiri işləri 18,2
faiz, tikinti materiallarının istehsalı 12,8 faiz artıb.
Ötən
ilin yanvar-fevral ayları ilə müqayisədə bu ilin
müvafiq dövründə içki istehsalında artım
63,4 faiz, qida məhsullarının
istehsalında isə 23,2 faiz təşkil edib. Bu sahələrin
əsas məhsullarından qənd və şəkər tozu
istehsalı 12 dəfə, duru bitki yağlarının
istehsalı 26,5 faiz, cem və marmeladların istehsalı 5,8
faiz, araq istehsalı 7,8 dəfə, alkoqolsuz içkilərin
istehsalı 36 faiz artıb. Bu ilin iki ayında toxuculuq sənayesi,
geyim, dəri və dəri məmulatlarının,
ayaqqabıların istehsalı sahələrində isə 74,9 milyon manat dəyərində məhsul
istehsal edilib. Əvvəlki ilin yanvar-fevral ayları ilə
müqayisədə toxuculuq sənayesində 49,6
faiz artım, geyim istehsalında 27,1 faiz, dəri və dəri
məmulatlarının, ayaqqabıların istehsalında isə
39,8 faiz azalma müşahidə olunub.
Aqşin ŞAHİNOĞLU
Yeni Azərbaycan.-
2019.- 4 aprel.- S.7