Azərbaycanın regionlarında turizmin inkişafı istiqamətində ardıcıl və məqsədyönlü tədbirlər görülür

 

Regional turizmi inkişaf etdirmək məqsədilə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlarda yenidənqurma və bərpa işləri aparılır

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin xüsusi diqqət və qayğısı ilə ölkəmizdə qeyri-neft sektoru inkişaf etməkdə, o cümlədən turizm ölkə iqtisadiyyatının aparıcı sahəsinə çevrilməkdədir. Rəqabətqabiliyyətli inkişaf üçün iqtisadiyyatın müxtəlif sahələrində aparılan iqtisadi islahatlar turizm sahəsinin inkişafına öz töhfəsini verməkdədir. Məlum olduğu kimi, dövlət başçısının 2016-cı il 6 dekabr tarixli Fərmanı ilə təsdiq edilən “Azərbaycan Respublikasında ixtisaslaşmış turizm sənayesinin inkişafına dair Strateji Yol Xəritəsi” qəbul edilib, turizmin inkişafı üçün strateji məqsəd, hədəf və prioritetlər müəyyənləşdirilib.

Prezident İlham Əliyevin 20 aprel 2018-ci il tarixli “Mədəniyyət və turizm sahəsində dövlət idarəçiliyinin təkmilləşdirilməsi ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncamına əsasən, Azərbaycan Dövlət Turizm Agentliyinin yaradılması son illər dövlət səviyyəsində Azərbaycan turizminə göstərilən diqqətin daha bir bariz nümunəsidir. Ona görə ki, bu Sərəncamla ölkənin turizm sahəsində, habelə tabeliyindəki dövlət qoruqlarının ərazilərində yerləşən tarix və mədəniyyət abidələrinin qorunması sahəsində dövlət siyasətini və tənzimlənməsini həyata keçirən mərkəzi icra hakimiyyəti orqanı olaraq daha uzunmüddətli inkişaf strategiyasının, Dövlət proqramları və inkişaf konsepsiyalarının hazırlanması işi Dövlət Turizm Agentliyinə həvalə olunub.

Turizm sahəsinə dövlət dəstəyi sayəsində əlverişli biznes və investisiya mühiti yaradılıb

Ölkənin turizm potensialının yalnız Bakı şəhəri üzrə deyil, eyni zamanda, regionlar üzrə aşkarlanması, regional turizmi inkişaf etdirmək məqsədilə Agentliyin tabeliyindəki qoruqlarda yenidənqurma və bərpa işlərinin aparılması üçün tədbirlər görülüb. Bu tədbirlərə nümunə olaraq 2018-ci ilin iyulunda “Yanar dağ” Dövlət Tarix-Mədəniyyət və Təbiət Qoruğunun rekonstruksiyası, beynəlxalq standartlara uyğunlaşdırılması və qoruq ərazisində müasir turizm infrastrukturunun yaradılması üçün ölkə başçısının tapşırığı ilə ehtiyat fondundan vəsaitin ayrılması, daha sonra oktyabr ayında Prezidentin “Basqal” Dövlət Tarix-Mədəniyyət Qoruğunda mövcud vəziyyətlə bağlı ətraflı arayışın, qoruğun uzunmüddətli qorunması, konservasiyası, bərpası ilə bağlı konsepsiyanın və fəaliyyət proqramının layihələrinin, qoruğun idarə edilməsi ilə bağlı təkliflərin hazırlanıb təqdim edilməsi haqqında Sərəncamının imzalanması xüsusi əhəmiyyət kəsb edir.

Turizmin inkişafı üçün bu məqsədyönlü addımların davamı olaraq Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 20 dekabr tarixli Fərmanı ilə Dövlət Turizm Agentliyinin tabeliyindəki qoruqlar ərazisində istirahət-turizm infrastrukturu obyektləri və xidmət sahələrinin yaradılmasını və turistlər üçün cəlbedici məkana çevrilməsini təmin etmək, həmçinin qoruqların dövlət büdcəsindən asılılığını azaltmaq və dayanıqlı inkişafına nail olmaq, vahid idarəetmə sistemini tətbiq etmək üçün Dövlət Turizm Agentliyinin Qoruqları İdarəetmə Mərkəzi yaradılıb.

Onu da qeyd edək ki, bu tədbirlərlə yanaşı, turzim sahəsində sahibkarlıqla məşğul olanların fəaliyyətinin asanlaşdırılması yönündə işlər görülür. Məsələn, turizm sektorunda sahibkarlıq fəaliyyəti üçün lisenziya tələbinin ləğv edilməsi ilə turizm sahəsinə dövlət dəstəyi gücləndirilib, sahibkarlar üçün əlverişli biznes və investisiya mühiti formalaşdırılıb.

Azərbaycanda turizmin mövsümiliyinin aradan qaldırılmasına da xüsusi diqqət göstərilir

Ölkənin müxtəlif bölgələrində turizmin fərqli növlərinin, həmçinin sağlamlıq, qış, mədəni, işgüzar, ekoturizm və kənd turizmi kimi növlərinin inkişafı daha çox kateqoriyanı əhatə edən turistlərin cəlb edilməsi məqsədini daşıyır. Bununla yanaşı, turizm sektorunda göstərilən xidmətlərin yalnız kəmiyyət göstəriciləri baxımından deyil, keyfiyyət baxımından da təkmilləşdirilməsi, turistlərin məmnunluq səviyyəsinin artırılmasına nail olmaq üçün ixtisaslı kadrların hazırlanması prosesi davam etdirilir.

Turizm sektoru üzrə təkliflərin şaxələndirilməsi, daha uzunmüddətli dövr üçün ölkəyə daha çox turistin cəlb edilməsinə nail olunması planlı və düşünülmüş fəaliyyətin tərkib hissəsidir. Məhz bu məqsədlə ölkəmizdə turizmin mövsümiliyinin aradan qaldırılması, il boyu turizm imkanlarının və xidmətlərinin təqdim olunması və turistlərin qalma müddətinin uzadılması üçün qış turizminin inkişafına da xüsusi diqqət göstərilir. Bu cəhətdən Qəbələdə və Qusarda dağ-xizək komplekslərinin yaradılması və inkişaf etdirilməsi, xüsusilə ölkə başçısının birbaşa tapşırığı və nəzarəti ilə yaradılan, Agentliyin tabeliyində fəaliyyət göstərən “Şahdağ Turizm Mərkəzi” QSC ölkə turizminin ən genişmiqyaslı və istər iqtisadi, istərsə də sosial cəhətdən böyük əhəmiyyətə malik olan bir layihəsidir.

Ölkəmizdə beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi turizmin inkişafına töhfə verir

Xatırladaq ki, Azərbaycanın turizm potensialının xaricdə, beynəlxalq auditoriyaya çatdırılması istiqamətində də genişmiqyaslı təbliğat və marketinq tədbirləri görülür. Bazar araşdırmalarının aparılması, hədəf bazarların seçilməsi, müvafiq ölkə və regionlardan turistlərin cəlb edilməsi üçün təbliğat-təşviqat tədbirlərinin icrası, regionların və ayrı-ayrı şəhərlərin marketinq və kommunikasiya planlarını hazırlamaq və icrasının təmini, yeni turizm məhsullarının işlənib hazırlanması, xarici turizm nümayəndəliklərinin yaradılması və turizm sahəsinin iştirakçıları arasında koordinasiyalı fəaliyyətin qurulmasına xüsusi diqqət ayrılır.

Beynəlxalq səviyyəli tədbirlərin keçirilməsi də, şübhəsizdir ki, turizmin inkişafına, ölkəmizin tanıdılmasına öz davamlı töhfələrini verməkdədir. Yuxarıda qeyd olunan tədbirlərlə yanaşı, ölkəmizə turistlərin cəlb edilməsi üçün dövlət səviyyəsində Azərbaycanın dünya arenasında müxtəlif istiqamətli təbliğatı həyata keçirilir. Belə ki, Agentliyin tabeliyindəki Azərbaycan Turizm Bürosunun təşkilatçılığı ilə ölkəmiz Səudiyyə Ərəbistanının Ər-Riyad şəhərində keçirilən “Ər-Riyad Səyahət Sərgisi 2019”da iştirak edib.

Dövlət Turizm Agentliyindən bildirilib ki, 10-dan çox yerli turizm şirkətinin iştirak etdiyi sərgidə ölkənin turizm potensialının tanıdılması üçün Yaxın Şərq regionu və Səudiyyə Ərəbistanından olan turizm şirkətləri ilə ikitərəfli görüşlər keçirilir. Azərbaycan Turizm Bürosu sərgi çərçivəsində müxtəlif tanıtım platformalarında xüsusi imkanlar yaradan “Qızıl sponsorluq”la təltif olunub. Azərbaycan Konqreslər Bürosunun iştirak etdiyi tədbirdə ikitərəfli və çoxtərəfli görüşlər zamanı ölkəmizin beynəlxalq səviyyəli işgüzar tədbirlərin keçirilməsi üzrə potensialı haqqında təqdimatlar maraqla qarşılanıb.

Turizm bazarlarının şaxələndirilməsi üçün mühüm işlər görülür

Yeri gəlmişkən qeyd edək ki, Azərbaycan üçün prioritet istiqamət sayılan turizm bazarlarının şaxələndirilməsi üçün Azərbaycan Turizm Bürosu mühüm işlər görür. Azərbaycan Turizm Bürosunun baş icraçı direktorunun müavini Bəhruz Əsgərov deyib ki, görülən işlərin davamı olaraq yaxın gələcəkdə daha 4 bazarda Turizm Bürosunun nümayəndəliyinin açılması nəzərdə tutulub. B.Əsgərov bildirib ki, qeyd edilən bazarların seçilməsində gələn turistlərin sayı, həmin bazarların məsafə cəhətdən Azərbaycana yaxın olması və gələcək potensialı nəzərə alınacaq. İlkin olaraq həmin ölkələr artıq məlumdur, yaxın gələcəkdə bu istiqamətdə bütün işlər yekunlaşdıqdan sonra adlar açıqlanacaq.

Azərbaycanın regionlarına turistlərin cəlb edilməsi məqsədilə təşkil edilən tədbirlər çərçivəsində aprelin 22-də Qafqaz almanlarının Azərbaycanda məskunlaşmasının 200 illik yubileyi və “Helenendorf şəhər bayramı”nın qeyd olunması münasibətilə Qafqaz almanlarının nəvə və nəticələrindən ibarət 30 nəfərlik qrupun Göygöl şəhərinə ziyarəti baş tutub. Göygöl rayon İcra Hakimiyyəti və Dövlət Turizm Agentliyinin dəstəyi ilə keçirilən tədbirdə çıxış edən Agentliyin sədri Fuad Nağıyev Azərbaycanda alman tarixi irsinin bu günədək qorunub saxlanmasının tolerantlıq və multikulturalizm ənənələrinin inkişafından xəbər verdiyini vurğulayıb, bu irsin gələcəkdə xüsusi turizm məhsulu kimi istifadə olunma potensialı haqqında danışıb.

1819-cu ildə indiki Göygöl şəhəri ərazisində Azərbaycanda ilk alman məskəni Helenendorfun salınmasını təntənəli şəkildə qeyd etmək məqsədilə keçirilən tədbirdə Berlin Humboldt Universitetinin “Azərbaycan tarixi” kafedrası və AvroQafqaziya (EuroKaukAsia) Elmi və Mədəni Araşdırmalar Mərkəzinin nümayəndələri də iştirak ediblər.

Naxçıvanda Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması bütün fəsillərdə istirahətin təşkilinə şərait yaradacaq

Regionlarda turizmin inkişafı və təşviq edilməsi məqsədilə bu günlərdə Naxçıvan Muxtar Respublikasının Şahbuz rayonunun Kükü və Ağbulaq kəndlərində turist qəbul edəcək hostellərin təqdimatı keçirilib. Tədbirdə muxtar respublika Turizm Departamentinin direktoru Əkbər Novruzov çıxış edərək Azərbaycanın bütün regionlarında olduğu kimi, muxtar respublikada da turizmin inkişafı sahəsində görülən məqsədyönlü tədbirlərdən ətraflı söhbət açıb. Bildirilib ki, 2013-cü ildə Ağbulaq İstirahət Mərkəzinin istifadəyə verilməsi kənddə həmin ildən turizmin inkişafına şərait yaradıb. Gələcəkdə Ağbulaq kəndində Xizək Mərkəzinin istifadəyə verilməsi ilin bütün fəsillərində burada turistlərin istirahətlərinin təşkilinə şərait yaradacaqdır. Ağbulaq Kənd Turizm-İstirahət Bölgəsinin yaradılması isə görülən kompleks işlərin davamı olmaqla yanaşı, burada kənd turizminin inkişafına öz töhfəsini verəcəkdir. Bu tədbirlərin həyata keçirilməsi isə turizm sektorunda dayanıqlı inkişaf məqsədlərinə nail olmağa xidmət edir.

Qeyd olunub ki, Ağbulaq və Kükü kəndlərində əhali arasında maarifləndirmə işi aparılıb, hostellərin qiymətləndirilməsi Azərbaycan Respublikasının Dövlət Standartlarına uyğun olaraq aparılıb. Qanunvericiliyə uyğun olaraq sertifikat və VÖEN hazırlanıb. Həmçinin hostellərin fotoşəkilləri çəkilib, məlumatlar toplanaraq komplektləşdirilib. Bununla bağlı Naxçıvan Turizm İnformasiya Mərkəzinin rəsmi internet səhifəsində ayrıca bölmə yaradılıb.

 

Qaşqay RAMAZANOV

 

           Yeni Azərbaycan.- 2019.- 25 aprel.- S.7.