Azərbaycanın regionlarında payızlıq taxıl səpini uğurla başa çatmaq üzrədir

 

Bölgələrdə gələn ilin məhsulu üçün aparılan səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnikalar cəlb edilib

Son 15 ildə regionların sosial-iqtisadi inkişafına dair Dövlət proqramları çərçivəsində bölgələrdə böyük layihələr reallaşdırılıb. Müvafiq Dövlət proqramlarının uğurla həyata keçirilməsi nəticəsində bölgələrin siması əsaslı dərəcədə dəyişilib, bütün sahələrdə mühüm inkişaf göstəriciləri əldə olunub. Aqrar sektorun inkişafı, eyni zamanda, bölgələrdə iqtisadi aktivliyin artmasına və fəal məşğul əhalinin əmək bazarına çıxış imkanlarının genişlənməsinə müsbət təsir göstərir ki, bu da dərin sosial əhəmiyyətə malikdir.

Xüsusilə, bu proqramların uğurlu icrası regionlarda kənd təsərrüfatının inkişafında əhəmiyyətli rol oynayıb. Təsadüfi deyil ki, son 15 ildə ölkəmizdə kənd təsərrüfatı təxminən iki dəfəyə yaxın artıb. Bu, olduqca yüksək bir rəqəmdir və dövlətin aqrar sahəyə göstərdiyi diqqət və qayğı onu deməyə əsas verir ki, bu rəqəm ildən-ilə daha da yüksələcək.

Qeyd edildiyi kimi, kənd təsərrüfatının inkişafına göstərilən dəstək nəticəsində bu gün bölgələrimizdə bu sahəyə diqqət də artıb. Eləcə də aqrar sahə ilə məşğul olan fermerlər dövlətin hərtərəfli yardımları ilə təmin edilirlər. Fermerlərin torpaq vergisi istisna olmaqla digər vergilərdən azad edilməsi, onlara subsidiyaların ayrılması, taxılçılıq, pambıqçılıq, tütünçülük, baramaçılıq kimi əmək tutumu və gəlir imkanları böyük olan sahələrin inkişafının təşviq edilməsi, torpaq mülkiyyətçilərinə güzəştli şərtlərlə texnika və gübrə satışı bu qəbildən olan tədbirlər sırasında yer alır.

Ölkəmizdə ərzaq təhlükəsizliyinin daxili istehsal hesabına təmin olunması istiqamətində atılan tədbirlər davam etməkdədir. Etibarlı ərzaq təminatına nail olunmasında isə taxılçılıq strateji əhəmiyyət daşıyır. Bu gün qabaqcıl təcrübənin, intensiv metodların tətbiqi taxılçılıqda istehsalın genişlənməsinə müsbət təsir göstərən vacib amillərdən sayılır. İntensiv metodlardan istifadə edərək məhsuldarlığı artırmaqla ölkədə taxıl istehsalı əhəmiyyətli dərəcədə yüksəlir. Eləcə də respublikamızın regionlarında taxılçılıq sahəsində dünya miqyasında təsdiqini tapan qabaqcıl təcrübənin tətbiqi, o cümlədən də iri fermer təsərrüfatlarının yaradılması uğurla həyata keçirilir.

Yeri gəlmişkən, Cəlilabadın aqrar sektorunun aparıcı sahəsini təşkil edir. Taxıl zəmilərinin 80 faizini dəmyə əkinçiliyi təşkil edən Cəlilabadda bu il 64 min hektara yaxın sahədə arpa, buğda və vələmir əkilib. Mütəxəssislərin sözlərinə görə, erkən payızda sağlam və kütləvi cücərtilərin alınması məhsulun yarısı deməkdir. Bu mövsüm payız fəslinin quraq keçməsi dəmyə taxıl əkinçiliyini nisbətən gecikdirsə də, fermerlər bu müddətdən maksimum yararlanıblar. Arpa, buğda əkini üçün 63 min hektardan artıq sahədə şum, mala işləri aparılıb, səpin optimal müddətdə başa çatdırılıb. Cəlilabad Dövlət Aqrar İnkişaf Mərkəzinin əməkdaşı Elxan Ağayev bildirib ki, son vaxtlar rayon ərazisində intensiv yağışların yağması çıxışın 95 faizdən yuxarı alınmasına şərait yaradıb. Onun sözlərinə görə, torpağın alt hissəsində cücərtiləri yoxlayarkən, monitorinq keçirərkən həmin yerə atılmış toxumların hamısının cücərmə fazasında olduğunu görmək olar. Aqronom Tahir Salayevin sözlərinə görə, dəmyə bölgələrdə payızlıq taxılların məhsuldarlığını məhdudlaşdıran amillərdən biri də yağmurun az olmasıdır. Ona görə də bu şəraitdə taxılın səpini payız yağışları başlayana qədər başa çatdırılmalıdır. Eləcə də, təsərrüfatlarda keyfiyyətli toxumdan istifadə edilməli və əkinlər xəstəlik, ziyanverici və alaqlardan mühafizə olunmalıdır.

Qeyd edək ki, 2019-cu məhsul ilində fermerlər tarlalardan yüksək məhsuldarlığa nail olublar. Hektardan 37,2 sentner məhsul toplamaqla, rayon üzrə 203 min tondan çox buğda və arpa istehsal edilib. Bu isə rayon əhalisinin tələbatından da artıq məhsul tədarükü, eləcə də respublika göstəricisinin 10 faizdən çoxunu təşkil edir.

Respublikanın ən iri taxılçılıq rayonlarından olan Şəkidə gələn ilin məhsulu üçün payızlıq dənlilərin əkini başa çatmaq üzrədir. Fermerlər indiyədək 21 min 761 hektarı arpa, 41 min 179 hektarı buğda olmaqla, 62 min 940 hektara toxum səpiblər. Rayonda gələn ilin məhsulu üçün 65 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Xatırladaq ki, cari mövsümdə rayonda 234,6 min ton taxıl istehsal olunub. Məhsul istehsalı əvvəlki illə müqayisədə 13,6 min ton artıb.

Beyləqan rayonunun taxılçıları da gələn ilin məhsulu üçün səpini davam etdirirlər. Ötən il səpilmiş taxılın hər hektarından yüksək məhsuldarlıq əldə edən torpaq mülkiyyətçiləri növbəti ildə də bol məhsul götürmək əzmindədirlər. Dekabrın birinci ongünlüyünə kimi 12 min 630 hektarda şum qaldırılıb. 12 min 260 hektar sahədə taxıl bitkiləri səpilib ki, onun da 10 min 200 hektarı buğda, 1610 hektarı dən üçün arpa, 450 hektarı xəsil arpadır. Qeyd edək ki, Beyləqan rayonunda ötən ilin payızında səpilmiş 12 min 431 hektar taxıl sahəsindən 42 min 696 ton məhsul əldə ediblər. Hər hektarın məhsuldarlığı orta hesabla buğda zəmilərində 35,2 sentner, arpa sahələrində isə 29,2 sentner olub.

Qəbələ rayonunun təsərrüfatlarında da 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini başa çatıb. Kampaniya dövründə fermerlər 19 min 450 hektar sahəyə toxum səpiblər. Taxıl əkinlərinin 15 min 50 hektarını buğda, 4 min 400 hektarını arpa sahələri təşkil edir. Vurğulayaq ki, qəbələli fermerlər builki mövsümdə 20 min 100 hektar taxıl sahəsindən 66 min 824 ton məhsul tədarük ediblər. Hər hektardan orta hesabla 33,2 sentner məhsul götürülüb.

Bu il taxıl zəmilərindən bol məhsul götürən Ağcabədi rayonunun torpaq mülkiyyətçiləri də payızlıq səpini davam etdirirlər. Dekabr ayının ilk ongünlüyünə olan məlumata görə, 36 min hektara yaxın sahədə payızlıq şum qaldırılıb, 17 min 650 hektarda buğda, 7125 hektarda dən üçün arpa, 2927 hektarda xəsil arpa səpilib. Səpin kampaniyasına lazımi qədər traktor, taxılsəpən aqreqat, mala və digər texnika cəlb edilib. Gələn ilin məhsulu üçün 29 min hektardan çox sahədə taxıl səpilməsi nəzərdə tutulur.

Qeyd edək ki, Ağcabədi rayonu respublikanın 100 min tondan çox taxıl istehsal edən rayonları sırasındadır. Bu il rayonda 29 min 175 hektar sahədə taxıl becərilib, 105 min 322 ton məhsul əldə edilib.

Hacıqabul rayonunda təsərrüfatın digər sahələri ilə yanaşı, taxılçılığın inkişafına da xüsusi diqqət yetirilir. Dövlət tərəfindən taxılçılıqla məşğul olan mülkiyyətçilərə yanacaq və sürtgü yağlarına görə güzəşt edilməsi, buğda istehsalçılarına son məhsula görə əlavə subsidiyaların verilməsi torpaq mülkiyyətçilərinin bu sahəyə marağını daha da artırıb. Bunun nəticəsində də rayonda taxıl istehsalı ilbəil artır, məhsuldarlıq yüksəlir. Belə ki, əkinçilər cari ildə 30 min hektar sahədə biçin aparıb və sahələrdən 83 min 119 ton taxıl yığıblar. Növbəti təsərrüfat ilində daha yüksək məhsuldarlığa nail olmaq üçün rayonda səpin kampaniyasına ciddi hazırlıq işləri görülüb. Bu məqsədlə 33 min hektar sahədə keyfiyyətli şum aparılıb. Fermerlər yüksək reproduksiyalı məhsuldar toxum sortları ilə təmin ediliblər. Səpin kampaniyasının optimal müddətdə başa çatdırılması üçün lazım olan müxtəlif maşın-mexanizm, səpin aqreqatları sahibkarların ixtiyarına verilib. Məhsul istehsalçıları yaradılan şəraitdən bəhrələnərək qısa müddətdə 31 min 470 hektar sahədə səpin aparıblar ki, bunun da 22 min 864 hektarı buğda, 8 min 246 hektarı isə arpa sahələridir. Taxılçılar bundan sonra daha 1500 hektar sahəyə toxum səpmək niyyətindədirlər. Qeyd edək ki, hacıqabullu əkinçilər həmçinin 360 hektar sahədə yaşıl yem üçün xəsil əkini də aparıblar.

Oğuz rayonunun təsərrüfatlarında da 2020-ci ilin məhsulu üçün payızlıq dənlilərin əkini davam edir. Fermerlər 11 min hektardan çox buğda, 4 min hektara yaxını arpa olmaqla, 15 min hektardan artıq sahəyə toxum səpiblər. Cari mövsümdə rayonda 17 min hektar sahədə payızlıq dənlilərin əkini proqnozlaşdırılır. Payızlıq dənlilərin əkiləcəyi ərazilərdə şum artıq başa çatdırılıb.

Xatırladaq ki, oğuzlu fermerlər builki mövsümdə 16 min 87 hektar taxıl sahəsindən 49 min 708 ton məhsul əldə ediblər. Hər hektardan orta hesabla 31 sentner məhsul götürülüb.

Sabirabadlı taxılçılar isə ötən ilin payızında 25 min 136 hektar sahələrdə taxıl əkiblər. Əkinçilər cari ildə biçin apardıqları arpa sahələrindən 36 min 196, buğda zəmilərindən isə 63 min 912 ton məhsul götürüblər. Məhsul istehsalçıları taxıl sahələrindən, ümumilikdə, 100 min 108 ton taxıl əldə edərək, hər hektarın məhsuldarlığını 39,8 sentnerə çatdırıblar. Bu uğurlardan ruhlanan fermer və torpaq mülkiyyətçiləri gələn ildə də yüksək nəticələr əldə etmək üçün səpinə vaxtında başlayıblar. “Aqrolizinq” ASC tərəfindən bütün lazımi səpin aqreqatları ilə təmin olunan əkinçilər qısa müddətdə 18 min 967 hektar sahədə səpin aparıblar ki, bunun da 9 min 713 hektarı buğda, 9 min 254 hektarı isə arpadır. Gün ərzində 250-300 hektar sahəyə toxum səpən əkinçilər səpin kampaniyasını qısa müddətdə başa çatdırmaq üçün bütün qüvvələrini sərf edirlər.

Cəbhə bölgəsində yerləşən Ağdam rayonunun iqtisadiyyatında aparıcı yer tutan kənd təsərrüfatında məhsul yığımı başa çatıb, payızlıq səpin isə davam edir. Torpaq mülkiyyətçiləri 55 min 530 ton taxıl, 144 ton dən üçün qarğıdalı, 13 min 247,7 ton şəkər çuğunduru, 105 min 374 ton tərəvəz, 2960 ton bostan məhsulları, 7277,68 ton pambıq istehsal ediblər. Hər hektarın orta məhsuldarlığı taxıl zəmilərində 38,4 sentner, pambıq tarlalarında 28 sentner, qarğıdalı üzrə 77,8 sentner, şəkər çuğunduru üzrə 428,2 sentner, tərəvəz üzrə 234,5 sentner, bostan məhsulları üzrə 216 sentner olub. Hazırda rayonda 2020-ci ilin məhsulu üçün taxıl səpini davam edir. Kəndli fermerlər və torpaq mülkiyyətçiləri indiyədək 18 min 973 hektarda şum qaldırıb, 14 min 260 hektarda dən və yaşıl yem üçün payızlıq bitkilər səpiblər. Payızlıq əkinlərin 11 min 47 hektarı buğda, 1810 hektarı dən üçün arpa, 1403 hektarı yaşıl yem üçün xəsil arpadır.

Pərviz SADAYOĞLU

Yeni Az’rbaycan.- 19 dekabr.- S.7