“Mahnı ifa edəndə 7-dən 70-ə hər kəsi nəzərə alıram”

 Baloğlan Əşrəfov: “Elə səsi gözəl olan müğənnilərimiz var ki, oxuduğu mahnının sözlərində heç qafiyə tapmaq olmur”

“Uçan quşlar” mahnısını ilk dəfə Aztv-də oxumuşam, 35 illik mahnıdır. O mahnıdan sonra on minlərlə məktub gəlib. Mahnıların şeiriyyəti, musiqisi, bir də Allahın bəxş etdiyi boğaz, ifa tərzi mükəmməl olanda uzunömürlü olur. Hələ indinin özündə də o mahnılar səslənəndə insanlara xoş gəlir, ondan zövq alır, kimlərinsə maraq dairəsindədir”. Deyir ki, Belə şeylər çox nadir hallarda olur.

“Üç nöqtə” qəzetinin qonağı Əməkdar artist, müğənni Baloğlan Əşrəfovdur.

- Sentyabr ay “Mən də varam dünyada” adlı konsertlə tamaşaçıların qarşısına çıxdınız. Konsert necə keçdi?

- Konsertə toplaşan tamaşaçıların qarşısında ansamblımla çox gözəl şəkildə çıxış etdim. Məni tanıyanlar deyir ki, indiyə qədər elə çalıb-oxumaq olmayıb. Mənə aid olan hissədə hər şey qaydasında oldu.

- “Nədəndir” mahnınız çox tanındı. Türk müğənnisi Sərdar Ortacın ifasını da bəyəndiyinizi demisiniz.

- O mahnını tək Sərdar Ortac yox, Orta Asiya Respublikalarının ən tanınmış müğənniləri oxuyub. Hətta onların kasetləri, videoları da yayılıb. Türk dilli dünyanın bir çox ifaçıları bu mahnını səsləndirib.

- Bəs elə mahnılarınız olubmu ki, yaxşı ifa etməsinlər?

- 99.9 faizi yaxşı ifa etmir.

-  Mahnılarını yaxşı ifa etməyən müğznniyə onları ifa etməyə icazə verirsiniz?

- Oxuyurlar da, mən nə deyə bilərəm. Amma Arzu Qarabağlı adlı müğənni mənim mahnımı çox gözəl ifa edib. Digər müğənnilərə nisbətən Manaf Ağayev də mahnılarımı yaxşı oxuyub. Amma Arzu Qarabağlı düşündüyüm, arzuladığım formada ifa edib.

- Xalq arasında yetərincə nüfuzunuz var. Bunun paxıllığını çəkənlər varmı?

- Əgər bir müğənnini Azərbaycan xalqı sevirsə, yəqin ki onun paxıllığını çəkən həmin müğənninin axır nəfəsidir (Gülür). Əlbəttə dünyada həmişə belə olur. Əgər birini sevirlərsə, onu sevməyən də olmalıdır ki, təzad yaransın. Azərbaycan millətindən dönə-dönə, yerlə göy qədər razıyam. Ölkəmizin bütün rayonlarda el şənliklərində oluruq. Mənə qarşı olan münasibəti, hörməti görürəm, çox sevinirəm. Və bunun üçün Allaha şükür edirəm. Təbii ki mənə qarşı ürəyində kin-küdurəti olan insanlar da var. Ola bilər ki, oxumağımı bəyənməsinlər. Bütün bunlara normal hal kimi baxıram.

- Müsahibələrin birində demisiniz ki, mən rus stilində ifa edə bilmərəm. Rus stili dedikdə nələri nəzərdə tutursunuz?

- Duyğularım, oxumaq tərzim tamam başqa istiqamətə köklənib. Yəni səsim fərqlidir, daha çox Şərq koloriti var. O formada oxumaq məndə alınmır. Bu stildə oxuyanlara da böyük hörmətim var. O da musiqinin bir janrıdır. Amma mən elə oxuya bilmərəm, gülməli alınar.

- İllər öncə komaya düşdünüz,  Allah sizə ikinci dəfə həyat verdi. Bundan sonra həyatınızda nələr dəyişdi?

- Bundan sonra həyatımda çox şeylər dəyişdi. İnsanlara olan münasibətimdə, nəzərdə tutduğum bəzi adamlara qarşı yeni fikrə gəldim. Bəzi insanlara daha çox inanmışam, onları yüksək qiymətləndirmişəm, müəyyən qədər bu insanlara baxışım dəyişdi. Həyat tərzim dəyişdi, bəzi şeyləri təzələdim. Bundan sonra ifaçılığım yeni bir forma aldı. Elə şeylər var ki, etika xətrinə açıb-ağartmaq olmur. Nəyin yaxşı, nəyin pis olduğunu bilirəm. Dünyaya baxışımda dəyişikliklər oldu, ola bilər ki, əvvəllər kiminsə pafoslu çıxışına, gözəl danışığına  inanardım. Amma həyat göstərdi ki, bunların arxasında tamam başqa şeylər dayanır. İnsanları az-çox saf-çürük etməyi bacardım.

- Yəni şad gündə yanınızda olanlar, çətin günlərdə də yanınızda olmadı...

- Olanlar da oldu, olmayanlar da. İkinci həyatıma qayıdanda olmayanlar bir müddət orda-burda başlarını gizlətdilər. Sonra yenidən mənə doğru meyllənmək istədilər. Artıq həmin zaman da mənim onlara qarşı münasibətim dəyişdi.

- Müasir dövrün ifaçıları sizi qane edirmi? Peşəkarlıq nə dərəcədədir?

- Azərbaycanda istedadlı balalarımız, oxuyanlarımız çoxdur. İnsan gərək nankor ola ki, onları qiymətləndirməyə. O qədər gözəl, musiqini duya bilən, onun daxilinə nüfuz edərək oxuyanlarımız var ki, onlar haqqında bədgüman danışmaq, pisləmək olmaz. Amma indi elə dövrdə yaşayırıq ki, texnika inkişaf edib, səsi olmayana da səs düzəltmək mümkündür. Mahnını xaric oxuyan zaman avtomatik düzəltmək də olur. Amma bizim dövrümüzdə tamam başqa cür idi. Bütün bunlarla yanaşı yaxşı səsi, ifası olan müğənnilərimiz də az deyil.

- Planda hansı yeniliklər gözlənilir?

- Uzun müddət eyni yerdə dayanmağı sevmirəm. Yeni mahnılar, qəzəllər, şeirlər oxumasam, mənə qarşı marağın azalmasına şübhə ola bilməz. Amma çalışıram ki, elə yeni-yeni ifalar edim ki, ilk olaraq tamaşaçılar məndən eşitsinlər, məndən sonra kimsə oxuyanda yada düşüm. Bu həyat amalımdır. Ədəbiyyata, şeiriyyətə marağım var. Çalışıram ki, mükəmməl şeirlərə mahnılar, qəzəllər oxuyum. Elə səsi gözəl olan müğənnilərimiz var ki, oxuduğu mahnının sözlərinə qulaq asanda heç qafiyə tapmaq olmur. Ona görə də belə mahnıların ömrü 15 gündür.

- 66 yaşınız olsa da, cavan qalmısınız, sənətinizin bu işdə payı nə qədərdir?

- Evdə də mənə yaxşı baxırlar, eyni zamanda özüm də özümdə yaxşı baxıram. Çalışıram ki, oxuduğum mahnılarda, qəzəllərdə və şeirlərdə həyat eşqi olsun, məni daha da həvəsə gətirsin. Həm də mən heç kimin paxıllığını çəkmirəm. Çünki insan kiminsə paxıllığını çəkdikdə, arxasınca danışdıqda həmin adam tez qocalacaq. Onun bədii şüuru da zəifləyəcək, oxuduğu mahnılar da sevilməyəcək. Çalışıram ki, heç kimin xətrinə dəyməyim. Elə mahnılar ifa edim ki, daha çox sevsinlər.

- Mahnılarınız arasında “Uçan quşlar”ı daha çox sevirsiniz deyəsən...

- Bəli, 35 illik mahnıdır. Onun özünəməxsus oxunuş tərzi var... İlk dəfə o mahnını Aztv-də oxumuşam. O mahnıdan sonra yüz minlərlə məktub gəlib. Mahnıların şeiriyyəti, musiqisi, bir də Allahın bəxş etdiyi boğaz, ifa tərzi mükəmməl olanda uzunömürlü olur. Hələ indinin özündə də o mahnılar səslənəndə insanlara xoş gəlir, ondan zövq alır, kimlərinsə maraq dairəsindədir. Belə şeylər çox nadir hallarda olur.

- Toylara gedirsiniz?

- Əlbəttə, gedirəm. Həmçinin Azərbaycanın hüdudlarından da kənara toy məclislərinə gedirəm.

- Sosial şəbəkələrdən istifadə edirsinizmi? Sizcə bir müğənni üçün nə dərəcədə əhəmiyyətlidir?

- Bu məsələ mənim bir az yaralı yerimdir (Gülür). Amma yavaş-yavaş öyrənməyə çalışıram. Artıq internetə girib saytlarda haqqımda nə yazılırsa oxuya bilirəm. “Facebook”-a, “Youtube”-a da daxil oluram, amma hələ ki paylaşmalar edə bilmirəm. Bu, əvvəla insanın dünyagörüşünü artırır. İnsanlar haqqında nə yazır, nə düşünürsə bunu bilmək olur. Saytların olması da çox yaxşı bir haldır. Əvvəllər gedib qəzet alıb oxuyurduqsa, indi yerimdə oturub qısa müddət ərzində bütün məlumatları oxuyuram. Sevənlərim adıma səhifə açaraq 1976-cı ildən bəri olan çəkilişlərimi, konsertlərimi ora yerləşdiriblər. Allah onların canını sağ etsin.

- Həm muğam, həm də estrada janrında mahnılar ifa edirsiniz. Bəs hansını özünüzə daha doğma hesab edirsiniz?

- Məni sevənlər haqqımda belə bir söz işlədirlər ki, çoxşaxəli bir adamdır. Ancaq milli və xalq mahnıları oxusam, təbii ki cavanlar məndən inciyə bilər. Yaxud estrada oxusam yaşlı nəsil inciyər. Ona görə “Sən özgəni, mən özgəni”, “Sən o deyilsən”, “Çıx qatar yoluna” mahnılarını oxumuşam. Mahnı ifa edəndə 7-dən 70-ə olan hər kəsi nəzərə alıram. Bunu bütün müğənnilər edə bilmir, çünki onlarda alınmır. Muğam dəsgahı oxuyan xanəndə deyiləm, ancaq lazım gəlsə onu da oxuyaram. Çalışıram ki, tamaşaçılarım məndən bəhrələnsin.

 

Könül Oruc

Üç nöqtə.- 2019.- 22 avqust. S. 7.