Sənaye əhəmiyyətli qızıl
yatağını kəşf
edən geoloq
Həyatda hər
kəs bir sənətə, peşəyə
yiyələnir. Amma öz işinin ustası olmaq hər kəsə nəsib olmur. Vasif Xəlilzadənin ömür yoluna nəzər saldıqda isə bu qənaətə
gəlirik ki, o, seçdiyi geoloq sənətinə nəinki
mükəmməl yiyələnib,
bu sənətin ən yüksək zirvəsini fəth edib.
Daş içində
qızıl yatağının
kəşfi və ya saf qəlbli
insan
Azərbaycanın Əməkdar geoloqu
Vasif Qurban oğlu Xəlilzadə
1932-ci ildə Bakıda
ziyalı ailəsində
dünyaya göz açmışdı. Geoloq
sənətini seçməsi
bəlkə də Vasifin doğma Vətənin təbiətinə,
daşına, torpağına,
dağlarına, qayalarına
vurğunluğundan, yaradıcı
təbiətindən
irəli gəlirdi.
1955-ci ildə Azərbaycan
Sənaye İnstitutunun
(indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) geoloji-kəşfiyyat
fakültəsini bitirdi.
Geoloji axtarışlardan
yorulmayan Vasif kiçik qardaşı, Rəssamlıq Məktəbində
oxuyan Fərhadı da özü ilə aparırdı.
Azərbaycanın Xalq rəssamı Fərhad Xəlilov
AZƏRTAC-ın müxbiri
ilə söhbətində
o illəri xatırlayaraq
deyib: “Qardaşım Vasif gəncliyində həm geoloq idi, həm alpinist.
Dağların vurğunu
idi. Mən deyərdim ki, bu da bir
növ rəssam işidir”.
Vasif Xəlilzadənin geoloji tapıntılarının
biri Azərbaycan geologiyasında mühüm
hadisə oldu. İlk dəfə olaraq qızılı daş içində o tapmışdı. Lakin qızıl kimi saf qəlbə malik geoloq bu
kəşfini rəsmiləşdirmək
barədə düşünmədi
və həmin tapıntıdan əldə yalnız süxurun şəkli qaldı. Vasif Xəlilzadə 1959-cu ildə
Azərbaycanda ilk dəfə olaraq gözlə görünən
Veynəli köklü,
sənaye əhəmiyyətli
qızıl yatağını
kəşf edənlərdən
biri olub.
Sovet dövründə
rəsmiləşdirilmiş 7 elmi ixtira
Vasif Xəlilzadə
əmək fəaliyyətinə
1954-cü il iyulun 5-də
Azərbaycan Respublikası
Nazirlər Sovetinin Geologiya İdarəsində
baş kollektor-geoloq vəzifəsində başlayıb.
Sonralar Azərbaycan
SSR Elmlər Akademiyasının
Geologiya İnstitutunda
baş laborant, kiçik elmi işçi, Geologiya İdarəsində geoloji
partiyaların baş geoloqu, rəis vəzifələrində çalışıb.
Onun elmi
fəaliyyəti əsasən
respublika ərazisində
yerin təkində olan təbii mineralların öyrənilməsi,
onların istehsala verilməsinin hazırlanması
idi. Sovet dövründə Vasif Xəlilzadənin 7 ixtiranın
müəllifi olduğu
rəsmən təsdiqlənmişdi.
Bu sıraya “2-metilpentenanın alınması
üsulu”, “Tsikloheksanın
alınması üsulu”,
“Gübrənin alınması
üsulu”, “Tərkibində
mikroelementlər olan sadə superfosfatın alınması üsulu”, “Şpaklyovka”, “Qazların kükürd oksidindən təmizlənməsi üsulu”,
“Fosfor-kaliumlu gübrənin
alınması üsulu”
patentləri daxildir.
Bu ixtiralara müəlliflik şəhadətnaməsi
SSRİ kimi böyük
dövlətin ərazisinə
şamil olunurdu.
Azərbaycanın Əməkdar geoloqu
Vasif Xəlilzadə Azərbaycan
SSR Dövlət Plan Komitəsinin dağ-mədən
və metallurgiya sənayesi, geologiya və metallurgiya sənayesi, mineral ehtiyatları, sular və ekologiya şöbələrində baş
mütəxəssis, əsasən
isə şöbə
rəisi vəzifələrində
çalışıb. 1977-ci ilin dekabrından 1978-ci ilin dekabrınadək SSRİ
Dövlət Plan Komitəsi işçi qrupunun üzvü kimi Yəməndə ezamiyyətdə olub.
1981-ci ildə Azərbaycanın
Əməkdar geoloqu fəxri adına layiq görülüb.
Ümumiyyətlə, istər sovet dövründə, istərsə
də müstəqillik
illərində Vasif Xəlilzadə bir çox mükafatlarla təltif edilib. Bu sırada Aydağ yatağında təbii seolitin fiziki-kimyəvi və katalitik tədqiqinə və
1978-ci ildə müsabiqədə
iştirakına görə
fəxri fərmanı,
anadan olmasının
50 və 75 illiyi, eləcə də əmək fəaliyyətinin
50 illiyi münasibətilə
fəxri fərmanları,
“Əmək veteranı”
medalını,
SSRİ Geologiya Nazirliyinin
“Yer təkinin kəşfiyyatı” medalını,
“Ətraf mühitin çirklənməsinin qarşısının
alınmasında ən
yaxşı texniki və təşkilati həll üçün” diplomunu və digər təltifləri qeyd etmək olar.
Onu hamı
sevirdi
Yaxşı mütəxəssisə həmişə
ehtiyac olur. Vasif Xəlilzadə pensiyaya çıxandan sonra 1994-cü ildə onu “Azərqızıl” Dövlət Şirkətində
iqtisadiyyat və maliyyə şöbəsinin
rəisi vəzifəsinə
dəvət etdilər.
Sonralar “YUJSNİQRİ” elmi-tədqiqat
layihə institutunun direktorunun birinci müavini oldu. “Azərqızıl” şirkətinin
ləğvi ilə əlaqədar Dövlət
Geologiya və Mineral Ehtiyatlar Komitəsinin tabeliyinə verilmiş “YUJSNİQRİ” elmi-tədqiqat
institutunun direktorunun birinci müavini vəzifəsinə təsdiq
edildi.
2002-ci ildə
Azərbaycan Dövlət
Elmi-Tədqiqat Layihə,
Nəcib, Nadir və Əlvan Metallar İnstitutu
(“YUJSNİQRİ”) Ekologiya və
Təbii Sərvətlər
Nazirliyinin Mineral Xammal Elmi-Tədqiqat İnstitutu adlandırıldı.
Vasif Xəlilzadə institutda 2002-2012-ci illərdə
direktor müavini, elmi işçi, 2017-ci ilədək faydalı qazıntıların proqnozlaşdırılması laboratoriyasının
aparıcı elmi işçisi vəzifələrində
çalışdı. 2007-ci ildə Beynəlxalq Ekoenerji Akademiyasının
geologiya üzrə professoru dərəcəsini
aldı.
O, institutun geoloji, geo-texnoloji, geo-iqtisadi, geo-ekoloji, dağ-mədən işlərinin
aparılmasına nəzarət
etməklə yanaşı,
yeni tematik planların seçilməsində
fəal çalışırdı.
Ayrı-ayrılıqda aparılan
tematik işlərin,
50-dən çox elmi
hesabatın həmmüəllifi
olan Vasif Xəlilzadə daim axtarışlar, kəşflər, yeni ixtiralar sorağında idi. Layihələri çox idi. Yeri gəlmişkən,
2004-cü ildə AZƏRTAC-a müsahibəsində seolit
yataqları ilə bağlı fikirlərini bildirmişdi.
İnfarkt keçirdikdən
sonra 2017-ci ildə institut rəhbərliyinin təkidinə baxmayaraq, əmək fəaliyyətini
dayandırdı. 2018-ci ilin
dekabrında vəfat edən Vasif Xəlilzadə həyata keçirə bilmədiyi
nə qədər layihəni özü ilə apardı.
Qardaşı Fərhad Xəlilov deyir ki, ailədə
nə özü, nə də o biri qardaşı Vasif kimi olmayıb:
“Ailəmizdə əsl
ziyalı Vasif idi. Çox genişürəkli insan idi. Olduqca xeyirxah
idi, incə qəlbi vardı, hər kəsə yaxşılıq etməyi
özünə borc bilirdi”.
Vasif Xəlilzadənin
ömür-gün yoldaşı
Rəhilə xanım
isə onun yoxluğu ilə barışa bilmir, hətta təsəlli üçün həyat yoldaşının ona azacıq olsa belə laqeyd, sərt münasibətini xatırlamır. Sədaqətli
ər, qayğıkeş
ata, gözəl qayınata, sevimli baba, əvəzedilməz qardaş olan Vasif Xəlilzadənin yoxluğu bu ailə üçün böyük itkidir.
Onun evinin
qapıları hər
kəsin üzünə
açıq idi. Onu hamı - ailəsi, qohumlar, dostlar, tanışlar, iş yoldaşları çox sevirdilər.
Yeni Azərbaycan.-
2019.- 13 fevral.- S.7