Mədəniyyət Nazirliyinin
dəstəyi ilə Azərbaycanlı fotojurnalist
Hələb şəhərində Nəsiminin məqbərəsini
ziyarət edib
Prezident İlham Əliyevin müvafiq sərəncamları ilə bu il ölkəmizdə “Nəsimi ili” elan olunub və Azərbaycanın şair mütəfəkkirinin 650 illiyi silsilə tədbirlərlə qeyd edilir. Yubiley ili çərçivəsində ölkəmizdə və onun hüdudlarından kənarda müxtəlif layihələr həyata keçirilir, İmadəddin Nəsiminin əsərləri müxtəlif dillərə tərcümə edilərək nəşr olunur, yaradıcılığına dair tədqiqatlar aparılır, ömrünü vətəndən uzaqda başa vuran şairin həyatı ilə bağlı yeni məlumatlar üzə çıxarılır.
Məlum olduğu kimi, İmadəddin Nəsiminin məzarı Suriya Ərəb Respublikasının Hələb şəhərindədir. Neçə illərdir hərbi münaqişənin davam etdiyi, böyük dağıntılara məruz qalmış şəhərdə şairin məqbərəsinin taleyi Azərbaycan cəmiyyətində narahatlığa səbəb olub.
Mədəniyyət Nazirliyinin dəstəyi ilə “Mədəniyyət” qəzetinin fotomüxbiri Orxan Əzimov Suriyanın Hələb şəhərində ezamiyyətdə olub. Fotoqraf, böyük çətinliklərlə də olsa, Nəsiminin məqbərəsini ziyarət edərək, abidənin fotolarını çəkib.
Bu barədə AZƏRTAC-a Mədəniyyət Nazirliyindən məlumat verilib.
Orxan Əzimovun sözlərinə görə, üç metr hündürlükdə hasarla əhatələnən məqbərənin yerləşdiyi küçədə divar üzərində ərəb dilində “Həzrət Nəsimi təkkəsi” yazılmış lövhə vurulub və həmin küçə Nəsiminin adını (Əl-Nəsimi) daşıyır. Fotoqraf bildirib ki, məqbərə və onu əhatə edən divarlarda müharibədən öncə başlanmış təmir işləri yarımçıq qalıb: “Abidənin yaxınlığındakı dağıntılar müharibənin dəhşətlərini gözlər önünə sərir. Məqbərənin yerləşdiyi ərazidə şairin nəslinin nümayəndələri və ideya davamçılarının da məzarları var. Məqbərədə və ətrafdakı məzarlarda çatlar var ki, bu da yaxın ərazilərə düşən mərmilərin fəsadlarıdır”.
Fotoqraf səfər müddətində Yaxın Şərqin qədim mədəniyyət mərkəzlərindən biri kimi tanınan, son illərdə isə müharibə zamanı tar-mar olmuş Hələb şəhərinin görüntülərini də çəkib. Şəhərin yeddi giriş qapısından 5-i salamat qalıb, 13 kilometr uzunluğunda tarixi Hələb bazarı tamamilə dağıdılıb. 1986-cı ildən UNESKO-nun Dünya İrs Siyahısında yer alan Hələb qalası da ciddi zərər görüb. Muzeylər, kitabxanalar talan edilib. Hərbi əməliyyatlar dayandırılandan sonra bəzi ərazilərdə bərpa işləri başlanıb, mehmanxanalar, bazarlar istifadəyə verilib. Böyük məhrumiyyətlər görən, müharibənin od-alovundan keçən insanlar gələcəyə ümidlidir.
Orxan Əzimovun dumanlı, çiskinli, bəzən də günəşli olan Hələbdən hazırladığı fotoreportaj İmadəddin Nəsiminin qəriblikdə sərgərdan olan ruhuna ehtiram, böyük şairin məqbərəsinin taleyindən nigaran olan insanlar üçün bir təsəllidir.
Qeyd edək ki, “Mədəniyyət”
qəzetinin fotomüxbirinin Hələb
şəhərinə səfəri zamanı “Nəsimi ili”nə
töhfə olaraq ərsəyə gətirdiyi
fotoşəkillərin Mədəniyyət Nazirliyi
tərəfindən yaxın günlərdə sərgisi təşkil
ediləcək.
Yeni Azərbaycan.-
2019.- 18 dekabr.- S. 8.