Bakıda Rusiya Mədəniyyəti
Günlərinin təntənəli
açılış mərasimi
olub
Mərasimdə “Kreml baleti” teatrı “Min bir gecə” baletini təqdim edib
Aprelin 11-də Heydər
Əliyev Sarayında Rusiya Mədəniyyəti
Günlərinin təntənəli
açılış mərasimi
olub.
AZƏRTAC xəbər verir ki, mərasimi
açan mədəniyyət
naziri Əbülfəs
Qarayev Azərbaycanda Rusiya Mədəniyyəti
Günlərinin keçirilməsinin
iki xalqın həyatında əlamətdar
hadisə olduğunu diqqətə çatdırıb.
Nazir deyib: “Bu gün dünya
şöhrətli “Kreml
baleti” teatrı görkəmli Azərbaycan
bəstəkarı, SSRİ Xalq artisti, Sosialist
Əməyi Qəhrəmanı,
SSRİ Dövlət mükafatı
laureatı Fikrət Əmirovun “Min bir gecə” baletini təqdim edəcək. Qeyd etmək istəyirəm ki, bugünkü tamaşanın səhnə
tərtibatçısı Azərbaycan mədəniyyətinin
daha bir görkəmli nümayəndəsi
- Xalq rəssamı Tahir Salahovdur. “Min bir gecə”
baletinin nümayişi
görkəmli fırça
ustasının 90 illik
yubileyinə həsr olunub. Vurğulamaq istəyirəm ki,
Azərbaycanı və
Rusiyanı bir çox sahələrdə
səmimi mehriban qonşuluq əlaqələri
birləşdirir. Ölkələrimizin
mədəniyyət xadimləri,
incəsənət ustaları,
yaradıcı kollektivləri
həm Rusiyada, həm də Azərbaycanda keçirilən
bir çox festivallarda, simpoziumlarda, forumlarda və digər tədbirlərdə iştirak
edirlər. İki ölkənin Mədəniyyət
nazirlikləri arasında
əməkdaşlığa dair bir sıra
sənədlər imzalanıb.
Bir daha burada toplaşanları bu əlamətdar hadisə münasibətilə
təbrik edirəm”.
Rusiya Federasiyası Federal
Məclisinin Federasiya Şurasının sədri
xanım Valentina Matviyenko səmimi qəbula və Azərbaycanda Rusiya Mədəniyyəti Günlərinin
keçirilməsində dəstəyinə
görə Azərbaycan
Respublikasının hökumətinə
təşəkkürünü bildirib. O qeyd edib ki, Azərbaycan
və Rusiya xalqlarını çoxəsrlik
dostluq əlaqələri
və ortaq tarixi inkişaf yolu birləşdirir. Məhz bu, iki
dövlətin strateji
tərəfdaşlıq səviyyəsində
gələcək əməkdaşlığına
şərait yaradır.
Federasiya Şurasının
sədri deyib: “Ölkələrimiz arasında
əlaqələrin möhkəmlənməsində
aralarında səmimi,
etimada söykənən
münasibətlərin olduğu
prezidentlər Vladimir Putinin və İlham Əliyevin mühüm rolu var. Xüsusi olaraq qeyd etmək
istəyirəm ki, Federasiya Şurası və Milli Məclis
uzun illərdir daimi qarşılıqlı
fəaliyyət göstərirlər”.
Valentina Matviyenko
Rusiya və Azərbaycanın yaxınlaşmasında,
xüsusən humanitar
sahədə əlaqələrin
möhkəmlənməsində mühüm rola malik olan Bakı
Beynəlxalq Humanitar Forumunu mötəbər dialoq məkanı adlandırıb. O deyib: “Azərbaycanda rus dilinin qorunub saxlanılmasını və
təbliğini Rusiyada
yüksək qiymətləndirirlər.
Azərbaycanda Rusiyanın
aparıcı ali məktəblərinin filialları,
rus dilində təhsil verən məktəblər fəaliyyət
göstərir, uzun illər ərzində Rus Dram Teatrı
və digər mədəniyyət ocaqları
işini davam etdirir. Bütün bunlara görə rusiyalıların hamısının
adından Azərbaycan
Respublikasının rəhbərliyinə
dərin minnətdarlığımı
bildirmək istəyirəm”.
Sonra “Min bir gecə” baleti nümayiş olunub. Tamaşaçılar “Kreml baleti” teatrının
artistlərinin ifasında
Şəhrizadın nağıllarının
sevimli personajlarını
səhnədə görüblər.
Tamaşa böyük
maraqla qarşılanıb.
Yeni Azərbaycan.-
2019.- 12 aprel.- S.8.