Ölkəmizdə
tütünçülüyün inkişafı istiqamətində
mühüm addımlar atılır
Yerli sahibkarların bu sahəyə
marağının artması regionlarda tütün
istehsalının genişlənməsinə yol açıb
Azərbaycanda həyata keçirilən məqsədyönlü
inkişaf strategiyası və islahatlar kursu ölkəmizin
davamlı inkişafını təmin edib. Bu
gün regionun lider ölkəsi olan Azərbaycanın
inkişafını şərtləndirən əsas
faktorlardan biri də respublikamızın regionlarının
dinamik inkişafıdır. 2004-cü ildən icrasına
başlanılan Azərbaycan Respublikası regionlarının
sosial-iqtisadi inkişafı üzrə Dövlət
proqramlarının uğurla həyata keçirilməsinin
nəticəsidir ki, hazırda bütün şəhər və
rayonlarımızda müasir standartlara cavab verən
güclü infrastruktur formalaşdırılıb, əhalinin
sosial müdafiəsinin təşkili istiqamətində
effektiv tədbirlər görülüb, yüzminlərlə
yeni iş yerləri yaradılıb, vətəndaşların
gəlirləri əsaslı şəkildə artıb.
Azərbaycanın uğurlu
inkişafını təmin edən əsas faktorlardan biri də,
şübhəsiz ki, müasir dövrün
çağırışlarına və geosiyasi, qlobal
iqtisadi şəraitə uyğun praqmatik kursun müəyyənləşdirilməsi
və ardıcıllıqla həyata keçirilməsidir.
Bu mənada yeni iqtisadi şəraitdə aqrar sektorun
üstün inkişafına nail olmaq da mühüm əhəmiyyət
kəsb edir. Kənd təsərrüfatının
inkişafı istiqamətində görülən tədbirlər
sırasında kifayət qədər gəlirli sahə olan
tütünçülüyün yenidən dirçəldilməsi
də xüsusi rol oynayır. Ölkəmizdə ənənəvi
sahələrdən olan tütünçülüyün
inkişafı ilə bağlı həyata keçirilən
davamlı tədbirlər, bu sahəyə dövlət dəstəyinin
gücləndirilməsi kənd əhalisinin
tütünçülüyə marağının
artmasına səbəb olub. Bu sahənin inkişaf etdirilməsi
yaxın gələcəkdə həm kənd əhalisinin məşğulluğunun
təmin edilməsi, həm ixracın artırılması, həm
də ölkəyə valyuta gətirilməsində önəmli
rol oynayacaq. Bu səbəbdəndir ki, regionlarda fermerlər bu
sahənin inkişafına xüsusi maraq göstərir,
qabaqcıl təcrübənin də tətbiq edilməsi ilə
məhsuldarlığın artırılması istiqamətində
məqsədyönlü iş aparırlar.
Yeri gəlmişkən,
tütünçülük Qax rayonunun iqtisadiyyatında aparıcı
yerlərdən birini tutur. Hələ sovet dövründə
tütünçülük rayonun kənd əhalisinin əsas
məşğuliyyət sahələrindən biri hesab
olunurdu. Bu sahəyə maraq bir müddət
azalsa da, Prezident İlham Əliyevin regionlarda kənd təsərrüfatının
ənənəvi sahələrinin dirçəldilməsi ilə
bağlı verdiyi tapşırıq və tövsiyələrinin
nəticəsi olaraq son dövrlər digər rayonlar kimi, Qaxda
da tütünçülüyə maraq xeyli artıb.
Hazırda rayonda yüzlərlə ailə
tütünçülüklə məşğul olur, bu sahədən
gəlir götürür. Qeyd edək ki, cari ildə Qax rayonunun
fermerləri 461,6 hektar sahədə “Virciniya”, 15 hektarda “Berley”
növlü və 17 hektarda yerli tütün sortları
yetişdiriblər. Tütün istehsalı ilə əlaqədar
70-dək fermerlə müqavilə bağlanılıb.
Tütün əkini və becərilməsi işlərinə
800-dən çox mövsümi işçi cəlb olunub.
Hazırda rayonun təsərrüfatlarında tütün
yığımı davam etməkdədir. Yığılan
yaşıl tütün qurudulmaq üçün sahələrdən
birbaşa “Azərtütün ASK” MMC-nin rayonda fəaliyyət
göstərən tütün istehsalı və emalı məntəqəsinə
gətirilir. Bu mövsümdə “Azərtütün ASK” MMC tərəfindən
Qax rayonunun ərazisində 406,5 hektar sahədə “Virciniya” və
15 hektarda “Berley” növlü tütün əkilib. Emal məntəqəsi
mövsümün əvvəlindən indiyə qədər
fermerlərdən 1149 ton yaşıl tütün kütləsi
qəbul edib. Eyni zamanda, indiyədək bu emal məntəqəsində
104,3 ton quru tütün istehsal olunub.
Vurğulanmalıdır ki, son günlər
tütün yığımının sürəti daha da
artıb. Hər gün məntəqəyə qurudulmaq
üçün orta hesabla 35-50 ton yaşıl tütün
kütləsi daxil olur. Hazırda məntəqədə olan
60 ədəd odla tütünqurutma kamerasının
hamısı işlək vəziyyətdədir. Hər
kameraya bir dəfəyə 8 ton yaşıl tütün
kütləsi yerləşdirilir və tütünün
qurudulması prosesi 7-8 gün çəkir.
Qeyd edilməlidir ki, qaxlı fermer Namiq Fərhadov
indiyədək məntəqəyə rayon üzrə
hamıdan çox - 39 ton yaşıl tütün təhvil
verib. Qaxingiloy kənd sakini Elşən İbrahimov bu günədək
məntəqəyə 34 ton, Qaşqaçay kəndindən
Sülhanə Abdullayeva 25 ton, Qaxbaş kəndindən Emil Qədirov
isə 22,5 ton yaşıl tütün gətiriblər. Yeri gəlmişkən,
fermerlər də məntəqədə yaradılan şəraitdən
razıdırlar. Qorağan kəndindən olan gənc fermer
Eşqin Hacıbəyov bildirib ki, 10 ildən çoxdur
tütünçülüklə məşğuldur. Bu il 6
hektar sahədə “Virciniya” növlü tütün əkib.
İndiyədək məntəqəyə 12 ton yaşıl
tütün kütləsi təhvil verib. Bu il tütün sahələrindən
90 tonadək məhsul götürməyi qarşısına məqsəd
qoyub. Eşqin Hacıbəyov qeyd edib ki, “Azərtütün
ASK” MMC tərəfindən cari ildə yaş
tütünün tədarük qiymətinin artırılaraq
1-ci sort üçün 1 kiloqramının 0,25 AZN-dən 0,27
AZN-ə, 2-ci sort üçün isə 0,17 AZN-dən 0,18
AZN-ə çatdırılması fermerlərin ürəyincədir.
Azərbaycan Respublikasında
tütünçülüyün inkişafına dair
2017-2021-ci illər üçün Dövlət Proqramı
Qazax rayonunda da uğurla icra olunur. qeyd edək ki, artıq
dördüncü ildir ki, Qazaxda tütün becərilir.
2016-cı ildə cəmi 10 hektarda tütün əkilmişdisə,
2017-ci ildə bu rəqəm 50 hektara
çatdırılıb. Aqrotexniki tədbirlər vaxtında
həyata keçirilməklə 80 tondan çox məhsul
götürülüb. 2018-ci ildə isə
tütünçülər əkin sahələrini daha 10
hektar artıraraq 60 hektara çatdırıblar. Həmin sahədən
toplanmış 98 min tona yaxın qurudulmuş tütün
“İlham-M” MMC-yə təhvil verilib.
Bu il Qazax rayonunun Kəmərli,
Qaymaqlı, Aslanbəyli, İkinci Şıxlı, Birinci
Şıxlı, Yuxarı Salahlı, Orta Salahlı,
Aşağı Salahlı, Kosalar, Cəfərli, Hüseynbəyli,
Çaylı, Daş Salahlı, Dəmirçilər, Alpout,
Fərəhli kəndlərində ümumilikdə 65 hektar sahədə
tütün əkilib. Tütünçülər bu il
də keçənilkindən daha çox məhsul
götürmək üçün bütün aqrotexniki tədbirlərə
ciddi əməl ediblər. Xeyli müddətdir ki,
tütün dəriminə başlanılıb. Kəndlilər
tütün dərimini vaxtında və itkisiz başa
çatdırmaq üçün məhsulu sahələrdə
hazırlanan xüsusi yerlərdə ipə düzərək
qurudurlar. Bu günə kimi isə 70 ton yaş tütün tədarük
olunub.
Bu il Balakən rayonunun təsərrüfatlarında
isə 450 hektar sahədə tütün əkilib. Balakənli
fermerlər cari mövsümdə 346 hektar sahədə
“Virciniya” və 19 hektarda “Berley” növlü, 85 hektar sahədə
isə yerli tütün sortları yetişdiriblər.
Hazırda təsərrüfatlarda tütün
yığımının qızğın
çağıdır. “İmmuniy” növlü yerli
tütün fermerlərin özləri tərəfindən ipə
düzülərək qurudulur. “Virciniya” növlü
yaşıl tütün isə qurudulmaq üçün sahələrdən
birbaşa “Azərtütün” MMC-nin rayonun Hənifə kəndində
ötən ildən fəaliyyətə başlayan
tütün istehsalı və emalı məntəqəsinə
gətirilir. Emal məntəqəsi mövsümün əvvəlindən
indiyədək istehsalçılardan 584 ton yaşıl
tütün kütləsi qəbul edib.
Vurğulanmalıdır ki, hər gün məntəqəyə
orta hesabla 18-20 ton yaşıl tütün kütləsi daxil
olur. Hazırda məntəqədə olan 60 tütünqurutma
kamerasından 25-i işlək vəziyyətdədir. Hər
kameraya bir dəfəyə 8 ton yaşıl tütün
kütləsi yerləşdirilir. Tütünün
qurudulması prosesi 7 gün çəkir. Qurudulan
tütün sonra preslənərək anbara
yığılır. Mövsümün əvvəlindən
bu günədək məntəqədə 56,5 ton quru
tütün istehsal olunub. Talalar kəndindən fermer İmran
Cumayev indiyədək məntəqəyə rayon üzrə
hamıdan çox - 62,8 ton “Virciniya” növlü yaşıl
tütün təhvil verib. Kortala kəndindən Ceyhun Mərdanov
emal məntəqəsinə 35 ton, Şambul kənd sakini Fikrət
İbrahimov isə 33,4 ton yaşıl tütün gətirib.
Xatırladaq ki, ötənilki mövsümdə
balakənli fermerlər 643 ton quru tütün istehsal ediblər.
Tütün istehsalı 2017-ci illə müqayisədə 2 dəfədən
çox və ya 325,6 ton artıb.
Masallı rayonunda da uzun illik fasilədən
sonra ənənəvi əkin sahələrindən olan
tütünçülük yenidən bərpa olunub.
Artıq üçüncü ildir ki, rayonda tütün əkilir.
Tütünçülüklə məşğul olan məhsul
istehsalçıları bu il 35 hektarda əkin aparıblar.
Artıq bir neçə gündür Masallının
tütün sahələrində məhsul
yığımına başlanılıb. Fermerlər və
məhsul istehsalçıları bu il hər hektar
tütün sahəsindən 2 ton məhsul
yığmağı planlaşdırırlar. Masallı
rayonunda tütün əsasən Qızılağac,
Xırmandalı, Şərəfə, Bədəlan və digər
10-a yaxın kənddə əkilib. İndiyədək sahələrdən
yığılmış 280 ton yaş tütündən 6,2
ton quru tütün tədarük olunub. Vurğulayaq ki, gələcəkdə
rayonda tütün qəbulu məntəqələrinin və
qurutma sexlərinin inşası da planlaşdırılıb.
Nəzərdə tutulub ki, rayonda fermentləşmə zavodu
tikilsin, tütün qurudulması üçün sexlər
olsun. Bu, həm vaxta qənaət edəcək, həm
tütünün maya dəyərini aşağı salacaq, həm
də daşınma xərci münasib olacaq. Vurğulayaq ki,
Masallının tütün sahələrində məhsul
yığımı oktyabrın sonuna qədər davam edəcək.
Şəki rayonunun təsərrüfatlarında
da tütün yığımının qızğın
çağıdır. Şəkili fermerlər
mövsümün əvvəlindən indiyədək “Azərtütün”
MMC-nin rayonda fəaliyyət göstərən tütün
istehsalı və emalı məntəqəsinə 652 ton
“Virciniya” növlü yaşıl tütün təhvil
veriblər. Eyni zamanda, indiyədək bu emal məntəqəsində
46,7 ton quru tütün istehsal olunub. Qeyd edək ki, hər
gün məntəqəyə orta hesabla 30-40 ton yaşıl
tütün kütləsi daxil olur. Hazırda məntəqədə
olan 56 ədəd odla tütünqurutma kamerasının
hamısı işlək vəziyyətdədir. Baş Göynük kənd sakini Kazım Abdullayev
indiyədək məntəqəyə rayon üzrə
hamıdan çox - 62 ton yaşıl tütün təhvil
verib. Şorsuludan olan fermer Ərşad Cabbarov, həmçinin
Cumakənddən Əbülfət Səfərov emal məntəqəsinə
qurutmaq üçün 40 ton yaşıl tütün
kütləsi gətiriblər. Tələbatı nəzərə
alaraq, hazırda məntəqənin ərazisində əlavə
30 tütünqurutma kamerası quraşdırılır.
Şəki Dövlət Aqrar
İnkişaf Mərkəzindən verilən məlumata
görə, bu il rayonun təsərrüfatlarında 1061 hektar
sahədə tütün əkilib. Şəkili fermerlər
cari mövsümdə 721 hektar sahədə “Virciniya” və 19
hektarda “Berley” növlü ətirli, 321 hektar sahədə isə
yerli tütün sortları yetişdirirlər. Ötənilki
mövsüm rayonun tütünçüləri
üçün uğurlu olub. Belə ki, 2018-ci ildə şəkili
fermerlər 2 min 976 ton quru tütün istehsal ediblər.
Tütün istehsalı əvvəlki illə müqayisədə
346 ton artıb.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2019.- 29 avqust.- S.4