Azərbaycan Beynəlxalq Turizm
və Səyahətlər
sərgisi on səkkizinci dəfə qapılarını ziyarətçilərin
üzünə açıb
Aprelin 4-də Bakı Ekspo Mərkəzində 18-ci Azərbaycan
Beynəlxalq “Turizm və Səyahətlər”
(“AITF 2019”) sərgisi qapılarını
ziyarətçilərin üzünə
açıb.
AZƏRTAC xəbər verir ki, bu
il “AITF” sərgisi Dövlət Turizm Agentliyi və Milli Turizm Təbliğat
Bürosunun fəal dəstəyi və iştirakı ilə keçirilir. Sərgi Azərbaycan Turizm
Assosiasiyası, Azərbaycan
Respublikası Sahibkarlar
(İşəgötürənlər) Təşkilatları Milli
Konfederasiyası (ASK), Azərbaycanda
İxracın və İnvestisiyaların Təşviqi
Fondu, Azərbaycan Respublikasının Kiçik
və Orta Biznesin İnkişafı Agentliyi, BMT-nin Dünya Turizm Təşkilatı (ÜTT) və
Asiya-Sakit Okean Turizm Assosiasiyası (ASOTA)
kimi beynəlxalq strukturlar tərəfindən
dəstəklənir. Sərginin
təşkilatçıları qismində “Iteca Caspian” şirkəti çıxış edir.
Açılış mərasimində çıxış edən
sərginin regional direktoru Edvard Stroon bildirib ki, builki sərgini
fərqləndirən cəhət
onun artıq Qafqaz Beynəlxalq Mehmanxana, Restoran və Supermarketlər üçün Avadanlıq
və Ləvazimatlar
“HOREX Caucasus” sərgisi
ilə eyni platformada keçirilməməsidir.
Marketinq araşdırmaları
apararaq və eksponentlərin müraciətlərini
nəzərə alaraq
sərgi təşkilatçıları
“HOREX Caucasus” sərgisini
qida və qablaşdırma mövzusuna
həsr olunmuş sərgilər ilə paralel keçirmək qərarına gəliblər.
Beləliklə, bundan belə
sırf turizm tədbiri formatında keçiriləcək “AITF” sərgisi
bütün diqqəti
gediş və gəliş turizminə, eləcə də işgüzar turizm - MICE sənayesinin inkişafına
yönəldəcək. Ölkəyə
gələn turist axınının artması,
Azərbaycanda müxtəlif irimiqyaslı
beynəlxalq tədbirlərin
keçirilməsi və
beynəlxalq əlaqələrin
inkişafı fonunda bu mövzunun aktuallığı heç
bir şübhə doğurmur. MICE sektorunun aparıcı mexanizmlərindən
biri olan sərgi turizm agentlikləri, aviaşirkətlər,
eləcə də son istehlakçılar arasında əlaqə yaradır. Sərgi yerli və xarici
mütəxəssislərin, o cümlədən dövlət
strukturlarının görüş
yeridir.
Qeyd edilib
ki, “Bütün dünya. Bir sərgi” bu şüar altında keçirilən “AITF 2019” sərgisində
dünyanın 17 ölkəsindən
189 şirkət və
təşkilat iştirak
edir. Belarus, Bolqarıstan, Çex, Çin, Dominikan, Gürcüstan, İtaliya,
Mərakeş, Tailand və Türkiyənin milli qrupları öz ölkələrinin
milli turizm büroları və səfirlikləri tərəfindən
göstərilən dəstək
sayəsində sərgidə
iştirak edir.
Milli və
regional stendlərdə
kurort və sanatoriyalar, turizm şirkətləri və
mehmanxana şəbəkələrinin
nümayəndələri çalışacaqlar.
Bu il Dominikan Respublikası Turizm Nazirliyi iştirakçı ölkələr
arasında seçilmək
və öz turizm istiqamətini daha parlaq şəkildə
təqdim etmək məqsədilə “AITF 2019” sərgisinin
sponsoru qismində çıxış edir.
Dövlət Turizm Agentliyinin sədri Fuad Nağıyev “AITF” sərgisinin
18 ildir turizm sənayesi üzrə beynəlxalq görüş
platformasına çevrildiyini
vurğulayıb. Turizmin ölkə
iqtisadiyyatının ən
prioritet sahələrindən
biri olduğunu deyən F.Nağıyev ötən ilin sonundan etibarən Azərbaycanın 6 ölkədə
- Almaniyanın Frankfurt,
BƏƏ-nin Dubay, Səudiyyə Ərəbistanın
Ər-Riyad, Çinin
Pekin, Hindistanın Mumbay, Rusiyanın Moskva şəhərlərində
daimi turizm nümayəndəliyinin fəaliyyətə
başladığını xatırladıb. Diqqətə
çatdırıb ki,
eyni zamanda Böyük Britaniya, Fransa, İran və Koreya Respublikasında da daimi turizm nümayəndəliyinin
açılması nəzərdə
tutulub.
“Ölkənin
yeni turizm brendi ilə yanaşı, aparılan marketinq tədbirləri öz bəhrəsini verəcək. Ötən
il ölkəmizi ziyarət edən xarici vətəndaşların
sayı 2017-ci illə
müqayisədə 153 min
nəfər, yəni
6 faiz artaraq 2,8 milyona çatıb.
Bu ilin 2 ayı ərzində 364 min xarici ziyarətçi
ölkəmizə gəlib.
Turistlərin sayının
ildən-ilə artırılması
turist məmnunluğunun
yaradılması da əsas məqsədlərimiz
sırasındadır”, - deyə
Dövlət Turizm Agentliyinin sədri vurğulayıb.
Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin İdarə Heyətinin sədri Orxan Məmmədov bildirib ki, ənənəvi
olaraq keçirilən
bu sərgi turizm sənayesində mövcud çağırışların
öyrənilməsi baxımından
əlverişli platforma
rolunu oynayır: “İqtisadiyyatın bütün
sektorlarında rəqabət
qaydaları əvvəlki
dövrlərə nisbətən
fərqlənir. Bu gün ölkələr turist axını cəlb edilməsi uğrunda ciddi mübarizə aparır. Bu baxımdan ölkəmizdə turizm sektoruna mühüm diqqət ayrılır. Prezident İlham Əliyevin rəhbərliyi ilə əldə olunmuş sosial-iqtisadi tərəqqi
bu sahənin hərtərəfli inkişafına
yeni imkanlar açır. Ölkəmizin
turizm potensialının
beynəlxalq aləmdə
təbliği, turistlərin
ölkəmizə cəlb
edilməsi, müasir turizm infrastrukturunun yaradılması və viza rejiminin sadələşdirilməsi
istiqamətində məqsədyönlü
işlər aparılır.
Biznes sahəsində sahibkarlığın inkişaf
etdirilməsi, Kiçik
və Orta Biznesin İnkişafı Agentliyinin fəaliyyət dairəsinə daxil olan istiqamətlərdən
biri hesab olunur”.
Azərbaycan Otelləri Assosiasiyasının
prezidenti Martin Kleymann təmsil etdiyi qurum barədə
məlumat verib. Bildirib ki, Otellər
Assosiasiyasının əsas
məqsədi kiçik
və böyük mehmanxanaların maraqlarını
müdafiə etmək
və onları dünyada tanıtmaqdır.
Çıxışlarda diqqətə çatdırılıb
ki, Azərbaycanın cəlbedici turizm destinasiyası kimi təqdim olunmasında
“AITF” sərgisinin daşıdığı
əhəmiyyət danılmazdır.
Bu il tədbirdə
debüt edən Azərbaycan Turizm Bürosu Azərbaycanın
yenilənmiş turizm
brendini öz stendində təqdim edəcək. Azərbaycanın turizm şirkətlərini,
eləcə də otel və sanatoriyalarını
öz stendində bir araya gətirən
Azərbaycan Turizm Assosiasiyasının (AZTA) ekspozisiyası
isə həm Azərbaycanda, həm də xaricdə turizm üzrə geniş təkliflər silsiləsini nümayiş
etdirəcək. “AITF 2019” sərgisinin iştirakçıları
üç gün ərzində öz təklifləri ilə yay və qış
turizm mövsümlərini
əhatə etməklə,
turizm xidmətlərinin
bütün spektrini görə biləcəklər.
Vurğulanıb ki, əvvəlki illərdə olduğu kimi, bu il
də “AITF” sərgisində
təhsil turizmi, idman turizmi, turizm sahəsində informasiya texnologiyaları,
ov və balıqçılıq və
bir sıra digər sektorlar təqdim olunacaq. Xüsusi sektor olan “Tibbi və
Sağlamlıq Turizmi”
çərçivəsində Belarus, Bolqarıstanı, Çex, Sloveniyanı və Rusiyanı təmsil edən sanatoriyalar, sağlamlıq
və SPA mərkəzləri
iştirak edirlər.
Qeyd edilib
ki, “AITF” sərgisi həm də geniş işgüzar proqramdır. Belə ki, sərginin keçirildiyi günlər
ərzində müxtəlif
görüşlər, seminarlar
və təqdimatlar təşkil ediləcək.
2019-cu il Azərbaycanda
“Nəsimi ili” elan edilib. Azərbaycan
poeziyasının ilk incilərinin müəllifi
olan İmadəddin Nəsimi Azərbaycan ədəbiyyatının formalaşmasında
mühüm rol oynayıb. Nəsimi Azərbaycan divan poeziyasının atası
və Azərbaycan ədəbi dilinin banisi hesab edilir.
Bu münasibətlə sərginin
üç iş günü ərzində qonaqlara “Nəsimi tarixi və yaradıcılığına səyahət”
etmək və bununla da dahi
şairin əziz xatirəsini yad edərək Azərbaycanın
zəngin mədəniyyəti
ilə tanış olmaq imkanı yaradılacaq.
Tədbirdə Dövlət Turizm Agentliyinin şöbə müdiri Cəmilə Talıbzadə Dünya Turizm Təşkilatının
baş katibi Zurab Pololikaşvilinin sərgi iştirakçılarına
məktubunu oxuyub.
Sonra iştirakçılar
sərginin informasiya tərəfdaşlarından olan
AZƏRTAC-ın stendinin
də yer aldığı sərgi ilə tanış olublar.
Qeyd edək
ki, sərgi aprelin 6-dək davam edəcək
Yeni Azərbaycan.-
2019.- 5 aprel.- S.7.