Azərbaycanda
sahibkarlığın inkişafı istiqamətində
mühüm layihələr həyata keçirilir
Ölkəmizdə kiçik və orta biznes
nümayəndələrinə, o cümlədən kənd təsərrüfatı
ilə məşğul olan sahibkarlara bütün sahələrdə
yardımlar edilir, qayğı göstərilir
Son illərdə Azərbaycanda, xüsusilə
də ölkənin regionlarında iqtisadi fəallığın
təmin olunmasında özəl bölmənin rolu getdikcə
artır. Bu da səbəbsiz deyil. Belə ki, dövlət tərəfindən
respublikamızda sahibkarlığın inkişafına
davamlı olaraq dəstək göstərilir. Vurğulamaq
lazımdır ki, son 15 ildə ölkə üzrə
investisiya layihələrinin ümumi dəyəri 5,1 milyard
manat olan 35 mindən çox sahibkara 2,3 milyard manat güzəştli
kredit verilib. Güzəştli kreditlərin 72 faizi aqrar
sektorun, 28 faizi sənaye və digər sahələrin inkişafına
yönəldilib. Bu kreditlərin 75 faizi regionların, 25 faizi
Bakı qəsəbələrinin payına düşür.
Onu da qeyd edək ki, son 15 ildə Azərbaycanda
fəaliyyət göstərən sahibkarlıq subyektlərinin
sayı 4,3 dəfə, o cümlədən sahibkarlıq fəaliyyəti
göstərən hüquqi şəxslərin sayı 2 dəfə
artıb. Bəhs olunan dövrdə respublikamızda hüquqi
şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul
olan fiziki şəxslərin sayı isə 5,1 dəfə
artıb. Bu il yanvarın 29-da keçirilən
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının yekunlarına həsr olunan konfransdakı
çıxışında bu məqama toxunan Prezident
İlham Əliyev bildirib ki, son 15 il ərzində biznes
mühitinin yaxşılaşdırılması ilə bağlı
böyük addımlar atılıb. Dövlət başçısı
qeyd edib ki, sahibkarlığın inkişafına böyük
dəstək verilib: “Təkcə güzəştli şərtlərlə
sahibkarlara verilən kreditlərin məbləği 2 milyard
manatı ötüb. Sevindirici hal ondan ibarətdir ki, dövlət
büdcəsindən bu məbləğin cəmi bir milyard
manatı ayrılmışdır. Qalan bir milyard manatdan
çox vəsait verilmiş və qaytarılmış kreditlər
hesabına yenidən kredit şəklində verilib. Beləliklə,
biz kifayət qədər böyük maliyyə resursu
yaratmışıq. Bu, bizə imkan verir ki, dövlət
büdcəsinin yükünü azaldaq və gələcəkdə
güzəştli şərtlərlə sahibkarlara maliyyə
dəstəyi göstərək”.
Vurğulanmalıdır ki,
sahibkarlığın inkişafına göstərilən
dövlət dəstəyi, respublikamızda özəl
bölmənin inkişafının dəstəklənməsi,
o cümlədən də sahibkarlara güzəştli şərtlərlə
kreditlərin verilməsi davamlı səciyyə
daşıyır. 2018-ci ildə ölkə üzrə
sahibkarlıq subyektlərinin 999 investisiya layihəsinin maliyyələşdirilməsinə
160,2 milyon manat güzəştli kredit verilib. 2019-cu ildə də
sahibkarlara geri qaytarılan vəsaitlər hesabına azı
160 milyon manat güzəştli kreditin verilməsi nəzərdə
tutulur.
Onu da qeyd etmək yerinə düşər ki,
yuxarıda bəhs olunan konfransda sahibkarlığın
inkişafının davamlı dəstəklənməsi məsələsinə
də toxunulub. Belə ki, dövlət başçısı
sahibkarlıqla bağlı siyasətin davam etdiriləcəyini
bildirib: “Sahibkarlara dövlət tərəfindən
böyük dəstək verilir - həm mənəvi dəstək,
siyasi dəstək, maddi dəstək. Fermerlərə kreditlər,
subsidiyalar verilir. Bu sahədə də təkmilləşmə
gedəcək, texnika, gübrələr, yanacaq güzəştli
şərtlərlə verilir. Bu sahədə də Azərbaycan
nadir ölkələrdəndir ki, öz sahibkarına, öz
fermerinə bu qədər diqqət göstərir. Əlbəttə
ki, biz sahibkarlardan daha böyük nəticələr gözləyirik.
Gözləyirik ki, onlar bundan sonra da ölkə
iqtisadiyyatına öz töhfələrini verəcəklər”.
Sahibkarlara dəstəkdən
danışarkən vurğulamaq yerinə düşər ki,
aprelin 3-də “Aqrolizinq” ASC tərəfindən Xızı
rayonunda mineral gübrələrin güzəştli şərtlərlə
səyyar satışı həyata keçirilib. İmanqulukənd
kəndində təşkil olunan səyyar satışda 40-a
yaxın sahibkar fermerə 20 ton mineral gübrə
satılıb. Səyyar satışdan yararlanan təsərrüfatçılar
mineral gübrələri 70 faiz güzəştlə əldə
ediblər. “Aqrolizinq” ASC tərəfindən rayon mərkəzindən
uzaq məsafədə yerləşən kəndlərdə
mövsüm başa çatmamış azot gübrəsinin
güzəştli şərtlərlə səyyar
satışına fevral ayından başlanılıb. Səyyar satışın həyata keçirilməsində
əsas məqsəd gübrələrin alışı
zamanı vətəndaşların sərf etdikləri zaman, məsafə
itkisinin və əlavə məsrəflərin
qarşısının alınması, həmçinin vətəndaşlara
cəmiyyətin əlçatanlığını,
yaxınlığını təmin edərək, vətəndaş
məmnuniyyətinə nail olmaqdır.
“Aqrolizinq” ASC tərəfindən Qusar rayonunda
da mineral gübrələrin güzəştli şərtlərlə
səyyar satışı keçirilib. Təşkil olunan səyyar
satışda 50-yə yaxın fermerə 25 ton mineral gübrə
satılıb.
Səyyar satışdan yararlanan təsərrüfatçılar
mineral gübrələri 70 faiz güzəştlə əldə
ediblər. Qeyd edək ki, “Aqrolizinq” ASC tərəfindən
rayon mərkəzindən uzaq məsafədə yerləşən
kəndlərdə mövsüm başa çatmamış
azot gübrəsinin güzəştli şərtlərlə
səyyar satışına fevral ayından etibarən
başlanılıb.
Eyni zamanda, Tovuz və Ağstafa rayonlarında da
sahibkarlara azot gübrəsinin güzəştli şərtlərlə
səyyar satışının keçirilməsi nəzərdə
tutulub. Səyyar satışın Tovuz rayonunun Qaraxanlı kəndində,
Ağstafa rayonunun Korxəlfəli kəndində keçirilməsi
nəzərdə tutulub. Bu kəndlərə
yaxın bütün ətraf yaşayış məntəqələrinin
sakinləri səyyar satışdan yararlana bilərlər və
səyyar satış zamanı vətəndaşlar tələb
olunan sənədləri təqdim etməklə 70 faiz güzəştdən
yararlanaraq mineral gübrə ala bilərlər.
Bundan başqa, Kənd Təsərrüfatı Nazirliyi
yerli sahibkarlara yardım məqsədilə Gədəbəy
rayonunun Saratovka kəndində də analoji səyyar
satışın keçirilməsini nəzərdə tutub. Bu kəndə
yaxın bütün ətraf yaşayış məntəqələrinin
sakinləri səyyar satışdan yararlana bilərlər.
Bu səyyar satış zamanı da vətəndaşlar
tələb olunan sənədləri təqdim etməklə
70 faiz güzəştdən yararlanaraq mineral gübrə əldə
edə bilərlər.
Eləcə də Samux rayonunda yerli sahibkarlar, fermerlər
azot gübrəsinin güzəştli şərtlərlə
səyyar satışından yararlana biləcəklər. Belə ki,
növbəti səyyar satışlar Samux rayonunda baş
tutacaq. Satışın keçiriləcəyi
ərazilərə yaxın bütün ətraf
yaşayış məntəqələrinin sakinləri də
səyyar satışdan yararlana bilərlər.
Yeri gəlmişkən, ölkəmizdə sahibkarlığa
yardım, kiçik və orta sahibkarlığın təşviqi,
eləcə də ailə təsərrüfatlarının
yaradılması və kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi ilə
bağlı mühüm layihələr də həyata
keçirilir.
Bu layihələrdən yararlanan insanlar öz
bizneslərini qura və sahibkarlıq subyektinə çevrilə
bilirlər. Bu məqsədlə ölkənin
hər yerində olduğu kimi, Naxçıvan Muxtar
Respublikasında da mütəmadi işlər aparılır.
Belə ki, ailə əməyinə əsaslanan fərdi təsərrüfatların,
sahibkarlıq subyektlərinin yaradılmasına kömək
göstərilməsi məqsədilə muxtar respublikanın
Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən
Şərur, Babək, Ordubad, Culfa, Şahbuz, Kəngərli və
Sədərək rayonları üzrə ümumilikdə 21
aztəminatlı ailə müəyyənləşdirilərək
özünüməşğulluq üzrə Dövlət
Proqramına cəlb edilib.
Qeyd edildiyi kimi, ölkəmizdə kənd təsərrüfatının
ayrı-ayrı sahələrinin inkişaf etdirilməsi istiqamətində
mütəmadi addımlar atılır. Yerli
sahibkarların maarifləndirilməsi, o cümlədən
dövlət tərəfindən verilən kreditlərin səmərəli
istifadəsi üçün mütəmadi görüşlər
keçirilir, məsləhətləşmələr
aparılır. BMT-nin Ərzaq və Kənd
Təsərrüfatı Təşkilatının (FAO) Kənd
Təsərrüfatı Nazirliyinin Aqrar Kredit və
İnkişaf Dövlət Agentliyi ilə birgə
qoyunçuluq sektorunun inkişafı üzrə maraqlı tərəflərin
məsləhətləşmə toplantısının təşkili
də məhz bu məqsədə xidmət göstərir.
Tədbirin əsas məqsədi qoyunçuluğun dəyər
zənciri iştirakçılarını fəal şəkildə
cəlb etməklə, qoyunçuluq və emal olunmuş qoyun
məhsulları (ət, dəri və yun daxil olmaqla)
alt-sektorunun cari vəziyyətini, mövcud və yarana biləcək
çətinlikləri öyrənmək, bu alt-sektorun əhalinin
iş yerləri, gəlir, ətraf mühit, sosial mənfəətlər
və digər mühüm iqtisadi fəaliyyətlərə
verə biləcəyi faydaların
araşdırılmasıdır. Toplantıda Kənd Təsərrüfatı
Nazirliyi, Qida Təhlükəsizliyi Agentliyi, digər dövlət
müəssisələri, assosiasiyalar, beynəlxalq təşkilatlar
və özəl sektor nümayəndələri, fermerlər,
regionlarda yaşayan sahibkarlar, həmçinin FAO-nun beynəlxalq
mütəxəssisləri iştirak ediblər.
Qeyd edək ki, iclas Azərbaycan hökuməti tərəfindən
maliyyələşdirilən və FAO-Azərbaycan Tərəfdaşlıq
Proqramı çərçivəsində 2018-ci ilin dekabr
ayından icra olunan “Qoyunçuluğun davamlı
inkişafı və ərzaq məhsullarının
istehsalı üzrə dəyər zəncirinin
yaradılması” layihəsi çərçivəsində
təşkil olunub. Layihə çoxaltma və yemləmə
strategiyalarının hazırlanması, heyvan
sağlamlığı və transsərhəd xəstəliklərin
idarəsi sahəsində mövcud olan çətinlikləri
həll etmək, məhsulun bazar tələbatına əsasən
hazırlanmasını təmin etmək üçün
qoyunçuluq üzrə dəyər zəncirinin fəaliyyətini
dayanıqlı şəkildə inkişaf etdirmək məqsədini
daşıyır.
Eləcə də “Yalama Aqropark”ın tərəfdaşı,
Almaniyanın “Josera” şirkəti ilə birgə təşkil
edilən forum da kiçik və orta biznes
sahibkarlarının, xüsusilə kənd təsərrüfatı
ilə məşğul olan yerli fermerlərin inkişafına
xidmət göstərib. Qeyd edək ki, dünyanın 21 ölkəsindən
südçülük sahəsi üzrə 65 ekspertin
qatıldığı forumun iştirakçıları
“Yalama Aqropark”a gələrək burada yaradılan şəraitlə
tanış olublar. Forum
çərçivəsində müəssisədə təşkil
edilən panellərdə südçülük sahəsində
təcrübə və bilik mübadiləsi aparılıb,
müxtəlif mövzular müzakirə edilib.
Tədbirin
praktiki hissəsində “Yalama Aqropark”da yem rasionlarında əlavələr
və vitaminlərin istifadəsi, yemləmə sahəsində
innovativ yanaşmalar, həmçinin silos hazırlanması və
istifadəsi haqqında danışılıb. “Yalama
Aqropark” MMC-nin icraçı direktoru Zaur Əliyev bildirib ki,
südçülük sahəsində təcrübə və
bilik mübadiləsi platforması kimi qəbul olunan bu tədbir
indiyədək dünyanın müxtəlif ölkələrində
keçirilib.
Forumun məqsədi ölkəmizdə
südçülük sahəsinin inkişafı
üçün beynəlxalq təcrübəni öyrənmək,
bilik və təcrübə mübadiləsini təmin etməkdir. Tədbir əcnəbi
mütəxəssislərin ölkəmizdə mövcud
heyvandarlıq kompleksləri haqqında məlumatlandırılmasına
şərait yaradır.
Forumda
Almaniya, Fransa, İspaniya, Belçika, Türkiyə, Ekvador,
Çili, Kanada həmçinin Rusiya, Ukrayna, Belarus kimi ölkələrdən
mütəxəssislər iştirak edirlər. Qeyd
edək ki, “Yalama Aqropark” Xaçmaz rayonunun Yalama qəsəbəsində
ölkə üzrə yaradılmış ilk aqroparkdır.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2019.- 6 aprel.- S.7