Azərbaycan etnik-mədəni
müxtəlifliklərin tənzimlənməsi
sahəsində böyük
nailiyyətlər qazanıb
Şirvanda “Müasir
dövrdə Azərbaycan
Respublikasında etno-siyasi
və dini durum” mövzusunda regional müşavirə keçirilib
Aprelin 18-də Şirvan Şəhər İcra Hakimiyyətində
“Müasir dövrdə
Azərbaycan Respublikasında
etno-siyasi və dini durum” mövzusunda
regional müşavirə
keçirilib.
Müşavirədə şəhər və
rayon icra hakimiyyəti başçılarının
müavinləri - dini
işlər üzrə
komissiya sədrləri,
şəhər-rayon icra
hakimiyyəti başçısı
aparatlarının ictimai-siyasi
və humanitar məsələlər şöbələrinin
müdir müavinləri
- dini qurumlarla işin təşkilatçıları,
hüquq-mühafizə orqanlarının, Mədəniyyət və
Turizm, Təhsil, Gənclər və İdman nazirliklərinin, Dini Qurumlarla İş üzrə Dövlət Komitəsinin
yerli şöbələrinin
rəhbərləri, bələdiyyə
sədrləri, nüfuzlu
ziyalılar və din xadimləri iştirak ediblər.
AZƏRTAC-ın
bölgə müxbiri
xəbər verir ki, tədbirin keçirilməsində məqsəd
dövlətimizin multikulturalizm
və dövlət-din
münasibətləri sahəsində
əldə etdiyi nailiyyətləri bölgə
ictimaiyyətinin diqqətinə
çatdırmaq, həmçinin
bölgədə etno-siyasi
və dini durumla bağlı mövcud vəziyyəti yerində
öyrənmək, sözügedən
sahədə dövlət
qurumları arasında
koordinasiyanı gücləndirmək,
bu istiqamətdə həyata keçirilən
dövlət siyasətinin,
eyni zamanda, fəaliyyət planlarının
icra vəziyyəti ilə tanış olmaqdır.
Müşavirədə çıxış edən
Şirvan Şəhər
İcra Hakimiyyətinin
başçısı Mərdan
Camalov şəhərdə
etno-siyasi və dini durumun vəziyyəti
barədə ətraflı
məlumat verib. Bildirilib ki, bu gün
ölkəmizdə, o cümlədən
Şirvan şəhərində
əldə olunan ictimai-siyasi sabitliyin, hərtərəfli inkişafın
təməlində əsası
Ulu Öndər Heydər Əliyev tərəfindən qoyulan
milli ideologiyamızın
prinsipləri, xüsusilə
müstəqil dövlətçilik
və Azərbaycançılıq məfkurəsi dayanır. Ulu Öndərin bizə
əmanət qoyduğu
bu məfkurə etnik mənşəyindən,
dini etiqadından asılı olmayaraq hər bir vətəndaşımızı
vahid Vətən, Azərbaycan dövlətçiliyi
ətrafında birləşdirir.
Ümummilli Liderin bu siyasi xətti
Prezident İlham Əliyev tərəfindən
uğurla davam etdirilir və zamanın tələblərinə
uyğun yeni çalarlarla zənginləşdirilir.
Qeyd olunub ki, “Dini etiqad azadlığı
haqqında” Azərbaycan
Respublikası Qanununa müvafiq olaraq şəhərdə mövcud
dini vəziyyət öyrənilib təhlil edilir, yerlərdə dini maarifçilik ənənələrini daha
da inkişaf etdirmək məqsədilə
ardıcıl tədbirlər
həyata keçirilir.
Etno-siyasi sahədə
aparılan təbliğat
işinin, görülən
tədbirlərin nəticəsidir
ki, multikultural dəyərlər şəhər
sakinlərinin həyat
tərzlərinə, birgəyaşayış
normalarına çevrilib.
Prezident Administrasiyasının Millətlərarası münasibətlər,
multikulturalizm və dini məsələlər
şöbəsinin müdiri
Etibar Nəcəfov çıxışında bildirib
ki, cəmiyyətdə
etnik-mədəni müxtəlifliklərin
tənzimlənməsi həyata
keçirilmədikdə və
ya düzgün aparılmadıqda həmin
cəmiyyətin inkişafının
müxtəlif sahələrində
ciddi problemlər, hətta münaqişələr
yaranır. Bu səbəbdən etnik-mədəni
müxtəlifliklərin düzgün
tənzimlənməsi hər
bir çoxmədəniyyətli
dövlət üçün
böyük praktiki əhəmiyyət kəsb
edir.
Diqqətə çatdırılıb ki, Azərbaycanda etnik-mədəni müxtəlifliklər
əsası Ulu Öndər Heydər Əliyev tərəfindən
qoyulmuş və müasir dövrdə Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirilən multikulturalizm
siyasəti vasitəsilə
tənzimlənir. Azərbaycan
Respublikası multikulturalizmi
dövlət siyasəti
kimi qəbul edən nadir dövlətlərdəndir. Multikulturalizm etnik, irqi, dini
və mədəni müxtəlifliklərin tənzimlənməsinə
yönələn bir siyasət kimi assimilyasiya siyasətindən
fərqli olaraq milli azlıqların etnik-mədəni dəyərlərinin
ləğv edilməsinin
qarşısını almaqla,
bu dəyərləri
qorumağa çalışır.
Həmçinin izolyasiya
siyasətindən fərqli
olaraq, milli azlıqların etnik-mədəni
dəyərləri ilə
titul etnosun etnik-mədəni dəyərlərinin
bir-birinə qarşılıqlı
təsir etmələri
üçün lazımi
şərait yaradır.
Eləcə də milli azlıqların yaşadıqları cəmiyyətə
inteqrasiya olmaları üçün əlverişli
imkan təklif edir.
Etibar Nəcəfov
deyib: “Müasir
dövrdə multikulturalizm
siyasəti bir sıra Qərb ölkələrində iflasa
uğrayarkən Azərbaycan
Respublikası bu siyasət vasitəsilə
cəmiyyətdəki etnik-mədəni
müxtəlifliklərin tənzimlənməsi
sahəsində böyük
nailiyyətlər qazanıb.
Bunun əsas göstəricisi tarixi dövr ərzində burada etnik, dini
və irqi zəmində heç bir qarşıdurmanın,
münaqişənin olmamasıdır”.
Bildirilib ki,
Azərbaycan Respublikasında
dini etiqad azadlığı möhkəm
hüquqi-normativ əsaslara
malikdir. Eyni zamanda, dövlətimiz dini etiqad azadlığının
təmin olunması sahəsində böyük
işlər görür.
Lakin radikal ekstremist qruplaşmalar öz çirkin əməlləri ilə buna kölgə salmağa çalışır,
həmçinin ölkədəki
ictimai-siyasi sabitliyi pozmağa cəhdlər edirlər. Belə cəhdlərin qarşısı
həmişə qətiyyətlə
alınıb və gələcəkdə də
alınacaq.
Digər çıxış edənlər ölkəmizdə
dini və tolerantlığın birgəyaşayış
normasına çevrildiyini,
dindarların eyni məsciddə vəhdət
namazı qıldığını,
bir-birlərinin xeyir və şər işlərində yaxından
iştirak etdiklərini
bildirib, hazırda ölkədə dini durumun sabit olduğunu
diqqətə çatdırıblar.
Müşavirə müzakirələrlə davam
edib.
Yeni Azərbaycan.-2019.-
19 aprel.- S.5