Heydər Əliyev Mərkəzində “Musica
Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib
Dekabrın 17-də Heydər Əliyev Mərkəzində “Musica
Viva” Moskva Kamera Orkestrinin konserti keçirilib.
AZƏRTAC
xəbər verir ki, orkestrin bədii
rəhbəri və dirijor Aleksandr Rudin (violonçel), Aleksey
Volodin (piano) və Andrey Yerşov (truba) konsertdə solist olaraq çıxış
ediblər.
Konsert proqramında
dünya klassik musiqisinin görkəmli nümayəndələri V.A.Motsart,
İ.S.Bax, A.Arenski və D.Şostakoviçin
əsərləri ifa
olunub.
Dahi Azərbaycan
bəstəkarı Üzeyir
Hacıbəylinin “Arazbarı”
əsəri orkestrin ifasında tamaşaçılar
tərəfindən rəğbətlə
qarşılanıb.
“Musica Viva” Moskva
Kamera Orkestri 1978-ci ildən fəaliyyət göstərir. 1988-ci ildən
indiyədək orkestrə
dirijor, violonçel ifaçısı və pianoçu Aleksandr Rudin rəhbərlik edir. “Musica
Viva” beynəlxalq musiqi
festivallarının daimi
iştirakçısıdır. Almaniya, Belçika, Çexiya, Çin, Finlandiya, Fransa, Hindistan, İspaniya, İtaliya, Latviya, Niderland, Sloveniya, Tayvan, Türkiyə və Yaponiyada qastrollarda olub.
Aleksandr Rudin Rusiya Federasiyasının
Xalq artisti, Dövlət mükafatı
laureatıdır. Dünya şöhrətli violonçel ifaçısı,
simfonik və kamera orkestrləri ilə əməkdaşlıq
edən dirijor, pianoçu, pedaqoq-tədqiqatçı,
kamera əsərlərinin
orkestr redaksiyasının
müəllifidir.
Aleksey Volodin Rusiya
fortepiano məktəbinin ən
istedadlı, müstəsna
texniki ustalıqlara malik nümayəndələrindən
biri, müxtəlif beynəlxalq müsabiqələrin
laureatıdır.
İstedadlı truba ifaçısı
Andrey Yerşov K.Stanislavski və V.Nemiroviç-Dançenko adına Moskva Akademik Musiqili Teatrının solistidir.
Yeni Azərbaycan.- 2019.-19 dekabr.- S.7