Azərbaycanın regionlarında meyvəçiliyin və tərəvəzçiliyin geniş inkişaf perspektivləri var

 

Bu ilin 8 ayında ölkədən 364 min 958 ton meyvə-tərəvəz ixrac olunub

(əvvəli ötən sayımızda)

 

Quba Regional Aqrar Elm və İnnovasiyalar Mərkəzinin direktor müavini Mədət Qurbanov isə bildirib ki, əksər bağbanlar yüksəkkeyfiyyətli, yerli bazarla yanaşı, xarici ölkələrdə satıla biləcək məhsul yetişdirməyi bacarıblar. Quba alması daha çox qonşu Rusiya Federasiyasının müxtəlif şəhərlərindəki satış mərkəzlərinə ixrac olunur. Keyfiyyəti nisbətən aşağı olan meyvə isə Quba və Xaçmaz rayonlarındakı emal müəssisələrinə təhvil verilir. Hazırda bağbanlar almanın bir kiloqramını keyfiyyətindən asılı olaraq 50-60 qəpiyə satırlar.

Məhsuldarlıq daha çox intensiv və superintensiv alma bağlarında müşahidə olunur. Müasir suvarma üsulunun tətbiqi və yeni növlərin ənənəvi bağlara nisbətən daha məhsuldar olması bağbanların bu sahəyə marağını artırıb. Toplanan məhsul ilkin mərhələdə elə bağlardaca çeşidlənərək qablaşdırılır. Bundan sonra meyvə fermerlərə məxsus xüsusi saxlanclara və rayonda fəaliyyət göstərən soyuducu anbarlara yığılır. Toplanan meyvənin müəyyən hissəsi satış üçün yerli və paytaxt bazarlarına, eləcə də respublikamızın digər bölgələrinə göndərilir.

Bağ sahəsi çox olan sahibkarlar meyvənin itkisiz yığılması üçün təsərrüfatlarına əlavə işçi qüvvəsi də cəlb edirlər. Rayon bağlarında alma yığımı oktyabrın sonlarınadək davam edəcək. Qubada 13 min 484 hektar alma bağı var ki, bunun da 11 min hektara yaxını intensiv və superintensiv bağlardır. Ötən il rayonun alma bağlarından 125 min 418 ton məhsul toplanıb.

Aran rayonlarında meyvə yığımı davam edir

Neftçalada təsərrüfatın digər sahələri ilə yanaşı, bağçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 591,7 hektar çoxillik meyvə bağlarından 1849 ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də meyvə sahələrindən bol məhsul götürmək üçün bütün texniki tədbirləri vaxtında və nümunəvi şəkildə həyata keçiriblər. Bunun nəticəsində də bağlarda məhsul çox olub.

Rayon statistika idarəsindən bildiriblər ki, xeyli vaxtdır neftçalalı bağbanlar yetişdirdikləri məhsulun yığımını aparırlar. Bağbanlar 8 ayda ağaclardan 802,9 ton meyvə yığıblar. Tədarük olunan meyvənin 119,3 tonu alma, 57,8 tonu armud, 59 tonu ərik, 11 tonu albalı, 27,1 tonu şaftalı, 229 tonu gavalı, 166,5 tonu alça, 26,3 tonu gilas, 91,1 tonu isə digər meyvələrdir. Rayonda meyvə yığımı davam edir.

Saatlı rayonunda da meyvə yığımı davam edir. Ötən il bağlardan 3000 ton məhsul toplayan saatlılı bağbanlar cari ildə də bol məhsul yetişdiriblər. Rayon Statistika İdarəsindən bildiriblər ki, məhsul yığımına mütəşəkkil başlayan bağbanlar cari ilin ötən səkkiz ayında rayonda mövcud olan 2 min 381 hektar meyvə bağından 3 min 762,1 ton məhsul toplayıblar.

İmişli rayonunda da bağçılığın inkişafına xüsusi diqqət yetirilir. Dövlətin aqrar sektorun inkişafı ilə bağlı məhsul istehsalçılarına göstərdiyi hərtərəfli dəstəkdən yararlanan bağbanlar ötən il rayonda mövcud olan 784 hektar bağdan 3 min ton meyvə tədarük ediblər. Bağbanlar cari ildə də bağlardan bol məhsul götürmək üçün ağaclara nümunəvi qulluq göstəriblər. Bunun nəticəsində də bol məhsul yetişib.

Rayon Statistika İdarəsindən bildiriblər ki, bu mövsüm bağlardan 3 min 274,3 ton meyvə yığılıb. Bu da ötən ilin eyni dövrü ilə müqayisədə 22,8 ton çoxdur. Tədarük olunan meyvənin 685 tonunu alma, 569,9 tonunu armud, 188,3 tonunu ərik, 421,5 tonunu albalı, 336,9 tonunu şaftalı, 551,2 tonunu gavalı, 620,5 tonunu alça, 82 tonunu gilas, 19 tonunu isə digər meyvələr təşkil edib. Hazırda bağbanlar nar və heyva bağlarında yetişdirdikləri məhsulun yığımına hazırlıq görürlər. Yaxın vaxtlarda bu bağlarda da meyvə tədarükünə başlanılacaq.

Yeri gəlmişkən qeyd edək ki, dövlətin əldə edilən məhsulun bazarlara çıxarılması yönündə dəstəyi artıq öz töhfəsini verməkdədir. Belə ki, iqtisadiyyat naziri Şahin Mustafayev bu günlərdə Azərbaycandan Rusiyaya meyvə-tərəvəz ixracının iki dəfəyədək artırılması ehtimalından bəhs edib: “Bu, Azərbaycan-Rusiya Hökumətlərarası Komissiyası çərçivəsində aparılan təhlil və hər iki tərəfin qənaətidir. Eyni zamanda, Azərbaycan iqtisadiyyatının potensialı və Rusiya bazarının imkanları baxımından mümkün hesab olunur. Ötən il Azərbaycan istehsalçıları Rusiyaya 555 min ton meyvə-tərəvəz ixrac ediblər. Düşünürük ki, bu potensial ixracı 2 dəfə artırmağa imkan verir. Bu rəqəmi 1 milyon tona çatdırmaq olar. Yekaterinburq vilayətində logistik mərkəzin yaradılması bu göstəricilərin reallaşdırılması istiqamətində yaradılan layihə olacaq”.

Dövlət Gömrük Komitəsinin yaydığı məlumata görə isə bu ilin 8 ayında ölkədən 364 min 958 ton meyvə-tərəvəz ixrac olunub. Hesabat dövründə ixrac edilən meyvə-tərəvəzin dəyəri 361 milyon 730 min ABŞ dolları olub. Xatırladaq ki, ötən ilin müvafiq dövründə 315 milyon 838 min dollarlıq 340 min 993 ton meyvə-tərəvəz ixrac edilib.

Payız mövsümündə Naxçıvanda yeni meyvə bağları salınacaq

Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyində keçirilən müşavirədə bu barədə müvafiq tapşırıqlar verilib. Həmin tapşırqlara əsasən, bu ilin payız mövsümündə muxtar respublikada həyata keçiriləcək yaşıllaşdırma və yeni meyvə bağlarının salınması, ötənilki əkinlərdə bərpa işlərinin planlı aparılması üçün sentyabr ayının sonunadək ərazilərin sxem-planları hazırlanacaq, ting ehtiyatı müəyyənləşdiriləcək.

Muxtar respublikanın ekologiya və təbii sərvətlər naziri Mais Əliyev çıxış edərək vurğulayıb ki, yuxarıda qeyd edilən məsələlərin həlli üçün texnika, maşın və mexanizmlər saz vəziyyətə gətirilməli, əkin işlərinin keyfiyyətinin yüksəldilməsi məqsədilə rayonlaşdırma işləri həyata keçirilməli, torpaqların münbitliyinin artırılması tədbirləri diqqət mərkəzində saxlanılmalıdır.

“Nazirliyin digər qurumları Xüsusi mühafizə olunan təbiət əraziləri şöbəsi ilə birlikdə toxum tədarükünü ciddi nəzarətdə saxlamalı, dağlıq və meşə fondu ərazilərində toxumla əkin işlərinin aparılmasına üstünlük verilməli, yaşıllıq sahələrində qurumuş ağacların təmizlənməsi və hərbi hissələrə verilməsi işi davam etdirilməlidir”, - deyən nazir vurğulayıb ki, adıçəkilən şöbə və aidiyyəti idarələr, o cümlədən digər idarə və müəssisələr qış mövsümündə biotexniki tədbirlərin icra edilməsi üçün vaxtında qida ehtiyatı yaratmalı, lazım olan ərazilərdə anbarlaşdırılmalıdır. Biotexniki tədbirlərin xüsusi mühafizə olunan təbiət əraziləri ilə yanaşı, onlara həmsərhəd ərazilərdə, yeni salınmış yaşıllıq sahələrində keçirilməsinə də ciddi önəm verilməlidir.

Diqqətə çatdırılıb ki, Bioloji mühit və təbii sərvətlərdən istifadənin təşkili şöbəsi tərəfindən yay-qış otlaq sahələrində ekoloji monitorinqlər aparılmalı, ətraf mühitin mühafizəsi qanunvericiliyinin tələblərinə uyğun olaraq tədbirlər icra edilməlidir. Yaylaq mövsümü başa çatdıqdan sonra oba ərazilərində təmizlik yaradılması diqqətdə saxlanılmalı və qaşarlarda dezinfeksiya işləri təşkil edilməli, xüsusilə qış otlaq sahələrində təsərrüfat fəaliyyətinin tənzimlənməsi üçün müvafiq tədbirlər həyata keçirilməlidir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən bildirilib ki, əhalinin etibarlı ərzaq təminatı ilin bütün dövrlərində, xüsusən soyuq qış aylarında vacib məsələlərdəndir. Bu baxımdan Naxçıvan Muxtar Respublikasında daxili bazarın yüksəkkeyfiyyətli ərzaq məhsulları ilə təmin olunması üçün görülən tədbirlər sırasında soyuducu anbar komplekslərinin yaradılması mühüm əhəmiyyət daşıyır.

Belə ki, soyuducu anbarlar məhsul tədarükü mövsümündə təzə meyvə-tərəvəzin münasib qiymətlərlə alınıb, payız-qış mövsümündə bazara çıxarılması üçün nəzərdə tutulmuş mühüm infrastruktur obyektləridir. Qiymətlərin əhalinin istehlak qabiliyyətinə uyğun saxlanılması və bazarda keyfiyyətli yerli məhsullara üstünlük verilməsi baxımından da soyuducu anbarlara diqqət böyükdür. Buna görə də hər il muxtar respublikada fəaliyyət göstərən soyuducu anbarlara məhsul tədarük olunması diqqətdə saxlanılıb və satışa çıxarılan məhsulların həcmində də artım olub.

Zaqatalada meyvə festivalı keçiriləcək

Sentyabrın 28-də Zaqatala rayonunda Beynəlxalq fındıq, qoz, şabalıd festivalı keçiriləcək. Zaqatala rayon İcra Hakimiyyətinin təşkilatçılığı, Mədəniyyət və Kənd Təsərrüfatı nazirliklərinin dəstəyi ilə reallaşacaq festivalda fındıq, qoz və şabalıddan hazırlanmış geniş çeşiddə məhsullar nümayiş etdiriləcək, müxtəlif müsabiqələr, yarışlar təşkil olunacaq.

Festivala hazırlıq üzrə təşkilat komitəsinin üzvü, rayon İcra Hakimiyyəti başçısının müavini Vəfa Süleymanova bildirib ki, tədbirdə ölkəmizdə fəaliyyət göstərən 10-dan artıq xarici ölkə səfirliyinin rəhbər və təmsilçiləri, nazirlik və dövlət qurumlarının nümayəndələri, Milli Məclisin deputatları, fındıq istehsalçıları və ixracatçıları, həmçinin rayon sakinləri iştirak edəcəklər. Üçüncü dəfədir keçiriləcək festivalın əsas məqsədi ölkəmizin, eləcə də Zaqatala rayonunun iqtisadi, mədəni və turizm potensialını daha geniş nümayiş etdirməkdir.

Festivalın rəsmi açılış mərasimi Zaqatala şəhərindəki “Dədə Qorqud” meydanında olacaq. Burada kənd həyatına aid bölmə, qərzəkli meyvələrin satış yarmarkası fəaliyyət göstərəcək, sənətkarların əl işləri və milli mətbəx nümunələri sərgilənəcək. Müxtəlif müsabiqələrin - ən gözəl fındıq, qoz, şabalıd xonçası, qərzəkli meyvələrdən hazırlanmış əl işi, ən yaxşı məlumat lövhəsi, ən gözəl fındıq geyimi və digər yarışların keçirilməsi nəzərdə tutulur. Festival iştirakçıları fındıq qabığı ilə sobanın yandırılması, fındığın və şabalıdın qovrulması prosesini əyani şəkildə izləyəcək, fındıq emalı və ixracı ilə məşğul olan müəssisələrin istehsal etdiyi məhsullarla tanış olacaqlar.

Mübariz  Abdullayev

Yeni Azərbaycan.- 2019.- 2 avqust.- S.7