Elçin Əhmədov: Anti-Azərbaycan
qüvvələrin ölkəmizə təzyiq göstərmək,
onu öz yolundan döndərmək cəhdləri əbəsdir
Son vaxtlar qlobal və regional
güclər arasında artan ixtilaflar, beynəlxalq münasibətlər
sistemində davam edən gərginlik, o cümlədən
dövlətlərin suverenliyi və daxili işlərinə
müdaxilələr, beynəlxalq hüququn norma və prinsiplərinə
ikili yanaşma, həmçinin beynəlxalq münaqişələr,
birtərəfli iqtisadi sanksiyalar, dözümsüzlük və
humanitar böhran vəziyyəti daha da kəskinləşdirib.
Bütün dünyada və bölgədə
gedən müxtəlif mənfi proseslərə baxmayaraq, Azərbaycanın
hərtərəfli və dinamik şəkildə
inkişafı, müstəqil, çoxşaxəli və
milli maraqlara söykənən xarici siyasət kursu onun Cənubi
Qafqaz regionunun ən çox inkişaf etmiş ölkəsi
olaraq qalmasını təmin edib.
Bu fikirləri AZƏRTAC-a
açıqlamasında Azərbaycan Respublikasının
Prezidenti yanında Dövlət İdarəçilik
Akademiyasının professoru, siyasi elmlər doktoru, “Azərbaycan
Respublikası Dağlıq Qarabağ Bölgəsinin Azərbaycanlı
İcması” İctimai Birliyinin sədr müavini Elçin
Əhmədov deyib.
E.Əhmədov bildirib ki, hazırda Azərbaycan
Cənubi Qafqaz regionunda əsas söz sahibi olan dövlət
kimi çətin və mürəkkəb geosiyasi şəraitdə
müstəqil xarici siyasət həyata keçirir. Eyni
zamanda, Azərbaycan dövlətinin həyata keçirdiyi
enerji layihələri, regional inteqrasiyaya xidmət edən əməkdaşlıq
formatları regionda sabitliyin təmin edilməsində
mühüm rol oynayır. Bununla yanaşı,
Azərbaycan dünyada sülhyaratma prosesində fəal
iştirak edir, səmərəli təklif və təşəbbüslərlə
çıxış edir, öz praktik fəaliyyəti ilə
sülhün və təhlükəsizliyin möhkəmlənməsinə
dəyərli töhfələr verir.
Bununla yanaşı, Azərbaycan regionda yeni əməkdaşlıq
formatlarının əsas təşəbbüskarı kimi
çıxış edir və ölkə rəhbərliyinin
bütün səyləri regionun inkişafına və
xalqın rifahına yönəlib. Azərbaycan-Rusiya-İran,
Azərbaycan-Türkiyə-Gürcüstan və digər
üçtərəfli, həmçinin dördtərəfli
əməkdaşlıq formatları buna əyani sübutdur.
Eləcə də ölkəmiz Avropa təhlükəsizlik
arxitekturasının etibarlı tərəfdaşı kimi qitənin
enerji təhlükəsizliyinin təmin olunmasında əhəmiyyətli
rol oynayır. Azərbaycan xarici ölkələrin
iqtisadiyyatına sərmayə yatıran, Avropanın enerji təhlükəsizliyində
mühüm rol oynayan dövlətə, sivilizasiyalararası
dialoqun, qlobal siyasi, iqtisadi, mədəni problemlərin
müzakirə olunduğu məkana çevrilib.
Son illər ölkəmizin ev sahibliyi etdiyi, eləcə
də dövlətimizin başçısının təşəbbüsü
ilə keçirilən bir sıra mühüm əhəmiyyətli
beynəlxalq tədbirlər Azərbaycanın dünyada
nüfuzunu xeyli yüksəldib.
Azərbaycanın beynəlxalq təşkilatlarla
əməkdaşlığı genişlənib, o cümlədən
2018-ci il iyulun 11-də Avropa İttifaqı ilə Azərbaycan
arasında imzalanmış “Tərəfdaşlıq prioritetləri”
adlı mühüm sənəddə bir çox məsələlər
öz əksini tapmaqla yanaşı, Azərbaycanın ərazi
bütövlüyünə, suverenliyinə, sərhədlərimizin
toxunulmazlığına dəstək və hörmət ifadə
olunur. Ancaq son vaxtlar bəzi qərəzli dairələr Azərbaycan
ilə Avropa İttifaqı arasında danışıqlar
aparılan saziş layihəsinə dair əsassız fikirlər
irəli sürürlər. Azərbaycanın Avropa
İttifaqı ilə əməkdaşlığı və
yeni saziş barədə aparılan danışıqlar, ilk
növbədə, Ermənistanı narahat edir. Ermənistan hətta
Avropa İttifaqına üzv dövlətlər arasında
olan himayədarları vasitəsilə bu sazişə kölgə
salmağa çalışır. Eyni zamanda, Ermənistanla həmrəy
olan bəzi antimilli ünsürlər də bu sazişə
qarşı çıxırlar. Lakin qeyd etmək vacibdir ki,
Azərbaycan-Avropa İttifaqı münasibətləri, hər
şeydən əvvəl, bərabərhüquqlu və
qarşılıqlı surətdə faydalı əməkdaşlığa
əsaslanır. Həmçinin Azərbaycan ilə Avropa
İttifaqı arasında imzalanacaq strateji tərəfdaşlıq
sənədi üzərində hər iki tərəf
üçün məqbul ola biləcək müddəalar
müzakirə olunur. Azərbaycan Respublikasının Prezidenti
İlham Əliyev 2017-ci il noyabrın 24-də Şərq Tərəfdaşlığı
Sammitinin plenar sessiyasındakı çıxışında
deyib: “...Avropa İttifaqı ilə tərəfdaşlıq
Azərbaycanın xarici siyasətinin əsas prioritetlərindən
biridir. Bu ilin fevralında biz yeni sazişlə bağlı fəal
danışıqlara başladıq. Bu, ölkələrimiz
arasında əməkdaşlığı davam etdirmək
üçün imkanlar yaradacaq. Avropa İttifaqı Azərbaycanın
əsas ticarət tərəfdaşıdır. Ticarətimizin
demək olar ki, 50 faizini üzv ölkələrlə olan
ticarət təşkil edir. Müstəqillik dövründə
Avropa İttifaqından Azərbaycan iqtisadiyyatına 20 milyard
dollardan çox investisiya yatırılıb. Bu, bizim
yaxşı investisiya mühitinə malik olduğumuzu
nümayiş etdirir. Avropa şirkətləri bizim
iqtisadiyyatımızı dəstəkləmək
üçün daha çox maliyyə vəsaiti
yatırmağa hazırdır. Eyni zamanda, biz üzv dövlətlərlə
ikitərəfli formatda əlaqələrimizi fəal şəkildə
inkişaf etdiririk. Azərbaycan Avropa İttifaqına üzv 9
ölkə ilə strateji tərəfdaşlıq bəyannamələri
qəbul edib. Bu, o deməkdir ki, Avropa İttifaqına üzv
ölkələrin üçdəbiri Azərbaycanı
strateji tərəfdaş hesab edir. Bu, gənc müstəqil
ölkə üçün çox vacibdir və əlbəttə
ki, biz Avropa İttifaqı ilə Azərbaycan arasında gələcək
razılaşmanı strateji əlaqələrin gücləndirilməsində
daha bir mühüm mərhələ hesab edirik”.
Bu baxımdan, hazırda Azərbaycanın
beynəlxalq aləmdəki nüfuzunun gündən-günə
artmasının və gənc müstəqil dövlətimizin
regionda söz sahibinə çevrilməsinin dünyadakı
anti-Azərbaycan qüvvələri ciddi şəkildə
narahat etdiyi danılmaz və təkzibedilməz
faktıdır. Məhz bu səbəbdən də Azərbaycanın
dinamik inkişafı erməni lobbisini və onun nəzarətində
olan qüvvələri narahat edir. Onlar Azərbaycanın
ünvanına heç bir əsası olmayan cəfəngiyatlar
səsləndirməkdə davam edirlər.
Prezident İlham Əliyevin məqsədyönlü
xarici siyasəti nəticəsində keçən dövr ərzində
Azərbaycan regional və qlobal əhəmiyyətli iqtisadi,
siyasi və humanitar layihələrin mərkəzinə
çevrilib, bir sıra əhəmiyyətli əməkdaşlıq
formatlarının təşəbbüskarı olub.
Müasir dövrdə Azərbaycanın beynəlxalq səviyyədə
həyata keçirdiyi bərabərhüquqlu və
qarşılıqlı maraqlar prinsiplərinə söykənən
xarici siyasət strategiyası ekspertlər tərəfindən
təqdir olunan model kimi qiymətləndirilib. Prezident İlham
Əliyevin həyata keçirdiyi xarici siyasət kursu həmişə
öz dinamikliyi, intensivliyi və çevikliyi ilə xarakterizə
olunub və daim milli maraqlara söykənib. Bu baxımdan, Azərbaycan
xalqı Prezident İlham Əliyevə böyük etimad
göstərir, rəğbət bəsləyir, Onun siyasətini
tam dəstəkləyir. Bütün bu danılmaz faktları
“Opinion Way” şirkətinin bu yaxınlarda keçirdiyi rəy
sorğusu bir daha təsdiq etdi. Ona görə də mövcud
vəziyyət Ermənistanı, erməni lobbisini, xaricdəki
bəzi anti-Azərbaycan qüvvələri ciddi narahat edir.
Həmçinin xarici anti-Azərbaycan qüvvələr
ölkəmizin uğurlarına ləkə yaxmaq, onu
nüfuzdan salmaq üçün müxtəlif vaxtlarda,
xüsusilə mühüm tədbirlər ərəfəsində
çirkin kampaniyalar təşkil edirlər. Onların
sifarişlərini yerinə yetirən “Trensparency International”,
“Amnesty International”, “Human Rights Watch”, “Free Press”, “Mercy Corps”,
“Beynəlxalq Böhran Qrupu”, “Sərhədsiz Repartyorlar”, OCCRP
və digər bu kimi qurumlar ölkəmiz, dövlətimizin
başçısı haqqında yalan, böhtan, dezinformasiya
xarakterli məlumatlar yayır, Azərbaycanı beynəlxalq
qınaq obyektinə çevirməyə, ölkə
daxilində isə “5-ci kolon” vasitəsilə ictimai
narazılıq formalaşdırmağa cəhd göstərirlər.
Azərbaycanın müstəqil
siyasət yürüdən güclü dövlətə
çevrilməsindən, habelə qarşıdan gələn
dövrdə bir sıra mühüm tədbirlərə ev
sahibliyi edəcəyindən, Cənub Qaz Dəhlizi layihəsinin
uğurla tamamlanacağından, 2019-cu ildə dünyanın
120-dən çox ölkəsini birləşdirən
Qoşulmama Hərəkatının Zirvə
toplantısına Azərbaycanın sədrlik etməsindən
ciddi narahat olan həmin qüvvələrin artıq ölkəmizə,
onun rəhbərliyinə qarşı növbəti qarayaxma
kampaniyası həyata keçirəcəyi ehtimal olunur.
Avropa Şurasında bu yaxınlarda qəbul olunmuş qətnamə
bunu bir daha sübut edir.
Eyni zamanda, bu gün Azərbaycanın dünya
səviyyəli tədbirlərin ən yüksək
standartını ortaya qoyması antimüsəlman siyasətinin,
ovqatının hökm sürdüyü Avropada heç də
bəzi qüvvələri razı salmır. Məhz
erməni lobbisi də bunun arxasında dayanır və istəmir
ki, bu gün Azərbaycan sivil dünyaya olduğu kimi təqdim
edilsin. Çünki onlar illərlə Azərbaycan
haqqında özlərinin düşündüyü mənfi
rəyi formalaşdırmağa çalışıblar və
bu gün də bu anti-Azərbaycan siyasəti davam edir.
Avropanın erməni lobbisinin təsiri altında olan bəzi
hüquq müdafiə təşkilatları, mətbuatla, insan
hüquqları və vətəndaş cəmiyyəti ilə
bağlı təşkilatları da anti-Azərbaycan fəaliyyətinə
qoşulurlar. Bunların sırasında bəzi hökumətlərarası
təşkilatlar və qurumlar “fəallıq” göstərirlər.
Onlar ictimai rəyi bu yönə istiqamətləndirmək
üçün əvvəlcə ələ
alınmış ayrı-ayrı “muzdlu ekspertlərin müəllif
yazıları”ndan, sonra beynəlxalq QHT-lərin
aksiyalarından yararlanmağa çalışırlar.
Bütün bu səylərə baxmayaraq, onların etdiyi cəhdlər
indiyə kimi heç bir nəticə verməyib. Azərbaycan
bu kampaniyalara hər zaman tutarlı cavab verib və
qarşı tərəfin özünü ifşa edib. Azərbaycan
dövləti və xalqı heç vaxt imkan verməz ki,
onların bu kimi ədalətsiz, qərəzli və subyektiv
iddiaları dünya ictimaiyyətinə təlqin olunsun və
real həqiqət kimi zorla insanların şüuruna yeridilsin.
Bir sözlə, anti-Azərbaycan qüvvələrin
çirkin kampaniyalarla ölkəmizə təzyiq göstərmək,
onu öz yolundan döndərmək cəhdləri əbəsdir.
Yeni Azərbaycan.-
2019.- 24 aprel.- S.6.