Akademik Ramiz Mehdiyevin alimlərimizi milli
tarixin öyrənilməsində yeni axtarışlara səfərbər
edən əsəri
Ölkənin tanınmış
tarixçi, ədəbiyyatşünas və mətnşünas
alimlərinin iştirakı ilə aprelin 16-da Azərbaycan
Milli Elmlər Akademiyasının Nizami Gəncəvi adına
Milli Azərbaycan Ədəbiyyatı Muzeyində keçirilən
elmi sessiya akademik Ramiz Mehdiyevin yenicə çapdan
çıxmış “Tariximizin xanlıqlar
dövrünün siyasi irsi sənədlər
işığında” kitabının müzakirəsinə həsr
edilmişdi. “Şərq-Qərb” nəşriyyatında
buraxılmış bu əsərin qısa müddətdə
ölkənin elmi və ictimai-siyasi həyatında geniş əks-səda
doğurması, ilk növbədə, kitabda qaldırılan
problemlərin aktuallığı, yüzillər əvvəl
baş verən hadisələri təhlil etsə də, bu
gün üçün son dərəcə gərəkliliyi
ilə bağlıdır.
AZƏRTAC xəbər verir ki,
elmi sessiyanın açılışındakı nitqini bu
mülahizələrlə başlayan muzeyin direktoru, akademik
Rafael Hüseynov “Akademik Ramiz Mehdiyevin araşdırmalarında
milli düşüncə, milli tarix və milli inkişaf məsələlərinə
yeni baxış” adlı məruzəsini təqdim etdi.
Bildirildi ki, bu yeni kitab əslində akademik Ramiz Mehdiyevin son
bir neçə ildə nəşr edilən və Azərbaycan
tarixşünaslığında əsl hadisə sayılan
silsilə əsərlərinin davamı və ayrılmaz tərkib
hissəsidir. Müəllifin hələ əsas
mövzuya keçmədən öncə irəli
sürdüyü və Azərbaycan
tarixşünaslığının vəzifələri ilə
əlaqədar mülahizələrinə toxunan Rafael
Hüseynov qeyd etdi ki, hər bir dəyərli elmi əsərin
qiymətini müəyyənləşdirən ilk cəhət
onun yalnız hansısa suallara cavab verməsi deyil, həm də
hansı mühüm sualları qaldırması, yeni
axtarışlar üçün üfüqlər aça
bilməsidir. Bu mənada akademik Ramiz Mehdiyevin yeni
araşdırmasının müqəddiməsində
qaldırdığı problemlər Azərbaycan
tarixşünaslığının gələcək
inkişafı üçün proqram səciyyəsi
daşıyır. Məruzəsinə davam edən akademik
Rafael Hüseynov dedi: “Görkəmli alim milli
tariximizi tədqiq etməyi heç də yalnız
keçmişdə baş vermiş hadisələri
araşdırmaq kimi qavramamağı tövsiyə edərək,
hər belə araşdırmada həm də
bugünümüzü və sabahımızı görməyi
ən doğru yol sayır, tarix elmini arxada qalmış
zamanları müasir dövr və maraqlarla birləşdirən
körpü adlandırır. Lakin bizim
keçmişimizi öyrənmək sahəsində
uğurlarımız nə səviyyədədir?
Ötmüş onillərdə ilk mənbələr əsasında
tariximizin qaranlıq səhifələrinə aydınlıq gətirən
bir silsilə monoqrafiyalar yazılsa da, kompleks
araşdırmalar yerinə yetirilsə də, təəssüf
ki, onların əksəriyyəti sovet dövründə
ortaya çıxmış əsərlərdir. Həmin
dövrün siyasi şərtləri isə heç də
bütün həqiqətləri olduğu kimi ifadə etmək,
hətta tarixi mənbələri tam halda nəşr etmək
imkanı vermirdi. Müstəqillik dövrünün
açdığı imkanlar yalnız ölkəmizdə
deyil, xaricdə saxlanan mənbələri və əlyazma
irsini də araşdırmalara cəlb etmək fürsətinin
yaranması tarixçi alimlərimizə geniş fəaliyyət
sahəsi təklif edir. Lakin akademik Ramiz Mehdiyevin
haqlı olaraq vurğuladığı kimi, tarixçilərimizin
böyük əksəriyyəti yazılarını artıq
hazır, tərcümə və tədqiq edilmiş əsərlər
üzərində qurmaqdan uzağa getmir, nəticədə
bir çox ümdə suallara cavabların tapılması da qəlizləşir.
Həmin səbəbdən də akademik Ramiz
Mehdiyev tarix elmimiz qarşısında təxirə salmadan həll
edilməli bir neçə ciddi vəzifə qoyur. İlk
növbədə, mənbəşünaslığın
inkişafına nail olmaq, tariximizə aid müxtəlif dillərdə
qələmə alınmış məxəzlərin tərcüməsi və nəşri işini sistemə salmaq;
ikincisi, ölkəmizdən kənarlarda, Rusiyanın,
İranın, Türkiyənin, Avropa dövlətlərinin
kitabxana və fondlarında, arxivlərində saxlanılan mənbələri
əhatəli şəkildə müəyyənləşdirərək
tədqiqata cəlb etmək;
üçüncüsü, tədqiqatlarda yeni yanaşma və
təhlil modellərinin tətbiqinə nail olmaq, köhnə
stereotiplərdən qurtulmaq; dördüncüsü,
milli varlığımız, milli keçmişimizlə
bağlı əsərlərin hamı üçün maraq
kəsb etdiyini nəzərə alaraq tədqiqat
mövzularını qarşılıqlı müqayisə və
müzakirələr əsasında müəyyənləşdirmək
və digər bu qəbil icrası vacib olan şərtlər”.
Məruzəçi bu məsələyə
də xüsusi diqqət yönəltdi ki, akademik Ramiz
Mehdiyevin milli təfəkkür, milli tarix, milli dövlətçilik,
milli inkişafla bağlı araşdırmalarını digər
peşəkar tarixçilərimizin əsərlərindən
fərqləndirən bir mühüm keyfiyyət göstəricisi
də ondan ibarətdir ki, o, güclü alim olmaqla
yanaşı, həm də təcrübəli, müdrik
dövlət xadimidir. Toxunduğu istənilən problemi həm
də ümummilli kontekstdə nəzərdən keçirir,
araşdırmalarının praktik faydası, gələcək
tərəqqimizdə və daha düzgün yollar seçə
bilməyimizdəki təsirlərini də nəzərə
alır.
Elmi sessiyada “Sənədlərin
tariximizin xanlıqlar dövrü haqqında söylədiyi həqiqətlər”
adlı məruzə ilə çıxış edən tarix
elmləri doktoru, professor Kamil İbrahimov bildirdi ki, tarix
buraxılmış səhvləri, yaxud məsuliyyətsizliyi
heç vaxt bağışlamır. Akademik
Ramiz Mehdiyev təxminən yarım əsrlik bir zaman kəsiyini
əhatə edən xanlıqlar dövrünə, feodal hərc-mərcliyi
və bitib-tükənməyən ara müharibələri ilə
müşayiət edilən və nəhayət, tarixi
torpaqlarımızın ikiyə bölünməsinə gətirib
çıxaran bu keşməkeşli dövrə layiqli
siyasi qiymət verib. Akademikin bu kitabında çoxsaylı mənbə,
elmi ədəbiyyat əsasında yazılmış, həmçinin
xarici dillərdə nəşr olunmuş mənbələrdəki
bir sıra təkzibolunmaz faktlara istinad edilmişdir. Vaxtilə
dahi Albert Eynşteyn yazırdı ki, tarix siyasətdən kənar
olan zaman riyaziyyat qədər dəqiq, fizika qədər qərəzsiz
elmdir. Tarixi qərəzsiz edən onun altında yatan arxiv sənədləri
olur. Ramiz Mehdiyev bu toplunun tərtibatında həm bir
tarixçi, həm də bir siyasətçi kimi
çıxış edib. Eyni zamanda, Azərbaycanın
çoxsaylı tarixçilərinə meydan verərək
qeyd edib ki, ölkəmizdən kənarda arxiv sənədləri
ilə bağlı hansı çətinliklər varsa, həmin
çətinlikləri də aradan qaldırmağa dövlət
hazırdır.
Bildirildi ki, müəllif iki strateji məqam
üzərində ayrıca dayanır. Birinci məqam
ondan ibarətdir ki, xanlıqlar dönəmində Azərbaycan
dövlətçiliyi Səfəvilər dövründən
etibarən yaradılan, Nadir şahın hakimiyyəti illərində
isə bir qədər möhkəmləndirilən mərkəzləşmə
prinsipindən məhrum olur. İkinci məqam isə
xalqımızın məhz həmin siyasi dövrün səhvləri
ucbatından ikiyə bölünməsi və bu günə qədər
də parçalanmış vəziyyətdə
yaşamağa davam etməsi ilə bağlıdır.
Akademik Ramiz Mehdiyevin Qacarlar xanədanının
həm etnik, həm də siyasi genotipi barədəki mötəbər
mənbələrə, konkret faktlara əsaslanan qənaətləri,
metodoloji mahiyyəti olduqca mükəmməl milli
tarixşünaslıq dərsləridir. O
yazır ki, “Qacarlar heç zaman azərbaycanlı
maarifçilərin ana dilində məktəb açmaq təşəbbüslərinə
mane olmamış, bu ideya uğrunda mübarizə aparanlara
qarşı heç vaxt dövlət səviyyəsində hər
hansı bir təqib həyata keçirməmişlər”.
Kitabda verilən faktlar göstərir
ki, ana dilində müasir, dünyəvi təhsil
ideyasını həyata keçirmək istəyənlər
daha çox yeniliklərə, tərəqqiyə, müasirliyə
qənim kəsilən mühafizəkar, xurafatçı
ruhanilərin müqaviməti ilə
qarşılaşmış, onlar tərəfindən təzyiqlərə
məruz qalmışlar. Bu cür hallar o dövrdə təkcə
Qacarlar dövləti üçün deyil, bütün İslam
dünyası, o cümlədən Qafqaz Azərbaycanı
üçün də xarakterik idi.
Nizami Gəncəvi adına Milli
Azərbaycan Ədəbiyyatı Muzeyinin komparativistika və bədii
tərcümə şöbəsinin müdiri, filologiya elmləri
doktoru, professor Şəfəq Əlibəyli “Azərbaycanın
siyasi tarixinə xanlıqlar dövrünün təsiri”
adlı məruzəsini məxəzlərin tarixin öyrənilməsində
müstəsna əhəmiyyəti haqqında
düşüncələrini bölüşməklə
başlayaraq bildirdi ki, zamanın sükutunu pozan, onu dinləndirən
dastanlar, bayatılar, nəğmələr və digər bədii
örnəklər və musiqi əsərləri, tədqiqatlar
vardır. Bunlara zaman-zaman bəzən müəyyən əlavələr
edilir, ixtisarlar olur, bəzən də onlar müəyyən təhrifə
məruz qalır, hətta bəzən ünvanları belə
dəyişə bilir. Amma bu səssiz zamanla bağlı sənədlər
də mövcud olur ki, onları təhrif etməyə, üzərində
dəyişiklik aparmağa heç kəsin gücü
çatmır. Bəzən gizli qalan, insan gözündən
yayınan, tarixi həqiqətləri əks etdirən bu sənədlər
üzə çıxdıqda müəyyən zaman kəsiyi,
tarixi dövr barəsində çox söz deyə bilir.
Unudulmağa, təhrifə zamanın gücü çatmayan
belə sənədlər və onların obyektiv dəyərləndirilməsi
akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün
siyasi irsi sənədlər işığında”
kitabında yer alıb. Ana dilimizdə təqdim olunan bu kitabda
Azərbaycan tarixində təzadlı, mübahisəli məqamlarla
bağlı olan xanlıqlar dövrünə aid 22 yeni, indiyədək
tarixşünaslığımıza məlum olmayan
siyasi-tarixi sənəd öz əksini tapmışdır. Həmin
sənədlər əsasən, Rusiya-İran müharibələri
dövründə Qacar və Rusiya hərbi
komandanlığı ilə bağlı siyasi-tarixi mənbələrdir.
Təqdim olunan tarixi sənədlər
xanlıqlar dövrünün siyasi mənzərəsini bir
daha işıqlandıraraq, həmin dövrün daha dərindən
təhlili, yeni yanaşma üçün elmi mənbələrə,
arxiv sənədlərinə, təkzibedilməz faktlara əsaslanan
möhkəm bir zəmin yaradır.
Qeyd edildi ki, akademik Ramiz Mehdiyevin bu əsəri
sayəsində ilk dəfə olaraq oxucu Azərbaycanın
xanlıqlar dövrünə yeni bir müstəvidə nəzər
salmaq imkanı əldə edir. Həmçinin
kitabda indiyədək qapalı qalmış bir sıra tarixi məqamlara
obyektiv münasibət ortaya qoyulur, çar Rusiyası tərəfindən
Şimali Azərbaycan xanlıqlarının işğalı,
Gülüstan və Türkmənçay müqavilələri
ilə bağlı təfərrüatlar, xanlıqlar
dövründəki siyasi səhvlərin
acınacaqlı nəticələri açıqlanır.
Müəllif belə bir qənaətə gəlir ki, hakimiyyət
və taxt-tac naminə çarizmlə müttəfiqlik
münasibətlərinə gedən Azərbaycan xanlarının
hamısının sonu bir qanunauyğunluq kimi faciəli olub.
Müəllif fikrini davam etdirərək, İbrahim xanın və
ailəsinin qətlini, Səlim xanın, Mustafa xanın Azərbaycandan
didərgin düşməsini xatırladır, oxucunu bunlar
üzərində düşünməyə sövq edir.
Fars dili üzrə mütəxəssis
olan məruzəçi kitabda dərc edilmiş sənədlərin
farsca orijinallarını və tərcümələrini
tutuşdurduğunu bildirdi, məhz tarixi məxəzlərin
belə dəqiq tərcümə və şərhlərlə
təqdim edilməsinin elmimizə fayda verəcəyini
vurğulayaraq, tarixçilərimiz, mənbəşünaslarımız
tərəfindən örnək, model olaraq götürülməsini
məsləhət gördü. Qeyd olundu ki, qiymətli tarixi və
siyasi sənədlər olan məktubların təqdimatında
xronoloji ardıcıllıqla yanaşı, bədii, məntiqi
bir keçid də hiss olunmaqdadır. Bu da müəllifin
güclü məntiqi-fəlsəfi ümumiləşdirmə
məharətindən, fərdi üslubunun rəvanlığından,
ifadə seçiminin düzgün və sadəliyindən xəbər
verərək, materialı daha da oxunaqlı edir. Xanlıqlar
dövrünün ətraflı tədqiqi, maraqlı
ümumiləşdirmələr, mülahizələr,
düzgün siyasi təhlil bu mövzu ilə maraqlananlar
üçün təkzibedilməz tarixi faktlara əsaslanan
yeni bir elmi zəmin yaradır. Vurğulandı
ki, akademik Ramiz Mehdiyevin tariximizin bəzi mübahisəli səhifələrinə
analitik təhlillə açıqlama gətirən, milli
ictimai şüurun inkişafı üçün əhəmiyyət
kəsb edən yeni kitabı yalnız tarixçi alimlər
üçün deyil, filosoflar, ədəbiyyatşünaslar,
mədəniyyətşünaslar və ümumən, hər
bir azərbaycanlı üçün dəyərli tarixi-elmi
mənbədir. Bu fundamental tədqiqata müraciət edən
hər bir şəxs keçmiş irsimizi olduğu kimi,
uğursuzluqlar və qələbələrlə birlikdə
öyrənmək imkanı əldə edir. Kitab neçə-neçə
yeni tədqiqatlara, araşdırmalara, tarixi romanlara, film
ssenarilərinə cığır açır.
Fikirlərini yekunlaşdıran professor
Ş.Əlibəyli söylədi ki, akademik Ramiz Mehdiyevin
aşağıdakı fikrini kitabın leytmotivi hesab etmək
olar: “Tarix ondan zəruri dərslər
çıxarılmadığı təqdirdə daha
amansızlıqla təkrar olunur”. Əminik ki, xalqımız
bir daha belə amansızlıqla üz-üzə durmaz.
Elmi sessiyada “Tarixi sənədlərin
milli keçmişimiz kontekstində yeni oxunuş zəruriliyi”
mövzusunda məruzə ilə çıxış edən
filologiya elmləri doktoru, professor, muzeyin elmi inkişaf və tədris
layihələri şöbəsinin müdiri Kamil Allahyarov qeyd
etdi ki, akademik Ramiz Mehdiyevin bu əsəri Azərbaycan tarixinin
çox mürəkkəb və ziddiyyətli hadisələrlə,
əks mövqeləri ifadə edən fikirlərlə dolu bir
dövrünə həsr olunub. Həmin dövrdə, yəni
XVIII əsrin sonu - XIX əsrin başlanğıcında Azərbaycanın
daxili və xarici siyasi vəziyyəti çox gərgin idi. Kitabın birinci fəslində qeyd edildiyi kimi, əvvəl
Şəki, sonra isə Quba xanlıqlarının Azərbaycan
torpaqlarını öz xanlıqları ətrafında birləşdirmək,
vahid Azərbaycan dövləti yaratmaq cəhdləri boşa
çıxdı. Buna bir tərəfdən ölkənin
sosial-iqtisadi vəziyyətinin geriliyi, digər tərəfdən
isə xarici istilalar, İranın və çar
Rusiyasının bu yerləri ələ keçirmək
üçün Azərbaycana yürüşləri əngəl
törədirdi. Ayrı-ayrı xanlıqların hakimlərinin
öz şəxsi mənafelərindən əl çəkməməsi,
öz xanlığını qoruyub saxlamaq naminə bir-birinə
güzəştə getməməsi də bu işə əsaslı
surətdə mane oldu. Belə bir şəraitdə Azərbaycana
göz dikmiş şahlıq İranının və
çar Rusiyasının işğalçı planlarına
qarşı dura biləcək vahid qüvvə yox idi. Hələ I Pyotr dövründə
başlanmış, II Yekaterina zamanı davam etdirilmiş Azərbaycanı
ələ keçirmək cəhdlərindən sonra XIX
yüzilliyin lap başlanğıcında çar Rusiyası
bütün Cənubi Qafqazı tutmaq planlarını həyata
keçirməyə hazırlaşırdı. Azərbaycanın
çar Rusiyası tərəfindən zəbt edilməsinə
sovet dövründə belə qiymət verilirdi ki, guya bu aktın
müsbət tərəfləri də olmuşdur. Ancaq akademik
Ramiz Mehdiyevin qeyd etdiyi kimi, Azərbaycanın şimal
torpaqlarının çar Rusiyası tərəfindən ələ
keçirilməsi ilə Azərbaycan xalqı öz dövlət
müstəqilliyini itirdi.
Akademik Ramiz Mehdiyevin
araşdırmalarında, xüsusən də Şah
İsmayıla, Səfəvilər xanədanına həsr
edilmiş tədqiqlərində mərkəzləşmiş
Azərbaycan dövlətinin yaradılması yolunda tarixi
şəxsiyyətlərimizin aparmış olduğu
mübarizələrə ayrıca diqqət yetirilir. Bu kitabda da akademik Ramiz Mehdiyevin həmin xəttə
sadiq qaldığına və oxucusuna məhz həmin həqiqətin
millətimizin inkişafındakı ən əhəmiyyətli
məqam olduğunu aşılmasına şahid oluruq. Əsər
və tədqiqata cəlb edilmiş mənbələr göstərilir
ki, hələ XVIII əsrin ikinci
yarısından, yəni Nadir şahın qətlindən sonra
yaranan Azərbaycan xanlıqları arasında vahid iqtisadi və
siyasi mərkəz yox idi, ayrı-ayrı xanlıqlar isə
qapalı həyat sürürdü. Azərbaycanın
bütün xanlıqlarının siyasi tarixi arasıkəsilməz
müharibələr və qanlı saray
çevrilişləri ilə dolu idi. Bir-biri ilə
rəqabət aparan xanlıqlar arasındakı müharibələr
onları daha da zəiflədir və xarici qüvvələr
qarşısında müqavimətlərini azaldırdı.
XVIII əsrin 80-ci illərinin ortalarında İranda hakimiyyətə
gələn Ağa Məhəmməd Qacar Azərbaycan
xanlıqlarını yenidən birləşdirmək qərarına
gəldi. Bununla əlaqədar o, bütün Cənubi Qafqaz
xanlarına fərmanlar göndərərək onlardan itaət
əmri olaraq övladlarını girov kimi onun yanına
göndərilməsini tələb edirdi. Ancaq Azərbaycan
xanlarının əksəriyyəti və gürcü hakimi
II İrakli bu fərmanları qəbul etməkdən imtina
etdilər. Bununla əlaqədar 1795-ci ildə Ağa Məhəmməd
xan böyük qoşunla Cənubi Qafqaz hüdudlarına
üz tutdu. O, talış, Naxçıvan və İrəvan
xanlıqlarını özünə tabe edəndən sonra
Şuşa qalasına, daha sonra isə Tiflisə üz tutdu.
Gürcüstanda Qacar Tiflisi tutandan sonra qarət və
qırğınlar törətdi. Bundan sonra
gürcülər ruslara müraciət edərək
onların himayəsinə keçmək istədiklərini
bildirdilər və beləliklə də rus
qoşunlarının Cənubi Qafqaza yolu açıldı.
Akademik Ramiz Mehdiyev tərəfindən Azərbaycan
tarixşünaslığında yeni dövriyyəyə
buraxılan sənədlər də məhz birinci
Rusiya-İran müharibəsi ərəfəsindəki,
müharibənin gedişindəki və ondan sonrakı
dövrü əhatə edir və indiyədək qaranlıq
qalan bir çox məsələlərə aydınlıq gətirir.
Bu da vurğulandı ki, kitabda yer almış
22 məktubun və fərmanın mətnindən gələcəkdə
başqa tədqiqatçılar da faydalana bilər. Akademik Ramiz Mehdiyevin kitabda vurğuladığı əsas
niyyətlərindən biri də elə odur ki, bu və bu qəbil
sənədlər təzədən, ayrı gözlə
oxunsun, onlara indiyədək verilmiş ənənəvi qiymətləndirmələrdən
fərqli, milli maraqlara daha çox cavab verən yozumlar təqdim
edilsin.
Elmi sessiyada maraqla
qarşılanan, müzakirə edilən kitabın müfəssəl
təhlilini verən “Akademik Ramiz Mehdiyevin
araşdırmalarında tarixi həqiqətlərin alt
qatını görmək və dəyərləndirmək
ustalığı” adlı məruzəsində tarix elmləri
doktoru, professor Solmaz Tohidi-Rüstəmova qeyd etdi ki, kitab “Xanlıqlar dövrü və onun Azərbaycanın
siyasi tarixinə təsirləri” adlı tədqiqat ilə
başlayır və alınan ilkin nəticə,
başlığından da göründüyü kimi, bu
tarixin, ilk növbədə, Azərbaycan dövlətçiliyi
mövqeyindən, yəni sırf siyasi konsepsiya əsasında
yazılmasıdır. Bu tədqiqat müəllifin mövqeyi,
dövrün tarixi hadisələrinə yanaşma və qiymətləndirmə
baxımından Azərbaycan tarixşünaslığında
bu dövrə dair indiyədək mövcud olan konseptual
yanaşmadan əsaslı surətdə fərqlənir. Bu məsələ
üzərində ətraflı dayanmadan daha 2 mühüm məqamı
çox qısa şəkildə izah edək. Məlumdur ki,
müstəqilliyə qədər Azərbaycan
tarixşünaslığında xanlıqlar dövrü əsasən
tarixçilik və ideoloji yanaşma mövqeyindən tədqiq
edilib və qiymətləndirilib. Yəni, İran dövlətində
Nadir şah Əfşarın ölümündən sonra mərkəzdənqaçma
qüvvələrinin canlanmasının ilkin şərtləri
və xanlıqların yaranmasının tarixi-siyasi və
iqtisadi şərtləri araşdırılıb. Azərbaycan xanlıqlarının istər ümumi
və istərsə də ayrı-ayrılıqda tarixinin həmin
dövrün ziddiyyətli, feodal
dağınıqlığı, xanlıqlar arasında
hakimiyyət çəkişmələri və müharibələri
ilə səciyyəvi olduğu vurğulanıb. Bununla belə, ümumilikdə, xanlıqlar
dövrü Azərbaycan ərazilərinin bilavasitə
İrandan ayrılması prosesinin başlanması,
xanlıqların ilk yarımüstəqil, kiçik Azərbaycan
dövlətçiliyinin əsasını qoyması kimi
xarakterizə olunub, eləcə də Azərbaycan-türk
xalqının formalaşması tarixinin də bu zamandan
başlanması hesab edilib. Sovet dövründə
ayrı-ayrı xanlıqların Rusiya hakim dairələri ilə
münasibətləri müəyyən mənada obyektiv
işıqlandırılsa da, ümumən Azərbaycanın
Rusiya tərkibinə könüllü daxil olması tezisi əsas
götürülüb. Lakin 1990-cı illərdən
sonra tanınmış tarixçilərin əsərlərində
artıq bu məsələyə münasibət dərhal dəyişib,
bir sıra mənbələr, o cümlədən xanların
Rusiya təmsilçiləri ilə məktubları dərc
olunub, dövrün tarixinin elmi baxımdan obyektiv
işıqlandırılması cəhdləri edilib və
xanlıqlar dövrü bir daha Azərbaycan müstəqil
dövlətçiliyinə gətirən bir zaman kəsiyi
kimi təqdim olunub. Akademik Ramiz Mehdiyevin adı çəkilən
kitabında bu məsələlərdə bir qədər fərqli
mövqe ortaya qoyulur. Bu mövqe, ilk növbədə,
müəllifin əvvəlki kitablarından - Şah
İsmayıl Səfəvi və Nadir şah Əfşara həsr
edilmiş əsərlərində irəli sürülən
Azərbaycan dövlətçiliyi konsepsiyasının
artıq XVIII əsrə tətbiqi və bu mövzunun
davamı məqsədindən irəli gəlir. Məhz bu konsepsiyaya söykənərək müəllif
Azərbaycan xanlarını vahid dövlət prinsipini pozmaqda
və mərkəzdənqaçma proseslərində
yaxından iştirak etməkdə, feodal hərc-mərcliyi,
hakimiyyət uğrunda ara müharibələri, bu səbəbdən
birləşə bilməməkdə, düşmən
istilasının qarşısını almamaqda, eləcə
də erməni əhalisinin Şimali Azərbaycan
torpaqlarında yerləşdirilməsinə imkan verməkdə
tənqid edir.
Azərbaycan xanlarının
Rusiyaya meyil etməsi, bu zaman Kürəkçay müqaviləsini
imzalanmış Qarabağ xanı İbrahimxəlilin və
rus zabiti Sisianovla son döyüşə girmiş Gəncə
hakimi Cavad xanın fərqli, lakin eyni dərəcədə
faciəli aqibəti də həmin mövqedən qiymətləndirilir.
Bu iki əsas mövzudan əlavə, kitaba
müəllif məqaləsində daha bir mövzu xətti
ayrıca qeyd edilməlidir. Bu da Qacarlar dövrünün Azərbaycan
tarixşünaslığında və ədəbiyyatında
işıqlandırılmasıdır. Müəllif bu sahədə
görülən işləri yuxarıda göstərilən
konseptual mövqedən çıxış edərək
ümumən mənfi və qeyri-qənaətbəxş qiymətləndirir.
Elmi sessiyanın iştirakçılarına
daha bir məruzəni Nizami Gəncəvi adına Milli Azərbaycan
Ədəbiyyatı Muzeyinin mədəni irs və mənbəşünaslıq
şöbəsinin müdiri, filologiya elmləri doktoru,
professor Xatirə Bəşirli təqdim etdi. O,
“Azərbaycan xanlıqları siyasi tarix müstəvisində”
adlı məruzəsində bu cəhətə ayrıca diqqət
yönəltdi ki, akademik Ramiz Mehdiyevin ədəbi, ictimai cameəyə
təqdim etdiyi bu qiymətli əsər, heç şübhəsiz,
tariximizin xanlıqlar dövrünün siyasi irsi, fəaliyyəti
haqqında faktlara, mənbələrə söykənərək
son illərdə yazılan ən dəyərli
araşdırmadır.
Akademik Ramiz Mehdiyev xanlıqlar dövrünün
səhvlərindən nəticələr çıxarmağa
tövsiyə edir, həmin dövrü - xanlıqlar tarixini
obyektiv, ədalətli tənqid etməkdən çəkinməməyə
çağırır. Səfəvilər dövründən
yaradılan, Nadir şahın hakimiyyəti illərində isə
daha da möhkəmləndirilən mərkəzləşmə
prinsipindən Azərbaycan xanları mənəmlik,
satqınlıq ucbatından məhrum olurlar. Vaxtilə
Səfəvi şahlarının, xüsusilə Şah
İsmayıl Xətainin və Nadir şahın hərbi
dühası, siyasi məharəti hesabına geniş
coğrafiyanı əhatə edən, böyük nüfuza
malik Azərbaycan türklərinin dövləti məhz
xırda feodal hərc-mərcliyi, çar Rusiyasının
müdaxiləsi nəticəsində ayrı-ayrı bölgələrə,
qruplara, tayfalara parçalanır. Tarixi məlumatların
təhlilindən birmənalı şəkildə aydın
olur ki, çar Rusiyası ciddi-cəhdlə ermənilərin,
gürcülərin, həmçinin Qarabağdakı Alban
ruhanilərin əli ilə Cənubi Qafqazda, Səfəvi
dövlətinin torpaqlarında xristian dövlətinin
yaradılmasına çalışırdı. Xatirə Bəşirli
kitabda diqqəti çəkən bir məqamı
da xatırladaraq bildirdi ki, erməni dövlətinin
yaradılması prosesinin kökləri, gedişi və fəsadları
haqqında bir çox kitablar yazılsa da, proseslərin pərdəarxası
ilə bağlı xeyli vacib məqamlar hələ də
qaranlıq qalır. İctimai fikrimizdə belə bir
yanlış baxış hökm sürür ki, Azərbaycan
torpaqlarında erməni dövlətinin yaradılması
İkinci Rusiya-İran müharibəsindən sonra başlanan
prosesdir. Ancaq tarixi mənbələri araşdıran akademik
Ramiz Mehdiyev nəzərə çatdırır ki,
çarizmin bu siyasi layihəsinin kökləri Səfəvilər
dövlətinin qürub çağına qədər gedib
çıxır. Nadir şahın qətlindən və
xanlıqların yaranmasından sonra isə bu proses daha
geniş vüsət alıb.
Kitabda müəllif, çarizmin
Azərbaycan xanlarına qarşı apardığı xəyanətkar
siyasətin qurbanı olan Qarabağ hakimi İbrahimxəlil
xanın faciəli taleyindən xüsusilə söz
açır, onun müasiri olan Azərbaycan xanlarının
bu ibrətamiz hadisədən dərs götürmədiklərini
təəssüflə qeyd edir.
Qacarların Azərbaycanın
dövlətçilik və mədəniyyət tarixindəki
yerinə, bu sülalənin yetişdirdiyi görkəmli siyasətçilərin,
hərbçilərin, diplomatların, incəsənət
xadimlərinin həyatına dair yeni materiallar da ilk dəfə
akademik Ramiz Mehdiyevin bu kitabında təqdim edilmişdir.
Elmi sessiyanın sonunda müzakirələrə
yekun vuran akademik Rafael Hüseynov “Tariximizin xanlıqlar
dövrünün siyasi irsi sənədlər
işığında” kitabının bir məziyyəti
üzərində də dayanaraq dedi: “Akademik Ramiz Mehdiyevin bu əsərinin
başlıca özəlliklərindən biri də onun Azərbaycan
mənbəşünaslığının yeni inkişaf
istiqamətlərini müəyyənləşdirməsidir. Müəllif haqlı olaraq göstərir ki, tarixi
reallıqlar haqqında elmi auditoriyaya obyektiv, dürüst
biliklər çatdırmaq bir xidmətdirsə, bundan az əhəmiyyətli
olmayan digər iş həmin həqiqətlərin geniş
xalq kütlələrinə də çatdırılması
üçün bədii əsərlərin, incəsənət
nümunələrinin yaradılmasıdır. Akademik
Ramiz Mehdiyevin bu qənaəti ilə razılaşmamaq
mümkün deyil ki, bəzən dəyərli, səviyyəli
bədii əsərlər sırf elmi tədqiqatlarla
müqayisədə daha geniş ictimaiyyətə
çatır, həm də güclü emosional təsirə
malik olduğundan peşəsindən asılı
olmayaraq hər bir insan üçün maraq kəsb edir. Zənnimcə,
bu çox həssas bir məqamdır. Həqiqətən, bəzən
ayrı-ayrı insanların tarixi hadisələr və şəxsiyyətlər
haqda mövqeyi elə bədii əsərlərin məlumatı
əsasında formalaşır. Ona görə də tarixi
mövzuda yazan müəllifləri faktlara münasibətdə
daha dəqiq olmağa, təhriflərə yol verməməyə
dəvət edən akademik Ramiz Mehdiyev birbaşa milli mənafedən
çıxış edir. Xanlıqlar
dövrü tariximizlə bağlı müxtəlif dövrlərdə
yaranmış sənət incilərini nümunə gətirərkən
akademik Ramiz Mehdiyev Yusif Vəzir Çəmənzəminlinin
“Qan içində” romanını, Əbdürrəhim bəy
Haqverdiyevin “Ağa Məhəmməd şah Qacar” faciəsini,
Səməd Vurğunun “Vaqif” dramını
xatırladır, o əsərlərdə
yaradıldıqları dövrün möhürünün
olduğunu deyir. Amma başlıca məqsəd ondan ibarət
olmalıdır ki, belə əsərlər dövrün
siyasi yönəltmə və təzyiqlərindən uzaq qala
bilsin, həqiqətləri əyməsin, oxucunu
çaşdırmasın. Ona görə də xanlıqlar
dövrünün bədii ədəbiyyatda, sənət
nümunələrində doğru, həm də yüksək
estetik səviyyədə əks etdirən yeni əsərlərin
yaradılmasına böyük ehtiyac duyulur”.
Akademik Rafael Hüseynov son olaraq
bildirdi ki, müasir Azərbaycan dövlətçiliyinin tərəqqisində
böyük xidmətləri olan, eyni zamanda, ölkəmizdə
tarix elminin, cəmiyyətşünaslığın, fəlsəfi
fikrin inkişafına məhsuldar
yaradıcılığı, bir-birindən sanballı elmi əsərləri
ilə əvəzsiz töhfələr verən
akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün
siyasi irsi sənədlər işığında” adlı
yeni kitabı özlüyündə yüksək dəyər
daşımaqdan savayı, başqa maraqlı tədqiqatlara da
mötəbər zəmin yaradır.
Yeni azərbaycan.-
2019.- 17 aprel.- S.3