Azərbaycan dövləti həmişə
vətəndaşlarının yanındadır
“Yeni Azərbaycan” qəzetinin baş redaktoru,
Milli Məclisin deputatı Hikmət Babaoğlu www.yap.org.az
saytına müsahibə verib:
- Hikmət müəllim, Azərbaycanda dərin
iqtisadi və institusional islahatların davamı kimi hüquqi
islahatlar həyata keçirilir. Bu baxımdan, məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi istiqamətində
müvafiq tədbirlərin reallaşdırılması və
“Mediasiya haqqında”qanunun tətbiqi mühüm əhəmiyyətə
malikdir. Bu barədə nə deyə bilərsiniz?
- Azərbaycanda son 15 il ərzində
bütün sahələri əhatə edən sistemli və
kompleks islahatlar aparılıb, ölkə
iqtisadiyyatının dayanıqlı və dinamik
inkişafı təmin edilib. Eyni zamanda,
çevik və məqsədyönlü fəaliyyət
göstərən yeni idarəetmə strukturunun
formalaşdırılması üçün mühüm
institusional islahatlar həyata keçirilib, mühüm nəticələr
əldə olunub. Şübhəsiz ki, çoxşaxəli
islahatların reallaşdırılması davamlı xarakter
daşıyır. Dərin iqtisadi və institusional
islahatların davamı kimi hüquqi islahatların
aparılması da bu kontekstdə mühüm əhəmiyyətə
malikdir. Bu baxımdan, Azərbaycan Prezidentinin “Məhkəmə-hüquq
sistemində islahatların dərinləşdirilməsi
haqqında” Fərmanını xüsusi vurğulamaq
lazımdır. Fərmanda ədalət
mühakiməsinin keyfiyyətinin və səmərəliliyinin
artırılması məqsədilə ədalət,
qanunçuluq, qərəzsizlik, aşkarlıq, hər kəsin
qanun və məhkəmə qarşısında bərabərliyi,
Konstitusiya və qanunlarda təsbit edilmiş ədalət
mühakiməsinin digər prinsiplərinə dönmədən
riayət edilməsi mühüm şərt kimi öz əksini
tapıb. “Mediasiya haqqında” qanunun tətbiqi də
hüquq sistemində mühüm əhəmiyyətli islahat
kimi qiymətləndirilməlidir. Çünki bu vaxta qədər
Azərbaycanda tətbiq edilməyən və mübahisələrin
alternativ üsulla həllinə şərait yaradan yeni bir
institut yaradılıb. Prezident İlham
Əliyevin məhkəmə-hüquq islahatlarının dərinləşdirilməsi
ilə bağlı Fərmanı məhkəmələrdə
şəffaflığın daha da artırılmasına gətirib
çıxaracaq. Ümumiyyətlə, Konstitusiyanın
94-cü maddəsinin I hissəsi, 10-cu və 12-ci bəndlərinə
uyğun olaraq, mübahisələrin alternativ həlli
üsullarından olan mediasiyanın təşkili nəzərdə
tutulurdu ki, hazırda “Mediasiya haqqında” qanunun tətbiq edilməsi
ilə məhkəmə sistemində yeni mərhələ
başlayacaq. Mediasiya Şurası əsas etibarilə iqtisadi,
mülki və ailə mənşəli mübahisələri
həll edəcək. Bu institutun məhkəmələrdən
əsas fərqi isə mübahisələri iddiaçı tərəflərin
qarşılıqlı razılığı əsasında
məhkəməyə çatmadan həll etməsi olacaq.
Bunun üçün mediatorlar fəaliyyət göstərəcək.
Beləliklə, bu addım həm şəffaflığın
təmin olunmasına, həm də ictimai etimad mühitinin dərinləşməsinə
səbəb olacaq. Mediasiya İnstitutu yeni ifadə forması
olsa da, bu şuranın funksiyası, əslində, hər
birimizə tanışdır. Çünki nüfuzlu vasitəçilərin
köməkliyi ilə mübahisələrin həlli
mentalitetimizə uyğundur.
- Martın 29-da Azərbaycan Prezidenti ilə Ermənistanın
baş naziri arasında Vyanada keçirilən
görüşün Dağlıq Qarabağ münaqişəsinin
həlli üzrə aparılan danışıqlar prosesi
kontekstində əhəmiyyəti nədən ibarətdir?
- Azərbaycan Prezidenti ilə Ermənistanın
baş naziri arasında Vyanada keçirilən
görüş bir sıra mühüm aspektləri ilə
diqqətçəkən oldu. Hər şeydən əvvəl,
işğalçı Ermənistanın “format” siyasi
manipulyasiyasına son qoyuldu, təqribən birillik fasilədən
sonra məsələnin mahiyyəti üzrə
danışıqların aparılmasına start verildi. Hər
iki tərəf danışıqları konstruktiv
adlandırdı və danışıqların davam etdirilməsi
ilə bağlı xarici siyasət idarələrinə
tapşırıq verildi. Bu, faktiki olaraq ənənəvi
“3+2” formatında danışıqların bərpası kimi də
qiymətləndirilə bilər. Önə çıxan məsələlərdən
biri də həmsədrlər tərəfindən verilən bəyanatda
sülh prosesinin irəli aparılması istiqamətində
mühitin yaradılması, münaqişənin həlli
üçün konkret və nəticəyönümlü
addımların atılmasının vacibliyinin
vurğulanması oldu. Görüşdən dərhal
sonra BMT Baş katibinin xüsusi bəyanatla
çıxış edərək problemin həll edilməsi
ilə bağlı aparılan danışıqları dəstəklədiyini
bildirməsi də, əslində, sülh
danışıqlarına BMT səviyyəsində dəstək
kimi qiymətləndirilə bilər.
Vyana görüşündən
sonra Prezident İlham Əliyev bir daha Azərbaycanın
danışıqlar masasındakı mövqeyini açıq
şəkildə bəyan edərək bildirdi ki, bizim
üçün birinci yerdə beynəlxalq səviyyədə
tanınmış Azərbaycan ərazilərinin beynəlxalq
hüquq, Helsinki Yekun Aktı və BMT Təhlükəsizlik
Şurasının Ermənistan silahlı qüvvələrinin
işğal olunmuş ərazilərdən dərhal və
qeyd-şərtsiz çıxarılmasını tələb
edən dörd qətnaməsi çərçivəsində
işğaldan azad edilməsi məsələsi durur. Bu, o deməkdir
ki, Azərbaycan heç bir halda öz qəti və haqlı
mövqeyindən geri çəkilməyəcək.
İşğalçı Ermənistan bunu bilməlidir və
əgər danışıqlara gəlirsə, bunun fərqində
olaraq gəlməlidir.
Faktiki vəziyyət ondan ibarətdir ki,
Paşinyan Azərbaycanın mövqeyini bilir və artıq
daxili auditoriya üçün çıxış edəndə
deyə bilməyəcək ki, danışıqların
gündəmi yoxdur. Başqa bir yenilik isə
ondan ibarətdir ki, danışıqlar prosesinin həm də
humanitar aksiyalarla dəstəklənməsi ilə
bağlı tərəflər arasında fikir mübadiləsi
aparılıb və bu da həmsədrlərin tez-tez bəyan
etdikləri kimi, etimad mühitinin əldə olunmasına
yardım məqsədi daşıyır. Nəticə
etibarilə, Azərbaycan işğalçı Ermənistanı
danışıqlar masasına qaytara bildi, öz mövqeyindən
geri çəkilmədi, beynəlxalq dəstəyini daha da
artırdı və problemin sülh yolu ilə həll
olunması üçün Ermənistana növbəti
şans verdi. Bu şansdan Yerevanın necə istifadə edəcəyini
isə onun bundan sonra atacağı addımlarda görəcəyik.
- Yeri gəlmişkən,
üçüncü ildönümünü qeyd etdiyimiz
Aprel döyüşləri müasir tariximizdə ən
uğurlu hərbi əməliyyatlardan biri olmaqla yanaşı,
Ermənistanın yaratdığı mifi tamamilə
darmadağın etdi...
- Aprel döyüşləri təkcə son
Qarabağ savaşının deyil, bütövlükdə Ermənistanın
Azərbaycan torpaqlarının işğalına
başladığı dövrdən, yəni 1918-ci ildən
bu günədək ciddi tarixi dönüş nöqtəsidir.
Bu hadisə, əslində, Azərbaycanın növbəti qələbələrinin
başlanğıcıdır. Çünki Azərbaycan
Ordusu nəzərdə tutduğumuz son 100 illik tarixdə
yalnız 1993-cü ilin dekabrında Horadiz əməliyyatı
zamanı nailiyyətlər əldə edib. Ondan sonrakı mərhələdə
bu miqyasda qalibiyyətlə nəticələnən
döyüşlər olmayıb.
Hazırkı mürəkkəb
hərbi-siyasi vəziyyətdə Azərbaycan Ordusunun bu
cür qələbələr əldə etməsi, heç
şübhəsiz, bundan sonrakı mərhələdə
Dağlıq Qarabağ münaqişəsinin həllində yeni
şərtlər formalaşdırdı, yeni şərait
yaratdı. Eyni zamanda, bu prosesdə hərbi-psixoloji
üstünlük Azərbaycan tərəfinə
keçmiş oldu. Ötən üç il ərzində hər
bir Azərbaycan vətəndaşı bu hadisənin Ermənistan
cəmiyyətində nə qədər pessimist əhval-ruhiyyə,
nə qədər mənəvi, hərbi, psixoloji məğlubiyyət
yaratdığının şahidi oldu. Ermənistanda
2018-ci ildən başlayaraq bu günə qədər davam edən
daxili “zəlzələ” də məhz Aprel döyüşlərinin
yaratdığı yeni reallığın nəticəsidir.
Göründüyü kimi, bu, təkcə hərbi məsələ
deyil, eyni zamanda, ciddi mənəvi-psixoloji və siyasi məsələdir.
Ancaq məsələ təkcə bununla da məhdudlaşmır.
Biz bilirik ki, Ermənistan-Azərbaycan Dağlıq Qarabağ
münaqişəsinin həm də beynəlxalq tərəfləri
var. Bilirik ki, bu münaqişədə iştirak edən təkcə
işğalçı Ermənistan deyil, Azərbaycan
torpaqlarını işğal edən Ermənistanın tərəfində
olan, onu gizli və ya açıq şəkildə himayə
edən imperialist güc mərkəzləridir. Aprel
döyüşlərindən sonra onlar da lazımi mesajlar
aldılar və bir daha başa düşdülər ki,
status-kvonun saxlanılması cəhdləri bu problemin həllində
heç də yaxşı perspektivlər vəd etmir. Bəzi imperialist mərkəzlər onu da
anladılar ki, belə davam edərsə, bir gün Azərbaycan
artıq nə BMT-nin mandatı ilə fəaliyyət göstərən
ATƏT-in Minsk qrupuna, nə də onun həmsədrlərinə
ehtiyacı olmadan özü bu problemi həll edə bilər.
Bütün bunlar 2016-cı ilin Aprel döyüşlərində
Azərbaycan Ordusunun əldə etdiyi qələbədən
sonra mümkün olub.
Başqa mühüm bir məsələ də
var ki, Aprel döyüşləri mühüm bir taktiki qələbə
kimi özündən cəmi iki il sonra yeni bir qələbənin
- Günnüt qələbəsinin əsasını qoydu. Azərbaycan Ordusu Naxçıvan ərazisində
90-cı illərin əvvəllərində
işğalçı Ermənistan tərəfindən nəzarətə
götürülən torpaqlarımızı qaytarmaqla
strateji yüksəkliklərdə möhkəmləndi və
Yerevan-Qafan strateji yolunu nəzarətə götürdü.
Artıq ermənilər bilir ki, bənzər hadisə
yenə təkrarlana bilər və Azərbaycanın
torpaqları işğaldan tam azad edilənə qədər
bu, davam edə bilər. Aprel döyüşlərinin
yaratdığı başqa bir reallıq isə azad edilmiş
torpaqlarımıza “Böyük qayıdış”ın
başlanmasının əsasının qoyulması oldu. Bu
hadisə problemin həllində yeni mərhələ yaratmaqla
status-kvonun legitimləşdirilməsi cəhdlərinin
mümkün olmadığını hər kəsə
göstərdi.
- Hikmət müəllim, aprelin 5-də
Bakının Kürdəxanı qəsəbəsində 810
məcburi köçkün ailəsi üçün
salınan yeni yaşayış kompleksi istifadəyə
verildi. Bu, heç şübhəsiz, Azərbaycan dövlətinin
qaçqın və məcburi köçkünlərin
problemlərinin həlli ilə bağlı həyata
keçirdiyi kompleks tədbirlər sırasında
mühüm yer tutur. Bununla bağlı nə söyləmək
olar?
- Dövlət başçısı ilə vətəndaşlar
arasında inam, etimad və etibar olduqda cəmiyyət, eyni
zamanda, dövlət də inkişaf edir. Biz bunu Azərbaycanın
nümunəsində bariz şəkildə müşahidə
edirik. Bunun başlıca səbəbi, heç şübhəsiz
ki, Prezident tərəfindən həyata keçirilən siyasət
və onun xalq tərəfindən dəstəklənməsidir.
Hakimiyyət-xalq vəhdəti buradan ortaya çıxır.
Bunu zəruri edən şərtlər çoxdur və həmin
şərtlər Azərbaycanda təmin olunub. Bunun hüquqi,
sosial, iqtisadi əsasları var. Ancaq bu planda
önə çıxan, ilk növbədə, Azərbaycan vətəndaşının
rifahıdır, onun həyat keyfiyyətinin
yaxşılaşdırılmasıdır ki, bu siyasət
daim Azərbaycan Prezidenti tərəfindən həyata
keçirilib və bu gün də davam etdirilir.
Bakının Kürdəxanı
qəsəbəsində 810 məcburi köçkün ailəsi
üçün salınan yeni yaşayış kompleksinin
aprelin 5-də istifadəyə verilməsi dövlətin
qaçqın və məcburi köçkünlərə
yüksək diqqət və qayğısının daha bir
nümunəsidir. Təkcə 2018-ci ildə 5903 məcburi
köçkün ailəsi yeni mənzillərə
köçürülüb. Ümumilikdə, bu kateqoriyadan
olan insanların sosial problemlərinin həlli
üçün indiyədək 7,1 milyard manat vəsait xərclənib.
Açılan yeni iş yerləri nəticəsində məcburi
köçkünlər arasında yoxsulluq həddi son 15 ildə
75 faizdən 12 faizədək azalıb.
Bütövlükdə, reallaşdırılan
kompleks xarakterli tədbirlər göstərir ki, Azərbaycan
dövləti həmişə vətəndaşlarının
yanındadır. Ümumiyyətlə, ölkəmizdə həyata
keçirilən dövlət siyasətinin mərkəzində
Azərbaycan vətəndaşının mənafeyi və
rifahı dayanır. Xüsusi qayğıya
ehtiyacı olan vətəndaşlara, o cümlədən
qaçqın və məcburi köçkünlərə
dövlət tərəfindən yüksək diqqət və
qayğı göstərilməsi də bu baxımdan
xüsusi əhəmiyyətə malikdir.
Yeni azərbaycan.-
2019.- 9 aprel.- S.5.