Mehriban xanım Əliyeva müasir Azərbaycan
qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi
naminə geniş fəaliyyət göstərir
Azərbaycan Respublikası Ailə, Qadın və
Uşaq Problemləri üzrə Dövlət Komitəsinin sədri
Hicran Hüseynova www.yap.org.az saytına müsahibə verib:
- Hicran xanım, Azərbaycan qadını
öz iradəsi və mərdliyi, saflığı və sədaqəti
ilə cəmiyyətimizin həyatında,
xalqımızın milli-mənəvi dəyərlər
sisteminin formalaşdırılmasında müstəsna rol
oynayır. Bu gün qadınların ölkəmizin
ictimai-siyasi həyatında yeri və roluna sizin nəzər-nöqteyinizdən
diqqət yetirmək istərdik...
- Bəli, həqiqətən tariximizin
bütün mərhələlərində Azərbaycan
qadınının adı böyük şərəflə
keçir. O, qayğıkeş ana, fitri istedada malik şair,
möhkəm iradəli hökmdar, dərin zəkalı
mütəfəkkir olaraq öz adını tariximizin ayrı-ayrı
səhifələrinə yazdıra bilmişdir. Hətta bəzən xarici ölkələrdən gələn
tədqiqatçılar, alimlər, siyasətçilər
qeyd edirlər ki, “biz Azərbaycana gələnədək elə
bilirdik ki, qadınlarınız hüququnu bilməyən, zəif
və passivdirlər, lakin səfər zamanı tam əksini görürük,
bunun səbəbi nədir?” Əlbəttə, biz cavab veririrk
ki, bu bizim mədəniyyətdir, dəyərdir, etik kodeksdir.
Elə buna görə də cəmiyyətin
inkişafının bütün dövrlərində
qadınlar kişilərlə bərabər dövlət
quruculuğunda, siyasi qərarların verilməsində fəal
iştirak etmişlər. Ölkəmizdə milli qadın
siyasəti tariximizin şanlı səhifəsi olan Azərbaycan
Xalq Cümhuriyyəti dövründə dövlət
statusu almışdır. Həmin dövrdə (1918-cu ildə)
ilk dəfə olaraq müsəlman Şərqində
qadına seçmək və seçilmək hüququnun
verilməsi tarixi nailiyyət hesab olunurdu. Bununla da nəinki
Şərqdə, hətta demokratiyanın beşiyi sayılan
bir sıra Avropa ölkələrindən və ABŞ-dan əvvəl
qadına cəmiyyət həyatında siyasi proseslərə
qoşulmaq hüququ verilmişdir. Bütün müsəlman
dünyasında qızlar üçün ilk dünyəvi məktəb
(1901-ci ildə) 118 il bundan qabaq Bakıda
yaradılmışdır. Azərbaycan qadını öz fəaliyyətini
maarifçilik və xeyriyyəçilik ideyalarının
yayılmasından başlayaraq, mədəni, dini, milli- mənəvi
dəyər və ənənələri də nəzərə
almaqla davam etdirir.
Müasir Azərbaycan qadını ana olmaqla
yanaşı, həm də bacarıqlı siyasətçi,
iş adamı, dövlət məmuru, xalqın inanıb səs
verdiyi deputatdır. Bu fəallıq, malik
olduğumuz tarixi ənənələrlə yanaşı,
ölkəmizdə həyata keçirilən gender siyasətinin
mahiyyətindən, onlara cəmiyyətin tamhüquqlu
üzvü kimi bütün imkanlardan bərabər istifadə
üçün zəruri şəraitin yaradılmasından
irəli gəlir. Azərbaycan qadını hər zaman
olduğu kimi, bu gün də dövlətin dəstəyini
hiss edərək, özünün fəallığı ilə
cəmiyyətdə bərabərhüquqlu mövqeyə nail
olmağı bacarır.
- Reallıqlara əsaslanaraq, bu fikri
böyük inamla qeyd edirik ki, Azərbaycanın Birinci
vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti, UNESKO-nun və
İSESKO-nun xoşməramlı səfiri Mehriban xanım
Əliyevanın fəaliyyəti Azərbaycan qadınları
üçün bir örnəkdir...
- Tarixin istənilən anında bizim örnək
kimi qəbul etdiyimiz qadınlar olub və indi də vardır.
Bu baxımdan müasir dövrdə ölkəmizin birinci
xanımı, respublikanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyeva özünün həm
ictimai-siyasi fəaliyyəti, həm də elmi
yaradıcılığı ilə Azərbaycan
qadınlarına nümunədir. O, müasir Azərbaycan
qadın hərəkatının lideri kimi dövlətimizin tərəqqisi
naminə geniş fəaliyyət göstərir. Mehriban
xanımı şəxsiyyət kimi xarakterizə edərkən
bir məqamı nəzərdən qaçırmaq olmaz ki,
onun fəaliyyətində ənənəviliklə
müasirlik, tarixi köklərə bağlılıqla
dünyəvilik əsas prinsiplərdəndir.
Mehriban xanımın ictimai-siyasi fəaliyyəti
o qədər zəngin və parlaqdır ki, onu bütün
incəliklərinə qədər təsvir etmək, sadalamaq,
xatırlamaq qeyri-mümkündür. Bu mənada
Mehriban xanımın gənc və müstəqil dövlətimizin
möhkəmlənməsi yolunda apardığı ideoloji
mübarizəsinə, ümumən gördüyü işlərin
miqyasına nəzər yetirəndə bu xidmətin həcmini
təsəvvür etmək, ölkənin və xalqın həyatında
yeniliklərlə müşayiət olunan inkişafını
görmək, duymaq elə də çətin deyil. Mən
xüsusilə Mehriban xanımın birinci xanım institutunun
yaranmasındakı rolunu qeyd etmək istərdim. Postsovet məkanında
ictimai həyatda fəal iştirak edən çox az ölkə
başçısının xanımının adını
çəkmək olar. Lakin Mehriban xanımın fəaliyyəti
digər birinci xanımları da aktiv olmağa sövq etdi.
Mehriban xanımın müsahibələrinin birində birinci
xanım olmağın məsuliyyəti haqqında dediyi fikri
xatırlatmaq istərdim: “Hər şey bu və ya digər
insanın öz vəzifələrinə nə dərəcədə
ciddi yanaşmasından asılıdır. Aydın şəkildə
dərk etmək lazımdır ki, müəyyən anda sən
fərdi şəxsdən ictimai şəxsiyyətə
çevrilirsən. Sən artıq təkcə
özünü və ya öz ailəni yox, öz ölkəni
təmsil edirsən. Bu barədə özünə hesabat verməli,
sözlərində, qərarlarında, hərəkətlərində
daha təmkinli olmalısan. Bu, çox məsuliyyətli
yükdür...” Mehriban Əliyevanın humanizm, mərhəmət
və nəciblik kimi ali mənəvi keyfiyyətlərindən
irəli gələn əzmkar və çoxşaxəli fəaliyyətinin
təməlində məhz millətə layiqli xidmət
dayanır. Və əlbəttə ki, heç təsadüfi
deyil ki, cənab Prezident onun ictimai-sosial həyatda aktiv fəaliyyətini,
uğurlu layihələrini nəzərə alaraq,
respublikanın Birinci vitse-prezidenti təyin etdi.
- Mehriban xanım Əliyevanın müsahibələrinin
birində söylədiyi bu fikirlərə istinad etmək istərdik:
“Həyatda hər kəsin yerini və taleyini tarix müəyyən
edir”. Bu fikri tarixdə rolu olan şəxsiyyətlərin
timsalında necə şərh edərdiniz?
- O, tarixdə yaşamış vətənpərvər,
maarifpərvər qadınlarımızın örnək olan
həyatını öz fəaliyyətində yeni keyfiyyətdə,
həm də ləyaqətlə davam etdirir. O,
ictimai düşüncədə “bir çox sosial problemləri
yalnız dövlət həll etməlidir” kimi stereotipi dəyişdirməyə
cəhd etdi və cəmiyyətin bütün təbəqələrinin
kənar müşahidəçi mövqeyindən konkret fəaliyyətə
keçməsinə nail oldu. Bu, çox önəmli məsələdir.
Mehriban xanım insanlarda sosial məsuliyyət hissinin
yaranmasına və onları ictimai işlərdə fəal
olmağa sövq etdi. Və bu gün xeyli sahibkarlıq
strukturları, təşkilatlar xeyriyyə işləri
görür, bunu bir borc kimi qəbul edirlər. Nə
üçün xalq ölkənin
başçısını və Birinci vitse-prezidenti bu qədər
sevir? Çünki vətəndaşlar cənab Prezidentin və
Mehriban xanımın timsalında onların istəkləri ilə
maraqlanan, protokol çərçivəsindən kənara
çıxmağı, hər bir ciddi problemə münasibət
bildirməyi bacaran insanları görürlər. Onlar
daim əhalinin yanındadır, ünsiyyətdən çəkinmirlər,
əksinə insanların görüşünə can
atırlar. Bu onu göstərir ki, xeyirxahlıq və şəfqət
insanın daxilindən gəlməlidir, yoxsa ictimaiyyət onu qəbul
etməyəcək. Mehriban Əliyevanın humanizm, mərhəmət
və nəciblik kimi ali mənəvi keyfiyyətlərdən
irəli gələn əzmkar və genişmiqyaslı fəaliyyətinin
təməlində məhz millətə layiqli xidmət məramı
dayanır. O, həm vətəndaş, həm ictimai xadim kimi
Azərbaycanın ictimai-siyasi həyatında mühüm rol
oynayır, ölkənin inkişafına öz layiqli töhfələrini
verir. “Mən Prezidentin etimadını doğrultmalıyam və
ən başlıcası isə inamı, ümidi olan
insanların etimadını doğrultmalıyam. Mən də
buna nail olmağa çalışacağam” - Mehriban
xanımın həyat fəlsəfəsinin əsasını
bu fikirlər təşkil edir. Onun bütün təşəbbüslərinin,
gerçəkləşdirdiyi layihələrin mərkəzində
- İnsan dayanır.
- Hicran xanım, hər bir insanın
formalaşmasında ailənin rolu inkaredilməzdir. Mehriban
xanım Əliyeva şəxsiyyətində beynəlxalq
ictimaiyyətin rəğbətini qazanan ideal qadın
obrazını şərtləndirən amillər
hansılardır?
- Əlbəttə, hər bir şəxsin
formalaşmasında ailənin, ailə mühitinin, ailə tərbiyəsinin
rolu əvəzsizdir. Ailəyə bağlılıq, ailə
dəyərləri, uşaqlara qayğı, böyüklərə
hörmət Azərbaycan xalqına məxsus olan ən gözəl
xüsusiyyətlərdən biridir. Mehriban xanımın səmimiyyəti,
fədakarlığı, xalqa sevgisi öz soy-kökündən
qaynaqlanır. O, mənsub olduğu ailənin zəngin mənəviyyatından
bəhrələnərək istər şəxsi həyatında,
istərsə də ictimai fəaliyyətində onların nəcib
əməllərini yaşadır, bu genetik kodu ləyaqətlə
davam etdirir. Mehriban Əliyeva ziyalı ailəsində
doğulub. Valideynləri Azərbaycan elmində
tanınmış insanlardır. Babaları da ədəbiyyatımızda,
söz sənətimizdə izi olan, sözü, səsi
eşidilən, qəbul edilən, yüksək vətəndaşlıq
nümunəsi ilə seçilən ziyalılar olub.
O həm də Azərbaycan tarixində əbədi
qalacaq müdrik bir dövlət başçısının
ailəsinə gəlin köçüb. Bu da qismətin
işidir. Və tale onu həm də Azərbaycanın birinci
xanımı edib. Prezidentin ömür-gün yoldaşı,
xanımı olmaq da alın yazısıdır. Amma xalqın
sevimli övladı olmaq, millətin sevgisini qazanmaq taleyin, qismətin
işi deyil - bu MƏHƏBBƏTİ qazanmaq lazımdır.
Tək-tək adama nəsib olan bu sevgini o öz əməlləri,
ağlı, iradəsi, qabiliyyət və bacarığı
ilə qazanıb...
Gözəllik, Xeyirxahlıq, Sədaqət və
Analıq kimi ülvi keyfiyyətləri təcəssüm
etdirən Mehriban xanımı, sözün əsl mənasında,
böyük hərflə yazılan Azərbaycan Qadının
adlandıra bilərik. Mehriban xanım parlaq ictimai xadim olmaqla bərabər,
fədakar həyat yoldaşı, qayğıkeş ana, şəfqətli
nənə kimi şərəfli missiyanı ləyaqətlə
yerinə yetirir. O, övladlarını Azərbaycanı
ürəkdən sevən, milli-mənəvi dəyərlərə
bağlı əsl vətəndaş kimi tərbiyə
etmişdir.
- Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyətinin əsas istiqamətlərindən
biri təbii ki, müasir müstəqil Azərbaycan dövlətinin
qurucusu Ulu Öndər Heydər Əliyevin irsinin təbliğidir.
Rəhbərlik etdiyi Heydər Əliyev Fondunun xidmətlərini
necə şərh edərdiniz?
- Mehriban xanım Heydər Əliyev Fondunu
yaratmaqla, Ulu Öndər Heydər Əliyevin vətənimiz və
xalqımızın inkişafı naminə gördüyü
işləri, işıqlı ideyalarını yüksək
səviyyədə davam etdirir. Fondun qarşıya qoyduğu məqsəd
demək olar ki, həyatımızın mühüm sahələrinin
inkişafına yönəlmiş layihələr, milli-mənəvi
dəyərləri özündə ehtiva edən prinsiplər
üzərində qurulmuşdu. Bu məqsəd
Fondun fəaliyyət proqramında daha dəqiq ifadə
olunduğu kimi, “milli-mənəvi dəyərlərin
qorunması və Azərbaycan mədəniyyətinin geniş
təbliğ olunması ilə bağlı işlərin
aparılmasına kömək etmək, əhalinin
rifahının yüksəldilməsinə yönəldilmiş müxtəlif proqram və tədbirləri,
elm, təhsil, mədəniyyət, səhiyyə və
idmanın inkişafını təmin edən layihələri
dəstəkləmək, uşaq və gənclərin
sağlam, milli-mənəvi dəyərlərə sadiq, hərtərəfli
biliklərə malik vətəndaş kimi yetişdirilməsi
işinə xidmət etmək, Azərbaycanın beynəlxalq
nüfuzunun artırılması ilə bağlı tədbirlərin
reallaşdırılmasına yardım göstərməkdən
ibarətdir”. Qeyd etmək istərdim ki, Fondun fəaliyyəti
çox unikaldır. Mehriban xanımın rəhbərliyi ilə
bu çox kiçik, lakin bacarıqlı, yaradıcı
insanlardan ibarət kollektiv bəzən bir neçə
dövlət qurumunun işini yerinə yetirir. Heydər
Əliyev Fondu nəinki irimiqyaslı, möhtəşəm
layihələri həyata keçirib, hətta fəaliyyət
göstərdiyi müddətdə ölkənin həm daxildə,
həm də xaricdə vüsətli inkişafına,
böyük nüfuz qazanmasına, yeni dünya cəmiyyətinin
öndə olan ölkələrindən birinə
çevrilməsinə öz fəaliyyətilə
güclü dəstək olmuşdur. Bu, ən çox insan
faktoruna ali münasibəti, ölkəmizin beynəlxalq arenada
layiq olduğu mərtəbədə qərarlaşması ilə
dəyərli olmuşdur. Elə ölkə
başçısı, cənab Prezident İlham Əliyev
Fondun fəaliyyətini yüksək qiymətləndirərək
qeyd etmişdir ki, “Mehriban Əliyevanın rəhbərliyi ilə
Fond nəinki Azərbaycanda, eyni zamanda, regionda görülən
işlərin həcminə görə ən böyük
ictimai təşkilata çevrilmişdir”.
Heydər Əliyev Fondu məhz milli-bəşəri
ideyaların tərənnümçüsü,
daşıyıcısı olması ilə qüdrətlidir.
Mehriban Əliyevanın Fondun rəhbəri kimi ən
böyük məqsədi də Heydər Əliyev irsinin bir məktəb
kimi yeni nəslə öyrədilməsi, təbliğ
olunmasıdır. Mehriban Əliyeva onun ideallarına sadiq
qalaraq, milli-mənəvi dəyərlərimizi
özünün həyat tərzində, əxlaqında və
düşüncəsində yaşadaraq Ulu Öndərin
yolunu ləyaqətlə davam etdirir. Bu, xalqın gələcəyini
möhkəm özüllər üstə qurmağa, onu
inkişaf etdirməyə aparan ən işıqlı yoldur.
Bu, Ulu Öndərin apardığı yaradıcılıq və
quruculuq işlərinin davamı olaraq vətən və xalq
naminə fəaliyyət göstərməyin ən doğru
yoludur. Mehriban Əliyevanın genişmiqyaslı fəaliyyəti
ölkənin ictimai-sosial, mədəni həyatını əhatə
etməklə bitmir. O, Azərbaycanın milli-mənəvi dəyərlərini,
mədəniyyətini, ölkəmizin özünəməxsusluğunu,
özəlliklərini, dünyada böyük fədakarlıqla,
uğurla təbliğ edir. Qədim ənənələrimizlə
bağlı olan multikultural dəyərləri,
tolerantlığı başqa ölkələrdə əməli
işləri ilə nümayiş etdirir. Bir daha
xatırladaq ki, bütün bunlar güclü, aydın təfəkkürə,
təxəyyülə malik olan incə ruhlu, zərif təbiətli
bir qadının - ölkənin birinci xanımı, Birinci
vitse-prezident Mehriban Əliyevanın bilavasitə
çalışmaları sayəsində həyata
keçirilir.
- Təbii ki, dünyaya çıxış
öncə ölkə daxilində görülən işlərdən,
əldə olunan uğurlardan başlanır. Azərbaycanın
beynəlxalq əhəmiyyətli tədbirlər
üçün ideal məkan seçilməsində Azərbaycanın
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti,
UNESKO-nun və İSESKO-nun xoşməramlı səfiri
Mehriban xanım Əliyevanın xidmətləri inkaredilməzdir...
- Bilirsiniz, Azərbaycan müharibə vəziyyətində
olmasına baxmayaraq, öz tarixini, mədəniyyətini, adət
və ənənələrini dünya ictimaiyyətinə
çatdırır. Əlbəttə, bu proses səbir və
iradə tələb edir. Mehriban xanımın
Azərbaycanın şifahi xalq ədəbiyyatının,
milli-mədəni və musiqi irsinin qorunub saxlanılması,
inkişaf etdirilməsi və dünyada təbliği, xarici
ölkələrdə xalqımızın müsbət
imicinin möhkəmlənməsi üçün
gördüyü işlərin, yorulmadan, ancaq davamlı aparılan
səylərin müsbət nəticələrini
görürük. Onun səyləri nəticəsində Azərbaycanın
maddi və qeyri-maddi mədəni irs nümunələri UNESKO-nun
müvafiq siyahılarında yer almışdır. Muğam sənətinin, aşıq sənətinin,
Novruz bayramının, İçərişəhərin, tar
ifaçılığı sənətinin UNESKO-nun nadir,
şah əsərləri siyahısına daxil edilməsi Azərbaycanla
bu təşkilat arasında əməkdaşlığın
davamlılığına xidmət edən töhfələrdir.
O, UNESKO-nun və İSESKO-nun
xoşməramlı səfiri kim, müstəqil Azərbaycanın
nailiyyətlərini, ölkəmizdə hökm sürən
tolerantlığı təbliğ edir, mədəniyyətlərarası
və sivilizasiyalararası dialoqun bərqərar olması
üçün bütün səylərini göstərir.
Mehriban xanım Əliyevanın rəhbərliyi
ilə həyata keçirilən layihələr səhiyyə,
mədəniyyət, sosial sahə, ekologiya sahələrindən
əlavə, idmanı da geniş əhatə edir. İlk
Avropa Oyunlarının yüksək, güclü və peşəkar
səviyyədə təşkil olunması və həyata
keçirilməsində Təşkilat Komitəsinin rəhbəri
kimi, Azərbaycanın birinci xanımı Mehriban
Əliyevanın böyük və əvəzolunmaz əməyi
vardır. Baxmayaraq ki, Avropa Oyunları ərəfəsində
və keçirilən müddətdə bizi istəməyən
bəzi qüvvələr ölkəmizin əleyhinə
müəyyən təxribatlar törətdilər. Lakin
bütün xalq, ölkə Prezidenti, birinci xanım bir milli
ideya ətrafında birləşdilər. Əlbəttə,
bu xalqımızın onlara yüksək inam və
etibarından irəli gəlir.
Mehriban xanımın yüksək səriştəsi,
məharəti, açılış və
bağlanış mərasimindəki
çıxışı bütün dünyaya
nümayiş olundu. O, öz timsalında Azərbaycan
qadını obrazını yaradaraq
qadınlarımızın nələrə qadir olduğunu
göstərdi. Bütün dünya bir daha şahid oldu ki, I
Avropa Oyunlarının Təşkilat Komitəsinin sədri
kimi Azərbaycan qadını beynəlxalq səviyyəli tədbirləri
təşkil etməyə və keçirməyə qadirdir.
IV İslam Həmrəyliyi Oyunlarının uğurla
keçirilməsində də bu oyunların Təşkilat
Komitəsinin sədri kimi onun zəhməti təqdirəlayiqdir.
Fondun təşkilatçılığı
ilə “Mədəniyyətlərarası dialoqda
qadınların rolunun genişləndirilməsi” mövzusunda
beynəlxalq Forumun Bakıda keçirilməsi
qadınların cəmiyyətin həyatındakı fəal
mövqeyini bir daha təsdiq edir. Bakı Forumunda
mədəniyyətlərarası dialoqun idarəçilik,
siyasi və praktiki aspektləri müzakirə olundu, təcrübə
mübadiləsi aparıldı, eləcə də yeni təşəbbüslər
irəli sürüldü. Bu cür beynəlxalq tədbirlərin
Bakıda keçirilməsi Azərbaycanın nüfuzunun
getdikcə gücləndiyini bir daha sübut edir. Avropa Şurasının qadınlar və kişilər
arasında bərabərlik məsələlərinə məsul
nazirlərin “Gender bərabərliyi: de-yure və de-fakto bərabərliyinin
təmin olunması” mövzusunda VII Konfransında Mehriban
Əliyevanın proqram çıxışı cəmiyyətimizdə
yüksək əks-sədaya və müzakirələrə
səbəb olmuşdur. 2012-ci ildə Bakıda
keçirilən beynəlxalq Krans-Montana Forumu çərçivəsində
“Qadın hüquqları insan hüquqlarıdır, insan
hüquqları isə qadınların hüququdur”
mövzusunda konfransda qaldırılan məsələlər,
eyni zamanda Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın qadın hüquqları ilə
bağlı geniş və əhatəli
çıxışı beynəlxalq diqqətin ölkəmizə
yönəldilməsinə imkan yaratmışdır. Bu ilin may ayında IV Ümumdünya Mədəniyyətlərarası
Dialoq Forumu çərçivəsində Azərbaycanın
Birinci vitse-prezidenti Mehriban Əliyevanın iştirakı ilə
“Qızlara təhsil verməklə zorakı ekstremizmə
qarşı mübarizə” mövzusunda “dəyirmi masa”nın
təşkil olunması, onun təşəbbüsü ilə
ayrıca sessiyanın keçirilməsi,
bu mövzu ətrafında fəal müzakirələrin
aparılması və tövsiyələrin qəbul edilməsi
dünyada qadınların, əsasən də qızların
hüquqlarının müdafiəsi istiqamətində
xüsusi əhəmiyyət kəsb edir. Mehriban
xanımın əsas məqsədi ötən hər
günü tarixinə uğur səhifəsi kimi yazan Azərbaycanın
beynəlxalq aləmdə yerini və rolunu möhkəmləndirmək,
həqiqətlərimizi dünya ictimaiyyətinə olduğu
kimi çatdırmaqdır.
Mehriban Əliyeva bu illərdə çox
titullara, təltiflərə, mükafatlara layiq
görülüb. Elə bu günlərdə Rusiya
Federasiyasının Prezidenti Vladimir Putin Azərbaycan
Respublikasının Birinci vitse-prezidenti Mehriban Əliyevanı
“Dostluq” ordeni ilə təltif edib. Onun beynəlxalq aləmdəki
nüfuzu, aldığı mükafatlar təbii ki, ölkəmizin,
xalqımızın adına başucalığı gətirir.
Amma onların içərisində bir mükafatın yeri əlahiddə
olduğundan burda onu xatırlatmağı vacib sayırıq. Bu, Azərbaycanda keçirilmiş I Avropa
Oyunlarının uğurla, böyük qələbə ilə
başa çatmasında əsl fədakarlıq
nümayiş etdirən “Bakı-2015” I Avropa Oyunları Təşkilat
Komitəsinin sədri Mehriban Əliyevanın 29 iyun 2015-ci il
tarixində “Heydər Əliyev” ordeni ilə təltif
olunması idi. Zənnimizcə, bu
mükafat ona daha çox sevinc hissi yaşatdı, onu çox
duyğulandırdı. Mükafatın təqdimolunma mərasimindəki
çıxışı isə iki il yarımda çəkdiyi
əziyyətləri, keçirdiyi narahatlığı,
duyduğu məsuliyyətdən doğan fərəh hissini
bütünlükdə ifadə edirdi. Mehriban
xanımın çıxışından bu fikirləri bir
daha yada salmaq istərdim. O, cənab Prezidentə minnətdarlıq
edərək bildirdi ki, “Sizin ölkəmizə,
xalqımıza olan inamınız heç bir şübhə
qoymurdu ki, hər şey əla olacaq və biz yenə də qələbə
çalacağıq. Siz bir daha bütün dünyaya
sübut etdiniz ki, heç bir qara qüvvə bizi hədəf
seçib qorxuda bilməz və ədalət, xoş niyyət,
xalqla birlik hər zaman zəfər çalacaq. Bu 17 gün ərzində
yaşadığımız xoş anlar üçün Sizə
dərin minnətdarlığımızı bildiririk. Mən
idman leksikasından istifadə etsəm deyə bilərəm
ki, bu 17 gün ərzində Azərbaycan xalqı bir komanda idi
və Siz bu komandanın şərəfli kapitanı idiniz. Belə
olan halda, əlbəttə, qalib gəlməmək
mümkün deyildi. Vətənimizə, doğma Azərbaycanımıza
xidmət etmək ən böyük şərəfdir və
xidmətimizin nəticələrini görüb yaşamaq ən
böyük xoşbəxtlikdir. Cənab Prezident, biz hər
birimiz ölkəmizin əsgəriyik və Azərbaycanın
gələcəyi naminə daha da tam gücümüzlə
xidmət etməyə hazırıq”. Bəli, xalqımız,
hər bir vətəndaşımız möhtərəm
Prezidentimizin əsgəriyik və onun ətrafında sıx
birləşmişik. Və bu birlik ölkəmizin
inkişafının mühüm təməl
daşıdır.
- Hicran xanım, Mehriban xanım
Əliyevanın fəaliyyətinin əsas prinsipləri
xeyirxahlıq və humanistlikdir. Bu prinsiplərdən irəli
gələn addımlarına bir baxış keçirməyinizi
istərdik...
- Mehriban xanım Əliyevanın
çoxşaxəli fəaliyyətinin hər
addımının əsasında xeyirxahlığın,
humanizmin, səmimiyyətin, vətəndaşlıq təəssübkeşliyinin
yüksək səviyyədə qorunduğunun şahidi
olarıq. Onun “Öz həyat kitabını yazmağa ancaq sənin
şəxsi, dərk edilmiş məsuliyyətin imkan verir”
fikri qazandığı uğurların, gördüyü
işlərin bələdçisidir. Mehriban xanım Azərbaycanın
Birinci vitse-prezidenti kimi təqdimatında bu prinsipləri də
diqqətə çatdırmışdır: “Gündəlik
fəaliyyətimizdə insansevərlik, mərhəmət,
qarşılıqlı hörmət, mehribançılıq
unudulmamalıdır. Əksinə, məhz bu mənəvi dəyərləri
uca tutaraq ən yüksək qələbələr əldə
etmək, ən böyük zirvələrə qalxmaq olar”.
Bilirsiniz ki, xeyriyyəçilik bizim maarifpərvər,
vətənsevər ziyalılarımızın əsas fəaliyyət
prinsiplərindəndir. Müasir dövrdə isə xeyriyyəçilik
haqqında ən qiymətli məqamları elə Mehriban
xanımın öz fikirlərindən öyrənmək
mümkündür: “Xeyriyyəçiliyin
ictimai əhəmiyyətindən danışarkən
vurğulamalıyıq ki, o, cəmiyyətdə mənəvi-psixoloji
ab-havanın yaxşılaşmasına şərait
yaradır, insanlar arasında münasibətləri humanistləşdirir,
onların daha xeyirxah, səmimi və həssas olmasına
müsbət təsir göstərir. Axı çətin
məqamda başqalarından dəstək almış insan
özü də imkan daxilində başqalarına kömək
göstərməyə daha çox meyil edəcəkdir. Beləliklə, cəmiyyətimizdə “xeyirxah
işlər dairəsi”, qarşılıqlı kömək və
dəstək sistemi yaranır ki, bu da son nəticədə
insanların qarşılıqlı münasibətlərinə,
onların ovqatına və sosial əhval-ruhiyyəsinə
müsbət təsir göstərir”.
Mehriban xanımın simasında vətəndaşlarımız
köməyə ehtiyacı olanlara yardım əlini
uzatmağa hazır etibarlı dayaq, doğma insan görürlər.
Minlərlə insana, xüsusilə uşaq və qadınlara
sağlamlığını və ümidini qaytarır. Azərbaycan
ailəsinin problemlərini həmişə diqqət mərkəzində
saxlayır, ölkədə ailə, qadın və uşaq
problemlərinin həllinə böyük dəstək verir.
Valideyn qayğısından və himayəsindən məhrum
olmuş, eləcə də sağlamlıq imkanları məhdud
uşaqlarla bağlı hər bir problemə həssaslıqla
yanaşır, onları qayğı ilə əhatə edir. Onun şəxsi dəstəyi və köməyi nəticəsində
reallaşan genişmiqyaslı tədbirlər ana və
uşaq ölümünün qarşısının
alınması, hemofiliya, talassemiya və şəkərli
diabet xəstəliklərinin azalması istiqamətində
profilaktik və müalicəvi işlərin
aparılmasına müsbət təsir göstərir.
Son illər ərzində yüzdən çox
köçkün şəhərciyi tikilib, şəhid ailələri,
müharibə veteranları, müharibə əlilləri
üçün mənzillər təqdim edilmişdir. Cəmiyyətimizin həssas təbəqələrindən
olan qaçqın və məcburi köçkünlərin
həyat şəraitinin
yaxşılaşdırılması, onların daha əlverişli
şəraitdə yaşaması üçün
gördüyü işlərin nəticələri onlarda gələcəyə
inam yaradır.
Avqust ayının 26-sı Birinci vitse-prezident
Mehriban Əliyevanın doğum günüdür. Alicənablıq, insanpərvərlik, kübarlıq
kimi ali insani dəyərlər, kreativ, yüksək erudisiya
sahibi olan, müdrik, cəsarətli, güclü, eyni zamanda, zərif,
mərhəmətli, şəfqətli Mehriban xanımı təbrik
edir, Azərbaycançılıq məfkurəsinin inkişaf
etdirilməsində hər zaman yeni yollar
axtarışında olan Mehriban Əliyevaya
cansağlığı, ailə səadəti
arzulayırıq.
Yeni Azərbaycan.-
2019.- 24 avqust.- S.5.