Azərbaycanın bölgələrində təhsil infrastrukturu quruculuğu geniş vüsət alıb

 

2019-cu ilin sonunadək respublikamızda 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur

Dinamik inkişaf edən Azərbaycan Prezident İlham Əliyevin uğurlu siyasəti nəticəsində ötən müddət ərzində möhtəşəm nailiyyətlər qazanıb. Son 15 il ərzində ölkəmizdə bütün sahələri əhatə edən sistemli və kompleks islahatlar aparılıb, Azərbaycan iqtisadiyyatının dayanıqlı və dinamik inkişafı təmin edilib. Həyata keçirilən iqtisadi islahatlara paralel olaraq makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın diversifikasiyası, qeyri-neft sektorunun və regionların inkişafı sürətlənib, sahibkarlığa dövlət dəstəyi gücləndirilib, özəl bölmənin inkişafı üçün azad rəqabət və münbit investisiya mühiti yaradılıb, əhalinin sosial rifahı daha da yaxşılaşıb. Təsadüfi deyil ki, nüfuzlu beynəlxalq reytinq agentlikləri də ölkəmizin sosial-iqtisadi inkişaf istiqamətində əldə etdiyi uğurları, eləcə də həyata keçirilən kompleks islahatların səmərəli nəticələrini olduqca yüksək qiymətləndirir, müsbət proqnozlar ifadə edirlər. O da qeyd edilməlidir ki, ölkəmizdə ötən müddət ərzində infrastruktur quruculuğu da geniş vüsət alıb, bu istiqamətdə ardıcıl və məqsədyönlü tədbirlər həyata keçirilib, səmərəli nəticələr əldə olunub.

Xüsusilə də, Azərbaycanın bütün bölgələrində infrastrukturun yenilənməsi, o cümlədən abadlıq-quruculuq işləri reallaşdırılıb və bu gün də uğurla davam etdirilir. “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı” çərçivəsində də ölkə miqyasında bəhs olunan istiqamətlərdə qarşıya qoyulan vəzifələr müvəffəqiyyətlə icra edilib. Yeri gəlmişkən, Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasındakı nitqində bu məqamlara toxunan Prezident İlham Əliyev bildirib ki, bu beşillik proqram artıqlaması ilə yerinə yetirildi: “Bu proqram bizə imkan verdi ki, bölgələrdə infrastruktur layihələrinin icrası daha sürətlə getsin, yüz minlərlə yeni iş yerləri, yeni sənaye müəssisələri yaradılsın, kənd təsərrüfatı daha sürətlə inkişaf etsin. Bir sözlə, regional inkişaf proqramının çox böyük əhəmiyyəti və gözəl nəticələri var”.

Ümumiyyətlə, Azərbaycanda sosial infrastruktur, o cümlədən təhsil infrastrukturu quruculuğu prosesi davamlı xarakter daşıyır. Dövlətimizin başçısı yuxarıda bəhs olunan nitqində diqqətə çatdırıb ki, keçən il 140-dan çox məktəb tikilib: “Bu il 100-dən çox məktəbin tikintisi nəzərdə tutulur. Qəzalı vəziyyətdə olan məktəblərin yenidən tikilməsi, hesab edirəm ki, maksimum iki il çəkə bilər. Bu il və gələn il biz bu proqramı başa çatdırmalıyıq”.

Beləliklə, ötən illərdə olduğu kimi hazırda da ölkəmizdə təhsil infrastrukturunun yenidən qurulması işi dövlətimizin xüsusi diqqət mərkəzindədir. Məlumdur ki, Azərbaycanda mühüm prioritetlərdən biri kimi müəyyənləşdirilmiş təhsilin inkişafı istiqamətində davamlı işlər görülür, həyata keçirilən islahat xarakterli tədbirlər müsbət göstəricilərin əldə olunmasını təmin edir. Yəni Azərbaycanda hər bir sahədə müşahidə olunan dinamik inkişaf təhsil sektorunda da aşkar şəkildə nəzərə çarpır. Prezident İlham Əliyevin yüksək diqqət və qayğısı sayəsində, eləcə də müvafiq göstərişləri əsasında atılan addımlar, icra edilən Dövlət proqramları təhsil sistemində keyfiyyətcə yeni inkişaf meyillərinin meydana çıxmasını, yüksək nəticələrin qazanılmasını şərtləndirib. Bu gün təhsilin bütün pillələrində - uşaq bağçalarında, məktəbdənkənar müəssisələrdə, orta məktəblərdə, kolleclərdə, peşə təhsilində, ali təhsil sahəsində, ali təhsildən sonrakı təhsil, əlavə təhsil sahəsində yeni layihələrin reallaşdırılması istiqamətində mühüm addımlar atılır. Təhsil sahəsində həyata keçirilən islahatlar - təhsildə infrastrukturun yenilənməsi, maddi-texniki bazanın möhkəmləndirilməsi, ümumtəhsil məktəblərinin kadr potensialının və tədrisin keyfiyyətinin yüksəldilməsi xüsusi qeyd edilməlidir. Onu da vurğulayaq ki, son 15 ildə Prezident İlham Əliyevin təşəbbüsü ilə məktəb tikintisinə dair bir neçə Dövlət Proqramı qəbul edilib. Bundan başqa, digər sahələri əhatə edən Dövlət proqramlarında da məktəb tikintisinə böyük diqqət yetirilir. Dövlət proqramları çərçivəsində son 15 il ərzində Bakıda və şəhərətrafı qəsəbələrdə, həmçinin respublikanın bölgələrində 3 mindən çox məktəb tikilib və yaxud əsaslı təmir edilib ki, bu da təhsil sahəsinə çox böyük töhfədir. Ölkə boyu 2004-cü ildən bəri yeni təhsil müəssisələrinin tikilməsi və yaxud mövcud məktəblərin əsaslı şəkildə yenidən qurulması sayəsində 1 milyon şagirdin təhsil şəraiti yaxşılaşıb, o cümlədən də birnövbəli tədris sisteminin tətbiq edildiyi məktəblərin sayı əhəmiyyətli dərəcədə artıb.

Beləliklə, vurğulandığı kimi ölkəmizdə təhsil ocaqlarının maddi-texniki bazasının möhkəmləndirilməsi istiqamətində mühüm işlər görülür. Qəsəbə və kəndlərdə yeni-yeni məktəb binaları tikilir, mövcud binalar isə əsaslı təmir olunur. Hazırda bu proses uğurla davam etdirilir. Məsələn, Neftçala rayonunda bu istiqamətdə xeyli iş görülüb. Son illər rayonda 15 yeni məktəb binası tikilib istifadəyə verilib, 3 bina isə əsaslı təmir olunub. Təkcə 2016-cı ildə rayonun ayrı-ayrı kəndlərində 5 modul tipli məktəb binası quraşdırılaraq şagirdlərin ixtiyarına verilib. Dövlətimizin başçısının Sərəncamı ilə ötən il rayonda daha 7 modul tipli məktəb binası quraşdırılıb. Rayon təhsil şöbəsinin müdiri Əjdər Kərimov bildirib ki, məktəb binaları rayonun Mirzəqurbanlı, Pirəppə, Qaraqaşlı, Aşağı Sura, Xoltəzəkənd, Xolqaraqaşlı və Qazaxbərə kəndlərində inşa olunub. Ümumi orta məktəblər üçün nəzərdə tutulan binaların beşi 56, ikisi isə 80 şagird yerlikdir. Artıq kəndlərdə quraşdırılan tikililərin yeddisində də inşaat işləri tam başa çatdırılıb, binalar müəllim və şagirdlərin istifadəsinə verilib. Məktəblər yeni inventar və texniki avadanlıqlarla təchiz olunub.

Biləsuvarda da Prezident İlham Əliyevin imzaladığı müvafiq Sərəncamla ayrılan vəsait hesabına Biləsuvar şəhər 1 nömrəli tam orta məktəb üçün bina inşa olunur. 1176 şagird yerlik dördmərtəbəli binanın tikintisinə bu ilin yanvarında başlanılıb. Artıq 3-cü mərtəbənin hörgüsü aparılır. Bununla yanaşı, idman zalının dam örtüyü vurulur, daxildə isə suvaq işləri görülür. Məktəb binasında 54 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək və burada fənn kabinetləri, laboratoriyalar, yeməkxana, idman və akt zalları, kompüter otaqları fəaliyyət göstərəcək. Binanın tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.

Bu istiqamətdə İmişli rayonunda da işlər uğurla davam etdirilir. Belə ki, İmişlidə Muradxanlı kənd ümumi orta məktəbi üçün 54 şagird yerlik modul tipli məktəb binasının inşası başa çatıb. Tikinti Prezident İlham Əliyevin Sərəncamı ilə ayrılan vəsait hesabına aparılıb. Tikinti-quraşdırma işləri Təhsil Nazirliyinin sifarişi ilə həyata keçirilib. Hazırda binanın fasadı rənglənir, ərazidə abadlıq işləri aparılır. Təhsil ocağının binası yaxın günlərdə şagirdlərin istifadəsinə veriləcək.

Rayonun Aranlı kənd 2 nömrəli tam orta məktəb üçün inşa olunan 132 yerlik binanın tikintisi də tamamlanmaq üzəridir. Bu məktəbin də tikinti işləri Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına həyata keçirilir. Təhsil Nazirliyinin sifarişi ilə tikilən məktəb binasının inşasına ötən ilin avqust ayında başlanılıb. Artıq binada hörgü işləri başa çatıb, dam örtükləri vurulub, qapı və pəncərələr quraşdırılıb, suvaq işləri görülüb. Hazırda sinif otaqları, fənn kabinetləri, akt və idman zalları və digər yardımçı otaqlarda elektrik və kommunikasiya xətləri çəkilir, divar və tavanlarda rənglənmə işləri aparılır. Təhsil ocağının dayanıqlı su, istilik və elektrik enerjisi ilə təmin olunması üçün ərazidə su anbarı və qazanxana tikilib, transformator quraşdırılıb. Məktəb binası yeni dərs ilində pedaqoji kollektivin istifadəsinə veriləcək.

Eyni zamanda, dövlətimizin başçısının Sərəncamı ilə ayrılan vəsait hesabına İmişlinin Qızılkənd kənd tam orta məktəbi üçün tikilən 624 şagird yerlik məktəb binasında isə inşaat işlərinin 65 faizi görülüb. Təhsil Nazirliyinin sifarişi ilə tikilən üçmərtəbəli binanın inşasına ötən ilin noyabrında başlanılıb. Artıq binada hörgü işləri yekunlaşıb. Hazırda binanın üçüncü mərtəbəsi tikilir, daxildə suvaq işləri görülür, elektrik və kommunikasiya xətləri çəkilir, qapı və pəncərələrin quraşdırılmasına və dam örtüyünün vurulmasına hazırlıq görülür. Məktəb binasında 24 sinif otağı olacaq. Təhsil ocağı müasir istilik sistemi ilə təchiz ediləcək, fənn kabinetləri, yeməkxana, kompüter otaqları, idman və akt zalları fəaliyyət göstərəcək. Binanın tikintisi yeni dərs ilinədək başa çatdırılacaq.

Təhsil infrastrukturu quruculuğu Quba rayonunda da uğurla həyata keçirilir. Belə ki, hazırda rayonun Alekseyevka kəndində 960 şagird yerlik yeni məktəb binası inşa olunur. Üçmərtəbəli binada 40 sinif, 6 laboratoriya, gənclərin çağırışaqədər hazırlığı, əmək təlimi və kompüter otaqları, idman, akt, oxu zalları, kitabxana və 234 yerlik yeməkxana olacaq. 3500 kvadratmetr sahəni əhatə edən yeni binanın hazırda ikinci mərtəbəsi tikilir.

Kənddə təhsil ocağının inşasına ötən ilin dekabr ayından başlanılıb. Təhsil müəssisəsi müasir istilik və işıqlandırma sistemi ilə təchiz ediləcək. Yeni məktəb binasının həyətində qazanxana və su çənləri də tikiləcək. Məktəb binasının tikintisinin yeni tədris ilinə kimi başa çatdırılması nəzərdə tutulub.

Qeyd edək ki, Rəhman Məmmədov adına Alekseyevka kənd tam orta məktəbində hazırda 840 şagird təhsil alır. Təhsil ocağında tədris Azərbaycan və rus dillərində aparılır. Dörd min nəfərdən çox sakini olan Alekseyevka Qubanın ən böyük kəndlərindən sayılır.

Naxçıvan Muxtar Respublikası Babək rayonunun Payız kənd inzibati ərazi dairəsi üzrə nümayəndəliyinin tərkibində olan Gülşənabad kəndində də cari ilin martından kompleks quruculuq işlərinə başlanılıb. Burada 144 şagird yerlik tam orta məktəb binası tikilir. Müasir layihə əsasında qurulacaq bina ikimərtəbəli olacaq. Burada müxtəlif fənn kabinələri, laboratoriyalar, şahmat sinfi, elektron lövhəli siniflər fəaliyyət göstərəcək.

Nardar BAYRAMLI

Yeni azərbaycan.- 2019.- 13 aprel.- S.7