Biz ölkədə
sabitliyi, inkişafı
qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq
Milli Məclisin
Əmək və sosial siyasət komitəsinin sədri Hadi Rəcəbli
www.yap.org.az saytına müsahibə
verib:
- Hadi müəllim,
bu gün ölkəmiz sosial-iqtisadi
cəhətdən uğurla
inkişaf edir. Bu baxımdan, Azərbaycanda sosial məsələlərin həlli
ilə bağlı görülən işlər
barədə fikirlərinizi
bilmək istərdik...
- Bu gün Azərbaycan sosial-iqtisadi sferada sürətli inkişaf yoluna qədəm qoyaraq gələcəyə
doğru inamla addımlayır. Əhalinin
sosial inkişafı üçün lazım olan hər bir
şərait yaradılıb.
Əməkhaqları, pensiya
təminatı sahəsində
aparılan ciddi islahatlar, qaçqın və məcburi köçkünlərin
yaşayış şəraitinin
yaxşılaşdırılması üçün həyata
keçirilən geniş
proqramlar, sosial sahə ilə bağlı qəbul olunan çoxsaylı qanunlar və s. cəmiyyətin rifah halının yaxşılaşmasına
yönəlmiş tədbirlərdir.
Bu gün Azərbaycan Prezidenti İlham Əliyev Ulu öndərimiz Heydər Əliyevin müəyyənləşdirdiyi sosial siyasəti uğurla davam etdirir. Prezident İlham Əliyevin rəhbərliyi ilə inkişafın Azərbaycan
modeli formalaşıb
və sosial inkişaf məsələləri
də dövlət siyasətinin prioritetləri
sırasındadır. Dövlət
başçısının vurğuladığı kimi,
bizim siyasətimizin mərkəzində Azərbaycan
vətəndaşı dayanır.
Ölkəmizdə həyata keçirilən
sosial siyasətin başlıca məqsədlərindən
biri də cəmiyyətin əsas sosial problemlərindən olan yoxsulluğun səviyyəsinin azaldılmasıdır.
Görülən işlər
nəticəsində hazırda
ölkəmizdə yoxsulluğun
səviyyəsinin 5 faiz
civarında olması yüksək göstəricidir.
Ümumiyyətlə, əhalinin rifahının
yaxşılaşması istiqamətində
görülən işlər
yalnız maaşların,
pensiya və müavinətlərin artması
ilə yekunlaşmır.
Respublikamızda aparılan sosial
siyasətin məzmunu
vətəndaşların sosial
vəziyyətinin yaxşılaşması
ilə bərabər,
onların məşğulluğunun
artırılması, daha
yaxşı yaşamaları
üçün əlavə
pul gəlirləri əldə etmələrindən
ibarətdir. Ötən
dövrdə bu istiqamətdə atılan
bütün addımlar konkret olaraq cəmiyyətin sosial qayğılarının
təmin olunmasına əhəmiyyətli baza formalaşdırıb. Azərbaycan
Respublikası regionlarının
sosial-iqtisadi inkişafına
dair Dövlət proqramları davamlı iqtisadi inkişafı təmin etməklə, sosial sahədə qarşıda duran problemlərin həlli üçün etibarlı
zəmin yaradıb. Son 15 ildə 2 milyona qədər iş yerinin açılması da ölkə Prezidentinin bu sahədə uğurlu siyasətinin əyani göstəricisidir.
Hazırda əhalinin məşğulluğunun təmin
edilməsi istiqamətində
davamlı işlər
həyata keçirilir.
Azərbaycanın bu il dövlət
büdcəsinin təxminən
34 faizinin sosial məqsədlər üçün
xərclənməsi nəzərdə
tutulur. Bu, elə də kiçik rəqəm deyil, əksinə, böyük rəqəmdir.
Beləliklə, bizim dövlət
büdcəsi həm sosialyönümlü, həm
də investisiya tutumludur. Ötən illə müqayisədə
büdcənin həcmi
artıb, səhiyyəyə
ayırmalar təxminən
70% çoxalıb, sosial
müdafiə sistemində
artımlar nəzərdə
tutulub, pensiya ilə bağlı xərcləmələrdə
illik 400 milyon manata qədər artım var. Bu artımların nəticəsi də göz önündədir.
Bir məsələ də var ki,
əhalinin həyat səviyyəsi yüksəldikcə,
tələbatlar da artır. Bu, təbii haldır.
- Məlumdur ki, bəzi dairələr
sosial şəbəkələr
vasitəsilə ölkəmizə
qarşı qərəzli
kampaniya aparırlar. Bu kampaniyada sosial məsələlər
haqqında da iddialar səsləndirirlər.
Buna münasibətiniz
necədir?
- Onların iddialarının
heç bir əsası yoxdur. Dünyada istehlak səbəti və yaşayış minimumu məfhumları var. Bunlardan da minimum
əməkhaqqı formalaşır.
Bu rəqəmlər bizim İqtisadiyyat Nazirliyinin, Dövlət Statistika Komitəsinin hesablamalarıdır. Biz bu rəqəmləri parlamentdə müzakirə
edirik. Bəzi saytlar mənim adımdan yazmışdılar
ki, ehtiyac meyarı yaxşı rəqəmdir. Bu dərəcə təhrif,
özü də qərəzli formada, olarmı? Mən demişdim ki, ehtiyac meyarının artması hesabına filan qədər ailəyə yardım veriləcək, bu, yaxşıdır. Bu günlərdə
dövlət başçısının
Sərəncamı ilə
minimum əməkhaqqının
məbləği artırılaraq
180 manata çatdırıldı.
Bu, çox təqdirəlayiq haldır
və əhalinin rifahının yüksəlməsinə
öz töhfəsini
verəcək.
Azərbaycanda qanunların aliliyi qorunur. Zaman-zaman qanunlar dəyişdirilir, daha da təkmilləşdirilir.
Bütün bunlar isə dövlətimizin daha da inkişafına,
əhalinin rifahının
yüksəlməsinə xidmət
edir.
Bir həqiqət
var ki, dövlətimizin
başçısı həmişə
ortaya siyasi iradə qoyur, islahatlar aparır. Bu gün islahatlar
müsbət nəticələr
verməkdədir. “ASAN xidmət”dən bütün
vətəndaşlar razıdırlar.
Çünki bu qurumun yaradılması ilə bir sıra
problemlər aradan qaldırıldı. Sosial
sahədə isə
DOST Agentliyi yaradılıb
və təbii ki, bu da
vətəndaş məmnunluğu
yaradır. Ölkə
başçısı həmçinin
məşğulluğun
leqallaşması istiqamətində
qərarlar qəbul edib, kiçik və orta biznesin
inkişafını dəstəkləyir.
Cənab Prezident
qeyd edib ki, dövlətimizin siyasətinin mərkəzində
Azərbaycan vətəndaşı
dayanır. Həqiqətən
də, belədir. Xüsusilə, həssas, aztəminatlı ailələr,
daha çox sosial qayğıya ehtiyacı olan insanlara göstərilən
diqqət göz önündədir. Şəhid
ailələrinə birdəfəlik
ödəmələrin verilməsi
məsələsinə hamımız
şahid olduq. Məsələ araşdırıldı
və Prezidentimiz hər kəsin ürəyincə olan qərar qəbul etdi. Hansı ki, bu məsələdən
müəyyən dairələr
öz siyasi məqsədləri üçün
istifadə etməyə
çalışırdılar. Amma məqsədlərinə
nail ola bilmədilər.
Azərbaycan mənim gözümdə
dolanışıq, sabitlik,
əmin-amanlıq baxımından
bir çox ölkələr üçün
nümunədir. Təbii
ki, hər kəs istəyir ki, insanlar daha
da yaxşı yaşasınlar, maaşlar,
pensiyalar, müavinətlər
bir az da
yüksəlsin. Dövlətimizin
həyata keçirdiyi
siyasətin də məqsədi budur. Amma bütün bunlara tədricən nail olunur. Baxın,
fevralın 8-də dövlət
başçısının Sərəncamı ilə
minimum əməkhaqqı
artırıldı. Şübhəsiz
ki, bu yöndə
addımlar davamlı olaraq atılacaq. Bəzi adamlar isə müəyyən məqsədlər üçün
populist çıxışlar
edirlər ki, bunların da heç bir əsası yoxdur.
- Sizcə, burada
əsas məqsəd nədən ibarətdir?
- Bilirsiniz ki,
vaxtaşırı olaraq
müəyyən beynəlxalq
qurumlar, avropalı siyasətçilər ölkəmizə
qarşı bəyanatlar
səsləndirirlər. Hər
hansı kiçik məsələni şişirdib
onu qlobal problemə çevirərək
bununla ölkəmizdəki
sabitliyi pozmağa, Azərbaycanın beynəlxalq
nüfuzuna xələl
gətirməyə çalışırlar.
Eləcə də, sosial
şəbəkələrdə radikal ünsürlərin
mənəviyyatdan kənar
davranışları da
bu məqsədə xidmət edir. İdarəetmədən, dövlət
quruculuğundan xəbəri
olmayanlar sosial şəbəkələr vasitəsilə
çağırışlar edib respublikada qarşıdurma yaratmaq istəyirlər. Radikal
müxalifətin mitinqləri
də bu məqsədə xidmət
edir. Bütün bunların hamısı Azərbaycanın uğurlarını
gözü götürməyən
qüvvələr tərəfindən
idarə olunur. Vətəni, dövləti
sevən hər bir insan onlara
cavab verməlidir.
Biz ölkədə
sabitliyi, inkişafı
qoruyub, təmin etmək üçün hamılıqla çalışmalıyıq.
Sabitliyimizi pozmaq istəyənlərin, inkişafımıza
mane olmağa çalışanların qarşısını
almalıyıq. Bunun üçün qanunlar çərçivəsində nə mümkündürsə,
etmək lazımdır.
Yeni Azərbaycan.-
2019.- 13 fevral.- S.5