Bakıda “Qədim mətnlər və
klassik mənbələr erməniçilik
saxtakarlıqlarını və uydurmalarını ifşa
edir” mövzusunda konfrans keçirilib
Aprelin 19-da Bakıda 23 aprel - Ümumdünya
Kitab və Müəlliflik Hüququ Gününə həsr
olunan “Qədim mətnlər və klassik mənbələr
erməniçilik saxtakarlıqlarını və
uydurmalarını ifşa edir” mövzusunda konfrans
keçirilib.
AZƏRTAC xəbər verir ki,
konfransı açan Əqli Mülkiyyət Agentliyinin İdarə
Heyətinin sədri Kamran İmanov bütün dünyada qeyd
olunan Ümumdünya Kitab və Müəlliflik Hüququ
Günü və 26 aprel - Ümumdünya Əqli Mülkiyyət
Təşkilatının (ÜƏMT) Beynəlxalq Əqli
Mülkiyyət Gününün əhəmiyyətindən
danışaraq deyib ki, bu günlərdə keçirilən
müxtəlif tədbirlər, görüşlər, dəyirmi
masalar, konfrans və simpoziumların əsas məqsədi əqli
mülkiyyət, müəllif-hüquq mədəniyyətinin
formalaşdırılmasına dəstək verməkdən,
biliklər cəmiyyətində əqli mülkiyyətin
kreativlik və yenilikçilik amillərinin
stimullaşdırılmasında əvəzedilməz əhəmiyyətini
qabarıq göstərməkdən ibarətdir.
Xatırladıb ki, Ümumdünya Kitab və Müəlliflik
Hüququ Günü ölkəmizdə 1997-ci ildən, Beynəlxalq
Əqli Mülkiyyət Günü isə Azərbaycan
Respublikası Müəllif Hüquqları Agentliyi tərəfindən
2001-ci ildən başlayaraq qeyd edilir.
Ümumdünya Kitab və Müəlliflik
Hüququ Gününün builki - 24-cü ildönümü
UNESCO-nun qərarı ilə ədəbiyyatın və oxunun,
qiraətin xüsusi əhəmiyyətinin qeyd edilməsinə
həsr olunur. Bilik amili olan kitablar insanları ümumbəşəri
tarix və ortaq irs ətrafında birləşdirir. Bununla
yanaşı, kitablar müxtəlif mədəniyyətlərin,
identikliklərin və dillərin xüsusiyyətlərinin
açılmasına xidmət edir. Bu da kitabların ikiqat əhəmiyyətini
- ümumbəşəri mədəniyyətin və mədəni
müxtəlifliyin daşıyıcısı olduğunu
göstərir. Azərbaycanın yeniləşdiyini, qüdrətləndiyini,
ölkəmizin nüfuzunun beynəlxalq miqyasda
artdığını qeyd edən Əqli Mülkiyyət
Agentliyinin İdarə Heyətinin sədri Kamran İmanov
deyib: “Prezident İlham Əliyevin iqtisadi
islahatlar konsepsiyası yeni uğurlu nəticələr verir,
Azərbaycan iqtisadiyyatında artım nümayiş olunur,
2019-cu ilin iki ayının nəticələri, cari ilin
yanvar-fevral aylarındakı ÜDM-in nəticələri
2018-ci ilin müvafiq dövrü ilə müqayisədə 3
faiz çoxdur, sənayenin isə qeyri-neft sektorundakı
artımı 15,5 faizdir və dünya rekordu səviyyəsindədir.
Bütün bunlar əhalinin sosial-iqtisadi vəziyyətinin
yaxşılaşdırılması istiqamətində
inqilabi addımlarla müşahidə olunur. Minimum
əməkhaqqının, əmək pensiyalarının,
bütün növ sosial müavinətlərin, təqaüdlərin
əhəmiyyətli dərəcədə
artırılması və dövlət başçısı
tərəfindən atılan digər addımlar böyük
rəğbətlə qarşılanır. Prezident
İlham Əliyevin Novruz bayramı münasibətilə xalqa
təbrikindəki sözlərlə desək, “bizim iqtisadi
gücümüz artdıqca sosial məsələlər daha
geniş miqyasda öz həllini tapacaqdır...”.
Kamran İmanov qeyd edib ki, xalqımız
dövlət başçısının
yürütdüyü siyasətə böyük dəstək
verir. Fransanın “Opinion Way” şirkətinin
sorğusunun nəticələri göstərir ki, vətəndaşların
80,1 faizi ölkədəki mövcud ictimai-siyasi və
sosial-iqtisadi sabitliyin qorunub saxlanmasını Prezident İlham
Əliyevin siyasətinin uğurlu nəticəsi kimi dəyərləndirir,
85,1 faizi isə son bir ildə görülən işlərə
müsbət qiymət verir.
Dünya Bankının “Doing Business-2019”
hesabatında Azərbaycan 190 ölkə arasında 25-ci yerə
yüksəlib, 10 ən islahatçı dövlət
sırasında olması heç də təsadüfi deyil.
Bir sözlə, dövlət başçısının
verdiyi mühüm qərarlar Azərbaycanın
inkişafında yeni mərhələnin başlanğıcıdır.
Gələcəyi olmayan Ermənistan isə
keçmişi, özü də mifomaniyadan gələn
keçmişi ilə yaşayır. Uydurma
keçmişi “canlandırmaq” məqsədilə özlərini
Cənubi Qafqazın avtoxton sakinləri qismində dünyaya təqdim
etmək üçün terroru və terrorçuları da dəstəkləyir,
istənilən saxtakarlıqlara, sağlam məntiqdən uzaq
olan uydurmaya da gedirlər. Tanınmış Rusiya
tarixçisi və politoloqu, bugünkü
konfransımızın qonağı Oleq Kuznetsovun sözləri
ilə desək, “... cahillik, naşılıq ... istənilən
erməni humanitar fikrinin vizit kartıdır. Buna görə də
Ermənistanda müasir elmi biliyə yox, aşkar nasist Tsexakron
[Njde] nəzəriyyəsinin tövsiyələrinə
uyğun olaraq, yaşamağa üstünlük verilir”.
Ənənəvi olaraq
Ümumdünya Kitab və Müəlliflik Hüququna həsr
olunan konfransın “Qədim mətnlər və klassik mənbələr
erməniçilik uydurmalarını ifşa edir” devizi
altında keçirildiyini qeyd edən Kamran İmanov tarixə
aid yalanlarla dolu müasir erməni müəlliflərinin
kitablarının çoxsaylı olduğu halda,
bunların bir-birinə istinadən, həqiqətə
uyğun olmayan “faktları” tirajladığını və
bununla “ermənisayağı mənbə”, yəni “dəlillər”
sistemi yaratmaqda olduğunu bildirərək deyib: “O ki qaldı,
böyük həvəslə istinad edilən qədim erməni
mətnlərinə, onların əlyazmaları,
orijinalları adətən tapılmır, yaxud qat-qat sonrakı
köçürmələr şəklində əksini
tapmış olur. Bunların kökündə erməniçilik
saxtakarlığı dayanır. Lakin məşhur Servantes
demişkən, don bəzəyər də, ifşa edər də.
Bir misaldan başlayaq. Dünyanın ən zəngin
arxivlərindən biri sayılan Sankt-Peterburq arxivində qədim
erməni müəlliflərinin manuskriptlərinin
tapılması müşkül bir işdir. 2003-cü ildə
Sankt-Peterburqun 300 illiyinə həsr olunmuş “Sokrovişa
akademiçeskix sobraniy Sankt-Peterburqa” kitabı çapdan
çıxmışdı və kitabın tərtibatçı
kollektivinin rəhbəri, milliyyətcə erməni olan professor Yuriy Petrosyanın
yazdığı kimi, minlərlə nüsxədə qorunub
saxlanan erməni əlyazmaları çərçivəsində
bir dənə də orijinal yoxdur, əksəriyyəti, 80 faizə
qədəri XVII-XVIII əsrlərə aid köçürmələrdir,
bir neçəsi XIV-XV əsrlərdə
köçürülənlərdir və bəlkə də
onlardan birini XII əsrə aid etmək
mümkündür. Erməni aliminin digər etirafına əsasən,
bu arxivdə VII-XI əsrlərə aid olan türk
orijinallarının sayı isə minlərlədir”.
Bu mövzuya toxunan Kamran İmanov, ilk növbədə,
M.Xorenski (Movses Xorenatsi) haqqında fikirlərini də söyləyib.
Qeyd edib ki, erməni tarixinin xrestomatiyasına
çevrilən, erməni istorioqrafiyası tərəfindən
danılmaz həqiqət kimi qəbul edilən və bizim
eranın V əsrinə aid edilən, “erməni tarixinin
atası” sayılan M.Xorenskinin “Haylar tarixi”nin uydurma
nöqteyi-nəzərindən maraqlı tarixçəsi var.
Bu əsərə aid fırıldaqlar və saxtakarlıqlar
kitabın adı, yazıldığı tarix, müəllifliyi,
hətta tərcüməsi ilə də bağlıdır.
Yazının orijinalı yoxdur və hansı dildə
yazılıb - siro-aramey, yunan və ya qrabar, bəlli deyil.
Yazıya istinadlar əsasən müasir erməni müəlliflərinə
məxsusdur, özü də X əsrə qədər hay
istorioqrafiyasında Xorenskinin adı çəkilmir.
Bir sıra alimlərin fikrincə,
Xorenski adı altında anonim keşiş tarixçisi
çıxış edir, çünki onun tərcümeyi-halı
naməlum, saxta mənbələr əsasında yalnız
1858-ci ilin rus dilində olan nəşrində erməni mənşəli
tərcüməçi N.Emin tərəfindən tərtib
edilib. 1809-cu ildə rus dilinə tərcümə
olunan nəşrdə (latın dilində 1736-cı ildə
Londonda nəşr olunub) yazının adı “Ermənilər
tarixi”nə, 1858-ci ildə isə “Armeniya tarixi”nə
çevrilib və bununla da haylar - ermənilər haqqında
tarix uydurulmuş Armeniya ölkəsi tarixi adına
çevrilib.
Bununla belə, M.Xorenskinin ən böyük
fırıldağı İncildəki təftişlər və
bununla İncilin erməni variantını təqdim etməsidir.
Saxtakarlığın məkrli niyyəti
“Xalqlar cədvəli”ndə Hayk və Armenak fantomlarını
uydurması və bu cədvəldə göstərilməyən
şəcərə qollarını doldurmaqla hayları armenlərin
əcdadlarına çevirmək, üstəlik sakaların, qədim
türklərin soykökü ilə “qohumluq” yaratmaq idi.
Nəticə etibarilə digər xalqların
yaşayış ərazisinin mənimsənilməsi ilə
onların tarixini də hay-ermənilər xeyrinə
özününküləşdirməkdir. Bu barədə
“Erməni yadelli nağılları” (Bakı, 2008),
“Öz-özünü təkzib edən “erməniçiliyin
müəllif hüququ” (Bakı, 2015) kitablarında da ətraflı
yazılıb.
Heç də təsadüfi deyil ki, XVIII əsrin
ən görkəmli tarixçilərindən olan Qibbon
yazmışdır ki, “Xorenskidən yalnız digər qədim
tarixçilərdə də olanları götürmək
olar...”.
Beləliklə, erməniçiliyin ən
“sanballı” tarixi yazısı nəzərəçarpan dərəcədə
saxtalaşdırılmış mənbə kimi
çıxış edərək, digər uydurulmuş əsərlərə
“yaşıl işıq” yandırmış oldu.
Kamran İmanov qeyd edib ki, əqli
oğurluq ənənəsi davam edir və folklorun bir qolu -
miflərin yaradılmasında ustalıq göstərən erməniçilik
digər xalqların, xüsusən də biz azərbaycanlıların
maddi və qeyri-maddi irsinə, torpaqlarına və mədəniyyətinə
göz dikməkdən əl çəkmir,
özününküləşdirmək, mənimsəmək,
əqli oğurluq, saxtakarlıq və uydurma cəhdləri ilə
çantasını “zənginləşdirir”. Bunlar istər
real siyasi həyatımıza, istərsə də
keçmişə, tarixi hadisələrə aiddir.
Mifologiyaya əsaslanan
“böyük torpaqlar” stereotipi qonşularına qarşı ərazi
iddiaları, müxtəlif növ mifologemlərdən irəli
gələn “böyük erməni mədəniyyəti”,
“sivilizasiyanın ilk erməni ocağı” mədəni
oğurluqları erməniçilik təfəkküründə
“təbiilik” və “legitimlik” qazandırır. Odur ki, Azərbaycanın
işğal olunmuş torpaqlarının
boşaldılmasına, beynəlxalq hüquq normalarına
uyğun yaşamasına məhəl qoyulmur. Azərbaycanın
maddi və qeyri-maddi irsinin, mədəni ənənələrinin
mənimsənilməsinə dair erməni ənənəsi
davam edir. Üstəlik, erməniçilik tərəfindən
hazırlanan ermənilərin “müstəsnalığı”,
“əzabkeşliyi”, “xüsusi missiyası” uydurmalarından irəli
gələn stereotiplər müasir erməni identikliyini formalaşdırır,
yaradılmış mifologemlər erməni siyasətçilərinin,
xadimlərinin, alimlərinin, hətta kütlənin mövcud
olan əxlaqına təsir göstərərək,
çağdaş dünya quruculuğunun təməl
daşı olan beynəlxalq hüququn tanınmasında maneələr
törədir.
Hər bir xalqın, o cümlədən erməni
xalqının özünəməxsus tarixi var, millətin
keçmişində baş verən olaylar, hadisələr,
uğurlar və məğlubiyyətlər gerçəkliyin
ayrılmaz bir hissəsidir. Biz erməni
xalqına qarşı deyil, erməniçiliyə, sağlam
olmayan dünyagörüşünü dəstəkləyən
bədnam qonşularımızın millətçi müəllifləri,
ya da sifarişlə tutulmuş muzdlu xaricilər tərəfindən
yazılan yalan, uydurma və böhtanlarla dolu kitablara və digər
yazılara qarşı çıxış edirik.
Xüsusən tarixşünaslığa aid bu növ əsərlərdə
əsas leytmotiv ermənilərin Cənubi Qafqazda gəlmə
yox, avtoxton millət olmasına və buradan guya itirilmiş
torpaqlarla bağlı ərazi iddialarına qarşı
çıxış edirik.
Erməni tarixinə nəzər salsaq, daim qeyd
etdiyimiz kimi, millətçi hay-ermənilərin ölkə
tarixini etnos tarixi ilə əvəz etməsi heç də təsadüfi
deyil. Bunun səbəbi keçmişdə “Armeniya” adlı
dayanıqlı siyasi anlayışın yalnız olmaması
ilə bağlı deyil. Dayanıqlı
coğrafi anlayış “Armeniya” heç bir vəchlə erməniçiliyin
iştahasını ödəyə bilmir. Çünki bu
coğrafi anlayış bir çoxlarının, o cümlədən
türk etnoslarının yaşayış məkanı idi.
Əgər M.Xorenskidə “Armeniya” anlayışı sayca
vahidlərlə ölçülürdüsə, indiki erməni
müəlliflərin “Armeniya”larının sayı
onlarcadır, o cümlədən ağızdolu söylədikləri
“erməni dövlətçiliyinin Eçmiədzin
dövrü” adlanan “Şərqi Armeniya” da işlənilir.
Aydındır ki, burada erməni dövlətçiliyinin məskəninə
çevrilmiş Azərbaycanın tarixi torpaqlarından, Qərbi
Azərbaycandan söhbət gedir. Millətçi erməni
müəlliflərin yazılarında miqrant olan ermənilərin
yaşadıqları bütün torpaqlarda avtoxton, aborigen
olduqları haqqında iddialar irəli sürülür. Odur
ki, hay-erməni köçmələrinin tranzit olduqları ərazilərin
tarixini yazmalı olurlar və belə tarixə miqrasiya nəticəsində
yaşadıqları bütün coğrafi məkanları da
daxil edirlər. Elə buna görə yazdıqları tarix
“Armeniya tarixi” kimi qələmə verilmir, “Erməni
xalqının tarixi” kimi də təqdim olunur.
Lakin erməniçilik bir şeyi unudur. Bu növ tarixi gəlmə
etnosun xələfləri - törəmələri - alloxtonlar
yazmış olurlar, halbuki ərazidə köklü
yaşayanlar - avtoxtonlar yaşadıqları ərazini tarixi Vətəni,
doğma yurdu, əcdadlarının məkanı kimi təsvir
edərək, ölkə tarixini yazırlar.
Eduard Errionun sözlərinə görə, “ənənə
keçmişin uğurları, tərəqqisi deməkdir, bu
günün tərəqqisi isə zaman keçdikcə
sabahın, gələcəyin ənənəsinə
çevrilir”.
Bu, həqiqətən belədir, lakin bu məşhur
sözlərin Azərbaycanın mədəni ənənələrinin
mənimsənilməsinə dair erməni ənənəsinə
aidiyyəti yoxdur.
M.Xorenskidən başlayaraq, “əzabkeş xalqın
itirilmiş əraziləri” haqqında mifologemlər erməniçiliyin
qonşularının torpaqlarına ərazi iddialarının
revanşist əsasını təşkil edir. Uydurulmuş
“böyük Ermənistan” haqqında millətçi
xülyalar isə daim öz saxta tarixinin
formalaşdırılmasına və qonşularının
tarixinin təhrifinə təkan verir. Söhbət
açdığımız mifologemlər yalan səpələmək
praqmatik funksiyası ilə yanaşı, erməniçilik aləmində
daha vacib vəzifənin - növbəti mifoloji materialın
yaranmasına zəmin yaratmaq məqsədini güdməkdədir.
Erməni qədim mətnlərinin bir xüsusiyyətinə
diqqət yetirək.
Bəllidir ki, burada bir şablondan - “qəhrəman
xristian keçmişinə malik” və “düşmənlərin
əhatəsinə düşən və incidilən qədim
xalq” istifadə edilir. Bu isə yazılı erməni narrativlərindən
dərslik və akademik nəşrlər vasitəsilə
institusional tarixə çevrilərək, erməni etnosunun
kollektiv yaddaşına həkk olunur və bu da dünya etnik mənzərəsinin
qavranılmasında hazırkı hay-erməni
düşüncə tərzini müəyyən edir.
Tanınmış Amerika mütəxəssisi, Harvard
Universitetinin professoru R.Tomsonun fikirlərinə diqqət yetirək. Erməni
narrativlərini dərindən tədqiq etmiş bu alimin
yazdığı kimi, “əvvəla, erməni tarixi narrativlərinin
müəllifləri, adətən, kilsə ruhaniləridir və
onların yazdıqları kilsə sifarişi əsasında
hazırlanıb və kilsə vasitəsilə qorunub. İkincisi, ermənilərin tarixi yazılarında
hadisələrin təsviri yoxdur, onların xüsusi,
seleksiyalı quruluşu təqdim edilir. Üçüncüsü,
yazılar elan olunan zamandan qat-qat sonra əmələ gəlib
və əsrlərboyu, XIX əsrə qədər, hay-ermənilər
tərəfindən əlverişli olan əlavələr və
dəyişikliklərə məruz qalıb”.
Rusiyanın tanınmış etnoloqu V.Şnirelmanın
“Voynı pamyati” adlı tədqiqatında yazdığı
kimi, “müasir hay-erməni istorioqrafiyası “şanlı
keçmişin” yazılı şablon və obrazlarına əsaslanır”.
Digər
məşhur rusiyalı politoloq S.Lurye öz əsərində
(“Armyanskaya politiçeskaya mifoloqiya i yeyo vliyaniye na formirovaniye vneşney politiki Armenii i naqornoqo
Karabaxa”) yazır ki, ermənilərin siyasi mifologiyası
“dünya haqqındakı etnik mənzərənin bir hissəsidir,
özü də, qeyd edirəm, şüursuz olan mənzərənin
və etnosun gerçəkliyin, reallığın
qavranılmasına və bu reallığa qarşı
davranış qaydalarını müəyyən edir”.
Bununla belə,
şüursuz məhsul olan dünyanın erməni etnik mənzərəsindən
fərqli olan, həm keçmişdə, həm də indiki
zamanda erməni xalqının tarixi ilə bağlı
yaradılan əfsanələr şüurlu halda uydurulur və
konkret müəlliflərə məxsusdur, o cümlədən
Qriqor Arsruni, Raffi, Leo, Mkrtıç, Xrimyan. Bu
yazıçılar və publisistlər tarixi biliklərə
qovuşmadan XIX əsrin axırlarında bir sıra tarixi mif və
əfsanə yaradaraq, uydurma qəhrəmanlığı
ön plana çəkmişlər.
Odur ki,
tanınmış rusiyalı yazıçı Yuriy Pompeyevin
səlis fikrincə, erməni zadəganlarının tanrı
törəməli olduqları haqqında opuslar, böyük
tirajlarla buraxılan uydurmaların Artaşes Arsruni kimi müəlliflərinin
dərc edilməsi, Suren Ayvazyanın saxta tarixləri yer
alır. Nəticədə “etnosun kollektiv
yaddaşı süni yaradılan xülyalı
keçmişin qəfəsindədir, gələcək isə
gələcəyin yox, əksinə, keçmişin naminə
təsəvvür edilir”. Bəli, məşhur
yazıçı Flober demişkən: “...keçmiş bizi
saxlayıb buraxmır və bu səbəbə görə
gerçək bizdən vaz keçir”.
Kamran
İmanov qeyd edib ki, keçmişdən gələn erməni
müəllifləri Aqafangel, Yeğişe (Yelisey), Sebeosun
yazdıqları, anonim “Erməni coğrafiyası”ndakı
torpaq iddialarında, Eçmiədzinin yerləşdirilməsi
haqqında yalan, uydurma və saxtakarlıqlar silsiləsi, bu
yalanları müasir təsdiqetmə cəhdləri, o cümlədən
İrəvan yaxınlığında tapılmış erməni
çarlarının qəbirləri, Qarabağdakı uydurma
Tiqranakert şəhərinin qalıqları haqqındakı
yalanlara qarşı sübut və dəlillər əsasında
həqiqətlər öz əksini tapıb. Bununla
yanaşı, qədim madaların - atropatların, sakaların
qədim ərazilərinin Sisakan və Suinik adlı toponimləri
altında özününküləşdirmə cəhdləri,
xüsusən bu toponimlərin türk mənşəyi
haqqında lazımi məlumat da verilib. Nəhayət,
müasir erməni tarixşünaslığındakı
keçmişin və bu günün yalanlarını
ört-basdır etməyə, malalamağa və “həqiqət”
şəklində üzə çıxarmağa aid trend və
tendensiyalara tanınmış xarici alimlərin dili ilə
layiqli qiymət verilib.
Gətirilən
məlumatlar araşdırmanın əsas məqsədinə
- Cənubi Qafqazda ermənilərin avtoxton olmamasına və
bununla bağlı Azərbaycanın Naxçıvan,
Qarabağ, Zəngəzur və Göyçə
mahallarının tarixi və bugünkü torpaqlarına olan
iddiaların ifşa olunmasına aiddir.
Prezident
İlham Əliyevin Yeni Azərbaycan Partiyasının VI
qurultayında söylədiyi nitqdə qeyd etdiyi kimi: “... biz
tarixi torpaqlarımızı da unutmamalıyıq və
unutmuruq. Bu da gələcək fəaliyyətimiz
üçün istiqamət olmalıdır, necə ki, biz bu
gün də bu istiqamətdə iş görürük. Bizim tarixi torpaqlarımız İrəvan
xanlığıdır, Zəngəzur, Göyçə
mahallarıdır. Bunu gənc nəsil də, dünya da
bilməlidir...”.
Kamran İmanov konfrans iştirakçılarına milli
işdə uğurlar arzulayıb.
Konfransın açılış mərasimində
çıxış edən Milli Məclisin İctimai birliklər
və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov bu tədbirin
çox mühüm məsələyə həsr
olunduğunu deyib. Vurğulayıb ki, Əqli Mülkiyyət
Agentliyi indiyədək Azərbaycanda bir sıra beynəlxalq və
respublika əhəmiyyətli konfranslar keçirib. Həmin tədbirlərdə Azərbaycan tarixi
üçün ən zəruri məsələlər
gündəmə çıxarılıb, müzakirələr
aparılıb. Azərbaycan tarixinin
saxtalaşdırılmasının qarşısının
alınması üçün nəşrlər
hazırlanıb. İndiyədək Azərbaycanla
bağlı bir çox sahələrdə erməni
oğurluğunun şahidi olduğunu və alimlərimiz tərəfindən
onların ifşasının davam etdirildiyini deyən
Siyavuş Novruzov erməni saxtakarlığının
qarşısının alınmasında tarixi faktların
önəmini vurğulayıb. Konfransda
dinləniləcək məruzələrin müvafiq istiqamətdə
fəaliyyət göstərmək üçün faydalı
olacağını bildirib və tədbir
iştirakçılarına uğurlar arzulayıb.
Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) Tarix
İnstitutunun direktoru, akademik Yaqub Mahmudov bu konfransı Azərbaycan
xalqı və dövləti üçün böyük əhəmiyyətə
malik tədbir kimi dəyərləndirib. Qeyd edib ki, erməni
saxtakarlığı bu gün təkcə bizi deyil,
dünyanı düşündürməlidir. Çünki bugünkü mürəkkəb
dünyamızda ən ağrılı problemlərin
kökündə erməni saxtakarlığı dayanır.
Xüsusən Cənubi Qafqazın tarixi ilə
bağlı bir çox məsələlərdə bu
saxtakarlıq dünyada çox ağır
dolaşıqlıq yaradır. Qeyd edib ki, əqli
mülkiyyət məsələsi sadəcə mülkiyyət
məsələsi olmayıb, bizim zəka
varlığımızla bağlıdır. Bu gün Azərbaycan xalqının öz tarixinə
sahib çıxdığını, milli-mənəvi dəyərləri
dirçəltdiyini qeyd edən akademik konfransın
mövzusunun aktuallığını vurğulayıb və
Əqli Mülkiyyət Agentliyinin fəaliyyətini yüksək
qiymətləndirib.
Daha sonra Kamran İmanov “Qədim mətnlər
və klassik mənbələr erməni
saxtakarlıqlarını və uydurmalarını ifşa edir
və ya ermənilərin Qafqaz avtoxtonluğu cəhdləri”
mövzusunda təqdimatla çıxış edib.
Konfransda Azərbaycan Respublikası Prezidenti
Administrasiyasının İctimai-siyasi məsələlər
şöbəsinin siyasi araşdırmalar və analitik təhlil
sektorunun müdiri Fuad Axundovun “Ermənistan - nasizmin qalib gəldiyi
ölkə” mövzusunda məruzəsi dinlənilib. O,
Əqli Mülkiyyət Agentliyi tərəfindən indiyədək
keçirilən tədbirlərin bugünkü rəqəmsal
eramızda böyük əks-səda
yaratdığını deyib. Erməni
saxtakarlıqlarının ifşa edilməsi istiqamətində
görülən işlərin müsbət nəticələr
verdiyini qeyd edən Fuad Axundov, eyni zamanda, konfrans
iştirakçılarını KİV-lərdə, sosial
şəbəkələrdə bununla bağlı fəal
olmağa çağırıb.
Rusiyalı alim və publisist, tarix elmləri
doktoru, professor Oleq Kuznetsov “İkinci Dünya müharibəsi
dövründə kollaboratsionizm” mövzusunda
çıxış edib. Qeyd edib ki, bu cür tədbirlər
həm Azərbaycan xalqı, onun özünüdərki, həm
də beynəlxalq elmi ictimaiyyət üçün vacibdir.
Çünki belə konfranslar, eyni zamanda, yeni məlumatların
səsləndiyi, yeni tədqiqatların nəticələrinin
açıqlandığı yerdir. Bunların əsasında
isə günümüzün tələblərinə cavab
verən ideyalar yaranır. Bu baxımdan belə tədbirlərdə
iştirak etmək çox faydalıdır.
AMEA-nın Tarix İnstitutunun
direktor müavini, tarix üzrə fəlsəfə doktoru,
dosent Cəbi Bəhramov “Tarixi sənədlərin və
faktların saxtalaşdırılması erməni
işğalına haqq qazandırmaq cəhdidir” mövzusunda məruzə
edib. İnstitutda müvafiq sahədə görülən
işlərdən danışan Cəbi Bəhramov
konfransın əhəmiyyətini yüksək qiymətləndirib.
Konfransda, həmçinin
AMEA-nın Nəsimi adına Dilçilik İnstitutunun qədim
dillər və mədəniyyətlər şöbəsinin
müdiri İlhami Cəfərsoy “Qədim mənbələrin
saxtalaşdırılmasında erməni dəstxəti”,
AMEA-nın Folklor İnstitutunun aparıcı elmi
işçisi, filologiya üzrə elmlər doktoru İslam Sadıq “M.N.Saplinin “Ümumdünya
sivilizasiyalar tarixi” kitabında erməni saxtakarlıqları”,
BDU-nun arxeologiya və etnoqrafiya kafedrasının dosenti, tarix
üzrə fəlsəfə doktoru Kərəm Məmmədov
“Səfəvilər dövlətinə qarşı erməni
xəyanətləri”, Ü.Hacıbəyli adına Bakı
Musiqi Akademiyasının dosenti Ariz Abduləliyev
“Azərbaycan musiqisinə qarşı total erməni vandalizmi”,
Əqli Mülkiyyət Agentliyinin eksperti Elşad Əlili
“Yervandit sülaləsinin etnik kökləri barədə”,
BDU-nun Asiya və Afrika ölkələri kafedrasının
dosenti Atamoğlan Məmmədli “Azərbaycan maddi mədəni
abidələri erməni təcavüzündə”,
Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının
elmi işçisi Rauf Bəhmənli “Azərbaycan xalq rəqslərinin
ermənilər tərəfindən
saxtalaşdırılması və mənimsənilməsi”
mövzularında məruzələrlə
çıxış ediblər.
Məruzələr ətrafında müzakirələr
aparılıb və konfrans öz işini başa
çatdırıb.
Yeni Azərbaycan.-
2019.- 20 aprel.- S.4.