Tariximizin xanlıqlar dövrünün
qiymətləndirilməsinə və siyasi təhlilinə
dair fundamental əsər
Xalqımızın milli yaddaşında
beşminillik dövlətçilik şüuru hakimdir. Azərbaycanın
zəngin dövlətçilik tarixinin bəzi dövrləri
dönüş nöqtəsi sayıla biləcək çox
mühüm mərhələləri özündə ehtiva
edir. Yəni, dövlətçilik tariximizdə taleyüklülüyü
baxımından digər dövrlərdən fərqlənən
siyasi dönəmlər - tarixi mərhələlər
mövcuddur. Ona görə də milli dövlətçiliyimizin
əsaslarına tarixi reallıqların işığında
nəzər salmaq və obyektiv, rasional qənaətlərə
gəlmək üçün sistemli elmi tədqiqatların aparılması
zəruridir. Çünki Azərbaycanın zəngin dövlətçilik
ənənələrinin qorunması və gələcək
nəsillərə ötürülməsi tarixi
mirasımıza sahib çıxmaqdan, onu yaşatmaqdan
keçir. Bütövlükdə, dövlətçilik
tariximizin mötəbər elmi mənbələrə söykənərək
obyektiv, rasional baxış əsasında öyrənilməsi
- tədqiq olunması tarixi şüurun formalaşması və
milli özünüdərk baxımından strateji əhəmiyyətə
malikdir. Çünki tarixi şüur milli şüurun ən
əsas komponentlərindən biridir.
Azərbaycanın dövlətçilik
tarixinin xanlıqlar dövrünün başlıca səciyyəvi
xüsusiyyətlərinə siyasi-analitik baxış
Azərbaycanın dövlətçilik
tarixinin çox mühüm və həlledici mərhələlərindən
birini xanlıqlar dövrü təşkil edir. Bu
dövrün başlıca səciyyəvi xüsusiyyətlərinə
tarixi faktların işığında nəzər
saldıqda onun Azərbaycan dövlətçiliyində
hansı yerə malik olduğu tam aydın görünür. Məlum olduğu kimi, XVIII əsrin 40-cı illərində
Azərbaycan ərazisində müstəqil dövlətlər
qismində xanlıqlar yaranmışdı. Şəki və
Quba xanlıqları istisna olmaqla digər xanlıqlar əsasən
Nadir şah Əfşarın 1747-ci ildə qətlindən
sonra meydana gəlmişdilər, XIX əsrin 20-30-cu illərində
isə mərhələli şəkildə
Qacar İran dövlətinin və Rusiya imperiyasının nəzarəti
altına keçmişdilər. Şəki, Bakı,
Qarabağ, Gəncə, Şamaxı, Quba, Dərbənd, Lənkəran,
Naxçıvan və İrəvan xanlıqları Şimali,
Urmiya, Təbriz, Xoy, Qaradağ, Sərab, Marağa, Maku, Zəncan
və Ərdəbil xanlıqları isə
Cənubi Azərbaycanda meydana çıxmışdılar.
Şimali Azərbaycan ərazisində xanlıqlarla
yanaşı, öz ərazisinə və nüfuzuna görə
daha kiçik feodal qurumları olan sultanlıqlar, məlikliklər
mövcud idi. İlisu, Qəbələ, Ərəş,
Qazax-Şəmşəddil sultanlıqları fəaliyyət
göstərirdilər.
Xanlıqlar dövrünü tədqiq
edən tarixçilərin bu dönəmə dair bir çox
məsələlərlə yanaşı, xanlıqlarda idarəetmə
formasını da araşdırma predmetinə çevirmələri
mühüm əhəmiyyətə malikdir. Ümumiyyətlə,
xanlıqlar dövründə mövcud idarəetmə
formasının mahiyyətinə dair ümumiləşmiş
qənaət ifadə etmək üçün dövlət
idarəçiliyi və hakimiyyət strukturu məsələsinin
elmi-nəzəri əsaslarına diqqət yetirmək məqsədəmüvafiqdir.
Dövlət idarəçiliyi və onun əsaslarının
öyrənilməsi sosial elmlərin mühüm tədqiqat
obyekti qismində çıxış edir. Siyasi, iqtisadi, mədəni,
hərbi, sosial və digər sahələrdə idarəetmə
ilə bağlı konseptual xarakterli, mühüm elmi-nəzəri
əhəmiyyətə malik olan tədqiqatlar mövcuddur. Bu məsələ
kontekstində hakimiyyət strukturunun forması və
xarakteristikası da tədqiqat obyektinə çevrilir.
Başqa sözlə, siyasətşünaslıq elmində
idarəetmənin əsasları kontekstində tədqiqat
predmetinə çevrilən nəzəri-empirik məsələlərdən
biri də hakimiyyət və onun
funksionallığıdır. Siyasətşünaslıqda
idarəetmə sistemində hakimiyyətin səlahiyyət və
funksiyalarını yerinə yetirməsinin optimal və səmərəli
forması məhz “hakimiyyət bölgüsü” prinsipi əsasında
müəyyənləşsə də, xanlıqlar
dövrü tariximizdə bunu müşahidə etmək
mümkün deyil. Məhz bu elmi-nəzəri və
empirik əsasları rəhbər tutaraq xanlıqlar
dövründə idarəetmə formasına nəzər
saldıqda idarəetmədə praktiki olaraq təkhakimiyyətlilik
prinsipinin hökm sürdüyünü aydın görmək
olur. Bu, bizə xanlıqlar dövründə hakimiyyət
strukturunun funksionallığı və səciyyəvi
xüsusiyyətləri barədə dəqiq elmi-nəzəri
qənaət əldə etməyə imkan verir. Məlum
olduğu kimi, xanlıqlarda təkhakimiyyətlilik xanın
qeyri-məhdud hakimiyyətə malik olmasında
özünü göstərirdi. Eyni zamanda, hakimiyyətin digər
qolu olan məhkəmə hakimiyyəti də məhz xanın əlində
cəmləşmişdi, o, hətta ölüm hökmü
vermək, yaxud bu cəza növünə məhkum olunmuş
şəxsləri əfvetmə səlahiyyətinə malik
idi. Xanın yanında məşvərət funksiyasına
malik Divanın fəaliyyət göstərməsi isə, bir
növ, qanunvericilik orqanının mövcudluğundan xəbər
verirdi. Divanda, əsas etibarilə, sülh bağlamaq,
müharibə elan etmək, vergilər qoymaq məsələləri
müzakirə olunurdu. Belə şuralar Şəki,
Şamaxı, Quba və Qarabağ xanlıqlarında
mühüm institusional mexanizm kimi kifayət qədər
nüfuza malik idi. Xanın qəbul etdiyi qərarlarda
bir sıra hallarda Divanın və ya Məşvərət
şurasının mövqeyinin həlledici rola malik olması
isə müəyyən mənada qanunverici orqanın icra
hakimiyyəti üzərində təsirini göstərən
faktlardan idi.
Xanlıqlar dövründə separatizm və mərkəzdənqaçma
meyilləri: mərkəzləşmə prinsipindən
uzaqlaşma milli dövlətçiliyin əsaslarının
zəifləməsinə xidmət edən amil kimi
Xanlıqlar dövrünü tədqiq
edən tarixçi-alimlərin diqqət yetirməsi zəruri
olan məsələlərdən biri bu dönəmdə mərkəzdənqaçma
meyillərinin sürətlənməsi, separatizmə rəvac
verən qərarların qəbul olunması, addımların
atılması idi ki, bu, son nəticədə Azərbaycan
dövlətçiliyinin bəhs olunan tarixi mərhələdə
mərkəzləşmə prinsipindən
uzaqlaşmasını göstərirdi. Məlumdur
ki, beşminillik tarixə malik olan Azərbaycan dövlətçiliyinin
Səfəvilər dövründə növbəti mərkəzləşmə
prosesinin əsası qoyulmuş, Nadir şah Əfşarın
hakimiyyəti illərində isə bu, bir qədər də
möhkəmləndirilmişdi. Bu, dövlətçilik
ənənələrinin qorunması, mərkəzdənqaçma
meyillərinin, siyasi deviasiya hallarının
neytrallaşdırılması baxımından çox
mühüm əhəmiyyətə malik idi. Sabitlik və tərəqqini
təmin edən siyasi formula olan mərkəzləşdirmə
prosesinin aradan qaldırılması isə dövlətçiliyin
əsaslarının zəiflədilməsi, suverenliyin məhdudlaşdırılması,
hətta sıradan çıxmasına xidmət edəcəkdi.
Bu, məhz xanlıqlar dövründə baş verdi. Bundan başqa, xanlıqlar arasında nüfuz və
yeni ərazilər uğrunda mübarizənin şiddətli,
kəskin xarakter daşıması həmin dövrdə Azərbaycan
dövlətçiliyinin əsaslarının zəifləməsini
şərtləndirən mənfi amil qismində
çıxış edirdi. Həmin dönəmin Azərbaycan
dövlətçiliyinin siyasi, iqtisadi, ideoloji və mədəni
tənəzzül dövrü kimi xarakterizə edilməsi
heç də təsadüfi xarakter daşımır.
Tarixşünaslığımıza dəyərli
töhfə: xanlıqlar dövrünə yeni elmi-fəlsəfi
və rasional baxış
Bütövlükdə, Azərbaycanın
siyasi tarixinin xanlıqlar dövrü bir sıra xarakterik
xüsusiyyətləri ilə diqqəti cəlb edir. Bu zamana qədər sözügedən məsələ
ilə bağlı müxtəlif elmi-tədqiqat işləri,
araşdırma nümunələri ortaya qoyulsa da, bu tarixi mərhələ
indiyə qədər yetərincə tədqiq
olunmamışdı, mövcud faktlar və reallıqlar sənədlərə
əsaslanaraq dolğun surətdə elm ictimaiyyətinin
diqqətinə təqdim edilməmişdi. Lakin
Azərbaycan Respublikası Prezidenti Administrasiyasının rəhbəri,
akademik Ramiz Mehdiyevin “Tariximizin xanlıqlar dövrünün
siyasi irsi sənədlər işığında” kitabı
tarixi faktlara, elmi əsaslara söykənməklə
yanaşı, zəngin fikir və mülahizələrlə
xanlıqlar dövrünə aid bir çox yanlış
yanaşma və şərhlərin aradan
qaldırılması baxımından böyük əhəmiyyətə
malikdir. Müəllif ilk dəfə olaraq həmin
dövrü siyasi və tarixi nöqteyi-nəzərdən
mahiyyətcə yeni kontekstdə təhlil edib. Akademik Ramiz
Mehdiyev həmin dövrün tarixi-siyasi xarakteristikasına nəzər
yetirərək yazır: “Azərbaycanda mərkəzləşdirilmiş
idarəçilik sisteminin əsaslarının məhv edilməsi,
həmçinin milli mədəniyyətimizin, təsərrüfat
həyatının tənəzzülünə səbəb
olmuş feodal hərc-mərcliyi və bitib-tükənməyən
ara müharibələri ilə müşayiət edilən,
ən nəhayət, tarixi torpaqlarımızın ikiyə
bölünməsinə gətirib çıxaran bu keşməkeşli
dövr tarixşünaslığımızda hələ də
öz layiqli siyasi qiymətini almamışdır”.
Şübhəsiz ki, haqqında
bəhs olunan kitabın Azərbaycan tarixinin ən
ağrılı və həssas mərhələlərindən
sayılan xanlıqlar dövrünün indiyədək
tarixşünaslığımıza məlum olmayan siyasi sənədlər
əsasında qiymətləndirilməsi istiqamətində
yazılması atılmış çox
mühüm elmi addımdır. Çünki tarixin
düzgün dəyərləndirilməsi, ona rasional və
obyektiv baxışın formalaşdırılması,
müxtəlif dövrləri əhatə edən tarixi faktlar
və reallıqların gələcək nəsillərə
düzgün çatdırılması hər bir xalq
üçün strateji əhəmiyyətə malikdir. Akademik
Ramiz Mehdiyev yeni kitabında haqlı olaraq qeyd edir ki, tarix
keçmişi, bu günü və sabahı bir-birinə
möhkəm tellərlə bağlayan bir keçid,
körpüdür: “Keçmişi bilmədən bu günə
və gələcəyə keçmək
qeyri-mümkündür. Keçmişimizi öyrənmək
üçün ilk addım kimi tarixə, onun fəlsəfəsinə
və təyinatına olan münasibətimizi dəyişməli,
anlayışların zahirindən daha çox, onların
daxilini görməyə, anlamağa vərdiş etməliyik”.
Tariximizin xanlıqlar dövrünün siyasi
irsinin 22 orijinal sənəd əsasında tədqiq edilməsi
mühüm elmi-nəzəri, konseptual və tarixi-siyasi əhəmiyyətə
malikdir
Akademik Ramiz Mehdiyevin “Tariximizin
xanlıqlar dövrünün siyasi irsi sənədlər
işığında” kitabının elm ictimaiyyətinin
böyük marağına səbəb olması təsadüfi
xarakter daşımır. Əsər bir çox məziyyətləri
ilə diqqəti cəlb edir. Əvvəla qeyd edək ki,
kitab müxtəlif arxiv materialları,
mühüm tarixi qaynaqlar ilə zəngindir. Əsərə
22 orijinal sənəd daxil edilib və bu sənədlərin hər
biri müqayisəli təhlil metodu əsasında tarixi faktlar
üzrə və siyasi-analitik yanaşma kontekstində dərin
təhlil edilib. Tarixşünaslığımıza
dəyərli töhfə olan bu kitabda müəllif
xanlıqlar dövrünün indiyədək ciddi elmi
mübahisələrin predmeti olan bir sıra mühüm
problemlərinə, hadisə və şəxsiyyətlərə
faktlar, mötəbər elmi mənbələr əsasında
obyektiv qiymət verib, sözügedən
istiqamətlərə dair arxiv sənədlərində əks
olunan məqamlar dolğun surətdə diqqətə
çatdırılıb. Şübhəsiz ki, nəşrdə
təqdim edilən, müvafiq interpretasiyalarla müşayiət
olunan sənədlər həm xanlıqlar dövrünün,
həm də müxtəlif tarixi dönəmlərin
real mənzərəsinə aydınlıq gətirmək
üçün böyük elmi əhəmiyyətə
malikdir.
Akademik Ramiz Mehdiyevin qələmə
aldığı əsərin daha bir məziyyəti odur ki,
kitabda tanınmış alimlərin xanlıqlar
dövrünün hadisələri ilə bağlı
maraqlı fikirlərinə istinad edilib, həmin dövrün
mühüm şəxsiyyətləri barədə məlumatlar
əks olunub. Daha dəqiq desək, Ağa
Məhəmməd şah Qacar, Abbas Mirzə Qacar, Fətəli
şah Qacar, Qarabağ xanı İbrahimxəlil xan, Gəncə
xanı Cavad xan, Şəki xanı Səlim xan, general Pavel
Sisianov haqqında məlumatlar həm mötəbər mənbələr,
həm də müəllifin elmi-analitik qənaətləri
əsasında diqqətə çatdırılıb. Bundan başqa, kitabda birinci və ikinci Rusiya-İran
müharibələri, həmçinin Kürəkçay
müqaviləsi barədə də zəngin faktlara söykənən
elmi mülahizələr öz əksini tapıb. Əsərdə
türkiyəli tarixçi F.Sümərin, iranşünas və
şərqşünas alimlər M.İvanovun, K.Bosvortun,
Y.Krımskinin və başqalarının xanlıqlar
dövrünün hadisələri ilə bağlı
maraqlı fikirlərinə istinad edilməsi də
mühüm yeniliklərdən biridir.
“Tariximizin xanlıqlar
dövrünün siyasi irsi sənədlər
işığında” kitabında əks olunan çox
mühüm məqamlardan biri həmin mərhələdə
mərkəzləşdirilmiş idarəçilik sisteminin əsaslarının
tamamilə sıradan çıxarılmasının, mərkəzdənqaçma
meyillərinin artmasının Azərbaycanın dövlətçilik
ənənələrinin möhkəmlənməsinə mənfi
təsirinin tarixi-siyasi və elmi-fəlsəfi kontekstdə təhlil
edilməsidir. Müəllif belə bir analitik qənaət
ifadə edir ki, xanlıqlar dövrü Azərbaycan dövlətçiliyinin
və xalqının taleyində oynadığı rol
baxımından tariximizin ən mühüm mərhələlərindən
birini təşkil edir. Qeyd olunur ki, məhz bu dövrdə Azərbaycan
dövlətçiliyi mərkəzləşmə prinsipindən
məhrum olur. Vaxtilə Səfəvi
şahlarının, xüsusən Şah İsmayıl Xətainin
və Nadir şahın hərbi dühası və siyasi məharəti
hesabına yaradılan, Azərbaycan türklərinin titul xalq
statusunda idarə etdikləri böyük bir coğrafiyada
irili-xırdalı onlarca feodal dövlətin meydana gəlməsi
siyasi böhranla yanaşı, böyük iqtisadi və mədəni
tənəzzülə aparıb çıxarır. Akademik
Ramiz Mehdiyev haqlı olaraq xanlıqlar dövrünün tarixi
şüurumuzda feodal hərc-mərcliyinin sinoniminə
çevrildiyini vurğulayır.
Tarix ondan zəruri dərslər
çıxarılmadığı təqdirdə daha
amansızlıqla təkrar olunur
Əsərin mühüm məziyyətlərindən
biri də komparativ təhlil metodu əsasında xanlıqlar
dövrünün siyasi hadisələrinin müasir dövrdəki
analoji proseslərlə müqayisə edilməsidir. Sirr deyil
ki, dövlətçilik tariximizin xanlıqlar mərhələsi
və müasir dövrdə Azərbaycan xalqının
üzləşdiyi ən ağır problem
torpaqlarımızın itirilməsidir. Akademik
Ramiz Mehdiyev yazır ki, Azərbaycan xanları vaxtilə birləşib
ümumi düşmənə qarşı vahid cəbhədən
çıxış edə bilsəydilər, böyük
ehtimalla torpaqlarımızın bu qədər asanlıqla və
qısa zamanda işğalı da mümkün olmayacaqdı.
Müvafiq olaraq ermənilərin Vətənimizə
kütləvi şəkildə köçürülməsi
və gələcəkdə Azərbaycan torpaqlarında erməni
dövlətinin yaradılması perspektivi də sual altına
düşəcəkdi. Müəllif bütövlükdə
bəhs olunan kitabda bu məsələyə xüsusi diqqət
yetirib, səbəblər və nəticələrə elmi
yanaşma əsasında nəzər salıb. Akademik
Ramiz Mehdiyev haqlı olaraq qeyd edir ki, tarix ondan zəruri dərslər
çıxarılmadığı təqdirdə daha
amansızlıqla təkrar olunur. Əsərdə
vurğulanır ki, xanlıqlar dövrü ilə müstəqilliyimizin
ilk illəri arasında mövcud olan kədərli
oxşarlıqlardan daha biri isə torpaqlarımızın itirilməsi ilə bağlıdır: “Əgər
xanların özbaşınalığı və
separatçı davranışları Şimali Azərbaycanın
çarizm tərəfindən işğalı və 1828-ci
il Türkmənçay sazişinin müddəalarına əsasən
İran ermənilərinin Qarabağa, Naxçıvana və
İrəvana köçürülməsi ilə yekunlaşmışdısa, ötən əsrin
90-cı illərinin əvvəlində üzləşdiyimiz
vəziyyət Ermənistanın öz havadarlarının
birbaşa dəstəyi sayəsində Dağlıq
Qarabağı, həmçinin onun ətrafındakı 7
rayonu qəsb etməsi ilə nəticələndi”.
Akademik Ramiz Mehdiyev hər iki dövrə nəzər
salaraq mərkəzdənqaçma və separatizm meyillərinin
Azərbaycan dövlətçiliyinə qarşı
yaratdığı təhdidlərin mümkün nəticələrini
diqqətə çatdırır. Müəllif Azərbaycanın
müstəqilliyinin qorunub saxlanmasında xalqımızın
Ümummilli Lideri Heydər Əliyevin tarixi rolundan və
misilsiz xidmətlərindən bəhs edir. Həqiqətən
də, Azərbaycan xalqının böyük oğlu,
müstəqil Azərbaycan dövlətinin qurucusu, Azərbaycan
siyasi sisteminin yaradıcısı, azərbaycançılıq
ideologiyasının banisi, ölkəmizdə milli
özünüdərk prosesinin başladıcısı və
idarəedicisi Ulu Öndər Heydər Əliyevin
xalqımızın qarşısında tarixi xidmətləri
misilsizdir. Bunlardan biri də, heç şübhəsiz, Azərbaycanda
vətəndaş müharibəsinin qarşısının
alınması, milli həmrəyliyin təmin olunması və
ölkəmizin gerçək müstəqilliyinin əldə
edilməsidir. Həmin dövrə nəzər
salsaq, görərik ki, Ümummilli Lider Heydər Əliyev
böyük dövlət xadimi kimi Azərbaycan dövlətinin
və dövlətçiliyinin mənzərəsini çox
aydın şəkildə görür və onun struktur
formulasını müəyyənləşdirərək nəyin
necə olmasını dəqiq cizgilərlə qura
bilirdi. Məhz bunun nəticəsi idi ki, müstəqil Azərbaycan
dövləti quruldu. Məhz Ulu Öndərin həmin
dövrdə həyata keçirdiyi siyasət nəticəsində
Azərbaycan müstəqil dövlət - formal yox, həqiqi
müstəqil dövlət kimi tanındı. Bəlli
olduğu kimi, 1991-1993-cü illər ərzində xarici kəşfiyyat
orqanlarının siyasi-ideoloji qarşıdurma poliqonuna
çevrilən Azərbaycanın ciddi xaos
və kataklizmlərlə qarşı-qarşıya qalması
ölkəmizin müstəqilliyini itirmək təhlükəsini
meydana çıxarmışdı. Əslində, bu dövrdə
ölkəmizin nisbi müstəqilliyindən belə
danışmaq olmazdı, çünki hakimiyyətdə olan
qüvvələrin öz funksiyalarını yerinə yetirə
bilməmələri hakimiyyət böhranı
və anarxiyanın meydana çıxmasına səbəb
olmuşdu. Ümummilli Lider Heydər Əliyevin real
ictimai-siyasi tələblərin zərurəti kontekstində
ikinci dəfə siyasi hakimiyyətə qayıtması isə
xalqımızın çoxəsrlik tarixinə
taleyüklü möhtəşəm siyasi hadisə kimi daxil
oldu. Bundan sonra ölkədə siyasi
sabitlik təmin edildi, xaos və kataklizmlərin
qarşısı məharətlə alındı. Ulu Öndər
Heydər Əliyevin zamanında atdığı praqmatik
addımlar bir əsrdə ikinci dəfə müstəqillik əldə
etmiş Azərbaycanın öz mövcudluğunu qoruyub
saxlamasını təmin etdi. İctimai-siyasi sabitliyin təmin
edilməsi və sistemli, kompleks tədbirlərin
görülməsi nəticə etibarilə yeni cəmiyyət
və qeyri-formal milli dövlət quruculuğu prosesinin
başlanmasını mümkün edən strateji amil oldu.
Ümummilli Lider tarix baxımından çox qısa bir
müddətdə milli dövlətçiliyin sarsılmaz əsaslarını
yaratmağa, Azərbaycanın müstəqilliyinin əbədi
və dönməz xarakter almasına nail oldu. Beləliklə,
Ulu Öndər Heydər Əliyev müstəqil Azərbaycan
tarixində ən yeni eranın əsasını qoyan, dövlətçiliyi
bərpa edən, onun ideoloji, iqtisadi və siyasi əsaslarını
formalaşdıran böyük dövlət xadimidir. Digər tərəfdən, Ulu Öndər
özünü dövlətlə identifikasiya edəcək fərdlərin
şüurunda inqilab yaratdı. Məlumdur ki, XX əsrin
90-cı illərinin əvvəllərində ölkədə
etnik, regional, sosial-ideoloji zəmində
separatçılığa söykənən tendensiya
hökm sürürdü. Azərbaycan cəmiyyətinin
daxili və mürəkkəb mikrostrukturunun təbəqələri
heç də müstəqil dövləti milli sərvət
kimi qəbul etmirdilər, ona görə də bu
düşüncəni dəyişmək lazım idi.
Böyük dövlət xadimi, dahi siyasətçi Heydər
Əliyev buna nail olmağı bacardı. Akademik Ramiz Mehdiyev bu
məqamlara toxunaraq yazır: “Tam əminliklə
bildirirəm ki, əgər o dövrdə tarix səhnəsində
Azərbaycan xalqının Ümummilli Lideri, zəngin idarəçilik
təcrübəsinə malik, böyük siyasi iradə və
səriştə sahibi Heydər Əliyev olmasa idi, bəzən
ayrı-ayrı şəxslərin hakimiyyət hərisliyi
ucbatından, bəzən isə xarici qüvvələrin
əmri ilə alovlanan separatçılıq atəşində
gənc dövlətçiliyimiz yanıb külə dönəcəkdi”.
“Tariximizin xanlıqlar dövrünün siyasi
irsi sənədlər işığında” kitabı tarixçi-alimlər
üçün “yol xəritəsi” olmaqla yanaşı, yeni
elmi-tədqiqat əsərlərinin yaradılması
üçün mötəbər elmi mənbə səciyyəsi
daşıyır
Nəticə etibarilə, “Tariximizin xanlıqlar
dövrünün siyasi irsi sənədlər
işığında” kitabı da akademik Ramiz Mehdiyevin bundan
öncəki fundamental tədqiqatları kimi böyük elmi-nəzəri
və konseptual əhəmiyyətə malikdir. Kitabda
müqayisəli və hərtərəfli elmi təhlil metodu əsasında
tarixşünaslığımızda ilk dəfə olaraq
xanlıqlar dövrünün siyasi və tarixi nöqteyi-nəzərdən
mahiyyətcə yeni konseptual dəyərləndirilməsi
aparılıb. Əsər, həmçinin bu istiqamətdə
yeni tədqiqatlar üçün geniş imkanlar
yaradır. Başqa sözlə, bu kitabı tarixçi-alimlər
üçün “yol xəritəsi” kimi də xarakterizə
etmək olar. Akademik Ramiz Mehdiyev yazır: “Tarixçilərimiz,
filosoflarımız, ədəbiyyatşünaslarımız,
mədəniyyətşünaslarımız onu da
unutmamalıdırlar ki, keçmişin irsindən
qorxmağa, yaxud ehtiyatlanmağa lüzum yoxdur. Onu olduğu
kimi qəbul edib öyrənmək, müsbət tərəflərini
və qüsurlarını obyektiv şəkildə göstərmək
və ədalətli qiymətləndirmə əsasında
ictimaiyyətə ötürmək lazımdır. Tarixi mirasla işləyərkən, əslində,
tamam başqa bir məsələdən - hansısa
siyasi-ideoloji səbəblərdən, yaxud təəssübkeşlik
ucbatından ört-basdır etməyə
çalışdığımız və ya mahiyyətini təhrif
edərək çatdırdığımız faktların
sonradan aşkara çıxarıldığı zaman
xalqda, cəmiyyətdə yaradacağı məyusluqdan, ruh
düşkünlüyündən və psixoloji
sarsıntıdan ehtiyatlanmaq lazımdır”.
Bütövlükdə, peşəkar
tarixçilər və mənbəşünaslar, həmçinin
Azərbaycan tarixi ilə dərindən maraqlanan oxucular
üçün nəzərdə tutulan nəşr Azərbaycan
tarixşünaslığında, tarixi-fəlsəfi və
ictimai-siyasi fikrində sözügedən məsələyə
daha sistemli, obyektiv və rasional baxışın
formalaşmasına imkan yaradan dəyərli, mötəbər
elmi-konseptual mənbədir.
Hikmət BABAOĞLU
Siyasi elmlər doktoru,
Bakı Dövlət Universitetinin professoru
Yeni Azərbaycan.-
2019.- 18 aprel.- S.3.