Azərbaycanlı deputatların Rusiya
Dövlət Dumasındakı
çıxışları miniatür kitablarda
“Azerbaydjanskiye deputatı
v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildlik miniatür
kitabının təqdimatı
olub
Fevralın 8-də Miniatür Kitab
Muzeyində Azərbaycan
Respublikası Prezidenti
Katibliyinin rəisi-Prezidentin
köməkçisi, tarix
elmləri doktoru,
professor Dilarə Seyidzadənin
tədqiqatları əsasında
ərsəyə gələn
“Azerbaydjanskiye deputatı
v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildlik
miniatür kitabının
təqdimatı keçirilib.
AZƏRTAC xəbər verir ki, muzeyin
yaradıcısı və
təsisçisi, Əməkdar
mədəniyyət işçisi
Zərifə Salahova tədbiri açaraq bu təqdimatı muzey üçün əlamətdar hadisə kimi dəyərləndirib. Qeyd edib
ki, kitabda dörd çağırış
Rusiya Dövlət Dumasında azərbaycanlı
deputatların çıxışlarının
mətnləri yer alıb. Birinci cilddə 1906-1907-ci illər I və II çağırış, ikinci
cilddə 1907-1917-ci illər
III və IV çağırış
Dövlət Dumasında
azərbaycanlı deputatların
çıxışları verilib. Birinci cilddə, həmçinin
professor Dilarə Seyidzadənin
müvafiq dövrdə
azərbaycanlı deputatların
Rusiya Dövlət Dumasında fəaliyyətinə
dair analitik məqaləsi verilib.
Müəllifinə qürur hissi yaşadan mövzu
Təqdimat mərasimində çıxış
edən tarix elmləri doktoru, professor Dilarə Seyidzadə bildirib ki, Prezident
İlham Əliyevin
2018-ci ili ölkəmizdə
“Azərbaycan Xalq Cümhuriyyəti İli” elan
etməsi nəticəsində
dünya birliyi il ərzində XX əsrin əvvəllərində
Azərbaycanda baş vermiş bütün hadisələrlə tanış
olmaq imkanı qazanıb. Bu kitabın
nəşri də ona dərin minnətdarlıq əlamətidir.
Nəşr haqqında ətraflı məlumat verən tarixçi-alim qeyd edib ki, 1905-ci ilin dekabr ayında
Rusiya çarı Dövlət Dumasına seçkilər haqqında
Fərman imzalayıb. Fərmana əsasən
imperiya ərazisində
yaşayan əhaliyə,
o cümlədən Azərbaycana
da Dövlət Dumasına
nümayəndə seçmək
hüququ verilib.
Seçkilər 1905-ci il 17 oktyabr Manifestindən sonra keçirilib. O zaman Azərbaycan Bakı və Yelizavetpol (indiki Gəncə) quberniyalarından ibarət
idi, eyni zamanda, Qafqazdakı bütün quberniyalar Rusiya canişinliyinin tərkibində idi. Rus çarının nümayəndəsi
- canişinin bütün
seçkilərə qarışmaq,
seçkilərin gedişində
öz düzəlişlərini
etmək hüququna malik idi. O zaman ümumi razılığa əsasən
Rusiya Dövlət Dumasına Azərbaycandan rus dilini mükəmməl
bilən şəxsləri
göndərmək qərara
alınmışdı. Bu
da təbii idi, çünki Dumada bütün danışıqlar
rus dilində aparılırdı. 1906-cı
ildə Bakı və Yelizavetpol quberniyalarında seçkilər
keçirildi. Quberniyalardan
Dumaya Moskva və Sankt-Peterburqun ali məktəblərində
hüquq təhsili almış şəxslər
seçildilər. Deputatların hüquq təhsilli olması xalqın mənafeyini müdafiə
etmək baxımından
çox gözəl seçim idi. Birinci çağırışda Azərbaycanı
Məmmədtağı Əliyev,
Əsədullabəy Muradxanov,
Əlimərdan bəy
Topçubaşov, İsmayıl
xan Ziyadxanov, Əbdürrəhimbəy Haqverdiyev
təmsil edib.
Azərbaycanlı deputatların daxil olduğu 36 nəfərdən
ibarət müsəlman
fraksiyasına Əlimərdan
bəy Topçubaşov
sədrlik edib. Azərbaycanı
II Dumada Fətəli xan Xoyski, Xəlil
bəy Xasməmmədov,
Məmmədağa Şahtaxtinski,
İsmayıl Tağıyev,
Mustafa Mahmudov və Zeynal Zeynalov, III Dövlət Dumasında Xəlil bəy Xasməmmədov, IV Dumada Məmmədyusif Cəfərov
təmsil edib.
Professor Dilarə Seyidzadə
ötən əsrin
60-cı illərində Moskvada
aspiranturada oxuyarkən
apardığı tədqiqatlardan
da söz açıb.
Qeyd edək
ki, XX əsrin
60-cı illərində tarix
elmi ilə məşğul olanlar daha çox beşilliklərdən, tətillərdən,
üsyanlardan yazırdılar.
Dilarə Seyidzadə isə 1963-cü ildə Moskvaya aspiranturaya oxumağa gedəndə vətəndaş mövqeyi
nümayiş etdirərək
məhz azərbaycanlı
deputatların Dumada fəaliyyəti ilə bağlı dərin tədqiqat aparmağı qarşısına məqsəd
qoymuşdu. Hətta o
zaman Lenin kitabxanasında stenoqrafik hesabata dair bir
şagird dəftəri
həcmində məlumat
toplaya bilməsi, kadetlərdən, oktyabristlərdən
yazmaq barədə ona edilən təklif Dilarə xanımı yolundan çəkindirməyib. Onun
namizədlik dissertasiyası
ilə yanaşı, gərgin axtarışları
sayəsində “Azərbaycan
deputatları Rusiya Dövlət Dumasında” monoqrafiyası üçün
material toplanıb.
“Tədqiqatımın ən yaxşı hissəsi məhz azərbaycanlı deputatlarla
bağlı olan hissədir. Təsadüfi
deyil ki, müsəlman Şərqində
ilk demokratik respublika Azərbaycanda yaranıb. Bu, həmin böyük insanların dərin zəkası sayəsində
baş tutub”, - deyə tarixçi-alim bildirib.
Azərbaycanın səsini dünyaya çatdıran kitab
Təqdimat mərasimində “Rossotrudniçestvo” Agentliyinin
Azərbaycandakı nümayəndəliyinin
rəhbəri Valentin Denisov, Xalq yazıçısı,
Milli Məclisin deputatı Elmira Axundova, Prezident Kitabxanasının direktoru
Mayıl Əhmədov,
M.F.Axundzadə adına
Azərbaycan Milli Kitabxanasının direktoru
Kərim Tahirov, yazıçı Natiq Rəsulzadə, Milli Məclisin deputatları Jalə Əliyeva, İlham Məmmədov, “İçərişəhər” Dövlət Tarix-Memarlıq
Qoruğu İdarəsinin
İdarə Heyətinin
sədri Əsgər Ələkbərov, Milli Məclisin şöbə
müdiri Adilə Abbasova, Bakı Dövlət Universitetinin gender və psixologiya kafedrasının
rəhbəri Rəna
İbrahimbəyova çıxış
ediblər.
Çıxışlarda Dilarə Seyidzadənin sovet dövründə apardığı tədqiqatlar
cəsarətli addım
kimi dəyərləndirilib.
Qeyd edilib ki, təqdimatı keçirilən nəşr
Azərbaycanın səsini
dünyaya çatdıran
kitabdır. Təsadüfi
deyil ki, kitabın elektron variantını indiyə qədər 9 minədək
insan oxuyub.
Vurğulanıb ki, dəyərli tarixi mənbə olan bu kitabları
rus dilinin işlək olduğu ölkələrə göndərmək
lazımdır.
Qeyd edək
ki, “Azerbaydjanskiye deputatı v Qosudarstvennoy dume Rossii. 1906-1917” ikicildliyi “İndiqo” mətbəəsində Miniatür
Kitab Muzeyi tərəfindən hər
cildi 100 nüsxə olmaqla rus dilində
nəşr edilib.
Ölçüsü 60x70 millimetr olan
kitabın I cildi 288,
II cildi 340 səhifədən
ibarətdir. Nəşrdə çoxlu sayda ağ-qara fotoşəkillər
yer alıb.
Yeni Azərbaycan.-
2019.- 9 fevral.- S.3.