Heydər Əliyev Mərkəzində
“Müəllimlərin inklüziv təhsil sahəsində
bacarıqlarının artırılması” layihəsinin təqdimatı
keçirilib
Yanvarın 31-də Heydər Əliyev Fondunun
“Regional İnkişaf” İctimai Birliyinin (RİİB) Avropa
İttifaqının dəstəyi ilə həyata
keçirdiyi “Müəllimlərin inklüziv təhsil sahəsində
bacarıqlarının artırılması” layihəsinin təqdimatı
olub.
AZƏRTAC xəbər verir ki,
Heydər Əliyev Mərkəzində keçirilən təqdimat
mərasimində “Regional İnkişaf” İctimai Birliyinin
nümayəndəsi Cəmil Əliyev təmsil etdiyi qurumun fəaliyyəti,
təhsil, səhiyyə, ekologiya və digər sahələrdə
həyata keçirdiyi layihələr barədə məlumat
verib. Bildirilib ki, İctimai Birliyin təhsil sahəsində
həyata keçirdiyi növbəti layihə ölkəmizdə
inklüziv təhsilin inkişafına, qeyd olunan sahədə
müəllimlərin tədris imkanlarının və pedaqoji
resursların təkmilləşdirilməsinə xidmət edən
“Müəllimlərin inklüziv təhsil sahəsində
bacarıqlarının artırılması” layihəsidir.
Təhsil nazirinin müavini Məhəbbət
Vəliyeva Azərbaycan Prezidenti İlham Əliyevin 2013-cü
il 24 oktyabr tarixli Sərəncamı ilə təsdiq
edilmiş “Azərbaycan Respublikasında təhsilin
inkişafı üzrə Dövlət Strategiyası”nın əhəmiyyətini
vurğulayıb və qeyd edib ki, Strategiyanın 5 illik icra
müddətində şəxsiyyətyönlü
təhsil məzmununun yaradılması, insan
resurslarının müasirləşdirilməsi, müasir
idarəetmə sisteminin formalaşdırılması, təhsil
infrastrukturunun təkmilləşdirilməsi və təhsilin
maliyyələşdirilməsi istiqamətlərinin hər
biri üzrə müsbət nəticələr əldə
olunub. Dövlət Strategiyasında və
müvafiq Tədbirlər Planında sağlamlıq
imkanları məhdud uşaqların təhsilə cəlb
olunması üçün inklüziv təhsil
proqramının qəbul edilməsi ilə bağlı məsələlər
də öz əksini tapıb.
Birləşmiş Millətlər
Təşkilatının Baş Məclisi tərəfindən
qəbul edilmiş “Əlillərin hüquqları haqqında”
Konvensiya əlilliyi olan şəxslərin digər
hüquqları kimi, təhsil hüquqlarının da bir
çox tərəflərini əhatə edir və
inklüziv təhsilin hər kəs üçün ən
yaxşı təhsil mühiti olduğunu təşviq edir. Azərbaycan
da daxil olmaqla üzv dövlətlərin “Əlillərin
hüquqları haqqında” Konvensiyadan irəli gələn
öhdəliklərindən biri əlil şəxslərin
inklüziv təhsilə cəlb olunması məsələsidir.
İnklüziv təhsil
uşaqların fiziki, psixi, intellektual və digər
xüsusiyyətlərindən asılı olmayaraq onların
öz həmyaşıdları ilə eyni məktəbdə
eyni sinifdə təhsilə cəlb edilməsidir. Əlilliyi
olan uşaqlar digər həmyaşıdları ilə birlikdə
böyüdükdə və təlim prosesində birgə
iştirak etdikdə, onlar bir-birinə qarşı anlaşma və
hörmət hissini özlərində inkişaf etdirirlər.
Nazir müavini Azərbaycanda inklüziv təhsilin
tətbiqi ilə bağlı 2004-cü ildən başlayaraq
bir sıra təşəbbüslərin olduğunu diqqətə
çatdırıb. Bildirilib ki, “Azərbaycan
Respublikasında xüsusi qayğıya ehtiyacı olan
(sağlamlıq imkanları məhdud) uşaqların təhsilinin
təşkili ilə əlaqədar İnkişaf Proqramı
(2005-2009-cu illər)” çərçivəsində
inklüziv təhsilin təşkili ilə bağlı
UNESCO-nun maliyyə dəstəyi ilə 2005-ci ildən 3 pilot
layihənin icrasına başlanılıb. Layihələrin
icrası müddətində 15 ümumtəhsil məktəbi
və 13 məktəbəqədər təhsil müəssisəsində
268 əlil uşaq inklüziv təhsilə cəlb edilib. Layihələrin
müddətinin bitməsinə baxmayaraq, inklüziv təhsilə
cəlb olunmuş digər şagirdlər müəssisələrdə
bu gün də təhsillərini davam etdirirlər.
2015-ci ildə Azərbaycan
Respublikası Təhsil Nazirliyi ilə BMT-nin Uşaq Fondunun
(UNICEF) birgə əməkdaşlığı çərçivəsində
inklüziv təhsil sahəsində görülmüş
işlər və beynəlxalq təcrübə təhlil
edilib, nəticə etibarı ilə əlil şəxslərin
təhsilinin təşkili yeni mərhələyə
keçib. Bu mərhələdə
xüsusi təhsil sahəsində köklü islahatların
aparılması, əlilliyi olan uşaqların təhsilə
cəlb olunması qaydalarının yenilənməsi,
onların ümumtəhsil məktəblərində
inklüziv təhsilə cəlb edilməsi və inklüziv təhsil
sahəsində yeni yanaşmaların tətbiqi nəzərdə
tutulub. Beləliklə, UNICEF-in birgə əməkdaşlığı
çərçivəsində nazirliyin müvafiq əmri ilə
2015-2016-cı tədris ilindən “İbtidai təhsil səviyyəsi
üzrə inklüziv təhsilin tətbiqi” layihəsinin
icrasına başlanılıb.
Layihənin Fəaliyyət
Planına əsasən, pilot məktəblərin
direktorları, eksperimental siniflərin müəllimləri,
xüsusi təhsil mütəxəssisləri
üçün Almaniyada inklüziv təhsil üzrə təlim
səfəri təşkil edilib və Bakıda onlara
Almaniyanın Oldenburq Universitetinin 4 nəfərdən ibarət
professor heyəti tərəfindən ikihəftəlik təlim
keçirilib.
Layihə çərçivəsində
inklüziv təhsil sahəsində yeni yanaşmaların tətbiqi
ilə bağlı tədbirlər dörd eksperimental məktəbdə
(220, 138, 252 və 202 nömrəli məktəb) uğurla
sınaqdan keçirilir. Dörd pilot məktəbdə
ümumilikdə (1-4-cü siniflər üzrə) 54 nəfər
sağlamlıq imkanları məhdud şəxs inklüziv təhsilə
cəlb olunub.
Seçim prosesi üçün məktəblərin
yerləşdiyi ərazidə yaşayan əlil
uşaqların valideynlərinə xüsusi və inklüziv
təhsil üzrə maarifləndirici seminarlar keçirilib, həmin
məktəblərdə loqopedik xidmət yaradılıb. Sağlamlıq imkanları məhdud şəxslərin
ümumi təhsil müəssisələrində inklüziv
mühitdə təhsilinin təşkili məqsədilə
“2018-2024-cü illərdə Azərbaycan Respublikasında əlilliyi
olan şəxslər üçün inklüziv təhsilin
inkişafı üzrə Dövlət Proqramı” Azərbaycan
Prezidentinin 2017-ci il 14 dekabr tarixli Sərəncamı ilə
təsdiq edilib. Proqramın icrası ilə
bağlı məsələlərin, hazırlanan sənəd
layihələrinin, aparılan araşdırma və tədqiqatların
nəticələrinin müzakirəsinin təşkili və
müvafiq təkliflərin hazırlanması üçün
İşçi Qrupu yaradılıb.
Avropa İttifaqının Azərbaycan
Respublikasındakı nümayəndəliyinin rəhbəri
Kestutis Yankauskas inklüziv təhsil üzrə layihələr
barədə fikirlərini bildirib, sağlamlıq imkanları
məhdud uşaqların təhsilə cəlb edilməsinin
vacibliyini vurğulayıb.
Heydər Əliyev Fondunun beynəlxalq əlaqələr
departamentinin direktoru Soltan Məmmədov Ümummilli lider Heydər
Əliyevin təhsilə daim böyük önəm verdiyini,
Ulu öndərin ideyalarının Prezident İlham Əliyev tərəfindən
uğurla həyata keçirildiyini bildirib.
Heydər Əliyev Fondunun milli-mənəvi
dəyərlərimizin qorunmasına, tariximizin, mədəni
irsimizin beynəlxalq aləmdə təbliğinə
böyük əhəmiyyət verdiyini qeyd edən S.Məmmədov
ölkəmizdə təhsilin inkişafı üçün
reallaşdırılan tədbirləri diqqətə
çatdırıb. O, Azərbaycan Respublikasının
Birinci vitse-prezidenti, Heydər Əliyev Fondunun prezidenti Mehriban
Əliyevanın təşəbbüsü ilə yüzlərlə
yeni məktəb binalarının tikilib istifadəyə
verildiyini, təhsil müəssisələrinin müasir
avadanlıqlarla təchiz edildiyini vurğulayıb. Bildirilib ki,
Heydər Əliyev Fondu fiziki qüsurlu uşaqların və gənclərin
həm səhiyyə, həm də təhsil probleminə
xüsusi diqqət yetirir. Fondun əsas məqsədlərindən
biri xüsusi qayğıya ehtiyacı olan insanlara kömək
göstərmək, onların sağlamlığını
mühafizə etmək, sosial problemlərini həll etməkdir.
Fondun “Regional İnkişaf” İctimai Birliyinin və
Avropa İttifaqının dəstəyi ilə Təhsil
Nazirliyi tərəfindən tətbiq olunacaq yeni layihə isə
ölkədə sağlamlıq imkanları məhdud
insanların, xüsusilə də əlil uşaqların
ümumi təhsilə əlçatarlığını, hər
bir insanın ölkədəki təhsil sahəsinin
inkişafından yararlanmasını və xüsusi
qayğıya ehtiyacı olan uşaqların cəmiyyətə
vaxtında və düzgün inteqrasiyasını təmin edəcək.
Daha sonra layihə rəhbəri Leyla
Tağıyevanın təqdimatı dinlənilib. Məlumat
verilib ki, icrasına 2018-ci ilin mayından başlanan “Müəllimlərin
inklüziv təhsil sahəsində bacarıqlarının
artırılması” layihəsi 2020-ci ilin sentyabr ayınadək
davam edəcək. Bununla bağlı Bakı şəhəri,
Quba, Şəki, Cəlilabad, Ağcabədi və
Şamaxı rayonlarında müəllimlərin inklüziv təhsil
sahəsində tədris imkanlarının və pedaqoji
resurslarının təkmilləşdirilməsi nəzərdə
tutulur. Layihə çərçivəsində
fəaliyyət 4 istiqamət - inklüziv təhsil üzrə
tədris proqramı və materiallarının təkmilləşdirilməsi,
müəllim və yardımçı heyətin
bacarıqlarının artırılması, onlar
üçün resursların yaradılması, inklüziv təhsil
üzrə siyasətin təkmilləşdirilməsi və
ictimai maarifləndirmə tədbirlərinin təşkili
üzrə aparılır. Bugünədək Bakı şəhəri,
Ağcabədi, Cəlilabad, Şamaxı, Şəki və
Quba rayonlarında ehtiyacların qiymətləndirilməsi ilə
bağlı tədqiqatlar aparılıb. Eləcə
də beynəlxalq ekspertlər layihə ilə bağlı
yaradılmış işçi qrupa müəllimlərin
inklüziv təhsil sahəsində inkişaf
strategiyasını təqdim ediblər. İnklüziv təhsil
üzrə təlim proqramları hazırlanaraq aidiyyəti
qurumlara təqdim olunub, müəllim və
yardımçı mütəxəssislərin inklüziv
təhsil üzrə resurslara çıxışını
təmin etmək məqsədilə Azərbaycan Dövlət
Pedaqoji Universiteti və onun filiallarında İnklüziv Təhsil
Mərkəzləri yaradılıb.
Həmçinin inklüziv təhsil
anlayışı, respublikada inklüziv təhsilin
qanunvericilik əsasları barədə məlumat
kitabçası və digər maarifləndirici materiallar
hazırlanıb.
Layihə çərçivəsində
yaradılan internet portalında isə bu sahədə bilik və
təcrübələrin artırılmasına xidmət edən
təlim proqramları və özünüqiymətləndirmə
testlərini əldə etmək mümkündür. Burada
inklüziv təhsil mərkəzləri, təlim keçən
müəllimlər haqqında məlumatlar toplamaq olar. Portalda
onlayn kitabxana modulu da fəaliyyət göstərəcək.
Layihə çərçivəsində, həmçinin
müəllim və yardımçı heyətin
bacarıqlarının artırılması istiqamətində
təlimlər təşkil olunacaq. Mart ayından başlanacaq
təlimlərdən ibtidai sinif müəllimləri, orta məktəb
rəhbərləri, universitetlərin pedaqoji fakültələrində
çalışan pedaqoq-müəllimlər və tələbələr
faydalana biləcəklər.
Bununla yanaşı, bir qrup təhsil
işçisi inklüziv təhsil sahəsində digər
ölkələrin nümunəvi təcrübəsinin
öyrənilməsinə cəlb olunacaq.
Tədbirdə “Fərqliyik, bərabərik”
adlı videoçarx nümayiş etdirilib.
Sonda “İnklüziv təhsilin əhəmiyyəti”
mövzusunda sağlamlıq imkanları məhdud gənclərin
motivasiya çıxışları olub.
Yeni Azərbaycan.-
2019.- 1 fevral.-S.7