-
Regionlarda bir çox yaşayış məntəqəsinin
təbii qazla təminatı istiqamətində mühüm
addımlar atılır
Yaşayış məntəqələrinin
genişlənən hissələrindəki yeni massivlərin
qazlaşdırılması üzrə işlər intensiv
olaraq davam etdirilir
Ölkəmizdə təbii qaza
olan daxili tələbatın tam ödənilməsi, o cümlədən
respublikanın yaşayış məntəqələrinə
təbii qazın verilməsinin bərpası,
istehlakçıların qazla təchizatının
yaxşılaşdırılması, qaz kəmərlərinin
və avadanlıqların yenidən qurulması istiqamətində
genişmiqyaslı işlər həyata keçirilir. Eyni
zamanda, regionların qazlaşdırılması, qaz kəmərlərinin,
avadanlıqların yenidən qurulması və qaz təsərrüfatı
infrastrukturunun genişləndirilməsi tədbirləri
uğurla davam etdirilir. Xatırladaq ki, respublika üzrə
qazlaşdırma səviyyəsi bu il yanvarın 1-nə 95,7
faizə çatdırılıb və Azərbaycan
qazlaşdırma işlərinin görülməsi səviyyəsinə
görə nadir ölkələrdəndir. Buna baxmayaraq,
gündəlikdə duran prioritet məsələ məhz qaz
verilməyən yaşayış məntəqələrinin
qazlaşdırılmasıdır. Bu proses cari ildə də
davam etdirilir.
Onu da vurğulamaq yerinə
düşər ki, Nazirlər Kabinetinin 2019-cu ilin birinci
rübünün sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
həsr olunan iclasındakı nitqində də Prezident
İlham Əliyev əhalinin qazla təminatının Azərbaycanda
ən yüksək səviyyədə olduğunu
vurğulayıb: “İnfrastruktur layihələri ilə
bağlı, görün, nə qədər böyük
işlər görülüb. Bu gün qazlaşdırmanın
səviyyəsinə görə Azərbaycan dünyada lider
ölkələrdəndir, qazlaşdırmanın səviyyəsi
95 faizə çatıb. Biz ən ucqar dağ kəndlərinə
qaz xətləri çəkdik. Halbuki bu, iqtisadi cəhətdən
səmərəsizdir. Biz Azərbaycanda qazın mövcud olan
aşağı tarifi ilə o xərcləri heç vaxt
qarşılaya bilmərik. Onu da bildirməliyəm ki, Azərbaycanda
təbii qazın tarifləri dünya miqyasında ən
aşağı səviyyələrdən biridir, bəzi
qonşu ölkələrdən iki-üç dəfə
aşağıdır. Qazın olmaması insanları narahat
edən məsələ idi. İndi bizim təqribən 3-4
faiz yaşayış məntəqələrimiz var ki, orada
qaz yoxdur. Biz o işləri də görəcəyik”.
Yeri gəlmişkən qeyd edək
ki, “Azərbaycan Respublikası regionlarının
2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı
Dövlət Proqramı”nın icrası məqsədilə
“Azəriqaz” İstehsalat Birliyi (İB) tərəfindən təxirəsalınmaz
işlər həyata keçirilir. 2019-cu ildə də qaz təsərrüfatı
infrastrukturunun genişləndirilməsi işləri
uğurla davam etdirilir. Regionlarda əhali
istehlakçılarının təbii qaza olan tələbatının
tam ödənilməsi, mənzillərdə istismar müddəti
başa çatmış məişət qaz
sayğaclarının yenisi ilə əvəz olunması
işləri və istismara yararsız vəziyyətdə olan
qaz avadanlıqlarının və boru xətlərinin
yeniləri ilə əvəz edilməsi işləri
uğurla icra olunur.
Digər tərəfdən, qaz
verilməyən bir çox yaşayış məntəqəsinin
qazla təminatı ilə yanaşı, son illər regionlarda
yaşayış məntəqələrinin genişlənən
hissələrindəki yeni massivlərin
qazlaşdırılması üzrə işlər intensiv
olaraq davam etdirilir.
SOCAR-ın “Azəriqaz”
İstehsalat Birliyi (İB) tərəfindən Quba rayonunun Dəvədabanı
yaşayış massivinin qazlaşdırılması işi
yekunlaşıb və abonentlərə ilk dəfə “mavi
yanacağ”ın verilməsinə başlanılıb.
Ümumilikdə, 605 abonenti olan yaşayış məntəqələrinin
qazlaşdırılması üçün 33 min 515
metr metal və polietilen borularla daşıyıcı, həmçinin
məhəllədaxili qaz xətləri çəkilib. Hər
bir mənzilə sayğac və fərdi tənzimləyici
quraşdırılıb. Dekabrın 18-də
yaşayış məntəqəsinə təbii qazın
verilməsi münasibətilə keçirilən mərasimdə
“Azəriqaz” İB-nin, rayon İcra Hakimiyyətinin nümayəndələri,
ziyalılar, eləcə də kənd sakinləri iştirak
ediblər. Tədbirdə bildirilib ki,
regionların sosial-iqtisadi inkişafı Dövlət
Proqramının icrası istiqamətində SOCAR-ın “Azəriqaz”
İstehsalat Birliyi tərəfindən respublika ərazisində
qaz təchizatı sisteminin yenidən qurulması, kənd və
qəsəbələrin qazlaşdırılması, həmçinin
uzun müddət təbii qaz almayan yaşayış məntəqələrinin
yenidən “mavi yanacaq”la təmin edilməsi istiqamətində
görülən məqsədyönlü tədbirlər nəticəsində
ölkəmizin qaz təchizatı şəbəkəsi
genişləndirilir və müasirləşdirilir. Mərasimdə
çıxış edən sakinlər əhalinin sosial
qayğılarının həllinə göstərdiyi diqqətə
görə Prezident İlham Əliyevə minnətdarlıqlarını
bildiriblər. Sonda rəmzi məşəl
alovlandırılıb, yaşayış məntəqəsinə
“mavi yanacaq” verilib. Qeyd edək ki, “Azəriqaz” İB-nin
nümayəndələri Dəvədabanı qəsəbəsində
yeni qazlaşdırılmış evlərdə olub, abonentləri
təbii qazla davranış və təhlükəsizlik
qaydaları ilə bağlı maarifləndiriblər.
Vurğulanmalıdır ki, bu il Qubanın 11 kənd və bir
yaşayış massivinə ilk dəfə təbii qaz
verilib.
Quba rayonunun Küpçalqışlaq qəsəbəsində
isə 113 fərdi yaşayış evinə təbii qaz
verilib. Kənddə 7497 metr uzunluğunda müxtəlif
diametrli daşıyıcı və məhəllədaxili qaz
xətləri çəkilib, 113 evə fərdi qaz tənzimləyicisi
və məişət tipli qaz sayğacları
quraşdırılıb. Yaşayış məntəqəsində
qaz xətti əvvəlcədən kipliyə və möhkəmliyə
görə yoxlanılıb.
Abşeron rayonunun Qobu qəsəbəsində
isə 1500 ailənin yaşadığı 3 yeni
yaşayış massivinin qazlaşdırılmasına
başlanılacaq. Qeyd edək ki, sentyabrın
14-də rayon rəhbərliyinin Qobu qəsəbəsində
sakinlərlə keçirilən səyyar
görüşü zamanı qəsəbənin yeni
yaşayış massivlərinə qaz xəttinin çəkilməsi
barədə müraciət edilmişdi və “Azəriqaz”
İstehsalat Birliyinin rəhbərliyi ilə aparılan
danışıqların nəticəsi olaraq, yaxın
günlərdə Qobu qəsəbəsində 1500 ailənin
yaşadığı üç yeni massivin təbii qazla təminatı
işlərinə başlanılacaq.
Yevlax rayonunun Meyvəli qəsəbəsində
də 118 fərdi yaşayış evinə təbii qaz
verilib. “Azəriqaz” İstehsalat Birliyindən
bildirilib ki, bu münasibətlə keçirilən tədbirdə
Yevlax Rayon İcra Hakimiyyətinin başçısı Anar
Tağıyev, “Azəriqaz”ın baş direktoru Ruslan
Əliyev, qaz təsərrüfatının işçiləri
və qəsəbə sakinləri iştirak ediblər.
Çıxışlar zamanı qeyd edilib ki, bölgələrdə
aparılan qazlaşdırma işləri Prezident İlham
Əliyevin birbaşa qayğısı ilə həyata
keçirilir və ölkədə bu ilin sonuna qədər
qazlaşdırma səviyyəsi 96 faizə
çatdırılacaq.
Qəsəbədə qazlaşma işlərinin
icrası üçün ümumi uzunluğu 10 min 164 metr
müxtəlif diametrli polad və polietilen borulardan istifadə
olunub. Bununla da, Yevlax rayonunda qazlaşma faizi 98,5 faizə
çatıb. Rayonda qazlaşdırılmayan cəmi 4 kənd
qalıb ki, onların da gələcəkdə dövlət
proqramlarının həyata keçirilməsi zamanı
qazlaşdırılması gözlənilir. Tədbirin sonunda
qəsəbənin qazlaşdırılmasında fəallığı
ilə seçilən podratçı təşkilatın
işçilərinə fəxri fərmanlar verilib. Qeyd edək
ki, qəsəbəyə qazın verilməsi “Qaz Təsərrüfatında
Texniki Təhlükəsizlik Qaydaları”na riayət etməklə
təmin olunub.
Mingəçevir şəhərində isə
“Vaqonlar evi” adlanan yaşayış massivində 260 fərdi
yaşayış evinə qaz verilib. Yaşayış massivində
9100 metr uzunluğunda müxtəlif diametrli yeni qaz xətləri
çəkilib. Qeyd edək ki, Mingəçevir şəhərinin
“Vaqonlar evi” adlanan ərazisində qazlaşdırma işlərinə
bu il avqustun ortalarında sakinlərin müraciətləri nəzərə
alınaraq başlanılıb.
Masallı rayonunun Ərkivan qəsəbəsindəki
107 fərdi yaşayış evi də “mavi yanacaq” almağa
başlayıb. Burada çəkilən yeni qaz xətlərinin
uzunluğu isə ümumilikdə 11 min metr təşkil edir.
Qeyd edək ki, yaşayış məntəqəsində qaz
xətti əvvəlcədən kipliyə və möhkəmliyə
yoxlanılıb. Təbii qazın verilməsi “Qaz Təsərrüfatında
Texniki Təhlükəsizlik Qaydaları”na riayət edilməklə
icra olunub.
Yeni il ərəfəsində
Kürdəmir rayonunun 1609 nəfər əhalisi olan Qarabucaq qəsəbəsində
qazlaşdırma işləri başa çatıb və əhali
təbii qazla təmin edilib. 280 fərdi ev olan qəsəbənin
qazlaşdırılması birpilləli sistem üzrə
aparılıb, ümumilikdə 26 min 964 metr müxtəlif
diametrli daşıyıcı və yerüstü borudan
istifadə olunub. Fərdi mənzilin hər birinə qaz
sayğacı və tənzimləyici
quraşdırılıb. SOCAR-ın “Azəriqaz” İstehsalat
Birliyi hər bir mənzilin mətbəxinə daxili qaz xətti
çəkib.
Rayonun iri yaşayış məntəqələrindən
olan Qarabucaq qəsəbəsinə təbii qazın verilməsi
ilə əlaqədar açılış mərasimi
keçirilib. Rayon İcra Hakimiyyətinin
başçısı Ceyhun Cəfərov sakinləri təbrik
edib, Azərbaycanda həyata keçirilən ardıcıl və
məqsədyönlü sosial layihələrdən, Prezident
İlham Əliyevin diqqət və qayğısı ilə
bölgələrdə, o cümlədən Kürdəmirdə
reallaşdırılan layihələrdən
danışıb. Qeyd olunub ki, hazırda Kürdəmir şəhəri
də daxil olmaqla, 62 yaşayış məntəqəsindən
60-da təbii qaz yanır və 21317 abonent “mavi yanacaq”dan istifadə
edir ki, bu da rayon əhalisinin 99,4 faizini təşkil edir.
Rayonda qazlaşdırılmayan yalnız iki kənd - Qarabucaq və
Qurdbayram kəndləri qalıb. Hazırda bu kəndlərdə
layihə-smeta işləri görülür. Gələn il
rayonun bütün yaşayış məntəqələri
təbii qazla tam təmin ediləcək. Mərasimdə
Ağsu Regional Qaz İstismar İdarəsinin rəisi Namiq Məmmədov
çıxış edərək, dövlət
başçısının tapşırığı ilə
respublikamızın, o cümlədən regionun bütün
yaşayış məntəqələrinin
qazlaşdırılması istiqamətində görülən
işlərdən danışıb. Kənd
sakinləri Yeni il ərəfəsində təbii qazın
verilməsi ilə əlaqədar sevinclərini ifadə edib,
insanların güzəranının
yaxşılaşdırılmasına göstərdiyi diqqət
və qayğıya görə Prezident İlham Əliyevə
minnətdarlıqlarını bildiriblər. Sonda rəmzi
məşəl alovlandırılıb, kəndə təbii
qaz verilib.
Şəmkir şəhərində də yeni
yaşayış massivində qazlaşdırma işləri
başa çatıb. “Azəriqaz” İB-dən AZƏRTAC-a
bildirilib ki, 342 fərdi yaşayış evinə mavi yanacaq
verilib. Qazlaşdırma işlərinin həyata keçirilməsi
üçün ümumilikdə 33 min 246,71 metr müxtəlif
diametrli polad borularla daşıyıcı və
paylayıcı qaz xətləri çəkilib. Yeni
yaşayış massivində 342 evdə fərdi qaz tənzimləyicisi
və qaz sayğacları quraşdırılıb.
Sabirabad rayonunun Qaratəpə kəndi ərazisindəki
yeni yaşayış massivində 30 fərdi
yaşayış evinə qaz verilib. Sentyabrda başlanılan
qazlaşdırma işləri çərçivəsində
massivdə ümumi uzunluğu 6352 metr olan müxtəlif
diametrli daşıyıcı və məhəllədaxili qaz
xətləri çəkilib.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.-
2019.- 20 dekabr.- S.11