İcbari tibbi sığorta şəffaf, əlçatan
və daha keyfiyyətli tibbi xidmətin göstərilməsinə
imkan verəcək
Pilot layihənin tətbiq olunduğu Yevlax
rayonunda da vətəndaşlar bu sistemin tətbiqindən
razılıq ifadə edirlər
Son illər Azərbaycanda tibb
sektorunun inkişafı ilə bağlı islahatların həyata
keçirilməsi, mühüm Dövlət
proqramlarının qəbul olunması, əhalinin sağlamlığının
daha etibarlı şəkildə qorunması, vətəndaşların
ən yüksək səviyyədə tibbi xidmətlərlə
əhatə olunması bu sahədə
reallaşdırılan dövlət siyasətinin prioritetlərini
təşkil edir. Ölkəmizdə icbari tibbi
sığortanın tətbiqi və səhiyyənin maliyyələşmə
sisteminin təkmilləşdirilməsi də bu islahatların
mühüm tərkib hissəsidir. Ümumiyyətlə, icbari
tibbi sığortanın (İTS) məqsədi səhiyyənin
maliyyələşdirilməsini təkmilləşdirmək,
habelə əhaliyə etibarlı, keyfiyyətli, səmərəli
tibbi xidmətlərin göstərilməsinə zəmanət
verəcək universal və dayanıqlı tibbi
sığortanı təmin etməkdir. Hökumətin sosial
siyasətinin yeni istiqaməti və səhiyyə sahəsində
aparılan islahatların davamı olaraq, İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyinin fəaliyyəti
səhiyyə sisteminin maliyyələşdirilməsinin yeni
iqtisadi əsaslarda qurulmasını təmin edəcək. Həmçinin
əhalinin tibbi xidmətlərdən istifadə
imkanlarını artıracaq və səhiyyənin maliyyə
potensialını gücləndirəcək. Agentlik
bu sahəyə ayrılan vəsaitlərin daha səmərəli
şəkildə əhalinin sağlamlığının
yaxşılaşdırılmasına yönəldilməsinə
xidmət edəcək. İcbari tibbi sığorta səhiyyə
sahəsinə ayrılan bütün vəsaitlərin vahid bir
mənbədə cəmləşdirilməsini və əhalinin tibbi xidmətlərdən istifadəsi
üçün çəkilən xərclərin bir mənbədən
maliyyələşdirilməsini təmin edəcək.
İcbari tibbi sığorta sosial həmrəylik, səmərəlilik,
şəffaflıq və keyfiyyət prinsipləri əsasında
fəaliyyət göstərəcək. İcbari Tibbi
Sığorta üzrə Dövlət Agentliyindən verilən
məlumata görə, hazırda icbari tibbi sığorta pilot
layihə şəklində Mingəçevir şəhəri
və Yevlax rayonunda artıq üçüncü,
Ağdaş rayonunda isə ikinci ildir ki, tətbiq edilir. Pilot ərazilərdə İcbari Tibbi Sığorta
üzrə Dövlət Agentliyinin tabeliyinə verilmiş tibb
müəssisələrində tibbi xidmətlərin keyfiyyətini
yüksəltmək və tibbi xidmətlərə əlçatanlığı
artırmaq məqsədilə bir sıra tədbirlər
görülüb.
Yevlaxda 2017-ci ilin fevralından icbari tibbi
sığortanın tətbiqinə başlanıb
Hazırda
Yevlax rayonunda da pilot layihə uğurla davam edir. “Yevlax Rayon Xəstəxanası”
publik hüquqi şəxsin direktoru Azər İsmayılov
bildirib ki, 2017-ci il Yevlax səhiyyəsi
üçün yeni sistemə keçidlə əlamətdar
oldu. Onun sözlərinə görə, respublika Prezidenti cənab
İlham Əliyevin “Mingəçevir şəhərinin və
Yevlax rayonunun inzibati ərazilərində icbari tibbi
sığortanın tətbiqinə dair pilot layihənin həyata
keçirilməsi ilə bağlı tədbirlər
haqqında” 2016-cı ilin 29 noyabrında imzaladığı Fərmana
uyğun olaraq 2017-ci ilin fevralından Yevlaxda icbari tibbi
sığortanın tətbiqinə başlanıb: “Bu, demək
olar ki, Azərbaycanın səhiyyə sistemində yeni bir
eranın başlanğıcı, tibbin istisnasız olaraq
bütün sahələrində dəyişikliklərə,
yeniliklərə, ilklərə imza atılması, insan
sağlamlığını qorumaq naminə mütərəqqi
və təcrübədə sınanmış
üsulların reallaşması idi. Pilot ərazi olaraq seçilmiş
Yevlaxda İcbari Tibbi Sığorta üzrə Dövlət
Agentliyi rəhbərlərinin inanıb etibar etdiyi, güvəndiyi
bir komanda ilə işə başladıq. Artıq 3 ilə
yaxındır ki, İTS Yevlaxda geniş, məqsədyönlü
fəaliyyətdədir, insanlara öz humanist prinsiplərinə
uyğun olaraq əlçatan, şəffaf və keyfiyyətli
tibb xidməti göstərir, ən başlıcası, xəstələrin
maliyyə yükünün azalmasında öz önəmli
rolunu oynayır. Yevlaxda İTS-nin uğurları
deyəndə ilk öncə adamın gözü önünə
səssizliyi pozulmuş xəstəxana dəhlizlərindəki
çoxsaylı insan toplumu, tam təmənnasız həkim qəbulundan
ayrılan pasiyentlərin gülər üzləri, çoxlu
maliyyə tələb edən xəstəliklərin müalicəsi
üçün verilən yollayışlar nəticəsində
problemləri çözülən insanlar gəlir. Bir
daha demək istəyirəm ki, bütün bu
saydıqlarım Azərbaycanı Cənubi Qafqazda lider
dövlətə çevirən, dünya miqyasında
tanıdan Prezident İlham Əliyevin həyata keçirdiyi
islahatlar nəticəsində araya-ərsəyə gəlib, məhz
sözügedən islahatların kontekstində səhiyyənin
səmərəsi artırılıb, intensivləşməsi
üçün baza yaradılıb, sahənin beynəlxalq əlaqələri
genişləndirilib. Bu gün fəxrlə,
qürurla təmsil etdiyimiz İTS-nin simasında Azərbaycan
səhiyyəsi özünün yeni inkişaf mərhələsini
yaşayır. Və inanıram ki,
yaxın gələcəkdə ölkədə İTS-nin tətbiqi
səhiyyənin maliyyələşdirilməsinin yeni mənbələrinin
yaradılmasına, əhaliyə keyfiyyətli, şəffaf, əlçatan
tibbi xidmətin göstərilməsinə, tibb müəssisələrinin
maddi-texniki bazasının gücləndirilməsinə,
müalicə və diaqnostika imkanlarının genişləndirilməsinə
gətirib çıxaracaq”.
A.İsmayılov qeyd edib ki, göstərilmiş tibbi
xidmətlər müqabilində tibb işçilərinin
mövcud əməkhaqlarına müəyyən olunmuş əlavələr
onların əməyinin stimullaşdırılmasına və
sosial rifah halının yüksəlməsinə yol
açıb.
Bütün bunları faktlarla əsaslandıran
direktorun sözlərinə görə, İTS-nin tətbiq
edildiyi dövrdə “Yevlax Rayon Mərkəzi Xəstəxanası”
publik hüquqi şəxsinə və tabeliyində olan tibb
müəssisələrinə 2017-ci ildə 255363, 2018-ci ildə
284500, 2019-cu ildə 382661 nəfər ambulator qaydada müraciət
edib. Onlardan 3432 (2017-ci il), 4103 (2018-ci
il) və 4534 (2019-cu il) nəfər stasionar müalicəyə
cəlb olunub. 163 nəfər həkimlə fəaliyyət
göstərən tibb müəssisəsində 2017-ci ildə
799, 2018-ci idə 788, 2019-cu ildə 904 cərrahi əməliyyat
baş tutub, ümumilikdə 6027 nəfərə özəl
və dövlət tibb müəssisələrinə göndəriş
verilib. Əlavə olaraq qeyd etməyə dəyər
ki, “Yevlax Rayon Mərkəzi Xəstəxanası” publik
hüquqi şəxsində 2017-ci ildə 425, 2018-ci ildə
566, 2019-cu ilin 11 ayı ərzində 587 körpə
dünyaya göz açıb.
Tibbi xidmətlərə
əlçatanlığın artırılması
üçün 7 Ailə Sağlamlıq Mərkəzi əhalinin
istifadəsinə verilib
A.İsmayılov hesab edir ki, bütün bu uğurlu rəqəmlər
isə elə ilk günlərdən yeni sistemin tətbiqi ilə
əlaqədar xəstəxanada tibbi xidmətin keyfiyyətinin
artırılması məqsədilə özündə
nailiyyəti ehtiva edən addımların atılması sayəsində
olub. Belə
ki, Təcili Tibbi Yardım bölməsində
qırmızı, yaşıl, sarı sahələr
yaradılıb, tirajlama işinə başlanıb, laborator
xidmətin inkişafı üçün həkim-laborantlar
kurslara cəlb edilib, yeni işçilər qəbul edilib, xəstələrin
təhlükəsizliyinin təmin edilməsi məqsədilə
mühafizə və polis sistemi yaradılıb. Əlavə olaraq tibbi xidmətlərə əlçatanlığın
artırılması üçün 7 Ailə
Sağlamlıq Mərkəzi əhalinin istifadəsinə
verilib. Həmçinin Ailə
Sağlamlıq Mərkəzlərində ambulator qəbul ilə
yanaşı, sahə həkim və tibb bacıları mütəmadi
olaraq yataq xəstələrinin, eləcə də hamilə
qadınların və körpələrin evlərdə
müayinəsini həyata keçirir. Bununla
yanaşı, sözügedən tibb müəssisələrində
rentgen, USM, qanalma, əqli inkişaf qüsurları olan
uşaqlar üçün loqoped xidməti əhaliyə təqdim
edilir.
Vətəndaşların
dövlətin ən böyük və qiymətli kapitalı
olduğunu deyən direktor söyləyib ki, ölkədə
icbari tibbi sığortanın tətbiqilə əlaqədar
seçilən 3 pilot ərazidən biri olaraq Yevlaxda artıq
3 ilə yaxındır ki, rayon səhiyyəsi, mübaliğəsiz
olaraq, hər günü bir yeniliklə açır: “Yeni olan
hər bir şeyin topluma təqdim olunması, təbii ki,
müxtəlif çalarlı reaksiyalar doğura bilər, birmənalı
qarşılanmaz, eləcə də onun mövcudluğu bəlli
bir zaman kəsiyində qala bilər. Lakin səhiyyədə
tamamilə təzə, inqilabi yeniliyin tətbiqində fərqli
bir nəticə özünü göstərdi. Yevlax
insanları az bir zaman içərisində
icbari tibbi sığortaya böyük əksəriyyətlə
eyni mövqedə dayanaraq eyni qiyməti verdilər. Publik
hüquqi şəxs statuslu Yevlax Rayon Xəstəxanasında
yeni sistemə keçidlə bağlı həyata
keçirilən qeydiyyat-qəbul qaydalarına, tibbi
prosedurlardan istifadədə tətbiq edilən ilklərə az zaman içərisində
alışdılar. Bunlar da nəticədə həkim-xəstə
münasibətlərinə insanda məmnunluq yaradan bir səviyyə,
bir mədəniyyət gətirdi. Çağdaş
zamanda xəstəxanada aparılan struktur dəyişiklikləri
nəticəsində rayon sərhədlərindən kənara
çıxmadan istənilən analizi etdirmək
mümkündür, yeni yaradılmış, ən son tibb
avadanlıqları, bacarıqlı, təcrübəli həkim
personalı ilə təchiz edilmiş müasir laboratoriya 24
saat ərzində fəaliyyət göstərir. Son olaraq onu
demək istəyirəm ki, biz pilot ərazi olaraq Yevlaxda
İTS-nin elə bir modelini yaratmağa iddialıyıq ki,
üzümüzə gələn ildən mərhələli
şəkildə ölkə ərazisində tətbiqi qərarlaşdırılan
icbari tibbi sığortanın sonrakı inkişafı
üçün qiymətli təcrübələr
qazanılsın, ölkə əhalisinin sistemdən olan
gözləntilərinin reallaşması üçün əsaslar
yaransın”.
Sakinlər
bu sistemin tətbiqindən məmnundurlar
Qeyd edək ki, Yevlax rayonunun sakinləri də icbari tibbi
sığortanın tətbiqindən razılıq edirlər. Məsələn, Yevlax
şəhər Yaradıcılıq Evinin əməkdaşı
Taleh Əzimov yeni sistemin üstünlüyünü belə
vurğulayır: “Bu yaxınlarda Mədəniyyət
İşçiləri Həmkarlar İttifaqı Rayon Komitəsinin
xətti ilə 2 ildən artıq müddətdə şəhərimizdə
fəaliyyət göstərən icbari tibbi
sığortanın rəhbərliyi mədəniyyət
işçilərinin görüşünə gəlmişdi.
Bu görüşdə mən də iştirak
edirdim. Mədəniyyət təmsilçiləri
onları maraqlandıran sualları Rayon Mərkəzi Xəstəxanası
publik hüquqi şəxsin direktoru Azər İsmayılova
ünvanlayırdılar. Həkimlər bu
suallara ətraflı, aydın və səlis cavablar verirdi.
Mən də keçirdiyim xroniki xəstəliklə,
dərman təchizatında yaşadığım problemlərlə
bağlı suallarımı səsləndirdim. Cavab müsbət oldu, problemin həll ediləcəyinə
söz verdilər. Çox tezliklə
qarşılaşdığım problem öz həllini
tapdı. Məni xəstəxanaya dəvət
etdilər, burada görüşümüz baş tutdu, elə
yanımdaca dərmanlarımın hər ay müntəzəm
olaraq çatdırılması ilə bağlı göstəriş
verildi. Bu humanist jest Yevlax səhiyyəsində
icbari tibbi sığortanın tətbiqinin ifadəsidir. Bu sistemin tətbiqinə görə ölkə
Prezidenti başda olmaqla əməyi keçən hər kəsə
təşəkkür edirik”.
Yevlax
şəhərinin digər sakini Mərifət Qurbanov isə
uzun müddət ürəyinin ağrıdığını
söyləyib: “Bu ağrı bəzən o qədər
şiddətli olurdu ki, nəfəs belə almaqda çətinlik
çəkirdim. Xəstəxanada olub, həkimlərin
müayinəsindən keçmişdim. Bilirdim
ki, ürəyimə gedən damarlar tutulub və mənə
mütləq əməliyyat etdirmək lazımdır. Lakin bunun üçün lazımi vəsaiti tapa
bilmirdim. Bax belə ümidsiz vəziyyətimdə
doğma şəhərim Yevlaxda fəaliyyət göstərən
icbari tibbi sığorta mənim dadıma yetişdi. Mənə açıq ürək əməliyyatı
etdirmək üçün Gəncə Mərkəzi
Klinikasına yollayış verdilər. Bununla
da problemim çözüldü. Əməliyyatdan sonra
özümü normal və gümrah hiss edir, əvvəlki
enerji ilə çalışıram. Ürəyimin
sağalmasında mənə yardımçı olan “Yevlax
Rayon Mərkəzi Xəstəxanası” publik hüquqi şəxsin
qayğıkeş və mərhəmətli əməkdaşlarına
təşəkkür edirəm”.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 14 dekabr.- S.5