Heydər
Əliyev ideyalarına sadiq olan
möhkəm əğidəli,
prinsipial və vətənpərvər
şəxsiyyət
Fevralın 17-də tanınmış
ictimai-siyasi xadim, Yeni Azərbaycan Partiyası İcra katibinin
müavini, Milli Məclisin İctimai birliklər və dini
qurumlar komitəsinin sədri Siyavuş Novruzovun 50 yaşı
tamam olur
Qədim dövr Çin filosofu və mütəfəkkiri
Konfutsi qeyd edir ki, ömür yoldur, qət etdikcə zənginləşir.
Hər bir insan özünəməxsus ömür yoluna
malikdir. Bu yolu fərqli, zəngin edən isə
insanın həyat və fəaliyyətinin rəngarəng
cizgiləridir. İnsan özünəxas həyat portretinin
ştrixlərini məhz öz əməlləri ilə
yaradır. İndiki və gələcək nəsillər
üçün örnək mənəvi miras qoyan şəxsiyyətlərin
ömür yolu isə cəmiyyət üçün
nümunə təşkil edir. Fevralın 17-də anadan
olmasının 50 illiyi tamam olan tanınmış ictimai-siyasi
xadim, Yeni Azərbaycan Partiyası (YAP) İcra katibinin müavini
və İdarə Heyətinin üzvü, Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədri
Siyavuş Novruzov da belə şəxsiyyətlərdəndir.
Məlumat üçün qeyd edək ki,
Siyavuş Novruzov 17 fevral 1969-cu il tarixində Naxçıvan
Muxtar Respublikasının Babək rayonunun Cəhri kəndində
anadan olub. 1990-1995-ci illərdə Bakı Dövlət
Universitetinin Hüquq fakültəsini, 1999-2002-ci illərdə
isə Azərbaycan Respublikasının Prezidenti yanında
Dövlət İdarəçilik Akademiyasının
Dövlət və bələdiyyə idarəetməsi
fakültəsini bitirən Siyavuş Novruzov, eyni zamanda,
hüquq üzrə fəlsəfə doktorudur. Bunlarla
yanaşı, 1987-1990-cı illər SSRİ ordusunda xidmət
edən S.Novruzov 1990-1993-cü illərdə ərazi
bütövlüyümüzün qorunması uğrunda gedən
döyüşlərdə fəal iştirak edib və
Qarabağ müharibəsi veteranıdır.
HEYDƏR ƏLİYEV İDEYALARINA
SƏDAQƏT NÜMUNƏSİ
Siyavuş Novruzovu yaxından tanıyanlar, onunla
birlikdə işləyən, ictimai-siyasi və mədəni tədbirlərdə
birgə iştirak edənlər Siyavuş müəllimin sadə
və səmimi bir insan olduğunu əminliklə söyləyirlər.
Digər tərəfdən, Siyavuş Novruzovun həyat
və fəaliyyətinin başlıca ştrixlərini təsvir
edərkən əminliklə onu möhkəm əqidəli,
prinsipial və vətənpərvər şəxsiyyət,
Heydər Əliyev ideyalarına sadiq olan fədakar insan kimi təsvir
edirik. Ona görə ki, Siyavuş Novruzov gənclik
illərindən etibarən xalqımız və dövlətimiz
qarşısında çoxsaylı xidmətlər göstərən,
səmərəli fəaliyyəti ilə dövlətçiliyin
inkişafına mühüm töhfələr verən
ictimai-siyasi xadim kimi tanınır.
Ümummilli məsələlərdə daim prinsipial mövqedən
çıxış edən Siyavuş Novruzovu cəmiyyətə
daha yaxşı tanıdan amillərdən biri onun 1990-cı
illərin əvvəlində vətənpərvər şəxsiyyət
kimi Azərbaycanın qarşılaşdığı problemlərə
biganə qalmaması və ölkəmizin tənəzzüldən
xilas olması üçün Ulu öndər Heydər
Əliyevin Azərbaycanda yenidən siyasi hakimiyyətə gəlməsi
uğrunda aparılan mübarizədə yer alması idi. O da milli təəssübkeşlik nümayiş
etdirən digər vətənpərvər şəxsiyyətlər
kimi, ölkəmizin üzləşdiyi çətinliklərdən
yeganə xilas yolunu Ümummilli liderin Azərbaycanda yenidən siyasi
hakimiyyətə gəlməsində görürdü. Həmin
dövrdə hakimiyyətdə olan rəhbərlərin
yarıtmaz və antimilli siyasəti nəticəsində
Azərbaycan xaos və anarxiya ilə üzləşmişdi,
tənəzzülün məngənəsində idi, eyni
zamanda, ermənilərin Azərbaycan torpaqlarını
işğalı davam edirdi. Belə bir mürəkkəb və
çətin şəraitdə yeganə
çıxış yolu Ümummilli lider Heydər Əliyevin
hakimiyyətə gəlməsi idi. Siyavuş Novruzov da bu
cür mürəkkəb situasiyada əsl vətəndaşlıq
mövqeyi nümayiş etdirərək, Ulu öndərin
ölkəni xilas etməsinin zəruriliyini bildirərək bu
istiqamətdə fədakar və mübariz yanaşma ortaya
qoyurdu.
Siyavuş Novruzov qeyd edir ki, Azərbaycanın
xilası və dirçəlişi məhz Ümummilli lider
Heydər Əliyevin adı ilə bağlıdır. Onun
sözlərinə görə, müasir müstəqil Azərbaycanın
memarı və qurucusu olan Ulu öndər Heydər Əliyev
ümumbəşəri şəxsiyyətdir. S.Novruzov əlavə
edir ki, Heydər Əliyev Azərbaycan adlı məmləkətin
tarixin mürəkkəb sınaqlarından müvəffəqiyyətlə
keçərək intibah və tərəqqi yoluna
çıxmasını təmin etmiş əbədiyaşar
liderdir. “Doğma, canım-varlığım qədər
sevdiyim Azərbaycanım mənim qibləgahımdır”, - deyən
Ulu öndər xalqına və dövlətinə dərindən
bağlı idi, vətəninə böyük məhəbbət
bəsləyirdi. Siyavuş Novruzovun fikrincə,
Ulu öndər Heydər Əliyevin zəngin siyasi irsi, idarəçilik
təcrübəsi hər zaman xüsusi diqqət mərkəzindədir,
öyrənilir - tədqiq olunur. “Əminliklə söyləmək
olar ki, bu, gələcəkdə də belə olacaq, əbədiyaşar
şəxsiyyətin irsi daha dərindən öyrəniləcək,
müasir siyasi idarəçilikdə geniş tətbiq ediləcək.
Onun ideyaları və zəngin siyasi irsi dövlət
quruculuğunun, sosial-iqtisadi və mədəni-mənəvi
inkişafımızın bütün istiqamətlərində
yolumuza həmişə işıq salacaq, Azərbaycanın
inkişafına, firavan gələcəyinə xidmət edəcək”,
- deyən S.Novruzov əlavə edir ki, Ümummilli lider
Heydər Əliyev kimi xalqına hədsiz bağlı olan
şəxsiyyətlərin ömrü yaşadığı
illərlə ölçülmür. Əbədiyaşar
şəxsiyyət, Ümummilli lider qədirbilən
xalqımızın qəlbində yaşayır və daim
yaşayacaqdır.
Azərbaycanın Ümummilli
lider Heydər Əliyevin ideyaları əsasında inkişaf
etdiyini, ölkəmizin ötən müddət ərzində
Prezident İlham Əliyevin rəhbərliyi ilə möhtəşəm
inkişaf yolu keçdiyini, bütün sahələrdə
mühüm nailiyyətlərin əldə edildiyini deyən
Siyavuş Novruzov bildirir ki, ölkəmizin hərtərəfli inkişafı, verilən hər bir vədin
konkret əməli işdə öz təsdiqini tapması
xalq-iqtidar birliyini daha da möhkəmləndirib, vətəndaşların
Prezident İlham Əliyevin ətrafında sıx birləşməsini
təmin edib: “Çoxəsrlik tarixində heç vaxt indiki qədər
qüdrətli olmayan Azərbaycan tərəqqi yolunda əmin
addımlarla irəliləyir, yeni zirvələr fəth edir”.
ÜMUMXALQ PARTİYASI OLAN YAP-IN YARANMASINDA
İŞTİRAK ETMİŞ MÜBARİZ VƏ FƏDAKAR
İNSAN
Zəngin və mənalı ömür yolu
keçən Siyavuş Novruzovun ictimai-siyasi fəaliyyəti, əsas
etibatilə, Ümummilli lider Heydər Əliyevin qurucusu
olduğu Yeni Azərbaycan Partiyası ilə
bağlıdır. Siyavuş müəllim
YAP-ın yaranmasında iştirak edən fədakar insanlardan
biridir və həmin dövrdə Ulu öndər Heydər
Əliyevin ətrafında sıx birləşmiş
mübariz şəxsiyyətlər sırasında yer
alır. 1990-cı ildən “Əlincə” Xeyriyyə Cəmiyyətinin
şöbə rəisi, məsul katibi vəzifələrində
çalışan Siyavuş Novruzov 1994-1999-cu illərdə
YAP Mərkəzi Aparatının işlər müdiri, Təşkilat
şöbəsinin müdiri vəzifələrində
çalışıb, 1995-2005-ci illərdə partiyanın Gənclər
Birliyinin sədri olub. Yeni Azərbaycan Partiyasının
ictimai-siyasi və tarixi zərurətdən
yarandığını deyən Siyavuş Novruzov bildirir ki, həmin
dövrdə Azərbaycan olduqca çətin vəziyyətdə
idi və çoxsaylı iqtisadi, siyasi problemlərlə
qarşı-qarşıya idi. Milli maraqlardan uzaq
mövqe tutan səriştəsiz insanların hakimiyyətdə
olmasının ölkə daxilində hərc-mərcliyin,
xaosun, ciddi böhran və tənəzzül meyillərinin
yaranmasına səbəb olduğunu bildirən Siyavuş
Novruzov deyir ki, həmin dövrdə erməni təcavüzü
ilə üzləşən Azərbaycan çarəsiz
vəziyyətdə idi, ayrı-ayrı siyasi partiyalar isə
ölkənin milli maraqlarını, təhlükəsizliyini
qorumaq əvəzinə, öz məhdud maraqları uğrunda
mübarizə aparırdılar. Silahlı dəstələrə
malik olan belə partiyaları məhz hakimiyyət uğrunda
mübarizə maraqlandırırdı. Belə bir vəziyyətdə
Azərbaycan xalqının görkəmli nümayəndələri
- ziyalılar, tanınmış insanlar ölkəmizi
düşdüyü bu bəladan - məhv olmaq təhlükəsindən,
xaos, anarxiya və böhran vəziyyətindən xilas
etmək üçün böyük dövlət xadimi,
Ümummilli lider Heydər Əliyevə müraciət etdilər.
Siyavuş Novruzov o dönəmə nəzər
salaraq xatırladır ki, xalqımız həmin dövrdə
Naxçıvan Ali Məclisinin Sədri olan Ulu öndər
Heydər Əliyevi yeganə xilaskar şəxsiyyət olaraq dəyərləndirirdi
və bütün ümidlər Ümummilli liderimizə
bağlanmışdı: “Məlumdur ki, o zaman Ulu öndər
Heydər Əliyevə Bakıda yaşamağa imkan vermədiklərinə
görə Ümummilli liderimiz məcburiyyət
qarşısında qalaraq Naxçıvan Muxtar
Respublikasına getmişdi. Amma Ona qarşı təzyiqlər
Naxçıvanda da davam edirdi, həmçinin Heydər
Əliyevin tərəfdarlarına qarşı güclü təqiblər
aparılırdı. O zaman Azərbaycan Respublikasının
Ali Sovetinin Nizamnaməsində Naxçıvan Muxtar
Respublikası Ali Məclisinin sədrinin respublika Ali Sovetinin sədrinin
müavini olmasını təsbit edən maddəni dəyişdirdilər.
Bunlara paralel olaraq 1992-ci ildə Azərbaycan
Konstitusiyasının 121-ci maddəsinin II bəndinə belə
bir maddə əlavə olunmuşdu ki, yaşı 65-dən
yuxarı olan şəxslər prezident seçilə bilməzlər.
Bu, bilavasitə Ümummilli lider Heydər Əliyevə
qarşı yönəlmişdi. Həmin
düzəlişə etiraz olaraq Azərbaycanın
xilasını və qurtuluşunu məhz Ulu öndər Heydər
Əliyevdə görən insanlar - Ümummilli liderimizin tərəfdarları
18 gün müddətində Bakıda Ali Sovetin
qarşısında etiraz aksiyaları keçirdilər,
mitinqlər təşkil etdilər. Həmin
dövrdə müvafiq qanuna əsasən müəssisə və
təşkilatlar da namizəd irəli sürə bilərdilər.
Ümummilli lider Heydər Əliyevin namizədliyi o vaxt Azərbaycanın
300-dən artıq ayrı-ayrı müəssisə və təşkilatları
tərəfindən irəli sürülmüşdü. Amma
Mərkəzi Seçki Komissiyası
Konstitusiyadakı bəhs olunan düzəlişə görə
Heydər Əliyevin namizədliyini qeydə almadı. Bundan
başqa, seçkilərin ardınca yaş senzinə
qarşı çıxaraq Ulu öndərin namizədliyini
müdafiə edən şəxslərə qarşı təqiblər
gücləndirildi, onların yaşadıqları yerlərə
hücumlar oldu, insanlara çoxsaylı xəsarətlər
yetirildi. Belə olan halda, Azərbaycanın
xilasına nail olmaq üçün Heydər Əliyevi
müdafiə edənlər fəaliyyəti davam etdirmək
üçün siyasi partiya yaratmaq qərarına gəldilər.
1992-ci ilin may ayında “Əlincə” xeyriyyə cəmiyyəti
tərəfindən Ümummilli liderimizin rəhbərliyi ilə
siyasi partiyanın yaranması təklifi irəli
sürüldü”.
“Mayın 28-də “Əlincə”
xeyriyyə cəmiyyətinin nümayəndələri olaraq
Naxçıvanda Ümid körpüsünün
açılışında iştirak etdik. Ümummilli
liderimiz ilə görüşdə partiyanın
yaradılması barədə fikir mübadiləsi apardıq.
İyulun 13-də isə ziyalılardan ibarət digər qrup
Naxçıvan Muxtar Respublikasına səfər etdi.
Ümummilli liderimizə partiyanın yaradılması təklif
olundu, lakin Heydər Əliyev bu təklifi qəbul etmədi.
O, bu zamana qədər bir partiyada - Kommunist Partiyasında
olduğunu və daha heç bir partiyaya rəhbərlik etmək
istəmədiyini dedi. Amma ölkəmizdə
baş verən hadisələrin fonunda, xaos, anarxiya, hərc-mərclik
və siyasi böhran şəraitində zəngin dövlətçilik
təcrübəsinə malik olan, Öz xalqına, dövlətinə
dərindən bağlı olan Ümummilli liderimiz Heydər
Əliyev də gördü ki, belə bir partiyanın
yaradılması zərurətdir. Məhz bu ərəfədə
- 1992-ci il oktyabrın 16-da 91 nəfər ziyalı Ümummilli
liderimizə müraciət etdi. Müraciətdə qeyd
edilirdi ki, “öz adımızdan və on minlərlə
respublika vətəndaşı adından Sizdən xahiş
edirik ki, təşəkkül tapan Yeni Azərbaycan
Partiyasına rəhbərlik etməyə razılıq verəsiniz.
Azərbaycan Sizin sözünüzü və qəti
qərarınızı gözləyir”. Ümummilli lider Heydər
Əliyev ziyalılara göndərdiyi 24 oktyabr 1992-ci il tarixli
cavab məktubunda Yeni Azərbaycan Partiyasının
yaradılmasına və ona rəhbərlik etməyə
razılıq verdi”, - deyə Siyavuş Novruzov əlavə
edir.
Siyavuş Novruzov deyir ki, həmin vaxt hakimiyyətdə
olan AXC-”Müsavat” cütlüyü Ümummilli lider Heydər
Əliyevə müraciət ünvanlayan şəxslərə
qarşı ciddi təzyiqlər edirdi. Onlar Bakı şəhər
Prokurorluğuna çağırılır, müxtəlif təhdidlər
və fiziki təqiblərə məruz qalırdılar. Eyni
zamanda, o zaman hakimiyyətdə olan qüvvələr Bakı
şəhərində partiyanın təsis konfransının
keçirilməsinə icazə vermədilər: “Bu səbəbdən
50 nəfər partiyanın təsis konfransında iştirak
etmək üçün Naxçıvan Muxtar
Respublikasına yola düşdü və noyabrın 21-də
550 nəfərin iştirakı ilə Yeni Azərbaycan
Partiyası təsis olundu. YAP dekabr ayında
Ədliyyə Nazirliyində qeydiyyatdan keçdi və
respublikamızın hər yerində artıq təsis
konfransları keçirilməyə başlandı. Bunun
qarşısını almaq üçün mövcud hakimiyyət
ölkədə fövqəladə vəziyyət elan etdi və
beləliklə, toplantılar, yığıncaqlar qadağan
olundu. Bütün bu təzyiqlər və
təqiblərə baxmayaraq, Yeni Azərbaycan Partiyası
öz fəaliyyətini davam etdirdi və qısa müddət
ərzində hakimiyyətə gəldi. İnsanlar
böyük dövlətçilik təcrübəsinə,
xarizmaya malik olan güclü Lider ətrafında yaranan Yeni Azərbaycan
Partiyasına üz tutmağa
başladılar. Ümummilli liderimiz Heydər Əliyevin rəhbərliyi
ilə fəaliyyət göstərən Yeni Azərbaycan
Partiyası müstəqilliyimizin möhkəmləndirilməsinə,
milli inkişafın təmin olunmasına xidmət edən fəaliyyətini
davam etdirdi və bunun nəticəsində Azərbaycan tənəzzüldən
xilas olaraq tərəqqi yoluna qədəm qoydu”.
Yeni Azərbaycan
Partiyasının ötən dövr ərzində Azərbaycanın
dövlət müstəqilliyinin möhkəmləndirilməsində,
milli dövlətçiliyimizin əsaslarının gücləndirilməsində,
inkişafa, sabitliyə, tərəqqiyə xidmət edən
milli məqsədlərin reallaşdırılmasında və
yeni hədəflərin müəyyənləşdirilməsində
misilsiz xidmətlər göstərdiyini deyən S.Novruzov
bildirir ki, YAP bu cür ali məramlı fəaliyyəti və
müstəsna əhəmiyyətə malik olan misilsiz xidmətləri
ilə ümumxalq partiyasına çevrilib. Onun sözlərinə
görə, Yeni Azərbaycan Partiyası dilindən, dinindən,
etnik mənsubiyyətindən asılı olmayaraq, ölkəmizdə
yaşayan bütün insanların, eləcə də
bütün xalqların partiyasıdır. YAP həmçinin
öz sıralarında cəmiyyətin bütün təbəqələrindən
olan insanları birləşdirən avanqard siyasi qüvvədir.
Bəli, bu gün Yeni Azərbaycan
Partiyası ölkəmizin siyasi palitrasında avanqard və
aparıcı siyasi qüvvə kimi çıxış edir,
respublikamızın inkişafına öz dəyərli və
layiqli töhfələrini verir. Öz fəaliyyəti ilə
Heydər Əliyev ideyalarına sədaqət nümunəsi
ortaya qoyan Siyavuş Novruzov isə Yeni Azərbaycan
Partiyasının İcra katibinin müavini və İdarə
Heyətinin üzvü kimi partiya işinin təşkilində
vacib rol oynayır.
AZƏRBAYCAN HƏQİQƏTLƏRİNİN
FƏAL TƏBLİĞATÇISI, ÖZ
FƏALİYYƏTİNDƏ DÖVLƏTƏ XİDMƏT
FƏLSƏFƏSİNİ ƏSAS GÖTÜRƏN
TƏCRÜBƏLİ PARLAMENTARİ
Siyavuş Novruzovun xalqın mənafeyinə,
dövlətin maraqlarına xidmət edən səmərəli
və məqsədyönlü fəaliyyəti çoxşaxəli
xarakter daşıyır. Bu baxımdan, Siyavuş müəllimin
Azərbaycan parlamentində uğurla təmsil olunmasını
ayrıca qeyd etmək lazımdır. Məlumat
üçün nəzərə çatdıraq ki, S.Novruzov
2000-ci ildə ikinci çağırış Milli Məclisə
proporsional seçki sistemi ilə çoxmandatlı seçki
dairələri üzrə YAP-ın vahid seçki
siyahısında 3-cü yerdə deputat seçilib. O, 2005,
2010, 2015-ci illərdə isə majoritar qaydada 5 saylı
Şahbuz-Babək Seçki Dairəsindən millət vəkili
seçilib. Uzun müddət Milli Məclisin İntizam
Komissiyasının sədri olan S.Novruzov hazırda Milli Məclisin
İctimai birliklər və dini qurumlar komitəsinin sədridir,
öz vəzifəsinin öhdəsindən layiqincə gəlir.
Milli Məclisin deputatı kimi fəaliyyəti
dövründə Siyavuş Novruzov həmçinin qanun
yaradıcılığı və hüquqi dövlət
quruculuğu prosesində, hüquqi bazanın
formalaşdırılmasında, qanunvericiliyin təkmilləşdirilməsində
yaxından iştirak edib, çox fəal rol oynayıb.
Azərbaycanın NATO Parlament Assambleyasında
nümayəndə heyətinin üzvü olan Siyavuş
Novruzov həm də beynəlxalq aləmdə ölkəmizi
layiqincə təmsil edir və Azərbaycan həqiqətlərinin
fəal təbliğatçısıdır. O,
dünyanın bir çox ölkələrinə etdiyi rəsmi
səfərləri zamanı parlamentlərarası münasibətlərin
inkişafında, səmərəli əlaqələrin
qurulması və genişləndirilməsi istiqamətində
də yüksək fəallıq nümayiş etdirib. Başqa sözlə, Siyavuş Novruzov bütün rəsmi
səfərlər zamanı Azərbaycan həqiqətlərinin
təbliğatçısı olub, Ermənistanın
işğalçı siyasəti nəticəsində
torpaqlarımızın 20 faizinin işğal altında
olduğunu nəzərə çatdırıb, milli məsələlərlə
bağlı qətiyyətli və fəal mövqedə
dayanıb. Siyavuş Novruzov qeyd edir ki, Azərbaycan həqiqətlərinin
dünya ictimaiyyətinə çatdırılması
statusundan asılı olmayaraq hər bir azərbaycanlının
Vətən qarşısında ümdə borcu və vəzifəsidir:
“Bunun üçün bütün imkanlardan maksimum şəkildə
yararlanmalıyıq. Xüsusilə də, beynəlxalq
tribunalardan istifadə edərək reallıqları dünya
ictimaiyyətinə çatdırmalı, obyektiv ictimai rəy
formalaşdırmalıyıq. Ölkəmizin milli
maraqlarını beynəlxalq arenada qətiyyətlə
müdafiə edən Prezident İlham Əliyevin rəhbərliyi
ilə həyata keçirilən siyasət nəticəsində
Azərbaycan həqiqətləri dünya ictimaiyyətinə
uğurla çatdırılır, ermənilərin ölkəmizə
qarşı qarayaxma kampaniyası iflasa uğradılır.
Eyni zamanda, Azərbaycanın Birinci vitse-prezidenti, Heydər
Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevanın da Azərbaycan
həqiqətlərinin beynəlxalq ictimaiyyətə
çatdırılması istiqamətində məqsədyönlü
fəaliyyəti səmərəli nəticələr verir.
Hesab edirəm ki, ictimai statusundan asılı olmayaraq hər
bir şəxs bu prosesə öz töhfəsini verməlidir.
Milli Məclisin deputatlarının da qarşısında duran
mühüm milli vəzifələrdən biri budur”.
Digər tərəfdən,
Siyavuş müəllim seçiciləri maraqlandıran məsələləri
daim diqqətdə saxlayır, onlara öz yardımını
heç vaxt əsirgəmir. İndiyə qədər minlərlə
seçicini qəbul edən Siyavuş Novruzov ona müraciət
edənlərin problemlərinin həll olunmasının
hüquqi təminatı sahəsində xüsusi köməklik
göstərib, seçicilərlə fəal və intensiv təmaslarını
davam etdirib. Siyavuş müəllim qeyd edir ki, millət vəkili
daim seçiciləri maraqlandıran məsələləri,
onların problemlərini diqqətdə saxlamalı, onlara
lazımi səviyyədə köməklik göstərməlidir.
“Azərbaycan Respublikasının Prezidenti cənab İlham
Əliyev qeyd edir ki, məmur xalqın xidmətçisidir. Yəni
məmur xalqa xidmət etməli, öz üzərinə
düşən vəzifələri layiqincə yerinə
yetirməlidir. Eyni zamanda, xalqın iradəsi əsasında
Milli Məclisin deputatı kimi fəaliyyət göstərmək
imkanı qazanmış millət vəkilləri də öz
fəaliyyətlərində milli maraqlarla yanaşı,
seçicilərinin mənafelərini əsas tutmalı, onlar
üçün önəmli və aktual məsələləri
daim diqqətdə saxlamalıdırlar. Yəni millət
vəkilləri də xalqa, dövlətə xidmət fəlsəfəsini
əsas götürməlidirlər. Bu baxımdan, hər
birimiz nümunə olmalı, xalqın istək və
arzularının ifadəçisi kimi çıxış
etməliyik”, - deyə Siyavuş müəllim bildirir. Bəli, Milli Məclisin ən fəal
deputatlarından olan Siyavuş Novruzov parlamentdə
çıxışları zamanı səsləndirdiyi fikir
və təkliflərdə daim milli maraqları, xalqın mənafeyini
əsas götürür, millət vəkili kimi dövlətə
xidmət nümunəsini öz timsalında əyani surətdə
nümayiş etdirir. Parlamentdə
müzakirələrdə milli məsələlərlə
bağlı bütün mövzularda Siyavuş müəllimin
çıxışlarına rast gəlmək olur.
Çünki onun amalı dövlətə ləyaqətlə
xidmət edərək Vətən qarşısında öz
mənəvi borcunu və vəzifəsini yerinə yetirməkdir.
Əminliklə deyə bilərik ki, Siyavuş Novruzov buna
müvəffəq olur.
SİYAVUŞ NOVRUZOVUN SƏMƏRƏLİ
İCTİMAİ-SİYASİ FƏALİYYƏTİ
DÖVLƏT TƏRƏFİNDƏN YÜKSƏK
QİYMƏTLƏNDİRİLİR
İctimai-siyasi fəaliyyətində yüksək
nailiyyətlər qazanan Siyavuş Novruzovun bu günə kimi gərgin
əməyi onu yormayıb, əksinə, stimul yaradıb, yeni
nailiyyətlərin qazanılmasına imkan verib. Bu gün
Siyavuş müəllim dövlətə xidmət fəlsəfəsinə
əsaslanan fəaliyyətini uğurla davam etdirir. Bunun
qanunauyğun nəticəsidir ki, dövlət tərəfindən
onun səmərəli ictimai-siyasi fəaliyyətinə daim
yüksək qiymət verilir. Prezident İlham Əliyevin 18
noyabr 2017-ci il tarixli Sərəncamı ilə Azərbaycan
Respublikasının ictimai-siyasi həyatında fəal
iştirak etdiyinə görə 1-ci dərəcəli “Vətənə
Xidmət” ordeni ilə təltif olunması bunun bariz nümunəsidir.
Bütövlükdə nəzər
saldığımız məqamlar onu göstərir ki, milli
maraqlara xidmət edən səmərəli və
çoxşaxəli fəaliyyəti ilə müsbət
nümunə yaradan, geniş ictimaiyyətin dərin rəğbətini
qazanan Siyavuş Novruzovun həyat və fəaliyyəti parlaq
nümunədir. Bu, eyni zamanda, milli-mənəvi
dəyərlərə bağlı və dövlətçiliyə
sadiq şəxsiyyət kimi ictimai-siyasi fəaliyyəti davam
etdirmək, bu yolda Vətənə xidmət nümunəsi
ortaya qoymaq istəyən gənclər və
bütövlükdə cəmiyyət nümayəndələri
üçün örnəkdir. “Yeni Azərbaycan”
qəzeti olaraq Yeni Azərbaycan Partiyasının İcra
katibinin müavini və İdarə Heyətinin üzvü,
Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin
sədri Siyavuş Novruzovu 50 illik yubileyi münasibətilə
təbrik edir, ona cansağlığı və ictimai-siyasi fəaliyyətində
uğurlar arzulayırıq.
Nurlan QƏLƏNDƏRLİ
Yeni Azərbaycan.-
2019.- 16 fevral.- S.5.