Azərbaycanın regionlarında tikinti-quruculuq işləri uğurla davam etdirilir

 

Həyata keçirilən tədbirlər nəticəsində respublikamızın bölgələrinin siması əhəmiyyətli dərəcədə dəyişib

Azərbaycan Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən uğurlu siyasətin nəticəsində ötən illər ərzində böyük inkişaf yolu keçib. Bu hərtərəfli inkişaf bütün sahələri əhatə etməklə yanaşı, ölkəmizin milli gücünün artmasını təmin edib. Həyata keçirilən uğurlu sosial-iqtisadi siyasətin nəticəsi kimi, ötən illər ərzində ölkəmizin valyuta ehtiyatları artıb, müxtəlif sahələri əhatə edən layihələr uğurla reallaşdırılıb, islahatlar müvəffəqiyyətlə davam etdirilib. İqtisadiyyatın şaxələndirilməsinə nail olmaq üçün reallaşdırılan islahat xarakterli tədbirlər, eyni zamanda, yeni inkişaf perspektivlərinin meydana çıxmasını şərtləndirib. Paralel şəkildə, ölkəmizdə sosial-iqtisadi infrastruktur müasir tələblərə uyğun yenidən qurulub, iqtisadiyyatın şaxələndirilməsi müvəffəqiyyətlə həyata keçirilib.

Yeri gəlmişkən qeyd edək ki, Dövlət Statistika Komitəsindən verilən məlumata görə, bu ilin 9 ayında əsas kapitala yönəldilmiş ümumi vəsaitin 49,4 faizi sənaye, 22,1 faizi isə tikinti sahələrinə yönəldilib. 9 ayda əsas kapitala yönəldilmiş ümumi vəsaitin 13,4 faizi nəqliyyat və anbar təsərrüfatı, 3,5 faizi kənd təsərrüfatı, meşə təsərrüfatı və balıqçılıq, 2,9 faizi dövlət idarəetməsi və müdafiə, sosial təminat, hər birində 2 faiz olmaqla informasiya və rabitə, təhsil, hər birində 0,9 faiz olmaqla əhaliyə səhiyyə və sosial xidmətlərin göstərilməsi, ticarət, nəqliyyat vasitələrinin təmiri, 0,7 faizi inzibati və yardımçı xidmətlərin göstərilməsi, 0,6 faizi peşə, elmi və texniki fəaliyyət, hər birində 0,5 faiz olmaqla turistlərin yerləşdirilməsi və ictimai iaşə, digər sahələrdə xidmətlərin göstərilməsi, 0,3 faizi maliyyə və sığorta fəaliyyəti, 0,2 faizi istirahət, əyləncə və incəsənət sahəsində fəaliyyət, 0,1 faizi daşınmaz əmlakla əlaqədar əməliyyatlar sahələrinə sərf edilib.

Beləliklə, bu gün öz inkişafına görə regionun lider dövləti olan Azərbaycan ötən hər gün ərzində yeni-yeni uğurlar əldə edir. Bu nailiyyətlərin əsasında isə düşünülmüş və bütün sahələri əhatə edən siyasət, həmçinin uğurla reallaşdırılan müvafiq Dövlət proqramları dayanır. Öz növbəsində regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramlarının reallaşdırılması respublikanın bölgələrinin hərtərəfli inkişafını təmin edib və hər bir rayonda əldə edilən uğurlarla müşayiət olunub. Təsadüfi deyil ki, məhz bu proqramlar çərçivəsində regionlarda genişmiqyaslı tikinti-quruculuq və abadlıq işləri görülüb. Bu ilin geridə qalan ayları ərzində də bu istiqamətdə işlər davam etdirilib. Bunu ayrı-ayrı rayonların timsalında da görmək olar.

İsmayıllıda şəhid ailələri və Qarabağ müharibəsi əlilləri üçün fərdi evlər tikilir

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin sifarişi ilə İsmayıllı rayonunda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 10 fərdi yaşayış evi tikilir. Yaşayış evləri İsmayıllı şəhərində, Təzəkənd, Ağbulaq və digər kənd yaşayış məntəqələrində inşa olunur.

Qeyd edək ki, ölkəmizdə Qarabağ müharibəsi əlilləri və şəhid ailələrinə göstərilən dövlət qayğısı, bu istiqamətdə reallaşdırılan layihələr İsmayıllı rayonunda da minnətdarlıqla qarşılanır. İndiyədək rayonda Qarabağ müharibəsi əlilləri və şəhid ailələri üçün 27, 16 və iki 36 mənzilli dörd ictimai yaşayış binası, habelə 11 fərdi yaşayış evi tikilib.

Tərtər Olimpiya İdman Kompleksinin tikintisi yekunlaşıb

Tərtər şəhərində isə inşa edilən Azərbaycanda sayca 44-cü Olimpiya İdman Kompleksində tikinti işləri yekunlaşıb. Tərtər Olimpiya İdman Kompleksinin tikintisi Azərbaycan Prezidenti İlham Əliyevin 2014-cü il 27 fevral tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”na əsasən aparılıb. Prezident İlham Əliyev “Tərtər rayonunda Olimpiya İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb.

Tikintidə iş icraçısı Atamalı Hüseynov bildirib ki, dörd hektar ərazidə inşa edilən Olimpiya İdman Kompleksinin ümumi sahəsi 10 min 792 kvadratmetrdir. İdman infrastrukturunda müxtəlif idman növləri üzrə məşqlərin və yarışların keçirilməsi üçün nəzərdə tutulan universal zal, üzgüçülük hovuzu, sauna, güləş, boks, basketbol və trenajor zalları, tennis kortu inşa edilib. Burada həmçinin mehmanxana, konfrans zalı, restoran, qış və yay kafeləri, mətbəx, həkim otaqları, inzibati kabinetlər, tamaşaçılar üçün sanitar qovşaqlar, digər texniki və köməkçi otaqlar da yaradılıb. Fiziki imkanları məhdud olan tamaşaçıların və idmançıların kompleksdən tam və təhlükəsiz istifadə etmələri üçün zəruri şərait yaradılıb. Kompleksin ərazisində min tamaşaçı yerlik tribunası olan stadion, mini-futbol, voleybol və basketbol meydançaları, transformator, qazanxana, nasosxana, hər biri 400 kubmetrlik içməli və yanğın su anbarları, avtodayanacaq, nəzarət buraxılış məntəqəsi də inşa edilib.

Hazırda kompleksdə son tamamlanma işləri aparılır. Tərtər şəhərində Olimpiya İdman Kompleksinin inşa edilməsi cəbhə bölgəsində yaşayan gənclərin sağlam həyat tərzi sürmələri, onların idmanla sərbəst məşğul olmalarında mühüm rol oynayacaq.

Yardımlı rayonunda da İdman Kompleksi inşa olunur. Prezident İlham Əliyev 2019-cu il dekabrın 3-də “Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması ilə bağlı tədbirlər haqqında” Sərəncam imzalayıb. Sərəncama əsasən, Yardımlı rayonunda İdman Kompleksinin tikintisinin başa çatdırılması məqsədilə Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 15 yanvar tarixli 890 nömrəli Sərəncamı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsində digər layihələr üzrə dövlət əsaslı vəsait qoyuluşu (investisiya xərcləri) üçün nəzərdə tutulan vəsaitin bölgüsü”nün 1.20.4-cü yarımbəndində göstərilmiş məbləğin 7 milyon 511 min 400 manatı Azərbaycan Respublikasının Gənclər və İdman Nazirliyinə ayrılıb.

Qobustanda 48 mənzilli ictimai yaşayış binası və emal zavodu inşa olunur

Hazırda regionlarda yeni yaşayış binalarının tikintisi də uğurla davam etdirilir. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2019-cu il 7 may tarixli Sərəncamı ilə Qobustan şəhərində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılması məqsədilə istismar müddəti başa çatmış 6 ikimərtəbəli 8 mənzilli binanın sakinləri üçün yeni dördmərtəbəli 48 mənzilli bina inşa olunur. Bu məqsədlə Prezidentin ehtiyat fondundan 3 milyon manat vəsait ayrılıb.

Şəhərin M.Ə.Sabir küçəsində tikilən binanın hazırda dördüncü mərtəbəsində hörgü işləri aparılır. İnşaat işləri “Cənub Təmir-Tikinti” MMC-nin Qobustan filialı tərəfindən görülür. 48 mənzilli ictimai yaşayış binasında 26 üçotaqlı, 14 ikiotaqlı və 8 birotaqlı mənzil olacaq. Binanın gələn ilin mayınadək istifadəyə verilməsi nəzərdə tutulub.

Bundan başqa, Qobustan rayonunda Kənd Təsərrüfatı Nazirliyinin sifarişi ilə illik istehsal gücü 3000 ton olan dənli bitkilərin emalı zavodu tikilir. Smeta dəyəri 3 milyon 800 min manat olan emal zavodu 1,9 hektar ərazini əhatə edir. Zavodun ərazisində ikimərtəbəli inzibati bina, nəzarət buraxılış məntəqəsi, 1000 kvadratmetr sahəsi olan taxıl təmizləmə bloku, toxum üçün 2 ədəd 1000 tonluq, 2 ədəd 500 tonluq silo, 50 tonluq taxıl bunkeri, yükləmə və daşıma üçün qurğu və elevatorlar, 100 tonluq tərəzi, hər biri 100 kubmetr su tutan 2 su anbarı inşa edilib.

Emal zavodunun ilin sonunadək istifadəyə verilməsi nəzərdə tutulur. Burada 14 daimi iş yeri açılacaq.

İmişlidə və Astarada yeni yaşayış binası tikilib

İmişli rayonunda da əhalinin mənzil şəraitinin daha da yaxşılaşdırılması məqsədilə şəhərin Abbasqulu bəy Şadliniski küçəsində 48 mənzilli yaşayış binasının tikintisi tam başa çatıb. Prezident İlham Əliyevin imzaladığı Sərəncamla ayrılan vəsait hesabına inşa olunan 4 mərtəbəli binanın tikintisinə ötən ilin dekabrında başlanılıb. Artıq binada sakinlərin rahat yaşamaları üçün bütün zəruri işlər görülüb. Yaşayış evinin dayanıqlı elektrik enerjisi, su və istiliklə təmin olunması üçün transformator quraşdırılıb, 100 tonluq su anbarı tikilib, mənzillərdə kombi sistemi quraşdırılıb. Həmçinin ərazidə abadlıq işləri aparılıb, asfalt və tamet döşənilib, yaşıllıqlar salınıb.

Yaşayış binası yaxın günlərdə sakinlərini qəbul edəcək. Qeyd edək ki, binadakı mənzillərin 12-si bir, 18-i iki, 14-ü üç, 4-ü isə dörd otaqlıdır.

Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən, əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə Astara şəhərinin Həzi Aslanov küçəsində inşa edilən 48 mənzilli, dördmərtəbəli yeni yaşayış binası isə artıq sakinlərin istifadəsinə verilib. Ötən əsrin 50-ci illərində Astara şəhərindəki balıq zavodunda işləyən fəhlə və qulluqçular üçün tikilmiş fərdi yaşayış evləri istismar müddətini başa vurduğuna görə həmin binalar sökülərək yerində müasir tipli, çoxmənzilli, yeni yaşayış evi tikilib. Bu məqsədlə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Astara Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Çoxmənzilli yaşayış binasının tikintisinə ötən ilin dekabr ayında başlanılıb. Yaşayış binasında mənzillərin 12-si üç, 24-ü iki və 12-si bir otaqlıdır. Tikintidə “Elnur-2” Universal İxtisaslaşmış Kommersiya Şirkətinin (UİKŞ) inşaatçıları ilə yanaşı, 50-yə yaxın yerli işçi çalışıb.

(davamı növbəti sayımızda)

Nardar BAYRAMLI

 

Yeni Azərbaycan.- 2019.- 17 dekabr.- S.7