Regionlarda quruculuq-abadlıq
işləri uğurla davam etdirilir
2019-cu ilin əvvəlindən ayrı-ayrı
bölgələrdə reallaşdırılan layihələr
bunu bir daha təsdiqləyir
Məlum olduğu kimi, Ulu öndər Heydər
Əliyev tərəfindən əsası qoyulan və Prezident
İlham Əliyev tərəfindən uğurla davam etdirilən
siyasət nəticəsində ölkəmizdə
bütün sahələr inkişaf edib. Eyni zamanda, bu inkişafdan
respublikamızın bölgələrinə də pay
düşüb. Bölgələrin
inkişafından danışarkən heç şübhəsiz
2004-cü ildən etibarən həyata keçirilən
regionların sosial-iqtisadi inkişafına dair Dövlət
proqramlarını xüsusi olaraq vurğulamaq yerinə
düşər. Çünki məhz bu proqramların
uğurlu icrası nəticəsində Azərbaycanın
bölgələrinin siması əhəmiyyətli
dərəcədə dəyişib. Ötən dövrdə
bölgələrimizdə minlərlə kilometr yeni yollar
çəkilib, körpülər tikilib, sosial obyektlər
tikilib istifadəyə verilib, eləcə də sənaye
müəssisələri yaradılıb.
Yanvarın 29-da keçirilən
“Azərbaycan Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının yekunlarına həsr olunan konfransdakı
çıxışında bu məqama toxunan Prezident
İlham Əliyev bildirib ki, son 15 il ərzində Azərbaycan
iqtisadiyyatı dünya miqyasında rekord templərlə
inkişaf edib: “Son 15 il ərzində Azərbaycan
iqtisadiyyatı dünya miqyasında rekord templərlə
inkişaf edib, ümumi daxili məhsul 3,3 dəfə
artmışdır. Bir daha demək istəyirəm, bu,
dünya miqyasında rekord göstəricidir. Sənaye
istehsalı 2,6 dəfə artmışdır.
İxracımız 4,7 dəfə, valyuta ehtiyatlarımız
24 dəfə artıb və bu gün 45 milyard dollar təşkil
edir. Yəni, bu, onu göstərir ki, Azərbaycan
regionlarına və eyni zamanda, neft-qaz sektoruna, Bakı şəhərinin
inkişafına böyük vəsait qoyulmasına baxmayaraq,
biz öz valyuta ehtiyatlarımızı 24 dəfə
artıra bilmişik. Bu, bizə imkan verir ki, gələcəyə
çox böyük ümidlərlə baxaq. Azərbaycan
iqtisadiyyatı bu gün dayanıqlı iqtisadiyyatdır”.
Prezident İlham Əliyevin sözügedən
konfransdakı çıxışında qeyd etdiyi kimi,
regionların sosial-iqtisadi inkişafına dair müvafiq
Dövlət proqramlarının uğurlu icrası deməyə
əsas verir ki, onların qəbulu tam məntiqə
uyğundur: “Bizim iqtisadi göstəricilərimiz, bölgələrdə
gedən quruculuq-abadlıq işləri bunun əyani
sübutudur”.
Bu məqamda vurğulamaq yerinə düşər
ki, hazırda bölgələrdə bu istiqamətdə
işlər yüksək səviyyədə icra
olunmaqdadır. Məsələn, Qazax rayonunda
quruculuq-abadlıq işləri uğurla davam edir. Belə ki, Prezident İlham Əliyevin Qazaxda
çoxmənzilli binaların əsaslı təmir
olunması ilə bağlı 2016-cı il 20 oktyabr tarixli Sərəncamına
əsasən 2017-ci ildə 78, 2018-ci ildə isə 5 çoxmənzilli
yaşayış binasının fasadında, bloklarında,
pilləkən qəfəslərində, su-kanalizasiya, elektrik,
rabitə və qaz xətlərində əsaslı təmir
və rəngləmə, həyətlərində isə
abadlıq işləri görülüb. Dörd çoxmənzilli
yaşayış binasının həyətində
xeyir-şər evləri tikilib və ya əsaslı təmir
olunub. Bununla da rayonda olan 163 ədəd çoxmənzilli
yaşayış binasından 129-u yüksək səviyyədə
təmir olunaraq sakinlərin istifadəsinə verilib. Bu barədə
Qazax rayon İcra Hakimiyyətindən məlumat verilib. Həmçinin dövlətimizin
başçısının respublikanın şəhər və
rayonlarında çoxmənzilli binaların dam örtüklərinin
təmiri ilə bağlı 2018-ci il 4 oktyabr tarixli Sərəncamına
əsasən, şəhərin Azadlıq küçəsi
92 ünvanında yerləşən beşmərtəbəli,
36 mənzilli və Bakı küçəsi 1
ünvanında yerləşən beşmərtəbəli,
30 mənzilli binaların dam örtükləri dəyişdirilib.
Qazax rayonundan söz düşmüşkən
qeyd edək ki, ötən ay Qazax şəhər 6 saylı
körpələr evi-uşaq bağçası əsaslı
təmirdən sonra istifadəyə verilib. Bununla
bağlı keçirilən mərasimdə bildirilib ki,
hazırda şəhər bağçalarından 1, 2, 3, 4, 5
saylı, kənd bağçalarından Qazaxbəyli kəndi
ərazisində məcburi köçkünlər
üçün salınmış yeni qəsəbədə
yerləşən Aşağı Əskipara, Daş
Salahlı kənd 2 və 3 saylı, Kosalar
kənd 2 və 3 saylı, Xanlıqlar, Dəmirçilər,
İkinci Şıxlı kənd 2 saylı körpələr
evi-uşaq bağçaları, Cəfərli, Canalı,
Quşçu Ayrım və Bala Cəfərli kənd uşaq
bağçaları müasir səviyyədə əsaslı
təmir edilib.
Qeyd edək ki, Prezident İlham
Əliyevin regionlarda uşaq bağçalarının
tikintisi ilə bağlı imzaladığı 2018-ci il 12
fevral tarixli Sərəncamına əsasən 6 saylı
körpələr evi-uşaq bağçasında da işlərə
başlanılıb. 90 yerlik körpələr evi-uşaq
bağçasında balacaların təlim-tərbiyəsi
ilə peşəkar pedaqoji heyət məşğul olacaq.
Burada müxtəlif yaş qrupları üçün məşğələ
və yataq otaqları, rəsm, idman və musiqi zalları, yeməkxana
yaradılıb. Bağçanın həyətində
xüsusi istirahət guşələri var, həmçinin
müşahidə kameraları quraşdırılıb.
Hazırda Qazax rayonu üzrə 25 uşaq
bağçasından 18-də müasir şərait
yaradılıb və bu il digər bağçalarda da təmir
işləri aparılacaq.
Göyçay rayonunun Alpout kəndində də
yeni körpələr evi-uşaq bağçası istifadəyə
verilib. Heydər Əliyev Fondu tərəfindən inşa edilən
yeni körpələr evi-uşaq bağçası 40
yerlikdir. Müasir memarlıq üslubunda tikilən binada 2 oyun
və 1 yataq otağı, mətbəx və digər
yardımçı otaqlar vardır. Bütün otaqlar, habelə
dəhliz lazımi avadanlıqla təchiz olunub. Həyətdə
çardaq qurulub.
Körpələr evi-uşaq
bağçasının istifadəyə verilməsi
münasibətilə keçirilən mərasimdə
çıxış edənlər ölkəmizin
inkişafı, ucqar yaşayış məntəqələrində
həyata keçirilən sosial layihələrə görə
Prezident İlham Əliyevə, Birinci vitse-prezident, Heydər
Əliyev Fondunun prezidenti Mehriban Əliyevaya minnətdarlıqlarını
bildiriblər.
Rayonun Müskürlü və Qarabaqqal kəndlərində
isə yeni körpələr evi-uşaq
bağçasının inşasına başlanılıb.
Hər iki kənddə də körpələr evi-uşaq
bağçası 40 yerlik olacaq. Binalarda 2 oyun və 2 yataq
otağı, mətbəx, sanitar qovşağı və digər
yardımçı otaqlar tikiləcək.
Xaçmaz şəhərindəki “Çənlibel”
parkında isə 35 metr hündürlüyündə yeni
Saatlar qülləsi inşa olunur. Tikintisi iki ay ərzində
tamamlanacaq qüllədə uşaq əyləncə mərkəzi
və müşahidə məntəqəsi fəaliyyət
göstərəcək. Səkkizmərtəbəli
qüllə şəhərin girişində yerləşən
“Çənlibel” parkına əlavə gözəllik verəcək.
İş icraçısı Ələddin Qasımov bildirib
ki, qüllənin hər birinin sahəsi 100 kvadratmetr olan ilk 4
mərtəbəsi uşaqların ixtiyarında olacaq.
Yuxarı mərtəbələr isə şəhəri
müşahidə etmək üçün nəzərdə
tutulub. Parkda dincələnlər burada quraşdırılan
durbinlər vasitəsilə uzaq məsafədə yerləşən
mənzərələri də seyr edə biləcəklər.
Qüllənin başında isə hər tərəfdən
görünən 4 saat quraşdırılıb.
Qeyd edək ki, “Çənlibel” parkı
Xaçmaz şəhərin giriş hissəsində yerləşdiyindən
buranı yerli sakinlərlə yanaşı, çoxsaylı
turistlər də ziyarət edir. Altı hektara yaxın ərazisi
olan parkda xalq qəhrəmanı Koroğlunun at üstündə
heykəli ucaldılıb. Burada çoxsaylı əyləncə
və iaşə obyekti də fəaliyyət göstərir.
Xaçmazı bu gün parklar və muzeylər
şəhəri adlandırırlar. Ötən dövrdə
rayonda ümumi sahəsi 20 hektara yaxın olan 7 park
salınıb.
Quruculuq işləri Tərtərdə də
uğurla davam edir. Belə ki, Tərtər şəhərindəki
Bayraq Meydanının ərazisində Bayraq Muzeyinin
inşasına başlanılıb. Ərazisi 0,12 hektar olan
meydanda inşa edilən Bayraq Muzeyinin tikinti sahəsi 720
kvadratmetrdir. İnşaat işlərinin bu ilin sonunadək
başa çatdırılması nəzərdə tutulur.
Bayraq muzeyinin ərazisində abadlıq işləri
aparılacaq, yaşıllıq salınacaq.
Muzeydə tariximizin müxtəlif
dövrlərinə aid eksponatlar, Azərbaycan ərazisində
mövcud olmuş dövlətlərin, xanlıqların, həmçinin
Silahlı Qüvvələrin qoşun növlərinin
bayraqları, gerblər, xəritələr, konstitusiyalar, orden
və medallar, bir sözlə, müxtəlif dövlət rəmzləri
qorunub saxlanılacaq. Bayraq Muzeyi Azərbaycan tarixinin təbliğində
mühüm rol oynamaqla yanaşı, gənc nəslin
dünyagörüşünün artırılmasına,
rayon sakinlərində və qonaqlarda şanlı tariximiz
haqqında geniş təsəvvür yaratmağa imkan verəcək.
Biləsuvar şəhərindəki Heydər
Əliyev prospektində isə qəzalı vəziyyətdə
olan yaşayış evlərinin sakinləri üçün
48 mənzilli yeni bina tikilir. Prezident İlham Əliyevin
imzaladığı Sərəncam ilə ayrılan vəsait
hesabına inşa olunan dördmərtəbəli binanın
tikintisinə ötən ilin sonlarında başlanılıb.
Artıq binanın bünövrəsi tökülüb,
hörgü işləri aparılır. Mənzillərin 8-i
bir, 24-ü iki, 16-sı isə üçotaqlı olacaq.
İnşaat işlərinin bu ilin avqust ayında başa
çatdırılması nəzərdə tutulub.
Lerik şəhərində də istismar
müddəti başa çatmış yaşayış
binalarının sakinləri üçün 48 mənzilli
yeni yaşayış binasının tikintisinə
başlanılıb. Prezident İlham Əliyevin müvafiq Sərəncamına
əsasən 900 kvadratmetr ərazidə inşa edilən
yaşayış binası iki korpusdan ibarət olacaq.
Hazırda binanın tikintisində torpaq işləri başa
çatdırılıb, bünövrə işlərinə
başlanılıb. Yeni yaşayış binasının bu
ilin sonunadək istifadəyə verilməsi nəzərdə
tutulur.
Onu da qeyd edək ki, bu il Gəncədəki
çoxmərtəbəli binaların dam örtüklərinin
yenilənməsi tam başa çatdırılacaq. Bu barədə
Gəncə şəhər İcra Hakimiyyətindən məlumat
verilib. Bildirilib ki, Prezident İlham Əliyevin müvafiq Sərəncamına
əsasən ayrılan vəsait hesabına Gəncədə
268 binanın dam örtüyünün dəyişdirilməsi
nəzərdə tutulub. Artıq bu binaların əksəriyyətinin
dam örtüyü dəyişdirilib. Hazırda şəhərin
Mahrasa Bağı və Yeni Gəncə yaşayış
massivlərində davam etdirilən işlərə yekun
vurulduqdan sonra çoxmərtəbəli binaların dam
örtükləri ilə bağlı mövcud problemlər
tamamilə aradan qaldırılmış olacaq.
Gəncə şəhərində
həmçinin çoxmərtəbəli binalardan ibarət
2 yeni yaşayış qəsəbəsi salınacaq. Şəhərin
qərb istiqamətdən girişində salınacaq bu qəsəbələrdən
biri üçün 50 hektar, digəri üçün isə
150 hektar ərazi ayrılıb. Bu barədə
Gəncə şəhərinin baş memarı Elxan Məmmədov
bildirib ki, yeni yaşayış massivində çoxmənzilli
yüksək binalar, 3-4 mərtəbəli evlər, məktəb
binası, uşaq bağçası, eləcə də sosial
və iaşə obyektlərinin inşası nəzərdə
tutulur.
Baş memar qeyd edib ki, bu binaların tikilməsində
Mənzil İnşaatı Dövlət Agentliyi yaxından
iştirak edəcək. Tikintisi başa çatan binalar
satışa çıxarılacaq və vətəndaşlara
sərfəli şərtlərlə təklif ediləcək.
Belə ki, sosial təminatı çox da yüksək olmayan
vətəndaşlar hər ay cüzi məbləğ ödəməklə
mənzil sahibi ola biləcəklər.
Həmçinin şəhərdə qəzalı
vəziyyətdə olan binalarda yaşayanların və
infrastruktur layihələrinin icrası zamanı evlərindən
köçürülən ailələrin də yeni qəsəbələrdə
yerləşdirilməsi nəzərdə tutulur.
Sonda onu da qeyd edək ki, Prezident İlham
Əliyev yanvarın 29-da “Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında Fərman imzalayıb. Bu isə bir daha onu deməyə
əsas verir ki, regionların sosial-iqtisadi inkişafı
davamlı xarakter daşıyır.
Nardar
BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 1 fevral.- S.7