Regionlarda
heyvandarlığın inkişafı istiqamətində əsaslı
tədbirlər görülür
Ölkəmizdə
heyvandarlıqla məşğul olan fermerlərə
davamlı dövlət dəstəyi göstərilir
Ölkəmizdə aqrar sektorun inkişafı
istiqamətində atılan addımlar öz bəhrəsini
verməkdədir. Daha dəqiq desək, kənd
təsərrüfatının şaxələndirilməsi,
spesifik və ixracyönümlü məhsulların
yetişdirilməsi, heyvandarlığın inkişafı
istiqamətində görülən işlər, o cümlədən
bir sıra ənənəvi sahələrin -
baramaçılıq, tütünçülük,
üzümçülük və bu kimi sahələrin yenidən
dirçəldilməsi istiqamətində atılan
addımlar Azərbaycanda kənd təsərrüfatının
yeni inkişaf mərhələsinə qədəm
qoymasına təkan verib. Heç şübhəsiz bu məsələdə
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramları çərçivəsində həyata
keçirilən layihələr də mühüm rol
oynayıb. Eyni zamanda Prezident İlham Əliyevin
tövsiyə və tapşırıqlarına əsasən
aqrar sektorun dinamik və sürətli inkişafını təmin
etmək üçün bölgələrdə əsaslı
və davamlı tədbirlər görülür, yeni
texnikalar alınır, sahibkarlığın inkişafına
stimul verən addımlar atılır.
Bu məqamda vurğulamaq lazımdır ki, iqtisadi
inkişaf mərhələsini yaşayan Azərbaycan dövləti
özünün etibarlı ərzaq təhlükəsizliyini
təmin etməyi strateji hədəf kimi qarşıya qoyub.
Bu məqsədlə regionlarda aqrar sektorun ahəngdar
inkişafını təmin etmək, ərzaq məhsulları,
o cümlədən də heyvandarlıq məhsullarının
istehsalını artırmaq üçün məqsədyönlü
tədbirlər həyata keçirilir. Heyvandarlıq
təsərrüfatlarında intensiv metodların tətbiqi,
yem bazasının möhkəmləndirilməsi, səmərəli
satış mexanizminin qurulması, fermerlərə
subsidiyaların verilməsi, ayrı-ayrı bölgələrdə
layihələrin reallaşdırılması bu qəbildən
olan tədbirlər sırasında yer alır.
Xatırlatmaq yerinə düşər ki,
Prezident İlham Əliyevin heyvanların cins tərkibinin
yaxşılaşdırılmasına dövlət dəstəyi
haqqında müvafiq Sərəncamı da bu sahədə
işlərə güclü təkan verib. Sərəncama
əsasən yüksək məhsuldar genetik potensialı olan
heyvanların baş sayının artırılması və
bu sahəyə marağın gücləndirilməsi
üçün süni mayalanma yolu ilə alınan hər
baş buzova görə heyvan sahibinə dövlət büdcəsindən
100 manat subsidiya verilir.
Bəli, birmənalı qeyd olunmalıdır
ki, ölkə başçısının həyata
keçirdiyi məqsədyönlü siyasət nəticəsində
Azərbaycanda aqrar sahə özünün yeni inkişaf mərhələsinə
qədəm qoyub. Prezidentin tapşırığı ilə
Kənd Təsərrüfatı Nazirliyi tərəfindən
ölkədə heyvandarlığın inkişafına dair
Dövlət Proqramı hazırlanıb. “Azərbaycan
Respublikasında 2019-2023-cü illərdə
heyvandarlığın inkişaf etdirilməsinə və
örüş-otlaq ərazilərinin səmərəli
istifadə olunmasına dair” Dövlət Proqramının əsas
məqsədi ölkədə yeni təsərrüfatçılıq
modellərini tətbiq etməklə heyvanların cins tərkibini
yaxşılaşdırmaq, məhsuldarlığı
artırmaqdır. Proqramın yerinə yetirilməsi nəticəsində
heyvan mənşəli məhsulların istehsal həcmi
artacaq, yem ehtiyatları, örüş və otlaq sahələri
daha səmərəli istifadə ediləcək. Məhsuldarlığın
artması fermerlərin gəlirlərinin artmasına,
onların maddi rifah halının yaxşılaşmasına
şərait yaradacaq.
Bir sözlə, ölkəmizdə
heyvandarlığın inkişafı ilə bağlı
kompleks tədbirlər həyata keçirilir. Bu məqsədlə
ötən ay Kənd Təsərrüfatı Nazirliyində
Azərbaycan Heyvandarlıq Assosiasiyasının (AHA) üzvləri
ilə görüş keçirilib. Görüşdə
kənd təsərrüfatı nazirinin müavinləri
İlhamə Qədimova və Seyfəddin Talıbov, nazirlik təmsilçiləri,
Azərbaycan Heyvandarlıq Assosiasiyasının üzvləri
və Türkiyə Güneydolu Anadolu Heyvandarlıq
Assosiasiyasının sədri Haydar Demirazer iştirak ediblər.
Kənd təsərrüfatı nazirinin müavini İlhamə
Qədimova bildirib ki, “Azərbaycan Respublikasında
2019-2023-cü illərdə heyvandarlığın inkişaf
etdirilməsinə və örüş-otlaq ərazilərinin
səmərəli istifadə olunmasına dair” Dövlət
Proqramı hazırlanıb. Nazir müavini qeyd edib ki, ölkədə
heyvandarlığın inkişaf etdirilməsi prioritet istiqamət
kimi müəyyənləşdirilib: “Azərbaycan
Heyvandarlıq Assosiasiyasının yaradılması önəmli
hadisədir. Heyvandarlıqla məşğul olan fermerlərə
dövlət dəstəyi göstərilir və bu dəstək
davamlı olacaq. Azərbaycan Heyvandarlıq Assosiasiyası da
öz tərəfindən heyvandarlığın
inkişafı üçün davamlı işlər görməlidir.
Eyni zamanda, Kənd Təsərrüfatı Nazirliyi və
Assosiasiya arasında mütəmadi görüşlər
keçiriləcək”.
Kənd Təsərrüfatı
Nazirliyinin Aqrar Tədqiqat Mərkəzinin heyvandarlıq
bölməsinin rəhbəri Elşad Rzayev isə KİV-ə
açıqlamasında deyib ki, dövlət
qurumlarının rəy və təkliflərinin öyrənilməsi
üçün “Azərbaycan Respublikasında 2019-2023-cü
illərdə heyvandarlığın inkişaf etdirilməsinə
və örüş-otlaq ərazilərinin səmərəli
istifadə olunmasına dair” Dövlət Proqramının
müzakirəsi aparılıb və aidiyyəti üzrə təqdim
olunub. Dövlət Proqramına əsasən,
heyvandarlığın cins tərkibinin
yaxşılaşdırılması bundan sonra da davam etdiriləcək.
O əlavə edib ki, Azərbaycanda 2,6 milyon
iribuynuzlu, 8,5 milyona yaxın xırdabuynuzlu heyvan var:
“Hazırda kəmiyyətdən keyfiyyətə doğru
keçid prosesi gedir. Bunun üçün daha məhsuldar və
keyfiyyətli heyvan cinslərinin geniş yayılması istiqamətində
işlər görülür”.
Onun sözlərinə görə, bu istiqamətdə
görülən tədbirlərdən biri süni mayalanma
işlərinin daha geniş aparılmasıdır. Dövlət
Proqramında süni mayalamanın əhatə dairəsinin
genişləndirilməsi nəzərdə tutulur. Eyni zamanda,
bundan sonra da həm xırda, həm də iri cins heyvanların
Azərbaycana gətirilməsi və güzəştli şərtlərlə
satışı planlaşdırılır.
Elşad Rzayev qeyd edib ki, örüş otlaq
sahələrində daha məhsuldar bitkilərin yetişdirilməsi
nəzərdə tutulur. Çünki heyvandarlığın
inkişaf etdirilməsinin 65-70 faizi yem bazasının mükəmməl
olması ilə bağlıdır. Dövlət Proqramında
həmçinin qeyd olunub ki, heyvandarlıq intensiv və
yarımintensiv yolla inkişaf etdirilsin. Bunun üçün
örüş-otlaq sahələrinin bir hissəsini əkin
yerlərinə çevirərək, heyvanların müəyyən
qisminin intensiv şəraitdə saxlanılması nəzərdə
tutulur.
Nazirlik rəsmisi vurğulayıb ki, daxili
istehsal hesabına artıq ölkənin ət və süd məhsullarına
olan tələbatı ödənir. Bu istiqamətdə
potensial bir qədər də artarsa, Azərbaycan
idxalçıdan ixracatçı ölkəyə
çevrilə bilər.
Vurğulanmalıdır ki, Tərtər
rayonunda da heyvandarlığın inkişafı, mal-qaranın
cins tərkibinin yaxşılaşdırılması istiqamətində
tədbirlər uğurla davam etdirilir. Son illərdə rayonda müasir
heyvandarlıq kompleksinin yaradılması, sahibkarlara lizinq yolu
ilə güzəştli şərtlərlə yüksək
məhsuldar damazlıq heyvanların satılması və
heyvanlar arasında aparılan süni mayalama tədbirləri
genişləndirilib. Süni mayalanmadan əldə
edilən yüksək nəticələr, həmçinin bu
yolla alınan hər buzova görə fermerlərə 100 manat
yardım müəyyənləşdirilməsi süni
mayalama tədbirlərinə marağı artırıb.
Ötən il rayonda fəaliyyət göstərən süni
mayalama texnikləri tərəfindən 1840 baş inək
və düyə süni yolla mayalandırılıb, 815
baş cins tərkibi yaxşılaşdırılmış
buzov alınıb. Fermer və sahibkarlar tərəfindən
son illərdə lizinq yolu ilə 391 baş cins heyvan
alınaraq rayona gətirilib.
Rayonda mal-qaranın baş sayının
artırılması və cins tərkibinin
yaxşılaşdırılması heyvandarlıq məhsulları
istehsalının artmasına səbəb olub. Belə
ki, 2018-ci ildə təsərrüfatlarda 3 min 71,2 ton ət, 22
min 127 ton süd, 14 milyon 740 min ədəd yumurta, 110,8 ton yun
istehsal olunub. Əvvəlki illə müqayisədə ət
istehsalı 7 faiz, süd istehsalı 2,3 faiz, yumurta istehsalı
85,4 faiz artıb. Son 5 ildə isə ət istehsalı
97,9 faiz, süd istehsalı 51,6 faiz, yumurta istehsalı 90,6 faiz
çoxalıb.
Ağsu rayonunda isə cari ilin birinci
rübü heyvandarlar üçün uğurlu olub. Belə
ki, məhsul istehsalına görə bütün göstəricilər
ötən ilin ilk üç ayı ilə müqayisədə
xeyli artıb. Belə ki, kənd təsərrüfatının
aparıcı sahəsi olan heyvandarlıqda son illər dinamik
inkişaf davam edir. Təkcə davarların baş sayı
keçən ilin müvafiq dövrü ilə müqayisədə
1872 baş artıb. Bu ilin birinci rübündə diri çəkidə
1209 ton ət istehsal edilib ki, bu göstərici 2018-ci ilin ilk
üç ayında əldə olunan göstəricidən 11
ton artıqdır. Birinci rübdə habelə 6985 ton süd,
3 milyon 989 min ədəd yumurta istehsal olunub. Bu rəqəmlər
də ötənilki göstərici ilə müqayisədə
müvafiq olaraq 70 ton və 260 min ədəd çoxdur.
Bu ilin ilk rübündə Şamaxı
rayonunda da heyvandarlıq məhsulları üzrə
bütün göstəricilərdə artım qeydə
alınıb. Belə ki, birinci rübdə ötən ilin
müvafiq dövrü ilə müqayisədə ət
istehsalı diri çəkidə 319 ton çox olmaqla, 1085
tona çatıb. Süd istehsalı da 3158 ton artıb və
6780 ton olub. Habelə, 380 min ədəd artaraq, 3 milyon 914 min ədəd
yumurta istehsal edilib. Qeyd edək ki, ötən
ilin ikinci yarısında Şamaxı ərazisində
“Kürdəmir süd emalı” MMC-yə məxsus yeni
heyvandarlıq kompleksinin fəaliyyətə başlaması
bölgədə bu sahənin inkişafına, məhsul
istehsalında artıma təsir göstərib.
Neftçala rayonunda da kənd təsərrüfatının
digər sahələri ilə yanaşı,
heyvandarlığın inkişafına xüsusi diqqət
yetirilir. Rayonda bu sahənin inkişafını
daha da sürətləndirmək, heyvandarlıq məhsulları
istehsalını artırmaq məqsədilə yeni-yeni
heyvandarlıq təsərrüfatları yaradılır,
mal-qaranın cins tərkibinin
yaxşılaşdırılmasına xüsusi önəm
verilir. Həyata keçirilən tədbirlər nəticəsində
rayonda heyvanların baş sayı, ət, süd və yun
istehsalı ilbəil artır.
Hazırda ayrı-ayrı heyvandarlıq və fərdi
təsərrüfatlarda 43 min 570 baş iribuynuzlu mal-qara və
144 min 869 baş qoyun-keçi saxlanılır. Qoyun və
keçilərin baş sayı ötən ilin eyni
dövrü ilə müqayisədə 3 min 42 baş
çoxdur. Təsərrüfatlarda mal-qara və davarların
baş sayının artması süd istehsalına da
güclü təkan verib. Belə ki, cari ilin 3 ayında rayonda 5 min 281,3 ton süd istehsal olunub. Bu isə ötən
ildəkindən 178,5 ton və ya 3,5 faiz
çoxdur.
Göründüyü kimi, bu gün
regionlarımızda heyvandarlığın inkişafı
istiqamətində atılan addımlar ölkəmizin ət və
ət məhsulları ilə özünü təmin etməsini
rellaşdırmaqla yanaşı, bölgələrin
inkişafına da əhəmiyyətli təsirlər göstərir.
Pərviz
SADAYOĞLU
Yeni Azərbaycan.-
2019.- 12 aprel.- S.7