Prezident İlham Əliyevin məqsədyönlü
siyasətinin nəticəsidir ki, bu gün yüksək
intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclik
formalaşır
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər
Birliyinin sədri Seymur Orucov www.yap.org.az saytına müsahibə
verib:
- Seymur müəllim, məlum olduğu kimi,
fevralın 1-də Bakıda 2 Fevral - Azərbaycan Gəncləri
Gününə həsr olunmuş təntənəli tədbir
keçirildi. Tədbirdə Azərbaycan Prezidenti İlham
Əliyev gənclər qarşısında dərin məzmunlu
çıxış etdi. Bu baxımdan, tədbirin əhəmiyyəti
haqqında fikirlərinizi bilmək istərdik...
- Ümumiyyətlə, hər bir ölkədə
gənclər cəmiyyətin aparıcı qüvvəsidir. Bu mənada Azərbaycanda da gənclər cəmiyyətin
bütün həyatında aktiv iştirak edirlər. Əsası
Ulu öndər Heydər Əliyev tərəfindən qoyulan gənclər
siyasətinin başlıca məqsədi yeni nəslin fiziki, mənəvi-psixoloji
cəhətdən sağlam yetişməsini,
istedadlı gənclərin üzə
çıxarılması və onların ölkənin gələcəyinə
töhfə verməsini təmin etməkdir.
2 Fevral - Azərbaycan Gəncləri Günü
də Ümummilli liderimiz Heydər Əliyevin gəncliyimizə
böyük hədiyyəsidir, gənclərə dövlətin
etimadının ifadəsidir. Hər il bu gün
respublikamızda böyük coşqu ilə qeyd olunur. Fevralın 1-də Bakı Konqres Mərkəzində
Prezident İlham Əliyevin və birinci xanım Mehriban
Əliyevanın iştirakı ilə 2 Fevral - Azərbaycan Gəncləri
Gününə həsr olunmuş təntənəli tədbirin
keçirilməsi də dövlətimizin gəncliyə olan
diqqətinin bariz nümunəsidir.
Tədbirdə dövlətimizin
başçısı parlaq çıxış etdi. İlk
olaraq, Gənclər Günü münasibətilə təbriklərini
çatdıran Prezident İlham Əliyev bu günün Ulu
öndər Heydər Əliyevin təşəbbüsü ilə
təsis edildiyini xatırlatdı, Ümummilli liderin gənclərə
həmişə böyük sevgi və qayğı ilə
yanaşdığını bildirdi. Dövlətimizin
başçısı Azərbaycanda müasir gənclər
siyasətinin 1994-cü ildən başladığını,
həmin il Ulu öndərin o zaman mövcud olan çətinliklərə
baxmayaraq, Gənclər və İdman Nazirliyini
yaratdığını və bunun da gənclər
üçün imkanlar açdığını
vurğuladı. Prezident İlham Əliyev ölkəmizdə
gənclərlə bağlı Dövlət
proqramlarının qəbul olunduğunu, müxtəlif
mötəbər beynəlxalq tədbirlərin
keçirildiyini bildirdi, bölgələrdə Gənclər
mərkəzlərinin, Olimpiya İdman komplekslərinin
açıldığını qeyd etdi.
Müstəqillik dövründə
yaşamağın gənclər üçün böyük
xoşbəxtlik olduğunu vurğulayan dövlətimizin
başçısı ölkəmizin hərtərəfli
inkişafında gənclərin roluna toxundu, onların cəmiyyətin
fəal üzvləri olduğunu dedi. Prezident İlham
Əliyev bildirdi ki, Azərbaycan gəncləri peşəkar
olmalı, milli və vətənpərvərlik ruhunda tərbiyə
almalıdırlar. “Haqlı olaraq gənclərimizlə
fəxr edə bilərik”, - deyən dövlətimizin
başçısı şəhidlərimizin böyük əksəriyyətinin
gənclər olduğunu vurğuladı və qeyd etdi ki, hər
bir gəncin əsas vəzifəsi müstəqilliyimizi
möhkəmləndirmək olmalıdır.
Eyni zamanda, Prezident İlham
Əliyev Azərbaycanın son illərdə
qazandığı uğurlardan və sosial-iqtisadi
inkişafdan danışdı, ölkəmizin beynəlxalq
nüfuzunun artdığını vurğuladı, Ermənistan-Azərbaycan
Dağlıq Qarabağ münaqişəsi ilə
bağlı hüquqi, siyasi və digər cəhətlərdən
mövqelərimizin möhkəmləndiyini qeyd etdi.
Çıxışının
sonunda Prezident İlham Əliyev bir daha Azərbaycan gənclərinə
inandığını və güvəndiyini bəyan etdi.
Əlbəttə ki, cənab Prezidentin bu fikirləri biz gənclərdə
fəxarət doğurur, bununla yanaşı, məsuliyyətimizi
də artırır. Çünki Azərbaycan gəncliyi
dövlətin inam və etimadını layiqincə
doğrultmalıdır. Bu mənada həmin tədbir və tədbirdə
səslənən fikirlər böyük önəm kəsb
edir, gənclərimizin qarşısına yeni vəzifələr
qoyur.
- Azərbaycan Prezidenti İlham Əliyevin
verdiyi tövsiyələr Azərbaycan gəncləri
qarşısında hansı vəzifələri qoyur?
- Bu gün Azərbaycanda gənclər siyasəti
uğurla davam etdirilir. Azərbaycan Respublikasının
Prezidenti İlham Əliyevin məqsədyönlü siyasətinin
nəticəsidir ki, bu gün Azərbaycanda yüksək
intellektual səviyyəyə, vətənpərvərlik
hissinə, milli düşüncəyə malik gənclər
formalaşır. Azərbaycan gəncləri gündən-günə
ölkənin ictimai-siyasi həyatında daha böyük rol
oynayırlar. Hazırda respublikada mövcud olan yüzlərlə
qeyri-hökumət və gənclər təşkilatlarının
aktiv fəaliyyəti dövlətin yaratdığı şərait
sayəsində mümkün olub. Məhz dövlətin gənclərə
dəstək və diqqət göstərməsi Azərbaycan
gəncliyində özünə, öz gücünə,
istedadına inam hissini artırıb. Gənclərimiz
iştirak etdikləri beynəlxalq olimpiadalarda və idman
yarışlarında yeni-yeni qələbələrlə
ölkəmizin şərəfini ucaldıblar.
Bilirsiniz ki, Azərbaycanda gəncliyin
inkişafı ilə bağlı Dövlət proqramları
da həyata keçirilir. Bu proqramlar Azərbaycan gəncliyinin
inkişafına böyük töhfələr verir. Eləcə
də gənclər daim irəli çəkilir, mühüm
dövlət postlarına təyin olunurlar. Yəni dövlət
idarəçiliyində, eləcə də seçkili
orqanlarda gənclərin təmsilçiliyi artır. Həmçinin
müxtəlif sahələrdə uğurlar qazanan, Azərbaycanın
adını yüksəldən gənclərimiz dövlət
rəhbərliyi tərəfindən layiqincə dəyərləndirilirlər.
Gəncliyin qarşısında
dayanan əsas vəzifə bundan ibarətdir ki, bilikli, yüksək
təhsilli, vətənpərvər olmalı, dövlətimizin
inkişafına və daha da güclənməsinə,
müstəqilliyimizin qorunmasına böyük töhfələr
verməlidirlər. Bu baxımdan, Azərbaycan gəncliyi
dövlətin göstərdiyi etimadı layiqincə
doğrultmalıdır. Gənclərimiz bu yolda inamla irəliləyir
və gələcəkdə daha yüksək nəticələr
əldə olunacaq.
- Məlumdur ki, ötən illər ərzində
Azərbaycan böyük inkişaf yolu keçib, daha da
güclənib. Amma Azərbaycanın güclənməsi
müəyyən dairələri narahat edir. Bu dairələr
müxtəlif vasitələrlə qazanılan uğurlara
kölgə salmağa çalışırlar. Bu haqda nə
deyə bilərsiniz?
- Bu gün Azərbaycan gəncliyi xoşbəxtdir
ki, Azərbaycanın lideri gənclərimizə daha
güclü, daha zəngin bir Azərbaycan bəxş edib. Cənab
Prezidentin qeyd etdiyi kimi, Azərbaycan öz tarixində bu qədər
güclü olmayıb. Bəli, bu gücün mənbəyi
Heydər Əliyev yoludur, bu gücün mənbəyi xalqla
iqtidarın birliyidir, bu gücün mənbəyi Azərbaycan
xalqının Prezident İlham Əliyevə inamıdır.
Azərbaycan gəncləri Prezident İlham Əliyevin ətrafında
sıx birləşiblər.
Həqiqətən də, ötən illər ərzində
ölkəmiz böyük inkişaf yolu keçib. Bu
inkişaf bütün sahələri əhatə edir. Prezident
İlham Əliyevin siyasəti nəticəsində
inkişafın Azərbaycan modeli formalaşıb ki, bu da
dünya ölkələri üçün nümunədir.
Son 15 ildə Azərbaycan iqtisadiyyatı üç dəfədən
çox artıb, əhalinin sosial rifahı əhəmiyyətli
dərəcədə yüksəlib. Azərbaycan Cənubi
Qafqazın lider dövlətidir, ölkəmiz regionda əsas
söz sahibidir. Bundan əlavə, Azərbaycanın beynəlxalq
müstəvidə də nüfuzu və rolu artmaqdadır. Belə
ki, Azərbaycan Avropanın enerji təhlükəsizliyinin təmin
olunmasında rolunu gücləndirir. Ötən il Cənub Qaz
Dəhlizinin açılışı, TANAP layihəsinin
istifadəyə verilməsi bu baxımdan böyük əhəmiyyət
kəsb edir. Eləcə də 2017-ci ildə
Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin istifadəyə
verilməsi, həmçinin Şərq-Qərb, Şimal-Cənub
nəqliyyat dəhlizlərinin yaradılması Azərbaycanın
nəinki regionda, bütövlükdə dünyada
mövqeyini daha da gücləndirir. Nəzərə
alsaq ki, bu layihələr Azərbaycan dövlətinin, şəxsən
Prezident İlham Əliyevin siyasi iradəsinin ifadəsi olaraq
gerçəkləşir, onda ölkəmizin dünya
üçün, region ölkələrinin inkişafı
üçün nə qədər önəmli töhfələr
verdiyini əminliklə söyləyə bilərik.
Təbii ki, Azərbaycanın uğurları
dostlarımızı sevindirdiyi kimi, düşmənlərimizi
də məyus edir. Bu səbəbdən də, ölkəmizin
nailiyyətləri artdıqca buna kölgə salmağa
çalışan qüvvələr də müxtəlif
tipli qərəzli kampaniyalarla Azərbaycanın beynəlxalq
imicinə, uğurlarımıza ləkə yaxmağa
çalışırlar. Dünyadakı anti-azərbaycançı
mərkəzlər, erməni lobbisi və onların əlində
alət olan sapı özümüzdən olan baltalar hər vəchlə
ictimai rəyi çaşdırmağa
çalışırlar. Həm xaricdəki dairələr, həm
də daxildəki radikal müxalifət sosial şəbəkələr
vasitəsilə xalqı çaşdırmağa, səhv,
yalan, böhtan xarakterli məlumatlar yayaraq, ictimai-siyasi sabitliyi
pozmağa cəhdlər göstərirlər. Amma onlar
heç vaxt məqsədlərinə nail ola bilməyəcəklər.
Onların indiyə qədərki məkrli planları fiaskoya
uğradığı kimi, bundan sonra da belə olacaq.
Çünki Azərbaycan cəmiyyəti yetkin bir cəmiyyətdir,
heç bir yalan kampaniya ilə onu doğru yoldan sapdırmaq
mümkün deyil. Amma bununla belə, arxayınlaşmaq olmaz,
vətəndaşlarımız, xüsusilə gənclər
həmin dairələri ifşa etmək üçün fəaliyyətlərini
daha da gücləndirməlidirlər.
- Yeni Azərbaycan Partiyasının Gənclər
Birliyi həmin dairələrə qarşı hansı
addımlar atır?
- Prezident İlham Əliyevin rəhbərlik
etdiyi Yeni Azərbaycan Partiyası cəmiyyətin
aparıcı siyasi qüvvəsidir. Partiyamızda gənclərin
təmsilçiliyi 40 faizdən çoxdur və yeni üzv
olanların da böyük əksəriyyəti gənclərdən
ibarətdir. Yeni Azərbaycan Partiyasında yüksək bilik və
bacarıqlı, intellektual gənclər ordusu birləşib.
Bu gün gənclərimiz sosial şəbəkələrdə
çox fəaldırlar. Yeni Azərbaycan Partiyasının gənc
üzvləri radikal müxalifət düşərgəsinə,
eləcə də xaricdə oturub ölkəmizə
qarşı qara piarla məşğul olan dairələrə
sosial şəbəkələrdə tutarlı cavab verirlər.
Onlar bizim gənclərimizin əsaslı faktları, arqumentləri
qarşısında acizdirlər. Sadəcə, onlar maddiyyat
qarşılığında xaricdən aldıqları
sifarişləri hələ də icra etməyə cəhd
göstərirlər.
Amma Azərbaycan xalqı onsuz da onların kim
olduğunu çox gözəl bilir. Xalq arasında
radikalların heç bir sosial dayaqları yoxdur. Buna görə
də onların çirkin məqsədləri həmişə
iflasa uğrayır.
İnsanlar müxaliflərin yalanlarına yox,
ölkəmizdə həyata keçirilən inkişaf və
quruculuq siyasətinə inanırlar. Yeni Azərbaycan
Partiyası gənclərinin də əsas işi ondan ibarətdir
ki, Prezident İlham Əliyevin və Birinci vitse-prezident Mehriban
xanım Əliyevanın gördüyü möhtəşəm
işləri əhaliyə, o cümlədən gənclərimizə
çatdıraq. Bu yöndə təbliğat işlərini
daha da gücləndirəcəyik. Biz hər zaman gənclərimizlə
görüşlər zamanı onların dövlətimizin
başçısına sonsuz inam və məhəbbətinin
şahidi oluruq. YAP Gənclər Birliyi olaraq bundan sonra da sosial
şəbəkələr və digər çoxsaylı
layihələr vasitəsilə ölkəmizdə həyata
keçirilən siyasətin uğurlarını daim ictimaiyyət
arasında təbliğ edəcəyik. Eyni zamanda, anti-azərbaycançı
mərkəzlərin, radikalların Azərbaycana qarşı
məkrli niyyətlərinin ifşası istiqamətində fəaliyyətimiz
daha geniş şəkildə davam olunacaq.
Yeni Azərbaycan.-
2019.- 6 fevral.- S.7.