Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycan möhtəşəm nailiyyətlərə
imza atır
Milli Məclisin
deputatı Malik Həsənov www.yap.org.az saytına müsahibə
verib:
-
Malik müəllim, bildiyimiz kimi, hər bir ölkənin
inkişafının əsasında iqtisadi tərəqqi
dayanır. Bu baxımdan Prezident İlham Əliyevin rəhbərliyi
ilə Azərbaycanda həyata keçirilən sosial-iqtisadi
inkişaf strategiyasının əsas səciyyəvi
xüsusiyyətləri nədən ibarətdir?
- Ümumiyyətlə, Ulu Öndərimiz
Heydər Əliyevin əsasını qoyduğu və
Prezidentimiz cənab İlham Əliyev tərəfindən
qloballaşan dünyanın tələblərinə uyğun
uğurla davam etdirilən sosial-iqtisadi inkişaf
strategiyasının bu gün başlıca məqsədi
müasir çağırışlar fonunda Azərbaycanın
davamlı inkişafını təmin etməkdir. Bilirsiniz ki,
hər bir inkişafın əsasında iqtisadi tərəqqi
dayanır. Son 16 ildə Heydər Əliyev siyasətini
uğurla davam etdirən cənab İlham Əliyev Prezident kimi
fəaliyyətə başladığı gündən neft gəlirlərindən
səmərəli istifadə etməklə ölkədə
iqtisadiyyatın şaxələndirilməsinə nail
olmağı, ağırlıq mərkəzini tədricən
neftdənkənar sahələrə yönəltməyi
və beləliklə də, iqtisadi artımın qeyri-neft
sektorunun hesabına baş verməsini qarşıya
mühüm vəzifə kimi qoyaraq bu strateji hədəfə
çatmaq üçün mühüm qərarlar qəbul
edib.
Prezident İlham Əliyevin
güclü siyasi iradəsi sayəsində son 16 ildə Azərbaycanın
bütün dünya miqyasında nümunəvi sayılan və
bir sıra mütərəqqi cəhətləri ilə fərqlənən
yeni keyfiyyətli inkişaf modeli formalaşıb. Həyata keçirilən davamlı islahatlar sayəsində
Azərbaycan ötən müddətdə ölkənin
iqtisadi müstəqilliyinin təmin olunması yolunda inamlı
addımlar atıb. Ölkədə müasir
çağırışlarla səsləşən, kreativ
yanaşmalara geniş meydan verən sərbəst bazar
iqtisadiyyatına transformasiya prosesi uğurla yekunlaşıb.
Ötən dövrdə neft gəlirləri hesabına ölkənin
maliyyə imkanlarının genişlənməsi fonunda aktiv
şəkildə əsas kapitala kifayət qədər irihəcmli
investisiyalar yönəldilib. Həyata
keçirilən məqsədyönlü siyasət sayəsində
ölkəmiz sosial və iqtisadi infrastruktur quruculuğunda,
özəl sektorun inkişafında, sənayeləşmədə,
aqrar sektorun istehsal və ixrac imkanlarının genişləndirilməsində,
makroiqtisadi sabitliyin təmin olunmasında, əhalinin rifah
halının yaxşılaşmasında diqqətəlayiq
uğurlara imza atıb.
Cənubi Qafqaz iqtisadiyyatının 70 faizdən
çoxunu özündə birləşdirən Azərbaycan
regionda mühüm siyasi və iqtisadi əməkdaşlıq
platformalarının yaradılmasının əsas təşəbbüskarı
rolunda çıxış edir. Respublikamızın fəal
iştirakı ilə həyata keçirilən enerji, infrastruktur
və digər layihələr bütövlükdə regionun
inkişafında mühüm rol oynayır. Artıq Azərbaycan
Avropanın enerji təhlükəsizliyinə sanballı
töhfələr verən nüfuzlu bir ölkəyə
çevrilib. Azərbaycanın fəal təşəbbüslər
irəli sürdüyü və hər cür dəstək
verdiyi enerji layihələri ölkəmizin region və Avropa
İttifaqı məkanı üçün önəmini
artıran faktorlar qismində çıxış edir.
Ümumiyyətlə, çox doğru olaraq Azərbaycan
iqtisadiyyatı inklüziv iqtisadiyyat kimi səciyyələndirilir.
Başqa sözlə desək, Prezident İlham Əliyevin
nümayiş etdirdiyi siyasi iradəyə uyğun olaraq ölkəmizdə
güclü iqtisadi inkişaf dərinməzmunlu sosial siyasətlə
tamamlanır. Bütün ölkəboyu təhsil,
səhiyyə infrastrukturunun ən yüksək standartlar səviyyəsində
yenidən qurulması, paytaxtda və bölgələrdə
müasir idman obyektlərinin istifadəyə verilməsi, əhalinin
rifahının yaxşılaşdırılmasına yönəldilən
tədbirlərin miqyasının ilbəil genişləndirilməsi
Azərbaycanın sosial dövlət kimi mənzərəsini
göz önündə canlandırır. Prezident İlham
Əliyevin qarşıya qoyduğu vəzifə ondan ibarətdir
ki, respublikamızda sosial sahədə vəziyyət
dünyanın qabaqcıl ölkələrindəki səviyyəyə
yüksəldilməlidir. Məmnunluq hissi ilə vurğulamaq
yerinə düşər ki, respublikamızda dinamik iqtisadi
artım hesabına yoxsulluq səviyyəsi hazırda 4,9 faizə
enib. Respublikamızda işsizlik də təxminən bu səviyyəyədək
aşağı salınıb.
Bütövlükdə isə, bu gün
Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan
möhtəşəm nailiyyətlərə imza atır.
- Hazırda ölkəmizdə yeni şəraitə
uyğun olaraq həyata keçirilən islahatları necə
qiymətləndirirsiniz?
- Bu gün qlobal məkanda yaranan
çağırışlara uyğun yeni iqtisadi inkişaf hədəflərinin
müəyyənləşdirilməsi dünya ölkələri
üçün son dərəcə aktual məsələyə
çevrilib. Bununla belə, yeni iqtisadi şəraitdə də
ölkəmiz inkişafa istiqamətlənib. Bu
baxımdan Azərbaycanda Prezident İlham Əliyevin yaranan yeni
çağırışlara və ölkənin
reallıqlarına uyğun qəbul etdiyi mühüm qərarlar,
imzaladığı müvafiq Fərman və sərəncamlara
əsasən milli iqtisadiyyatımızın ayrı-ayrı
sahələri üzrə aparılan islahatlar böyük
aktuallıq daşıyır.
Biz yuxarıda son 16 ildə ölkə
iqtisadiyyatının dinamik inkişafından, o cümlədən
də qeyri-neft sektorunun davamlı şəkildə dəstəklənməsindən
bəhs etdik. Təkcə son beş ildə ümumi daxili məhsulun
tərkibində qeyri-neft sektorunun xüsusi çəkisi xeyli
dərəcədə yüksəlib, ölkə üzrə
bu sektordan ixracın həcmi isə əhəmiyyətli dərəcədə
artıb.
Azərbaycanda zamanında
qeyri-neft sektorunun inkişafının diqqət mərkəzində
saxlanılması və bu sahədə nəzərəçarpacaq
uğurların qazanılması indiki qlobal çətinliklər
şəraitində ölkənin inkişafa istiqamətlənməsini
şərtləndirən əsas amillərdən biri qismində
çıxış edir. Məhz neftdənkənar
iqtisadiyyatın inkişafının nəticəsidir ki,
ölkəmizdə qlobal kataklizmlərin təsiri nisbətən
az hiss olunur və başlanan islahatlar sayəsində ölkə
iqtisadiyyatının mənfi qlobal təsirlərə
müqavimət gücü artır. Yeni şəraitdə
Prezident İlham Əliyevin siyasi iradəsi əsasında
başlanan islahatlar yaxın perspektivdə ölkə
iqtisadiyyatının neft amilindən
asılılığını tamam aradan qaldırmağa hesablanıb.
Xüsusi olaraq vurğulamaq yerinə düşər ki,
aparılan islahatlar konseptual xarakter daşımaqla konkret hədəflərə
istiqamətlənib.
Yeni dövrün tələbinə uyğun
olaraq hazırda ölkəmizdə ixracın təşviqi
sistemi işə salınıb. Prezident İlham Əliyevin
qeyri-neft məhsullarının ixracının təşviqi
ilə bağlı verdiyi qərarlara əsasən Azərbaycanda
istehsal olunan qeyri-neft məhsullarının ixracının təşviqi
istiqamətində vacib tədbirlər həyata keçirilir.
Bilirsiniz ki, xarici ölkələrə ixrac missiyaları,
xarici bazarların araşdırılması, “Made in Azerbaijan”
brendinin xarici bazarlarda təşviqi davam edir.
Bundan əlavə, ölkəmizdə biznes
mühitinin daha da optimallaşdırılması istiqamətində
qətiyyətli addımlar atılır. Belə ki, Prezident
İlham Əliyev ölkədə biznes mühitinin
yaxşılaşdırılmasına, sahibkarlıq subyektlərinin
fəaliyyətinin stimullaşdırılmasına, onların
hüquqlarının daha dolğun şəkildə
qorunmasına hesablanan bir sıra sənədlər
imzalayıb. Eləcə də, yeni şəraitdə
ölkədə vergi bazasının genişləndirilməsi
yolu ilə sahibkarların vergi yükünün
azaldılması, gömrük daxilolmalarının sadələşdirilməsi,
şəffaflığın artırılması istiqamətində
görülən ciddi tədbirlər də iqtisadi aktivliyin təmin
olunması baxımından mühüm əhəmiyyət
daşıyır. Eyni zamanda, respublikada çevik idarəetmənin
təmin olunması məqsədilə institusional islahatlar
aparılır.
- Bu
gün ölkəmizin regionları da dinamik inkişaf edir. Bu
proses ölkəmizin ümumi inkişafına hansı töhfələr
verir?
-
2004-cü ildən start verilən regionların sosial-iqtisadi
inkişafına dair müvafiq Dövlət
proqramlarının uğurla reallaşdırılması sayəsində
bölgələrin də tarazlı şəkildə
inkişaf etməsi və iqtisadi güc amilinə çevrilməsi
ölkənin potensialının artmasına güclü impuls
verib. 2004-2019-cu illər ərzində Azərbaycanda
böyük iqtisadi artım müşahidə edilib ki, bu da
bütün dünya üzrə ən yüksək göstəricilərdəndir.
Hazırda Azərbaycanda qeyri-neft sənayesinin
potensialının gücləndirilməsinə,
innovasiyatutumlu istehsalatların yaradılmasına, regional sənaye
quruculuğuna böyük önəm verilir. Respublikamızda dövlət
başçısının siyasi iradəsinə uyğun
olaraq müəyyənləşdirilən iqtisadiyyatın
neftdənkənar sahələrinin inkişafı
strategiyasında həmçinin kənd təsərrüfatında
intensiv metodlardan istifadə etməklə yüksək məhsuldarlığa
nail olunması, respublikada güclü aqrar-sənaye komplekslərinin
yaradılması əsas hədəflərdən biri kimi nəzərdə
tutulub. Bu da təsadüfi deyil. Azərbaycan kənd təsərrüfatının
geniş inkişaf perspektivlərinə malik olan ölkədir.
Son illərdə görülmüş tədbirlər
sayəsində bir sıra pozisiyalar üzrə daxili ərzaq
təminatının sırf yerli istehsal hesabına ödənilməsi
böyük nailiyyətdir. Hazırda aqrar sektorda
istehsal və ixrac imkanlarının artırılması məqsədilə
bir sıra mühüm tədbirlər həyata keçirilir.
Ayrı-ayrı bölgələrdə texniki
bitkilərin becərilməsinə, o cümlədən
pambıqçılığın,
tütünçülüyün,
baramaçılığın inkişafına həm
güclü siyasi dəstək verilir, həm də fermerlərə
hərtərəfli maddi kömək göstərilir.
Həyata keçirilən bu və ya digər islahatlar
yeni şəraitdə ölkəmiz üçün
böyük inkişaf perspektivləri vəd edir. Şübhə
yoxdur ki, islahatların, başlanmış böyük işlərin
nəticələri gələcək illərdə daha
çox özünü göstərəcək.
- Malik
müəllim, Azərbaycan beynəlxalq müstəvidə də
nüfuzlu dövlət kimi qəbul olunur. Bu barədə
nə deyə bilərsiniz?
- Əlamətdar haldır ki, Azərbaycanın əldə
etdiyi uğurlu inkişaf göstəriciləri nüfuzlu beynəlxalq
reytinq agentlikləri tərəfindən də yüksək
qiymətləndirilir. Təsadüfi deyil ki, Azərbaycanın əldə
etdiyi uğurlar beynəlxalq reytinq agentliklərinin
hesabatlarında da əks olunur. Bilirsiniz ki,
ABŞ-ın “U. S. News & World Report” jurnalı 2019-cu ildə
dünyanın ən güclü ölkələrinin reytinq
siyahısını açıqlayıb. Reytinq
ABŞ-ın ən nüfuzlu siyasi nəşrlərinin birinin
saytında dərc edilib. Siyahı
Pensilvaniya Universitetinin “BAV Group and Wharton School” Qrupunun analitikləri
tərəfindən tərtib edilib.
Siyahı tərtib edilən zaman ölkələrin
iqtisadi vəziyyəti, hərbi gücü, siyasi təsir dairəsi,
dünyada liderliyi, habelə beynəlxalq təşkilatlara
üzvlük və iştirakı daxil olmaqla bir sıra amillər
nəzərə alınıb. Siyahıda Azərbaycan
45-ci yerdə qərarlaşıb. Ölkəmiz
cari ildə əldə etdiyi uğurlara görə bir
neçə Avropa ölkəsini - Xorvatiya, Çexiya, Latviya,
Rumıniya, Slovakiya, Sloveniya, Estoniya və Portuqaliyanı geridə
qoyub.
Bütövlükdə, Azərbaycanın müsbət
beynəlxalq imici var, ölkəmizin nailiyyətləri beynəlxalq
səviyyədə yüksək qiymətləndirilir. Prezident İlham Əliyevin
qeyd etdiyi kimi, ölkəmizin uğurlu inkişafı
danılmaz həqiqətdir: “Bütün mötəbər
beynəlxalq qurumlar bunu qeyd edir. Ölkəmizin
çox gözəl beynəlxalq imici vardır. Təkcə oktyabr-noyabr aylarında ölkəmizdə
baş vermiş hadisələr, keçirilmiş mötəbər
tədbirlər onu göstərir ki, Azərbaycanın beynəlxalq
nüfuzu nə qədər yüksəkdir və nə qədər
beynəlxalq dəstək göstərilir. Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasının Zirvə Görüşü yüksək
səviyyədə keçirildi və Azərbaycan
Türkdilli Dövlətlərin Əməkdaşlıq
Şurasına sədrliyi öz üzərinə
götürmüşdür. Qoşulmama Hərəkatının
Zirvə Görüşü yüksək səviyyədə
keçirildi və 120 ölkənin dəstəyi ilə biz
bu təşkilata sədr seçilmişik və üç il ərzində sədrlik edəcəyik. Dünya dini liderlərinin Zirvə
Görüşü Azərbaycanda keçirilib və 70
ölkədən gəlmiş nümayəndələrin hər
biri qeyd edirdi ki, Azərbaycan bu sahədə dünyada
aparıcı rol oynayır”.
Ötən illər ərzində
həyata keçirilən iqtisadi islahatlara paralel olaraq
makroiqtisadi sabitlik qorunub saxlanılıb, iqtisadiyyatın
diversifikasiyası, qeyri-neft sektorunun və regionların
inkişafı sürətlənib, sahibkarlığa dövlət
dəstəyi gücləndirilib, özəl bölmənin
inkişafı üçün azad rəqabət və
münbit investisiya mühiti yaradılıb, əhalinin
sosial rifahı daha da yaxşılaşıb. Son 16 ilin
göstəriciləri bu reallıqların bariz nümunəsidir.
Belə ki, 2004-cü ildən etibarən bütün dünya
üzrə ÜDM istehsalının artımında ən
yaxşı göstəricilərdən biri 3 dəfədən
çox olmaqla məhz Azərbaycanda qeydə alınıb. Rəqabətqabiliyyətliliyinə
görə Azərbaycan iqtisadiyyatı MDB məkanında
birinci yerə yüksəlib. İqtisadiyyatın genişlənməsinə
paralel olaraq ölkəmizin maliyyə təminatı da güclənir.
Son 16 ildə respublikamıza daxili və xarici mənbələrdən
260 milyard dollardan çox investisiya yönəldilib. Eyni
zamanda, respublikamızın valyuta ehtiyatları da artır. Azərbaycan
öz vəsaitlərinə böyük qənaətlə
yanaşır. Bir tərəfdən uğurlu
iqtisadi inkişaf sayəsində qazanılan vəsaitlər
qarşıda duran məsələlərin həllinə,
quruculuq-abadlıq işlərinə və bu kimi digər məqsədlərə
yönəldilir, həmçinin ölkənin gələcəyi
üçün güclü maliyyə təminatları yaradılır.
Yeni Azərbaycan.-2019.-
20 dekabr.- S.9