Azərbaycan iqtisadiyyatı sürətli
artım mərhələsinə qədəm qoyub
Milli Məclisin
deputatı Tahir Mirkişili www.yap.org.az saytına müsahibə
verib:
- Tahir
müəllim, məlum olduğu kimi, Prezident İlham
Əliyev son vaxtlar bir çox sahələrdə islahatlar həyata
keçirib və hazırda da bu proses davam etdirilir. Bununla
bağlı fikirlərinizi bildirməyi xahiş edirik...
- Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən islahatlar öz sürəti, əhatəsi və
nəticəliliyi ilə fərqlənir. Ümumilikdə
islahatların uğurlu olması onun qətiyyətli və
düşünülmüş aparılmasından və xalq
tərəfindən dəstəklənməsindən çox
asılıdır. Keçən müddət
ərzində dövlət başçısının
bütün addımlarının qətiyyətli və
uzaqgörən olmasına bütün dünya şahid
olmuşdur. Cənab Prezidentin müəllifi
olduğu həm daxili, həm də beynəlxalq layihələr
daim uğurla başa çatmışdır. 11 aprel
2018-ci il prezident seçkilərində cənab
İlham Əliyevin xalqın böyük səs
çoxluğu ilə Prezident seçilməsi Azərbaycan
xalqının məhz Onu dəstəklədiyini bir daha təsdiq
etdi. Mart ayında Fransanın “Opinion Way” şirkətinin
apardığı sorğu nəticəsində rəyi
soruşulan Azərbaycan vətəndaşlarının 90%-nin
Prezidentin islahatlarını dəstəkləməsi ölkədə
aparılan mühüm iqtisadi və idarəetmə
islahatlarına böyük dəstəkdir. Keçən 1 ildə islahatların mühüm nəticələri
onu bir daha göstərdi ki, effektiv şəkildə
aparılan islahatlar qısa müddətdə öz nəticələrini
verir. 2019-cu ilin ilk 3 ayının nəticələrini təhlil
etsək, görərik ki, ümumi daxili məhsul 3%, qeyri-neft
sənayesi 15% artmış, inflyasiya cəmi 2% olmuşdur. 2018-ci ildə Dünya Bankı Azərbaycanı
dünyada ən çox islahat aparan ölkə elan
etmişdir. İslahatlar nəticəsində
iqtisadiyyatda şəffaflığın artması büdcə
gəlirlərini son 2 ayda 200 milyon manat
artırmışdır. Dövlətin artan gəlirlərini
vətəndaşların sosial müdafiəsinin güclənməsinə
yönəldən dövlət başçısı minimum əməkhaqlarını,
pensiyaları, sosial müavinətləri, tələbə təqaüdləri
və s. artırmaqla bir daha aparılan islahatların əsas məqsədinin
Azərbaycan vətəndaşının daha yaxşı
yaşaması olduğunu göstərmişdir.
- Problemli
kreditlərlə bağlı vətəndaşlar tərəfindən
gözlənilən Fərman imzalandı. Bununla
bağlı nə deyə bilərsiniz?
-
Ümumilikdə iqtisadiyyatda və bank sektorunda həmişə
problemli kreditlər məsələsi var və bunun qəbul
edilmiş bir həddi mövcuddur. Bu hədd bəzi
ölkələrdə 5 faizədəkdir, bəzi ölkələrdə
isə 3 faizdir. Azərbaycanda devalvasiyadan əvvəl
problemli kreditlərin ümumi kredit portfelində həcmi təxminən
5,5-6 faiz həcmində olub. Bu
da dünyada qəbul edilən bir normadır. Ümumiyyətlə, belə hesab olunur ki, riskləri
nəzərə almaqla, bank sektoru özü bu həddə
olan problemli kreditləri sağlamlaşdıra bilir və hətta
bu formada riskləri idarə etməyi bacarır.
2015-ci ildə Azərbaycanda iki dəfə devalvasiya olub. Bu
devalvasiyalardan sonra ölkədə iki mühüm məsələ
ortaya çıxıb. Həm xarici
valyutada, həm də ümumilikdə manatla götürülən
kreditlərin geri qaytarılması ilə bağlı vətəndaşlarda
müəyyən çətinlik yaranıb. Ötən
dövrdə bu iki istiqamətdə iş aparılıb. Cənab Prezident çıxışlarında hər
zaman bank sektoruna ödənilməsində problem olan kreditlərin
restrukturizasiyası ilə bağlı
çağırışlar edib ki, banklar həm müddətin
uzadılması, həm də kredit faizlərinin
aşağı salınması ilə bağlı vətəndaşlarla
qarşılıqlı razılaşma əldə etsinlər.
Bu istiqamətdə bir sıra banklar müəyyən
işlər görüb.
- Bəzi
ekspertlərin fikrincə, Azərbaycan iqtisadiyyatı əlavə
dəyər vergisindən (ƏDV) tədricən xilas olmalıdır
və bu vergi digər vergilərlə əvəz edilməlidir.
ƏDV-dən imtina etmək
mümkündürmü?
- ƏDV ilk dəfə 1950-ci illərdə Fransada tətbiq
olunmağa başlayıb. Bu gün Avropa
İttifaqına üzv olmaq üçün istənilən
halda hər bir ölkə ƏDV-ni tətbiq etmək mexanizminə
sahib olmalıdır və bu, məcburidir. Bir çox dövlətlərin, məsələn,
Fransanın dövlət büdcəsinin vergi gəlirlərində
ƏDV-nin payı 45 faizə yaxındır. Bəzi ölkələrdə isə bu rəqəm
azdır. Məsələn, Niderlandda bu
göstərici 25 faizə yaxındır. Amma
bütövlükdə ƏDV bu gün büdcənin gəlirlərinin
təmin olunmasında əhəmiyyətli rol oynayır.
Azərbaycanda
ƏDV vergi yığımlarının təxminən 50
faizindən bir az çoxdur. Yəni bu gün həm gömrük, həm vergi sahəsində
ƏDV-nin yığım həcminə fikir versək, bu,
bütövlükdə büdcə gəlirlərinin təxminən
30 faizinə yaxındır. Bu, kifayət qədər
böyük məbləğdir. Bu gün
ƏDV bir tərəfdən iqtisadi funksiyaya sahibdirsə, digər
tərəfdən onun mühüm bir sosial istiqaməti var.
ƏDV olmayanda, bu qədər vergi yığılmayanda son nəticədə
əhalinin sosial qayğı ilə əhatə olunmasında
ciddi şəkildə problemlər yarana bilər. Yığılan vergilərin böyük hissəsi
son nəticədə pensiyaya, sosial təminata, sosial müavinətə
və bütövlükdə əhalinin maddi rifahının
artırılmasına yönəlir. Yəni
verginin əsas funksiyalarından da biri bundan ibarətdir.
Amma mən düşünürəm ki, istənilən
halda ƏDV mexanizminin təkmilləşdirilməsi ilə
bağlı işlər görmək mümkündür. Bu gün
dünyada ƏDV-nin tətbiqi mexanizmi ilə bağlı
diskussiyalar aparılır. Bir çox
ölkələrdə ƏDV tətbiq olunmur. Məsələn,
ABŞ, Kanada, Avstraliyada ƏDV yoxdur və bunun əvəzində
başqa tipli vergilər var. Milli Məclisdə müzakirələr
zamanı bir çox hallarda ƏDV-nin müxtəlif dərəcələrinin
tətbiqi ilə bağlı təkliflər də
vermişdik. Biz də
düşünürdük ki, bəzi sahələrdə, məsələn,
tibb, təhsil və digər sahələrdə ƏDV-nin dərəcəsinin
aşağı salınması mümkündür.
Azərbaycanda bir çox məhsullar ƏDV-dən azad
olunub. Məsələn, buğda və taxıl məhsulları
idxalda ƏDV-dən azaddır. Bir çox
hallarda bu azadolmalar əhalinin ilkin ehtiyacını ödəyən
məhsulların qiymətinin aşağı olmasına səbəb
olub. Amma təhlillər göstərir ki,
ƏDV-nin dərəcələrində müxtəliflik tətbiq
edən zaman iqtisadi cinayətlərin sayının səviyyəsi
getdikcə artır. Çünki ƏDV
elə bir vergidir ki, burada istənilən halda mexanizmin təkmil
olması çox mühümdür. Mexanizm
təkmil olmasa, yəni uçot düzgün qurulmasa, bu zaman
ƏDV-nin toplanmasında kifayət qədər boşluqlar
mövcud olur. Bu boşluqlarda
inzibatçılığın səviyyəsinin
aşağı olması bir çox hallarda bu verginin ödənilməməsinə,
vergidən qaçmaya səbəb olur.
Digər bir yanaşma ƏDV-də müxtəlif dərəcələrin
tətbiqi yox, bunun bütövlükdə aşağı
salınması, amma azadolmaların aradan
qaldırılmasından ibarətdir. Çünki burada əsas
məqsəd inzibatçılığın daha şəffaf
qurulmasıdır. Şəffaflığın
artması son nəticədə ƏDV-nin bir çox məsələlər
üzrə dərəcələrinin aşağı enməsinə
səbəb ola biləcək. Bunun üçün əslində sistem hazır
olmalıdır və sistemin hazır olması
üçün şəffaflıq artmalıdır. Ölkəmizdə uçotluğun səviyyəsinin
daha çox artması son nəticədə ƏDV sistemində
islahatlar aparmağa şərait yaradacaq.
- Tahir
müəllim, “Diqlas” Ticarət Mərkəzindəki məlum
yanğından sonra cənab Prezidentin Sədrliyi ilə
müşavirə keçirildi. Müşavirədə
dövlət başçısı sığorta sahəsində
boşluqların olduğunu bildirdi. Sizcə, bu
boşluğu necə və hansı hallarda aradan qaldırmaq
mümkün ola bilər?
- Azərbaycanda
“İcbari sığortalar haqqında” qanun var. Bu qanunun
müddəalarına görə, hər bir fiziki və
hüquqi şəxs öz əmlakını məcburi şəkildə
sığorta etdirməlidir. Yəni bu,
könüllü deyil, icbaridir. Eyni zamanda,
qanunda ikinci müddəa var ki, üçüncü şəxslərə
dəyən zərərlə bağlı istənilən
halda fiziki və yaxud hüquqi şəxslər öz əmlakını
50 min manat risk həddində sığorta etdirməlidirlər.
Biz buna mülki məsuliyyət deyirik. Burada müəyyən məhdudiyyətlər olsa
da, amma bütövlükdə bu tipli hadisələrin
qarşısını almaq üçün qanunda müvafiq
müddəalar mövcud idi.
Problem ondan ibarətdir ki, Azərbaycanda sığorta sahəsində
əmlakın və yaxud da daşınmaz əmlakın
sığortalanması ilə bağlı müəyyən dərəcədə
boşluqlar mövcuddur. Bunun da bir çox səbəbi var. Səbəblərdən
biri əhalinin və yaxud da sahibkarların bəzilərinin
iqtisadi savadlılığının arzuolunan səviyyədə
olmamasıdır. Bir çox hallarda isə
baş verən hadisə zamanı sığorta məbləğinin
alınması ilə bağlı bir çox şikayətlərin
olması, əhali ilə sığorta şirkətləri
arasında inamın arzuolunan səviyyədə olmaması Azərbaycanda
sığorta mədəniyyətinin formalaşmasına zərər
göstərib.
Amma bu, o demək deyil ki, Azərbaycanda əmlak və
yaxud daşınmaz əmlak sığorta olunmur. Mən bir fakt
deyim. 2018-ci ildə Azərbaycanda
könüllü şəkildə daşınar və
daşınmaz əmlakın sığorta etdirildiyi riskin həcmi
32 milyard manat olub. Yəni sığorta
şirkətləri yalnız 2018-ci ildə könüllü
olaraq sahibkar və vətəndaşlardan 57 milyon manat həcmində
sığorta haqqı toplayıb. Bu da
müəyyən bir sayda vətəndaş və yaxud
sahibkarın sığorta mexanizmlərindən istifadə
etdiyini deməyə əsas verir. Amma istənilən
halda bu, arzuolunan hədd deyil.
Bizim də istəyimiz odur ki, özəl sektorda vətəndaşların
və sahibkarların əmlakının sığortası
lazımi səviyyədə olsun. Çünki baş
verən son hadisələrdə biz bunun şahidi olduq. Bu gün bazar iqtisadiyyatının mühüm
elementlərindən biri sığortadır. Sığorta şirkətləri çox da
böyük olmayan məbləğ həddində vətəndaşa
dəyə biləcək ziyanı tam ödəmək kimi
mexanizmlərə sahibdir. Mən sizə bir fakt deyim, bu
gün hər hansı sahibkar mağazada 30 min manat dəyərində
olan malını sığortalamaq istəsə, bunun illik dəyəri
təxminən 90 manat həcmindədir. Bu, əslində
çox kiçik bir məbləğdir.
Təsəvvür
edin ki, bu gün sahibkar hər ay 200-300 manat icarə haqqı
ödəməyə hazırdır, amma ay ərzində təxminən
7,5 manat ödəməklə
bütövlükdə daşınar əmlakını
sığorta etdirmək mexanizmindən istifadə etmir. Bu, o deməkdir ki, burada söhbət məbləğdən
getmir, çünki məbləğ kifayət qədər
kiçikdir. Burada əsas məsələ odur ki,
sahibkar-sığorta münasibətlərində yeni mexanizmlərin
tətbiqini zəruri edən qaydalara ehtiyac var.
Düşünürəm ki, bu qaydalar sahibkarlar ilə
sığorta şirkətləri arasındakı münasibətlərdə
etibar yaradacaq, eyni zamanda, sahibkarlarda sığorta mədəniyyətinin
səviyyəsini daha da yüksəldəcək.
Cənab Prezidentin keçirdiyi müşavirədə
verdiyi tapşırıqlar Azərbaycanda sosial dövlətin
funksiyasının və dövlət
başçısının humanizm siyasətinin bariz
nümunəsi idi. Baxmayaraq ki, “Diqlas” ticarət mərkəzində
baş verən hadisədə dövlət heç bir məsuliyyət
daşımırdı. Ölkə
Prezidentinin zərər çəkmiş sahibkarlara dövlət
yardımının edilməsi ilə bağlı verdiyi
tapşırıq çox mühüm əhəmiyyət kəsb
etdi. Düşünürəm ki,
böyük itkilərlə üzləşən
sahibkarların ilkin mərhələdə bu vəziyyətdən
çıxması yolunda önəmli bir addım idi.
-
Bankların verdikləri kreditlərin faizləri yüksəkdir.
Bunu tənzimləmək
mümkündürmü və faizləri aşağı
salmaq olarmı?
- Bu
gün Azərbaycanda kredit faizlərinin, xüsusən
sahibkarlıq üçün kredit faizlərinin yuxarı
olması sahibkarlığın inkişafı
üçün müəyyən qədər maneələr
yaradır. Kredit faizləri nə qədər aşağı
olarsa, sahibkarlıq daha çox investisiya cəlb edə bilər
və yaxud daha çox iş görə bilər.
Bu gün Avropa ölkələrində kredit faizləri
bir neçə faizdirsə, bizdə bir çox hallarda 15
faizin üzərindədir. Böyük həcmdə
fərqin olması bizim sahibkarların rəqabət qabiliyyətini
aşağı salır. Azərbaycan
sahibkarları ixrac zamanı bazarlarda Avropa şirkətləri
ilə üzləşirlər. Sahibkarlarımızın
ucuz pul kütləsinə asan
çıxışının olmaması rəqabətdə
ciddi problemlər yarada bilir.
Amma məsələnin ikinci tərəfi var ki, hansı
formada kredit faizlərini aşağı salmaq
mümkündür. Çünki banklar özəldir və
onlar da sahibkarlığın bir formasıdır. Bu gün bankların hər hansı bir formada kredit
faizlərini aşağı salması iki istiqamətdə
mümkündür. Bir istiqamət ondan
ibarətdir ki, istənilən halda bankların daha çox
ucuz pul kütləsinə çıxışı
olmalıdır. Bu gün bankların kredit
cəlb etməsində iki mühüm mənbə var.
Birincisi əhalinin əmanətləridir, ikincisi isə
bankların beynəlxalq bazardan cəlb etdiyi pul kütləsidir.
Kredit faizlərinin yuxarı olmasının bir səbəbi
də əhalinin qəbul olunan əmanətlərinin faizlərinin
yuxarı olmasıdır. Belə
çıxır ki, biz kredit faizlərini aşağı
salmağa çalışsaq, istənilən halda əhalinin
əmanət faizləri də aşağı düşməlidir.
Bu, bir tərəfdən əhalinin gəlirlərinə
təsir edəcək.
Amma digər tərəfdən bunun iqtisadi
üsulları da var. Bir çox ölkələrdə müəyyən
dərəcədə məhdudiyyətlər tətbiq edirlər
ki, banklara yuxarı faizli kredit verilməsi iqtisadi cəhətdən
sərf etməsin. Məsələn, əgər banklar
yuxarı faizli kredit verirsə, bu kreditlərin
qaytarılması üçün banklar daha çox özlərində
ehtiyat yaratmalıdır. Bankın daha
çox ehtiyat yaratması bir çox hallarda ona sərf etmir.
Ona görə də bank daha az ehtiyat
yaratmaq üçün aşağı faizlə kredit verməkdə
maraqlı olur. Bu, məsələnin
mühüm bir hissəsidir.
Biz də düşünürük ki, bu gün ölkəmizdə
iqtisadi alətlərlə banklara kredit faizlərinin
aşağı salınması ilə bağlı təsir
etmək mümkündür. Amma eyni zamanda, daha ucuz
kreditə və yaxud da pul kütləsinə
çıxışı təmin etmək üçün
banklara köməklik göstərmək lazımdır.
Son nəticədə kredit faizlərinin
aşağı düşməsində hamımız
maraqlıyıq. Çünki kredit faizlərinin
yuxarı həddə olması sahibkarlıq fəaliyyətinin
inkişafı üçün maneədir.
Səs.-
2019.- 17 aprel.- S.10