Azərbaycanda aqrar sektorun dinamik inkişafı ərzaq təhlükəsizliyinin yerli istehsal hesabına təmin olunması üçün etibarlı zəmin yaradıb.

 

 Prezident İlham Əliyev: Bu gün biz ərzaq təhlükəsizliyini şərtləndirən əsas sahələr üzrə ya özümüzü tam təmin edirik, ya da ki, bu hədəfə çox yaxınıq

 

Prezident İlham Əliyev: "Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır"

 

"Kənd təsərrüfatının inkişafı bizim üçün həmişə prioritet olub, indiki şəraitdə bunun önəmi daha da artır. Mən şadam ki, ümumi dünya iqtisadi böhranına baxmayaraq, birinci rübdə Azərbaycanda kənd təsərrüfatının istehsalı artıb - 2,7 faiz. Ərzaq təhlükəsizliyi məsələsi əsas prioritetdir və ümid edirəm ki, yaxın zamanlarda biz özümüzü ərzaqla tam şəkildə təmin edəcəyik. Bu məqsədlə son illər ərzində böyük işlər görülür və daha da böyük işlər görülməlidir. Fermerlərə dəstək verilir, subsidiyalarda yeni yanaşmalar təklif olunur. Əminəm ki, hər bölgə, rayon üzrə xüsusi bir subsidiya siyasəti aparılmalıdır. Çünki Azərbaycan çoxiqlimli bir ölkədir. Doqquz iqlim zonamız var. Məxsusi olaraq hər bir zona üçün xüsusi kənd təsərrüfatı məhsulları yetişdirilməlidir və hər bir rayonun, hər bir iqtisadi zonanın öz subsidiya paketi olmalıdır. Belə olan halda kənd təsərrüfatı ixtisaslaşmış şəkildə və daha böyük səmərə ilə inkişaf edəcək". Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında deyib.

 

Sirr deyil ki, Azərbaycan Respublikasında həyata keçirilən aqrar islahatlar nəticəsində kənd təsərrüfatının dinamik inkişafı üçün zəmin yaradılıb. Aqrar sektorda əsaslı dəyişikliklər baş verib, yeni iqtisadi və mülkiyyət münasibətləri formalaşıb, normativ-hüquqi baza təkmilləşdirilib. İdarəetmədə səmərəliliyin və şəffaflığın artırılması üçün elektron kənd təsərrüfatı sistemi tətbiq edilməkdədir. Kənd təsərrüfatının inkişafına dövlət dəstəyinin gücləndirilməsi, yeni çağırışlara uyğun sahə üzrə strateji hədəflərin və institusional dəyişikliklərin müəyyən edilməsi sahənin keyfiyyətcə yeni mərhələyə keçməsinin təməlini qoyub. Əhalinin ərzaq təhlükəsizliyinin təmin edilməsi, aqrar sahədə ixrac potensialının artırılması məqsədilə ölkədə müasir aqroparklar və iri fermer təsərrüfatları təşkil edilir. Regionların sosial-iqtisadi inkişafına dair dövlət proqramları çərçivəsində bölgələrdə müasir infrastruktur qurulub, kəndlərarası avtomobil yollarının şəbəkəsi genişləndirilib.

 

"Biz kənd təsərrüfatı məhsullarının ixracını daha da sürətləndirməliyik. Bu məqsədlə təşviq sistemi işə salınır. Bu, bizim üçün birinci təcrübədir. Xaricə öz məhsulunu çıxaran qurumlara, şirkətlərə dövlət kompensasiya verəcəkdir. Baxaq, bu sistem necə işləyəcək. Bir çox ölkələrdə bu, özünü doğrultdu və hesab edirəm ki, bizdə də özünü doğrultmalıdır. Ancaq yenə də bu, bizim üçün bir sınaqdır. Biz bu təşəbbüsü etdik ki, ixracı stimullaşdıraq və ümid edirəm, buna nail olacağıq" - deyən Prezident İlham Əliyev qeyd edib ki, ərzaq təhlükəsizliyi bizim üçün həmişə prioritet olubdur, bu gün də prioritetdir: "Bu, imkan verir ki, biz özümüzü öz məhsullarımızla, keyfiyyətli və təmiz məhsullarla təmin edək, idxaldan asılılığı azaldaq, valyuta xaricə getməsin. Bu, birinci mərhələdir. İndi nəzərə alsaq ki, bizim valyuta gəlirlərimiz böyük dərəcədə azalıb, - əgər neftin qiyməti üç-dörd dəfə düşübsə, bu, o deməkdir ki, bizim valyuta gəlirlərimiz üç-dörd dəfə azalıbdır, - ona görə biz bunu kənd təsərrüfatı məhsullarının ixracı ilə müəyyən dərəcədə kompensasiya etməliyik. Biz vaxtilə Azərbaycanda çox inkişaf etmiş sahələri bərpa etməliyik. Ulu Öndər Heydər Əliyevin zamanında - 1970-ci illərdə Azərbaycanın ümumi daxili məhsulunda neft amili çox aşağı faiz təşkil edirdi. İndi mənə məlumat verilir, məsələn, yüngül sənaye 23 faiz təşkil edirdi, kənd təsərrüfatı, maşınqayırma bəlkə ondan da daha böyük faiz təşkil edirdi. Biz o vaxt kənd təsərrüfatının sürətlə inkişaf edən sektorlarını inkişaf etdirməliyik, ilk növbədə pambıqçılığı. Çünki pambıq elə məhsuldur ki, onun üçün bazar axtarmağa ehtiyac yoxdur. İndi dünyada bazarlar uğrunda mübarizə gedir. Xüsusilə, son vaxtlar sanksiyalarla əlaqədar müəyyən bazarlar bəzi məhsullar üçün bağlanıb. Əlbəttə ki, bunun bizə aidiyyəti yoxdur. Ancaq indi biz öz kənd təsərrüfatı məhsullarımızı başqa bazarlara çıxarmaq üçün gərək səylər göstərək. Ancaq pambıq məhsulunu birjalarda satmaq üçün heç bir problem yoxdur. Vaxtilə yenə də Ulu Öndər Heydər Əliyevin zəhməti, səyləri nəticəsində pambığın istehsalı Azərbaycanda bir milyon tona qalxmışdır. O, 1969-cu ildə hakimiyyətə gələndə, indi mənim dəqiq yadımda deyil, təqribən 100 min, 200 min ton pambıq istehsal olunurdu. Sonralar isə bir milyon, ildə orta hesabla 800 min, 900 min ton pambıq istehsal edilirdi.

 

Keçən il Azərbaycanda cəmi 35 min ton pambıq yığılıbdır. Bir milyon ton hara, 35 min hara?! Özəl qurumlar bunu təkbaşına edə bilməyəcəklər. Pambıqçılığı inkişaf etdirmək üçün dövlət birinci rol oynayır, ikinci rolu isə yerli icra orqanları və ondan sonra özəl qurumlar oynayır. Ona görə, göstəriş verilmişdir ki, vəziyyət təhlil edilsin və təhlil edilib. Mənə artıq təkliflər verilibdir. Biz pambıqçılığı bərpa etməliyik. Keçən il 18 min hektar əkilibdir. Bu il mən qarşıya vəzifə qoymuşam ki, 50 min hektar əkilsin və əkin yəqin ki, yaxın zamanlarda başlanacaqdır. Əgər keçən il biz 35 min ton pambıq yığa bilmişiksə, bu il 50 min hektar əkilərsə və məhsuldarlığı lap aşağı səviyyədə, 20 sentnerdən götürsək, bu, 100 min ton pambıq edəcək - keçən ildəkindən üç dəfə çox. Ancaq indi yeni texnologiyalar, o cümlədən suvarma texnologiyaları mövcuddur və biz məhsuldarlığı artırmaqla daha da böyük nəticəyə çata bilərik. 1970-1980-ci illərdə 200-250 min hektar pambıq əkilirdi, keçən il 18 min hektar. Ona görə, məhsuldarlığın artırılması və əkin sahələrinin dövriyyəyə buraxılması, normal suvarmanın təmin edilməsi, toxumla təminat məsələləri öz həllini tapmalıdır və biz bu il 100 min ton pambıq gözləyirik. Ancaq bir il ərzində, gələn ilin əkininə qədər bütün lazımi tədbirlər görülməlidir ki, 2017-ci ildə, - mən indi rəqəm demək istəmirəm, - Azərbaycanda 100 min tondan bir neçə dəfə çox pambıq yığılmalıdır. Pambıq satılacaq, ölkəmizə lazım olan valyuta gələcəkdir.

 

Bununla bərabər, baramaçılıq kimi çox vacib olan kənd təsərrüfatı sahəsini də itirmişik. Əlbəttə, burada qiymətlər çox önəmli rol oynayır, bu, zəhmətkeşlərdən hansı qiymətə alınacaq. Pambıqçılıqda da biz bunu artırmışıq, lazım olarsa bir daha artıracağıq və şərait yaratmalıyıq. Həmçinin, baramaçılıq sektoru da inkişaf etməlidir. Sovet vaxtında bir sıra rayonlarda bu sahə çox uğurla inkişaf edirdi, bol məhsul əldə olunurdu və insanlar yaxşı pul qazanırdılar. Mən digər sahələr üzrə konkret tapşırıqlar vermişəm, o cümlədən tütünçülük, çayçılıq sürətlə inkişaf etməlidir.

 

Üzümçülük. Son illər ərzində dövlətin dəstəyi hesabına bu sahə inkişaf edir, üzüm bağları salınır, genişləndirilir. İri fermer təsərrüfatlarının fəaliyyəti, xüsusilə taxılçılıq sahəsində dönüşə gətirib çıxaracaq ki, biz taxıl idxalından asılı olmayaq. Mən hesab edirəm ki, buna nail olmaq mümkündür. Bununla bərabər, aqroparklar salınır, yeni emal müəssisələri yaradılır. Azərbaycan dünya bazarlarına keyfiyyətli və bol kənd təsərrüfatı məhsulu çıxaran, ixrac edən ölkə kimi tanınmalıdır. Qarşıya bu vəzifə qoyulub və əminəm ki, biz bu məqsədə çatacağıq. Bir sözlə, bu il biz gərgin işləməliyik ki, bütün vəzifələr icra edilsin, Azərbaycan iqtisadiyyatı inkişaf etsin, insanlar daha da yaxşı yaşasınlar".

 

Heç şübhəsiz, gələcəkdə iqtisadiyyatda əsas yük qeyri-neft sektorunun payına düşməlidir və burada kənd təsərrüfatı xüsusi rol oynamalıdır. Eyni zamanda, ölkənin qeyri-neft ixracının strukturunda kənd təsərrüfatının payı yüksəlməlidir. Həmçinin, aqrar sektorun inkişafı ölkənin milli iqtisadi və ərzaq təhlükəsizliyinin təmin olunmasında əsas vasitələrdən biri olduğundan bu sahəyə yeni yanaşma lazımdır və bu sahədə milli istehsalın həm yüksəldilməsi, həm də strukturunun yaxşılaşdırılması olduqca vacibdir.

 

 

Mübariz Abdullayev

 

Yeni Azərbaycan.- 2019.- 31 avqust.- S.2