Azərbaycanın regionlarında tikinti-quruculuq işləri uğurla davam etdirilir

 

Həyata keçirilən tədbirlər nəticəsində respublikamızın bölgələrinin siması əhəmiyyətli dərəcədə dəyişib

(əvvəli ötən sayımızda)

 

Yeni yaşayış binasının açılışı mərasimində çıxış edən Astara Rayon İcra Hakimiyyətinin başçısı Qəzənfər Ağayev mənzil alan rayon sakinlərini əlamətdar hadisə münasibətilə təbrik edərək, onlara ən xoş arzularını çatdırıb. Qəzənfər Ağayev binanın sakinlərinə orderləri təqdim edərək bildirib ki, bu gün hamımız üçün unudulmaz, sevincli bir gündür. Sevinirik ki, vətəndaşlarımız köhnə, şəraitsiz evlərdən yaraşıqlı, hər cür kommunal şəraiti olan yeni mənzillərə köçür, arzularına qovuşurlar.

Dünyanın heç bir dövlətində, hətta güclü iqtisadiyyata malik inkişaf etmiş ölkələrdə vətəndaşlara dövlət hesabına, təmənnasız evlər verilmədiyini vurğulayan İcra Hakimiyyətinin başçısı deyib: “Prezidentimiz yüksək humanistlik göstərərək, nəinki imtiyazlı şəxslərin, hətta adi vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılması üçün qərarlar qəbul edir, sərəncamlar verir. Biz bu gün belə bir qərarın bariz nümunəsini görürük. Elə bu binanın qonşuluğunda yerləşən, təbii fəlakət nəticəsində evləri qəzalı vəziyyətə düşmüş rayon sakinləri üçün də Prezident İlham Əliyevin 2019-cu il 3 iyun tarixli Sərəncamı ilə ayrılan vəsait hesabına 36 mənzilli daha bir binanın inşasına başlanılıb”.

Ölkəmizdə vətəndaşların mənzil şəraitinin yaxşılaşdırılmasına yönələn bu layihələrin reallaşdırılmasının əhalini narahat edən ən böyük sosial problemlərinin həllinə xidmət etdiyini deyən Q.Ağayev Azərbaycanın heç zaman indiki kimi güclü olmadığını diqqətə çatdırıb: “Sabitlik, əmin-amanlıq şəraitində yaşayan xalqımız bu inkişafa, tərəqqiyə görə Ulu Öndər Heydər Əliyevin siyasətini uğurla davam etdirən Prezident İlham Əliyevə minnətdardır. Əhalinin sosial müdafiəsinin gücləndirilməsi, rifahının yaxşılaşdırılması daim dövlətimizin başçısının diqqətindədir. Bunu gündən-günə yaxşılaşan sosial həyatımızın hər sahəsində hiss edirik. Azərbaycanımızın daha güclü olması üçün biz də hər zaman ölkə rəhbərinə dəstək olmalı, ətrafında sıx birləşməli, birlik nümayiş etdirərək müstəqil dövlətimizin tərəqqisi və inkişafına töhfələrimizi verməliyik”.

Yeni yaşayış binasında mənzilə sahib olan sakinlərdən Yazgül Əliyeva, Zakir Ramazanov, Hafizə Məmmədova, Sevil Lətifova, Qızlar Əliyeva və başqaları çıxış edərək bu soyuq havalarda onlara isti mənzillər hədiyyə etdiyinə, köhnə, şəraitsiz taxta evlərinin əvəzində bütün kommunal xidmətlərlə əhatə olunmuş yaraşıqlı mənzillər verdiyinə görə Prezident İlham Əliyevə minnətdarlıqlarını bildiriblər.

Qeyd edək ki, yeni yaşayış binasının yanında təbii fəlakətdən və torpaq sürüşməsindən ziyan çəkən rayon sakinləri üçün 36 mənzilli, dördmərtəbəli yaşayış evinin də tikintisinə başlanılıb. Ərazidə istirahət guşələri salınacaq, avtonəqliyyat vasitələri üçün dayanacaq da inşa ediləcək.

Naftalanda 200 yerlik uşaq bağçası inşa olunub

Naftalan şəhərində isə yeni inşa edilən 200 yerlik körpələr evi-uşaq bağçası balaca sakinlərini qəbul etməyə hazırdır. Naftalan Şəhər İcra Hakimiyyətindən bildirilib ki, Prezident İlham Əliyev 2018-ci il iyunun 5-də Naftalana səfərindən sonra şəhərdə 200 yerlik yeni məktəbəqədər təhsil müəssisəsinin tikintisi məqsədilə müvafiq Sərəncam imzalayıb. Binanın tikintisi məqsədilə Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Prezidentin ehtiyat fondundan Naftalan Şəhər İcra Hakimiyyətinə 3 milyon manat ayrılıb.

Ümumi sahəsi 2196,6 kvadratmetr olan ikimərtəbəli binada mətbəx, yemək və yataq otaqları, musiqi, idman və əyləncə zalları inşa edilib, mərkəzləşdirilmiş istilik sistemi yaradılıb, bina isti və soyuq su ilə təchiz edilib.

Bina müasir inventar və mebel dəstləri ilə təchiz edilib və uşaqların sevimli nağıl qəhrəmanlarının şəkilləri ilə bəzədilib. Həyətdə ehtiyat su anbarı, qazanxana və gözətçi məntəqəsi tikilib.

Körpələr evi-uşaq bağçasının bir hektara yaxın ərazisində balacaların əylənməsi üçün 10 ədəd söhbətgah quraşdırılıb. Həmçinin ərazi asfaltlanıb, daş örtük döşənib və müasir işıqlandırma sistemi çəkilib. Yaxın günlərdə yaşıllıq zolağının salınması işlərinə başlanılacaq.

Bu məktəbəqədər təhsil müəssisəsi istifadəyə verildikdən sonra Naftalanda sayca ikinci müəssisə olacaq.

Naxçıvan MR-in Kəngərli, Ordubad və Şərur rayonlarında da quruculuq işləri uğurla həyata keçirilir

Azərbaycanın qədim diyarı olan Naxçıvanda da quruculuq işləri uğurla davam etdirilir. Qabaqcıl dünya təcrübəsini və inşaat texnologiyalarını mənimsəyən tikinti sektoru muxtar respublikaya sürətli quruculuq, yüksək keyfiyyət və müasir dizayn gətirmişdir. Böyük təcrübə sahibi olan Naxçıvan mütəxəssisləri öhdələrinə götürdükləri işi qısa müddətdə və yüksək keyfiyyətlə başa çatdırır, verilən tapşırıqları vaxtında yerinə yetirirlər. Tikinti-quruculuq işləri aparılarkən müasirliklə milliliyin vəhdəti əsas götürülür. Bütün bunların nəticəsidir ki, Naxçıvan şəhərində, rayon mərkəzlərində və kəndlərdə aparılan geniş tikinti-quruculuq, abadlaşdırma işləri, yolların və körpülərin tikintisi yaşayış məntəqələrinin simasını tamamilə dəyişdirib. Bu gün Naxçıvan Muxtar Respublikasında həyata keçirilən abadlıq və quruculuq işləri insanlar tərəfindən böyük məmnunluqla qarşılanır.

Muxtar respublikada həyata keçirilən quruculuq tədbirləri Kəngərli rayonunu da əhatə edib. Hazırda rayonun Böyükdüz kəndində kompleks quruculuq işləri aparılır. Kənddə tikilən yeni obyektlərdən biri də birmərtəbəli xidmət mərkəzinin binasıdır. Burada ət satışı dükanı, dərzi sexi, bərbər və gözəllik salonu sakinlərin istifadəsinə veriləcəkdir. Eyni zamanda, binada ərzaq və təsərrüfat mallarının saxlanılması üçün anbarlar da yerləşəcək. Burada da artıq işlər yekunlaşdırılıb.

Digər inşa olunan bina isə həkim ambulatoriyası üçün nəzərdə tutulub. Birmərtəbəli binada beton-qəlib işləri başa çatdırılıb, dam örtüyü vurulub. Hazırda daxildə hörgü işləri aparılır. Bu səhiyyə müəssisəsində stomatoloq üçün kabinə, doğuş, peyvənd, aptek, tibb bacısı, manipulyasiya və laboratoriya otaqları, palata nəzərdə tutulub.

Həyata keçirilən inşaat işləri Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Naxçıvan Şəhər İdarəsinin kollektivi tərəfindən görülür.

Son illər Ordubad rayonunda da əhalinin firavan yaşayışının təmin olunması üçün həyata keçirilən tədbirlərin nəticəsində abadlıq və quruculuq işlərinin həcmi daha da genişlənib. Hazırda Ordubad şəhərində içməli su və kanalizasiya sistemlərinin, Ordubad Su Elektrik Stansiyasının tikintisi davam etdirilir. Kənddaxili yollar təmir olunur, kommunikasiya xətləri yenilənir. Ordubad-Culfa magistral yolu əsaslı şəkildə yenidən qurulur.

Rayonun ən böyük yaşayış məntəqələrindən biri olan Vənənd kəndində yeni tam orta məktəb, musiqi məktəbi, kənd və xidmət mərkəzləri, həkim ambulatoriyası inşa olunur. Həmçinin Ordubad şəhərində zirzəmi ilə birlikdə 8 mərtəbəli yeni yaşayış, Anaqut kəndində isə məscid binalarının tikintisi davam etdirilir.

Anaqut kəndində inşa olunan məscid binası 255 kvadratmetr ərazini əhatə edir. Bu ünvanda tikinti işləri, demək olar ki, başa çatdırılıb, məscidin minarəsinə mərmər üzlük çəkilir. Binanın ətrafında 1000 kvadratmetr ərazidə səkilər və pilləkənlər düzəldilib, buraya gələn avtomobil yolunun ətrafı abadlaşdırılıb, yola asfalt örtük salınıb.

Bu ilin yaz aylarından başlayaraq Vənənd kəndində həyata keçirilən kompleks quruculuq işləri çərçivəsində 3 mərtəbəli musiqi, 432 şagird yerlik 2 mərtəbəli tam orta məktəb binalarının, 2 mərtəbəli kənd mərkəzinin, həkim ambulatoriyasının və xidmət mərkəzinin tikintisində əsas işlər başa çatdırılıb. Bu ünvanlarda inşaat işlərini Naxçıvan Muxtar Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin Ordubad Rayon İdarəsinin inşaatçıları həyata keçirirlər.

Ordubad şəhərinin Heydər Əliyev prospektində inşa olunan yaşayış binasında isə tikinti işləri, əsasən, başa çatıb. Hazırda həmin ünvanda daxili divarların hörgüsü və suvaq, eləcə də fasad divarının suvanması işləri həyata keçirilir.

Muxtar respublikanın ən böyük bölgəsi olan Şərur rayonunda da istehsal, təhsil, səhiyyə müəssisələri üçün binaların tikintisi, yolların və digər infrastrukturların yenilənməsi diqqət mərkəzində saxlanılır. Cari ildə də belə tədbirlər sürətlə davam etdirilir. Hazırda Şərur şəhərində yollar və səkilər yenidən qurulur, hündürmərtəbəli yaşayış binası, “Naxçıvanbank” Açıq Səhmdar Cəmiyyəti Şərur Rayon Filialı üçün inzibati bina, mədəniyyət sarayı tikilir, təqaüdçülər üçün nəzərdə tutulmuş bina və mərkəzi univermaq əsaslı təmir olunur.

Son illər rayon mərkəzində ictimai yaşayış binalarının əsaslı təmiri də diqqət mərkəzində saxlanılır. Təkcə bu il Şərur şəhərinin Nəriman Nərimanov küçəsindəki 6 və Kapitan Seyidov küçəsindəki 9 nömrəli yaşayış binalarının əsaslı şəkildə təmiri başa çatdırılıb. Kapitan Seyidov küçəsindəki üçmərtəbəli 11 nömrəli daha bir yaşayış binasının təmiri yekunlaşmaq üzrədir.

24 mənzilli binanın əvvəlki dam örtüyü yenilənib. Fasad hissəyə yeni üzlük çəkilib, nəzərdə tutulmuş yerlərə milli ornamentlərə uyğun cilalanmış travertinlər vurulub. Qapı və pəncərələr, qaz, su və elektrik xətləri dəyişdirilib, dəhlizlərdə paylayıcı elektrik şitləri qoyulub. Yağış sularını axıtmaq üçün nəzərdə tutulmuş metal borular plastik borularla əvəzlənib. Zirzəmidə və dəhlizlərdə təmir işləri davam etdirilir, mərtəbələrarası pilləkənlərə travertin üzlük döşənir. Binanın ətrafında layihədə nəzərdə tutulmuş abadlıq işləri görülür, səkilərə kilit daşlar döşənir, kənarlarına bordürlər düzülür.

Binadakı əsaslı təmir işləri yaxın günlərdə başa çatdırılacaq.

Qeyd edək ki, rayonun Muğancıq Mehrab, Xələc kəndlərində aparılan kompleks quruculuq işləri yekunlaşmaq üzrədir.

 

Nardar BAYRAMLI

Yeni Azərbaycan.- 2019.- 18 dekabr.- S.7