Ölkəmizdə tütünçülüyün inkişaf etdirilməsi istiqamətində məqsədyönlü tədbirlər həyata keçirilir

 

Bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi regionlarda fermerlərin tütünçülüyə marağının artmasına və istehsal sahələrinin genişləndirilməsinə səbəb olub

Azərbaycanda həyata keçirilən məqsədyönlü inkişaf strategiyası və islahatlar kursu ölkəmizin davamlı inkişafını təmin edib. Bu gün regionun əsas güc mərkəzi olan Azərbaycanın inkişafını şərtləndirən əsas faktorlardan biri də ölkəmizin regionlarının dinamik inkişafıdır. 2004-cü ildən icrasına başlanılan Azərbaycan Respublikası regionlarının sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramlarının uğurla həyata keçirilməsinin nəticəsidir ki, bu gün bütün şəhər və rayonlarımızda müasir standartlara cavab verən güclü infrastruktur formalaşdırılıb, əhalinin sosial müdafiəsinin təşkili istiqamətində effektiv tədbirlər görülüb, yüzminlərlə yeni iş yerləri yaradılıb, vətəndaşların gəlirləri əsaslı şəkildə artıb. Faktiki olaraq, Azərbaycanın regionları ölkə iqtisadiyyatının inkişafında lokomotiv rolunu oynayır. Bu isə həm də o reallığı ifadə edir ki, Azərbaycanda Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən siyasi kurs ölkəmizin inkişafını təmin etməklə, respublikamızın iqtisadi potensialının da artmasını şərtləndirib.

Tütünçülük əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi geniş perspektivlərə malikdir

Azərbaycanın uğurlu inkişafını təmin edən əsas faktorlardan biri də, şübhəsiz ki, müasir dövrün çağırışlarına və geosiyasi, qlobal iqtisadi şəraitə uyğun praqmatik kursun müəyyənləşdirilməsi və ardıcıllıqla həyata keçirilməsidir. Bu mənada yeni iqtisadi şəraitdə aqrar sektorun üstün inkişafına nail olmaq da mühüm əhəmiyyət kəsb edir. Ərzaq təhlükəsizliyinin təmin olunması, ölkə əhalisinin ərzaq məhsullarına olan tələbatının yerli istehsal hesabına ödənilməsi Azərbaycan dövlətinin aqrar sahədə həyata keçirdiyi tədbirlərin başlıca məqsədlərindən birini təşkil edir. Bu strateji məqsədə nail olmaq üçün regionların investisiya və infrastruktur təminatı möhkəmləndirilir, meliorativ tədbirlər görməklə dövriyyəyə yeni torpaqlar cəlb edilir, fermerlərə zəruri dəstək tədbirləri göstərilir. Həyata keçirilən bu və ya digər tədbirlər nəticəsində respublikamızda əhalinin meyvə-tərəvəzə olan tələbatının yerli istehsal hesabına təmin olunmasının səviyyəsinin 100 faizə yüksəlməsi məmnunluq doğurur. Bundan başqa, artıq ölkəmizdə heyvandarlıq məhsulları ilə özünütəminat səviyyəsi də 100 faizə çatmaq üzrədir.

Kənd təsərrüfatının inkişafı istiqamətində görülən tədbirlər sırasında kifayət qədər gəlirli sahə olan tütünçülüyün yenidən dirçəldilməsi də xüsusi rol oynayır. Ölkəmizdə ənənəvi sahələrdən olan tütünçülüyün inkişafı ilə bağlı həyata keçirilən davamlı tədbirlər, bu sahəyə dövlət dəstəyinin gücləndirilməsi kənd əhalisinin tütünçülüyə marağının artmasına səbəb olub. Ekspertlərin də qeyd etdikləri kimi, tütünçülük iqtisadi cəhətdən səmərəli, yeni iş yerlərinin yaradılması və əhalinin gəlirlərinin yüksəldilməsində əhəmiyyətli sahələrdən biri kimi, geniş perspektivlərə malikdir. Bu sahənin inkişaf etdirilməsi yaxın gələcəkdə həm kənd əhalisinin məşğulluğunun təmin edilməsi, həm ixracın artırılması, həm də ölkəyə valyuta gətirilməsində önəmli rol oynayacaq. Bu səbəbdəndir ki, regionlarda fermerlər bu sahənin inkişafına xüsusi maraq göstərir, qabaqcıl təcrübənin də tətbiq edilməsi ilə məhsuldarlığın artırılması istiqamətində məqsədyönlü iş aparırlar. Cari mövsüm üçün proqnozlar da kifayət qədər nikbindir.

Qeyd etmək lazımdır ki, artıq təsərrüfatlarda tütün əkilməsinə başlanılıb. Qax rayonunun təsərrüfatlarında bu mövsümdə 625 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən ümumi sahəsi 8 min kvadratmetrdən çox olan 550 sadə istixana quraşdırılaraq toxum səpilib. Bu barədə Qax Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Eyvaz Aslanov məlumat verib. Qurum rəsmisi bildirib ki, tütün əkini ilə əlaqədar indiyədək 70 fermerlə müqavilə bağlanılıb. Tütün əkiləcək sahələr müəyyənləşdirilib və əkinə hazır vəziyyətə gətirilib. İstixanalarda yetişdirilən tütün şitilləri aprelin sonlarında sahələrə köçürüləcək.

Xatırladaq ki, ötənilki mövsümdə qaxlı fermerlər 623,5 hektar sahədən 971,8 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 161 ton artıb.

Builki mövsümdə oğuzlu fermerlər isə 250 hektarda tütün yetişdirməyi nəzərdə tutublar. Oğuzlu fermerlər 180 hektarda “Virciniya” növlü ətirli, 70 hektarda isə yerli tütün sortları yetişdirəcəklər. Bu məqsədlə təsərrüfatlarda 5 min kvadratmetr sahədə şitilliklər salınıb. Tütün şitilləri mayın əvvəlində sahələrə köçürüləcək. Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, tütün istehsalçılarının işini asanlaşdırmaq məqsədilə ötən il rayonun Bucaq kəndində 10, Bayan kəndində isə 23 ədəd tütünqurutma kamerası quraşdırılaraq fermerlərin istifadəsinə verilib. Tələbatı nəzərə alaraq, cari mövsümün başlanğıcınadək bu kəndlərdə əlavə olaraq 12 ədəd tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur.

Ötən ilədək oğuzlu fermerlər yetişdirdikləri yaşıl tütün kütləsini qurutmaq üçün uzaq məsafə qət edərək qonşu rayonlarda fəaliyyət göstərən emal məntəqələrinə aparmaq məcburiyyətində qalırdılar. Bu isə əlavə vaxt itkisinə, artıq xərclərə və məhsulun keyfiyyətinin aşağı düşməsinə səbəb olurdu.

Xatırladaq ki, 2018-ci ildə Oğuz rayonunda 377,4 ton quru tütün istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 88 ton artıb. 2017-ci ildə ölkə üzrə tütün istehsalı 5,3 min ton, 2018-ci ildə isə 18,9 faiz artaraq 6,3 min ton təşkil edib. Hər hektara məhsuldarlıq 14,5 faiz artıb.

Balakən rayonunun təsərrüfatlarında da tütün əkininə start verilib. Belə ki, rayonun təsərrüfatlarında istixana şəraitində yetişdirilmiş tütün şitillərinin sahələrə köçürülməsi prosesinə başlanılıb. Gərəkli kəndinin fermerləri mövsümün ilk günündə 2 hektar sahədə “İmmuniy” növlü tütün əkiblər. Ümumiyyətlə, builki mövsümdə Balakən rayonunun təsərrüfatlarında 475 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Tütün şitillərinin yetişdirilməsi üçün istehsalçılar tərəfindən 750 sadə istixana quraşdırılaraq toxum səpilib. Rayon İcra Hakimiyyəti aparatının şöbə müdirinin müavini Turan Dibirov bildirib ki, bu il balakənli fermerlər 375 hektarda “Virciniya” və 8 hektarda “Berley” növlü ətirli, 92 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Xatırladaq ki, ötənilki mövsümdə rayonun fermerləri 535 hektar sahədən 643 ton quru tütün əldə ediblər. Tütün istehsalı əvvəlki illə müqayisədə 2 dəfədən çox və ya 325,6 ton artıb. İstehsalın artmasına ötən il rayonun Hənifə kəndində yeni istifadəyə verilən 60 kameralı tütünqurutma məntəqəsinin tam gücü ilə işləməsi böyük təsir göstərib. Məntəqə ötən mövsümdə fermerlərdən 2823 ton yaşıl tütün kütləsi qəbul edib və emal prosesindən sonra burada 392 ton quru tütün istehsal olunub. Emal məntəqəsində 20 nəfər daimi, 75 nəfər isə mövsümi işlə təmin edilib.

Bu il Zaqatala rayonunun təsərrüfatlarında da fermerlər bol məhsul əldə etməyi planlaşdırırlar. Rayonda cari mövsümdə 649 hektar sahədə tütün əkilməsi nəzərdə tutulur. Bir neçə gündür ki, fermer təsərrüfatlarında tütün şitillərinin sahələrə köçürülməsinə başlanılıb. İlk günlər təsərrüfatlarda 15 hektar sahədə yerli tütün sortları əkilib. Aprelin 16-dan başlayaraq “Virciniya” növlü tütün şitillərinin də sahələrə köçürülməsinə start verilib. Bu barədə Zaqatala rayon İcra Hakimiyyətinin sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsindən məlumat verərək bildiriblər ki, builki mövsümdə zaqatalalı fermerlər 439 hektar sahədə “Virciniya”, 17 hektarda “Berley”, 193 hektarda isə yerli tütün sortları yetişdirəcəklər.

Qeyd edək ki, dövlətimizin başçısının regionların mövcud iqtisadi potensialından səmərəli istifadə edilməsi ilə bağlı verdiyi tapşırıq və tövsiyələrə uyğun olaraq, son illər bölgənin digər rayonları kimi, Zaqatalada da kənd təsərrüfatının ənənəvi sahələrindən olan tütünçülüyün inkişaf etdirilməsi istiqamətində zəruri tədbirlər həyata keçirilməkdədir. Ötənilki mövsümdə zaqatalalı fermerlər 875 ton quru tütün istehsal ediblər.

Tütünçülüklə məşğul olan rayonlarda əlavə qurutma kameraları quraşdırılır

Qeyd etdiyimiz kimi, tütün istehsalının ildən-ilə artması tütünçülüklə məşğul olan rayonlarda əlavə qurutma kameralarının quraşdırılması zərurətini yaradır. Prezident İlham Əliyevin Sədrliyi ilə 2017-ci il avqustun 4-də Qaxda keçirilən barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsində dövlətimizin başçısının tütünqurutma kameralarının sayının artırılması ilə bağlı verdiyi tapşırığın icrası çərçivəsində ötən il “Azərtütün ASK” MMC tərəfindən Balakən rayonunda 60, Oğuzda isə 30 tütünqurutma kamerasından ibarət tütün qəbulu məntəqələrinin açılması fermerlərin işini xeyli asanlaşdırıb. Tələbatı nəzərə alaraq, bu il Şəkidə fəaliyyət göstərən tütün istehsalı və emalı məntəqəsinin ərazisində də əlavə olaraq 30 tütünqurutma kamerasının quraşdırılması nəzərdə tutulur. Hazırda kameraların quraşdırılması üçün hazırlıq işləri görülür. Tütünqurutma kameralarının yığım mövsümü başlayanadək istifadəyə verilməsi planlaşdırılır.

Qeyd edək ki, tütünqurutma kameralarının sayının azlığı xüsusilə tütün yığımının qızğın çağında özünü büruzə verirdi. Məntəqələrdəki kameraların hamısı yaş tütünlə dolu olduğundan istehsalçı məhsulunu qurutmaq üçün növbə gözləməli olurdu. Nəticədə, tütün uzun müddət sahədə günün altında qalır, keyfiyyəti aşağı düşür, çəkisi azalırdı.

Aqşin ŞAHİNOĞLU

Yeni Azərbaycan.- 2019.- 18 aprel.- S.7