Bakıda əqli mülkiyyətin
və texnologiyaların
kommersiyalaşdırılmasının rolu mövzusunda
konfrans keçirilib
Fevralın 11-də Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi ilə
İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
arasında əməkdaşlıq haqqında memorandumun
imzalanmasına həsr edilən “İnnovasiyalı inkişaf və
iqtisadi islahatlar: əqli mülkiyyətin və
texnologiyaların kommersiyalaşdırılmasının rolu”
mövzusunda konfrans keçirilib.
AZƏRTAC xəbər verir ki, tədbirdə
Əqli Mülkiyyət Agentliyinin İdarə Heyətinin sədri
Kamran İmanov konfransın mövzusunun əhəmiyyətini
vurğulayıb. Bildirib ki, innovasiyalı inkişafa yol
açan Azərbaycan “Doing Business 2019” Qlobal reytinqinə əsasən,
190 ölkə arasında 25-ci yeri tutur. O, 2018-ci ildə ölkəmizdə
aparılan struktur və iqtisadi islahatlar çərçivəsində
həyata keçirilən tədbirlər nəticəsində
əqli mülkiyyət sistemində əhəmiyyətli təşkilati
və funksional dəyişikliklər baş verdiyini deyib. Bildirib ki, Prezident İlham Əliyevin həyata
keçirdiyi böyük işlər nəticəsində Azərbaycan
daha da yeniləşərək dördüncü sənaye
inqilabının fəal iştirakçısına
çevrilib, ölkədə sosial-iqtisadi islahatlar
reallaşdırılıb. İnnovativ inkişaf yolunun tərkib
hissəsi kimi əqli mülkiyyət sahəsinin
inkişafına yönəlmiş institusional islahatlar çərçivəsində
Azərbaycan Prezidentinin “İstehlak bazarına nəzarət,
standartlaşdırma, metrologiya və əqli mülkiyyət
hüquqları obyektlərinin mühafizəsi sahəsində
idarəetmənin təkmilləşdirilməsi ilə
bağlı tədbirlər haqqında” Sərəncamı
ilə Müəllif Hüquqları Agentliyinin və Patent və
Əmtəə Nişanları Mərkəzinin birləşmə
formasında yenidən təşkili yolu ilə Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyi
yaradılıb.
Kamran İmanov qeyd edib ki, ləğv
edilmiş Standartlaşdırma, Metrologiya və Patent üzrə
Dövlət Komitəsinin sənaye mülkiyyəti obyektlərinin
mühafizəsi sahəsində səlahiyyətləri,
tabeliyində olan Respublika Elmi-Texniki Kitabxanası Əqli
Mülkiyyət Agentliyinə verilib və Agentliyin tabeliyində
Patent və Əmtəə Nişanlarının
Ekspertizası Mərkəzi və Əqli Mülkiyyət
Hüquqlarının Təminatı Mərkəzi
yaradılıb, yeni Nizamnamələri təsdiq edilib. Nəticədə
əqli mülkiyyət sahəsinin bütövlükdə
inkişafını təmin edən, bu sahədə
vahid tənzimləməni və nəzarəti həyata
keçirən və fəaliyyəti əlaqələndirən,
işçiləri dövlət qulluqçularına və əməyin
ödənilməsində mərkəzi icra hakimiyyəti
orqanlarına bərabər tutulan ixtisaslaşmış
yığcam vahid dövlət qurumu yaradılıb. Yaradılmış dövlət strukturunun tərkib
hissələri Əqli Mülkiyyət Agentliyi başda olmaqla
zamanın çağırışlarına uyğun olaraq səmərəliliyin
artırılması məqsədilə Respublika Elmi-Texniki
Kitabxanası istisna olmaqla, publik hüquqi şəxs qismində
çıxış edirlər.
Dövlətimizin
başçısının rəhbərliyi ilə sahə
üzrə aparılan institusional islahat nəticəsində
çalışan dövlət qulluqçularının
sayı 43 nəfər azaldılaraq, il ərzində 1 milyon
100 min manatdan artıq vəsaitə qənaət etmək
imkanı yaradılıb, dövlət büdcəsindən yalnız Əqli Mülkiyyət
Agentliyinin dövlət qulluqçularına bərabər
tutulan işçilərin əməyi maliyyələşdirilib,
Agentliyin saxlanma xərcləri və tabeliyində olan iki mərkəzin
bütövlükdə fəaliyyəti özünümaliyyələşdirmə
prinsipi əsasında həyata keçirilib.
Qeyd edilib ki, Agentliyin
qarşısında duran əsas vəzifələr müəllif
və oxşar hüquqların qorunması və təmin edilməsi,
rəqəmli hüquqların idarə edilməsi və
kontrafaksiya və piratçılığa qarşı
mübarizə ilə yanaşı, sənaye mülkiyyəti
obyektlərinin idarə edilməsi və bu idarəçiliyin
zamanın müasir tələblərinə uyğun təşkili,
patent və əmtəə nişanlarına dair müraciət
edən şəxslər üçün
dürüstlüyün, açıqlığın və
şəffaflığın təmin edilməsidir. Bununla yanaşı, ərazisi azalmış, müxtəlif
əlverişsiz yerlərə səpələnmiş,
fondlarının müəyyən hissəsi itirilmiş və
yarasız vəziyyətə salınmış, nəticədə
istifadəçilərini və nüfuzunu itirmiş Respublika
Elmi-Texniki Kitabxanasının fəaliyyətinin müasir tələblərə
uyğun yenidən qurulmasıdır.
Sənaye mülkiyyəti ilə
bağlı olan Patent təşkilatı yalnız öz
maraqları ilə kifayətlənməməli, fəaliyyətinin
təhlilini özünə aid göstəricilər əsasında
qurmamalı, ixtira və patent aktivliyini innovasiyalı proseslərə
təsiri ilə ölçməlidir və onun fəaliyyəti
bu istiqamətə yönəldilir.
Daha sonra göstərilib ki,
Əqli Mülkiyyət Agentliyinin fəaliyyətinin təkmilləşdirilməsində
səylərimiz real iqtisadiyyatda mütləq dövlət
yardımına söykənməyən avtonom, müstəqil
hərəkətverici qüvvələrin oyadılmasına
yönəldilməlidir. Belə ki, həmin qüvvələr
real iqtisadiyyatı innovasiya tipli iqtisadiyyata çevirməyə
qadir ola bilsin və bu səbəbdən ixtira fəaliyyəti
elə stimullaşdırılmalıdır ki, yaradılan
biliklərin real satılan məhsullara çevrilməsi təmin
edilsin.
Xüsusi vurğulanıb ki, 2018-ci il Davos
İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik İndeksinə
əsasən, “Təsisatlar” altindeksində “Əqli mülkiyyət
hüquqlarının qorunması” göstəricisi üzrə
Azərbaycan 36-cı yerdə qərarlaşıb və MDB məkanında
liderdir. Bununla belə, irəliyə baxaraq,
ehtiyatlarımızı istifadə etməliyik. Belə ki,
Davos İqtisadi Forumunun Rəqabətqabiliyyətlilik reytinqində
“Patent ərizələri” və “Əmtəə
nişanlarına ərizələr” göstəricilərinə
görə Azərbaycanın müvafiq olaraq, 87-ci və 101-ci
yeri tutub. Azərbaycan Respublikası Prezidentinin müvafiq fərmanlarına
əsasən, yeni yaradılmış Azərbaycan
Respublikasının Əqli Mülkiyyət Agentliyində
hazırda bu istiqamətdə, həm də elmi nəşrlərin
H-indeksi istiqamətində işlər görülür.
Prezident İlham Əliyevin Davos
İqtisadi Forumunda vurğuladığı kimi, “gələcəyimiz
- innovasiyalar, texnologiyalar, yaxşı idarəetmə, şəffaflıq
və sahibkarlara dövlət dəstəyindədir” və
Əqli Mülkiyyət Agentliyi bir dövlət qurumu kimi bu
göstərişi layiqincə yerinə yetirməlidir.
Əqli Mülkiyyət Agentliyi Müəllif Hüquqları
Agentliyi kimi fəaliyyət göstərdiyi dövrdən
başlayaraq, indiki yeni imkanlarla davam edir. Belə ki, Müəllif
Hüquqları Agentliyi, Təhsil Nazirliyi və
Ümumdünya Əqli Mülkiyyət Təşkilatının
(ÜƏMT) birgə hazırladıqları “Universitet və
elmi-tədqiqat institutlarında əqli mülkiyyət siyasəti
üçün Milli Layihə”ni göstərmək olar. Həmin
layihənin icrası ilə bağlı 2017-ci ildə
Agentliyin iştirakı ilə Təhsil Nazirliyi və
ÜƏMT arasında Birgə Bəyannamə imzalanıb və
bir neçə beynəlxalq konfrans və seminar keçirilib.
ÜƏMT-nin Baş direktoru
Frensis Qarrinin 2018-ci il iyunun 4-6-da Azərbaycan Respublikasına rəsmi
səfər Proqramı çərçivəsində “Bilik
və innovasiya iqtisadiyyatına əqli mülkiyyətin dəstəyi”
mövzusunda keçirilmiş beynəlxalq konfrans və
“Qeyri-maddi aktivlər və qlobal dəyərlər zənciri:
İqtisadiyyat innovasiyaların faydalarından necə yararlanır?”
mövzusunda regional seminar, universitet və elmi-tədqiqat
institutlarında yaradılmış startapların nailiyyətlərini
nümayiş etdirən sərgi xüsusi qeyd edilməlidir.
Qeyd olunan sərgidə 21 startap-layihə nümayiş
etdirilib, onların 16-sı yerli universiteti, 2-si özəl
şirkəti, 3-ü AMEA-nı (Yüksək Texnologiyalar
Parkı) təmsil edib.
2018-ci il dekabrın 18-də
ÜƏMT-nin Cenevrədəki mənzil-qərargahında Azərbaycan
Xalq Cümhuriyyətinin 100 illiyi münasibətilə Əqli
Mülkiyyət Agentliyi, Nəqliyyat, Rabitə və Yüksək
Texnologiyalar Nazirliyi, ÜƏMT və Beynəlxalq
Telekommunikasiya İttifaqı birlikdə “Azərbaycanda əqli
mülkiyyətin inkişafı və onun regiona təsiri:
innovativ və yüksək texnologiyalar üzrə
startapların təqdimatı” mövzusunda beynəlxalq konfrans
və Azərbaycanın innovativ və yüksək
texnologiyalı startaplarına həsr olunan sərgi təşkil
edib. Həmin beynəlxalq tədbirin xüsusi əhəmiyyəti
yeniləşən islahatçı ölkə - Azərbaycanın
müasir simasını dünyaya, beynəlxalq ekspert cəmiyyətinə
nümayiş etdirməsindədir.
Qeyd olunanlarla əlaqədar Agentlik tərəfindən
Azərbaycanın Uzunmüddətli Əqli mülkiyyət
Strategiyasının hazırlanması; ixtiraçılara
dəstək məqsədilə beynəlxalq patent
qeydiyyatı PCT sisteminin təşviqi və dövlət tərəfindən
xərclərin bir qisminin ödənilməsi, həmçinin
ölkəmizin patent alınmasını sadələşdirən
Patent Hüququ Müqaviləsinə (PLT) qoşulması və
Texnologiyalara və İnnovasiyalara Dəstək Mərkəzinin
yaradılması və tezliklə fəaliyyətə
başlaması; universitetlərdə, elmi-tədqiqat
institutlarında və KOS subyektlərində IP ofislərin
yaradılması, mövcud ofislərin isə tezliklə
texnologiyaların kommersiyalaşması və transferi ofislərinə
çevrilməsı; elm və sənaye
arasında bağlantı, ixtiraçılıq fəaliyyətinin
keyfiyyətcə artması və tətbiqi xarakter
daşıması üçün Texnologiyaların
Kommersiyalaşdırılması və Texnologiya və
İnnovasiyalara Dəstək mərkəzlərinin, o cümlədən
Əqli Mülkiyyət Agentliyinin nəzdində
yaradılması həyata keçirilən vəzifələrdir.
Həmçinin “Made in Azerbaijan” brendinin təşviqi,
“Əmtəə nişanlarının beynəlxalq
qeydiyyatına dair Madrid Sazişi” çərçivəsində
qorunan yerli əmtəə nişanlarının xərclərinin
qismən dövlət hesabına ödənilməsi, kütləvi
istehsal olunan və fərdi toxunan xalçalarımız
üzərində Azərbaycana aid loqonun ilmələrlə
toxunmasına dəstək verilməsi və qeydiyyata
alınması; şəffaflığı təmin
etmək, patent, əmtəə nişanlarının
sifarişçiləri və ekspertiza və digər xidmət
aparanlarla kontaktsız münasibət qurmaq məqsədilə
ASAN tipli “Patentlərə, Əmtəə Nişanlarına
Açıq Hədəf” “PƏNAH” rəqəmli informasiya
sisteminin yaradılması işlərinin başlanması;
rəqəmli şəbəkələrdə əqli
mülkiyyət hüququ ilə qorunan obyektlərin istifadə
edilməsinin idarəetmə sisteminin tətbiqi ilə
bağlı bir sıra tədbirlər həyata keçirilib,
yaradılan strukturların biznes-layihələri
hazırlanıb və bunlar fayda verəcək.
Daha sonra Azərbaycan Respublikası İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin
icraçı direktoru Vüsal Qasımlı
çıxış edib. Bildirib ki, Azərbaycan Prezidentinin
tapşırığına uyğun olaraq hazırda ölkədə
innovasiya strategiyası hazırlanır: “Strateji
yol xəritələrinə müvafiq şəkildə Azərbaycan
iqtisadiyyatı Dünya İqtisadi Forumunun təsnifatına əsasən
səmərəlilik əsaslı modeldən innovasiya əsaslı
modelə keçəcək. İnnovasiya əsaslı modelin inkişaf etdirilməsi
üçün fiziki, insan, institusional və sosial kapital təmin
olunacaq. İnsan potensialının inkişaf etdirilməsi,
insan kapitalının
keyfiyyətinin və əmək məhsuldarlığının
yüksəldilməsi ilə bağlı məsələlərə
xüsusi diqqət verilir, institusional və biznes mühiti daha
da yaxşılaşdırılır, infrastruktur gücləndirilir,
təhsil-təlim prosesi və ixtisaslı kadr
hazırlığı, əmək bazarı və biznes
sektoru arasında koordinasiyanın effektivliyi
artırılır, innovasiyaya meyilli (elm və texnologiya
tutumlu) istehsal (xidmət) sektorunun investisiya cəlbediciliyi
artırılır, klaster yaratma təşəbbüsləri
dəstəklənir və əmək məhsuldarlığının
yüksəldilməsi üzrə əsas prioritetlər müəyyənləşdirilir.
Azərbaycan iqtisadiyyatının əsas
çağırışı - əmək məhsuldarlığının
artırılması üçün insan kapitalının
inkişafı və innovasiyaların tətbiqi vacib əhəmiyyət
kəsb edir”.
Konfransda
Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar nazirinin
müavini Elmir Vəlizadə, təhsil nazirinin müavini
İdris İsayev və AMEA-nın akademik katibi, İnformasiya
Texnologiyaları İnstitutunun direktoru Rasim Əliquliyev, Nəqliyyat,
Rabitə və Yüksək Texnologiyalar Nazirliyinin tabeliyində
Yüksək Texnologiyalar Parkı MMC-nin direktoru Tural Kərimli,
Dövlət Məşğulluq Xidmətinin rəisi Fuad
Musayev, “Microsoft Azərbaycan”ın baş direktoru Sərxan Həşimov,
“Enterpriseazerbaijan,com” portalının meneceri Aytən Məmmədova
çıxış ediblər. Onlar startap layihələrinin
əhəmiyyətindən, xüsusilə mikro və
kiçik sahibkarlığın inkişafında rolundan
danışıblar, həmin layihələrin maliyyələşdirilməsində
yerli və xarici investorların rolunu vurğulayıblar.
Tədbir zamanı startap layihələrinin
nümayiş etdirildiyi sərgiyə baxış keçirilib.
Yekunda Əqli Mülkiyyət Agentliyi və İqtisadi
İslahatların Təhlili və Kommunikasiya Mərkəzi
arasında əməkdaşlıq haqqında Memorandum
imzalanıb.
Yeni Azərbaycan.- 2019.- 12 fevral.- S.4.