Azərbaycan-Rusiya münasibətlərinin inkişafında dinlərarası dialoqun xüsusi rolu var

 

Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya səfərinin uğurlu nəticələri də bunu sübut edir

Beynəlxalq münasibətlər sahəsində ikitərəfli və çoxtərəfli əlaqələri uğurla davam etdirən Azərbaycanın xarici siyasət kursunda Rusiya Federasiyası ilə qarşılıqlı faydalı əməkdaşlıq mühüm yer tutur. Təbiidir ki, Azərbaycan ilə Rusiya arasında strateji tərəfdaşlıq və dostluq münasibətləri uğurla inkişaf edir. Son illər daha intensiv xarakter daşıyan Rusiya Prezidenti Vladimir Putinin Azərbaycana və Azərbaycan Prezidenti İlham Əliyevin Rusiyaya səfərləri bu münasibətlərin daha da möhkəmlənməsi işində mühüm rol oynayır. Bu baxımdan qarşılıqlı faydalı tərəfdaşlıq səviyyəsinə yüksələn Azərbaycan-Rusiya münasibətləri mehriban qonşuluq və bir-birinin marağına hörmət prinsiplərinə əsaslanır. Bu kontekstdə Azərbaycan Prezidenti İlham Əliyev tərəfindən bütövlükdə dinamik inkişaf edən Azərbaycan-Rusiya əlaqələrinin möhkəmlənməsi çərçivəsində dinlərarası əməkdaşlığın inkişaf etdirilməsinə xüsusi diqqət yetirilməsi böyük əhəmiyyət kəsb edir.

Qafqaz Müsəlmanları İdarəsinin (QMİ) sədri Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Rusiya Federasiyasının paytaxtı Moskvaya, həmçinin fevralın əvvəlində Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Bakıya son səfərləri də Rusiya və Azərbaycanın ali dini qurumları, həmçinin ali dini rəhbərləri arasında qarşılıqlı hörmətə əsaslanan münasibətlərin, Azərbaycan dövlət başçısının təşəbbüskarı olduğu dinlərarası dialoqun uğurla inkişaf etməsinin göstəricisidir.

Azərbaycanda bütün dinlərin azad fəaliyyəti üçün hər cür şərait yaradılıb

Məlum olduğu kimi, QMİ sədri Hacı Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyəti 30-31 yanvar tarixlərində Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçirilən təntənəli mərasimlərdə iştirak etmək üçün Rusiya paytaxtında səfərdə olub. Səfər çərçivəsində Moskvada Qafqaz Müsəlmanları İdarəsinin sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin, o cümlədən QMİ sədrinin bir çox yüksəksəviyyəli görüşləri olub. Yanvarın 30-da QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskva və Bütün Rusiyanın Patriarxı Kirill ilə görüşü olub. Görüşdə Şeyxülislam Allahşükür Paşazadə Patriarx seçilməsinin 10 illiyi münasibətilə Kirillə Azərbaycan xalqının, Prezident İlham Əliyevin, Birinci vitse-prezident Mehriban xanım Əliyevanın və Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla xanım Əliyevanın təbriklərini çatdırıb. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin dinc yolla həlli məsələsinə Patriarx Kirillin dəstəyini xüsusi vurğulayan A.Paşazadə hazırda dünyada mürəkkəb proseslərin getdiyini bildirərək deyib ki, bu baxımdan, din xadimlərinin üzərinə böyük məsuliyyət düşür: “Din xadimləri dövlət rəhbərləri, siyasi və ictimai xadimlərlə birlikdə ekstremizm və terrorizm kimi bəlalara qarşı mübarizə aparmalıdırlar. Təəssüf ki, bəzi din xadimlərinin fəaliyyətində bunun əksini görürük”.

Azərbaycan ilə Rusiya arasında münasibətlərin yüksək səviyyədə olduğunu qeyd edən Şeyxülislam Allahşükür Paşazadə dövlətlərimizin başçıları arasında səmimi dostluq əlaqələrinin olduğunu, bunun da din xadimlərinin daha yaxından qarşılıqlı əməkdaşlığına şərait yaratdığını vurğulayıb. O diqqətə çatdırıb ki, Azərbaycanda dövlətin dəstəyi ilə bütün dinlərin azad fəaliyyəti üçün hər bir şərait yaradılıb. Azərbaycanda dövlətin dəstəyi ilə kilsələrdə təmir və bərpa işləri aparıldığını, yeni ibadətgahların tikildiyini söyləyən Şeyxülislam deyib: “Mən sizdən, bir qardaşım kimi, xahiş edirəm, Moskvada azərbaycanlıların ibadət etmələri üçün məscid tikintisinə yer ayrılsın. Bu, bizim əlaqələrimizin daha da möhkəmlənməsinə kömək edər”.

Rusiya və Azərbaycanın yaxın münasibətləri iki xalq arasındakı əlaqələrin tarixi təcrübəsinə əsaslanır

QMİ sədri ilə görüşdə Moskva və Bütün Rusiyanın Patriarxı Kirill deyib ki, QMİ sədri Allahşükür Paşazadənin İslam aləmində əlaqələndirici rolunu yüksək qiymətləndirir. Bununla yanaşı, Rusiya Patriarxı Kirillin qənaətinə görə, bu qəbildən olan qarşılıqlı səfərlər, görüşlər və əldə edilən razılaşmalar icmalarımız üçün olduqca əhəmiyyətlidir. Patriarx Kirill QMİ sədri Allahşükür Paşazadənin Rus Pravoslav Kilsəsi ilə münasibətlərin inkişafında və dünyada, eləcə də Azərbaycanda dinlərarası sülhün dəstəklənməsində rolunu qeyd edib. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill QMİ sədrinin Azərbaycanda dinlərarası münasibətlərə və Rus Pravoslav Kilsəsinin nümayəndəliyinə xoş münasibətini xüsusi diqqətə çatdırıb: “Rusiya və Azərbaycanı bir-birinə çox sıx tellər bağlayır. Bizim taleyimiz də kəsişir. Bu gün ən əlamətdar hal odur ki, azərbaycanlılar və ruslar arasındakı yaxşı münasibətlərin tarixi təcrübəsi Rusiya və Azərbaycan arasında çox gözəl münasibətlərin formalaşmasına şərait yaradır. Bu gün Rusiya və Azərbaycana rəhbərlik edən siyasi liderlərin, dini liderlərin, ümumiyyətlə, həm pravoslav, həm də müsəlman dini icmalarının səmərəli fəaliyyəti sayəsində hər iki ölkə arasındakı sabit, həmçinin müəyyən inkişaf xəttinə əsaslanan münasibətlərdən danışmaq olar”.

İki ölkə arasındakı münasibətlər bundan sonra da uğurla inkişaf edəcək

Onu da xatırladaq ki, Müstəqil Dövlətlər Birliyinin (MDB-nin) Dinlərarası Şurasının həmsədrlərindən biri Moskva və Bütün Rusiyanın Patriarxı Kirill, digəri isə QMİ sədri Şeyxülislam Allahşükür Paşazadədir. Bu da təkcə Rusiyada deyil, ümumiyyətlə, MDB məkanında Azərbaycan ali dini liderinə etimad və hörmətin, münasibətlərin yüksək səviyyədə olmasının göstəricisidir. Məhz buna görə Patriarx Kirill də Allahşükür Paşazadənin həm Azərbaycan xalqı üçün, həm Rus Pravoslav Kilsəsi ilə əlaqələrin intensivləşməsi yönündə, həm də Rusiya-Azərbaycan münasibətlərinin inkişafında müsbət fəaliyyətini davam etdirməsinin vacibliyini vurğulayıb. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill iki ölkə arasındakı münasibətlərin vəziyyətini yüksək qiymətləndirib və mövcud əlaqələrin bundan sonra da mükəmməl şəkildə inkişaf edəcəyinə inamını ifadə edib: “Bu kontekstdə, əlbəttə, mən dinlərarası münasibətlərin rolunu xüsusi qeyd etmək istərdim. Bizim çox yüksək səviyyədə şəxsi münasibətlərimiz mövcuddur. Uzun illərdir, o cümlədən MDB-nin Dinlərarası Şurasında birgə, qarşılıqlı fəaliyyətlərimiz var. Çox hörmətli qardaşım A.Paşazadə Qarabağ məsələsi üzrə üçtərəfli dialoqda olduqca müsbət rol oynayır”.

Münaqişənin eskalasiyasının qarşısını almağın vacibliyini vurğulayan Moskva və Bütün Rusiyanın Patriarxı müəyyən səviyyələrdə buna ciddi səy göstərildiyini diqqətə çatdırıb: “Situasiyanın humanistləşdirilməsinə çalışmaq, silahlı münaqişə zamanı dini abidələrin zərər görməsinin qarşısını almaq lazımdır. Çünki məscidlərin və kilsələrin dağıdılması münaqişəyə cəlb olunmuş insanların mənəvi cəhətdən daha bir zərbə almasına səbəb ola bilər”. Onun sözlərinə görə, dini liderlərin əsas vəzifəsi gərginliyin aşağı salınmasına nail olmaq, hərbi toqquşmaların baş verməsinin qarşısını almaq və daimi sülhün əldə olunması yönündə fəaliyyət göstərmək olmalıdır.

Moskvada Azərbaycan məscidinin açılması məsələsi Rusiya qanunları çərçivəsində həllini tapmalıdır

QMİ sədri Şeyxülislam Allahşükür Paşazadənin rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycanın Rusiyadakı səfirliyində Azərbaycan icmalarının nümayəndələri ilə görüşü də bir sıra mühüm məsələlərin müzakirə olunması baxımından xüsusi əhəmiyyət kəsb edib. Əvvəlcə nümayəndə heyətinin üzvləri Azərbaycanın Ümummilli lideri Heydər Əliyevin səfirlikdəki barelyefi önünə gül dəstələri qoyublar.

Daha sonra səfirlikdə Azərbaycan icmalarının nümayəndələri ilə görüş baş tutub. Görüşdə giriş sözü ilə çıxış edən səfir Polad Bülbüloğlu bildirib ki, Rusiyada da, Azərbaycanda da din dövlətdən ayrıdır. Rusiyada yaşayan azərbaycanlıların əksəriyyəti bu ölkənin vətəndaşlarıdır və Otradnoye rayonundakı “İnam” məscidinin bağlanması məsələsini, əslində, Rusiya dövləti həll etməlidir. “Düşünürəm ki, Azərbaycan dövlətinin, Qafqaz Müsəlmanları İdarəsinin, səfirliyin bu problemə diqqəti məsələnin həllinə kömək edəcək”, - deyə diplomat bildirib.

Allahşükür Paşazadə görüşdə çıxış edərək bildirib ki, müstəqilliyini bərpa etməmişdən əvvəl Azərbaycanda cəmi 17 məscid var idi. Ulu öndər Heydər Əliyev hakimiyyətə qayıtdıqdan sonra yeni ibadətgahlar tikildi və bu gün ölkəmizdə 2 mindən çox məscid fəaliyyət göstərir. Bu baxımdan xaricdə kompakt yaşayan azərbaycanlıların ibadət etmələri üçün şərait yaradılmasının əhəmiyyətini qabardan QMİ sədri Rusiya paytaxtında məscid inşa edilməsinin mümkünlüyünü dilə gətirib: “Mən bir Şeyxülislam kimi istərdim ki, Moskvada da azərbaycanlıların ibadətlərini yerinə yetirmələri üçün bir neçə məscid olsun. İndi Azərbaycan dövlətinin, Prezident İlham Əliyevin diqqəti və dəstəyi sayəsində bizim başqa ölkələrdə də Azərbaycan məscidləri açmaq, ibadətgahlarımızı bərpa etmək imkanımız var”.

“İnam” məscidinin bağlanmasından xəbərdar olduğunu deyən Şeyxülislam qeyd edib ki, Patriarx Kirill ilə görüşdə artıq bu məsələni qaldırıb: “Xahiş etdim ki, Azərbaycan məscidinin inşa edilməsi üçün bizə yer ayrılsın. Bundan əlavə, mən Moskvanın meri Sergey Sobyaninə də bu məsələ ilə bağlı məktub göndərmişəm”. Qafqaz Müsəlmanları İdarəsinin sədri ümidvar olduğunu bildirib ki, Moskvada Azərbaycan məscidinin açılması məsələsi Rusiya qanunları çərçivəsində həllini tapacaq.

Azərbaycanın Rusiyadakı səfirliyi vətəndaşlarımıza yüksək səviyyədə xidmət etmək üçün çalışır

Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu da Azərbaycan nümayəndə heyətinin Moskvaya səfərini yüksək qiymətləndirib. Bütün Qafqazın Şeyxinin Rusiyaya səfərinin mühüm xarakter daşıdığını deyən səfirin sözlərinə görə, QMİ sədrinin Rusiyaya səfərləri həmişə uğurlu olub: “Budəfəki səfər zamanı Moskvada yaşayan azərbaycanlıların problemlərinə diqqət yetirməsi, onların xahişini birbaşa Moskva və Bütün Rusiyanın Patriarxı Kirillə çatdırması da mühüm əhəmiyyətə malikdir. Onun dindarlarla görüşməsi, ümumiyyətlə, Azərbaycan icmalarının problemlərini dinləməsi təqdirəlayiq haldır”.

Rusiyada yaşayan azərbaycanlıların əksəriyyətinin bu ölkənin vətəndaşları olmasına baxmayaraq, səfir P.Bülbüloğlu deyib ki, Azərbaycan Prezidenti cənab İlham Əliyevin dünyanın hansı ölkəsində yaşamasından asılı olmayaraq hər bir soydaşımızın dövlətimizin diqqət və qayğısı ilə əhatə olunması yönündəki direktivi əsasında fəaliyyət göstərirlər. Səfir birmənalı şəkildə vurğulayıb ki, səfirliyin əməkdaşları Azərbaycan vətəndaşlarına problemlərini vaxtında həll etməyə, ümumiyyətlə, onlara canla-başla xidmət etməyə, Azərbaycanı, xalqımızı layiqli təmsil etməyə çalışırlar. Moskvaya səfər boyunca Azərbaycan nümayəndə heyətinə Azərbaycanın Rusiyadakı səfiri Polad Bülbüloğlu və səfirliyin əməkdaşlarının böyük diqqət və qayğı göstərməsini sözügedən fəaliyyətin bariz nümunəsi kimi qiymətləndirmək olar.

Sözügedən problemi daim diqqətdə saxlayan Azərbaycanın səfiri Polad Bülbüloğlu məlumat verib ki, Şeyxülislamın Moskva və Bütün Rusiyanın Patriarxından xahişinin də nəticəsi hələ nümayəndə heyətinin səfəri başa çatmamış özünü göstərib. Onun sözlərinə görə, görüşdən sonra artıq həmin regiondakı müvafiq orqanlara göstəriş verilib və məsələnin həll olunması üçün artıq müəyyən işlər görülür.

Azərbaycan və Rusiya arasındakı dinlərarası münasibətlər dövlətlərarası əlaqələrin inkişafına müsbət təsir göstərir

Ümumiyyətlə, nümayəndə heyətinin səfərini bir çox cəhətdən əlamətdar adlandırmaq olar. Şeyxin özünün verdiyi məlumata görə, dünyanın bir çox yerlərindən xristian ali dini liderlərin dəvət aldığı Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə Moskvada keçirilən təntənəli mərasimlərə İslam aləmindən dəvət olunan yeganə ali dini lider Bütün Qafqazın Şeyxi olub.

Digər tərəfdən, bir çox yüksəksəviyyəli qonaqların olmasına baxmayaraq, Moskva və Bütün Rusiya Patriarxının Azərbaycandan gedən nümayəndə heyəti və QMİ sədri ilə təkbətək görüş keçirməsi Patriarx Kirillin ölkəmizə qarşı xoş münasibətinin göstəricisidir. Şeyxülislam da xüsusi vurğulayıb ki, bu yüksək diqqət və ehtiram Azərbaycan və Rusiya arasındakı dinlərarası münasibətlərə töhfə verməklə yanaşı, bir o qədər də dövlətlərarası əlaqələrin inkişafına təsir göstərir.

Şeyxülislam və Patriarx Kirill arasında təkbətək görüş zamanı da çox mühüm məsələlər müzakirə edilib. Ermənistan-Azərbaycan Dağlıq Qarabağ münaqişəsinin bəzi aspektləri, yaxın gələcəkdə qarşılıqlı münasibətlərin inkişafı, dünyada baş verən qlobalsəviyyəli hadisələr zamanı bir-birinə qarşılıqlı dəstək göstərmək məsələləri diqqət mərkəzində olub.

Bütün Qafqazın Şeyxi Moskvada Azərbaycan mədəniyyət mərkəzinin inşa edilməsi təşəbbüsü ilə çıxış edib

Qeyd olunduğu kimi, Şeyxülislam və Patriarx Kirill arasında təkbətək görüş olub. Səfərin sonunda Bütün Qafqazın Şeyxi bildirib ki, bu görüşdə Moskvada yaşayan azərbaycanlıların ibadəti üçün məscid və mədəniyyət mərkəzinin inşa edilməsi üçün Patriarxdan ərazi ayrılmasını bir daha xahiş edib. Moskva və Bütün Rusiyanın Patriarxı Kirill isə öz növbəsində bu məsələlərin həll olunmasına söz verib.

Bununla yanaşı, mərasimlər çərçivəsində Moskva meri Sergey Sobyaninlə, həmçinin Rusiya Federasiyası Prezident Administrasiyasında çalışan dini sahə üzrə səlahiyyətli şəxslərlə görüş zamanı Şeyxülislam Allahşükür Paşazadə xahiş edib ki, Azərbaycanın öz hesabına həm məscidin, həm də mədəniyyət mərkəzinin inşa edilməsi üçün bir yer ayrılsın. Şeyxin sözlərinə görə, həmin yerdə inşa ediləcək məscid və mədəniyyət mərkəzi orada mədəniyyətimizin, dilimizin, adət-ənənələrimizin, dinimizin öyrədilməsi üçün soydaşlarımıza böyük yardımçı ola bilər.

Azərbaycanın ali dini liderinin səfər zamanı daha bir təşəbbüsü Alban kilsələrinin 1830-cu illərdə erməni qriqorian kilsəsinin tabeliyinə verilməsi barədə Rus Pravoslav Kilsəsinin qərarının surətinin verilməsini xahiş etməsi olub. Şeyxin sözlərinə görə, bu sənədin əldə edilməsi bizim üçün əhəmiyyətlidir və bu məsələ ilə ciddi məşğul olmaq lazımdır.

Rusiya Prezidenti dinlərarası münasibətlərin inkişafında xidmətlərinə görə QMİ sədrinə təşəkkür edib

Yeri gəlmişkən, onu da xatırladaq ki, Bütün Qafqazın Şeyxi Hacı Allahşükür Paşazadə ilə əvvəlki Patriarx Aleksi və indiki ali dini lider Kirill arasında münasibətlərin yüksək səviyyədə saxlanması iki ölkə arasındakı dinlərarası münasibətlərə müsbət yöndə təsir göstərir. Yüksəksəviyyəli münasibətlərin mövcud olması Rusiya tərəfinin də maraqlarına uyğundur. Çünki Azərbaycan ali dini liderinin təkcə Azərbaycanda deyil, Rusiyanın müsəlmanlar yaşayan qonşu regionlarında da çox yüksək nüfuzu var. Buna görə də həmin regionlarda hər hansı problem yarandığı halda Bütün Qafqazın Şeyxinə müraciət olunur və onun özünün təsdiq etdiyi kimi, lazım gələndə müdaxilə edə bilir.

Onu da qeyd edək ki, yanvarın 31-də Kreml Dövlət sarayında Moskva və Bütün Rusiyanın Patriarxı Kirillin Rus Pravoslav Kilsəsinin başçısı seçilməsinin 10-cu ildönümü münasibətilə keçirilən təntənəli mərasimdə Şeyxülislam Hacı Allahşükür Paşazadənin rəhbərlik etdiyi Azərbaycan nümayəndə heyəti də iştirak edib. Həmin mərasimdə Rusiya Federasiyasının Prezidenti Vladimir Putinin Bütün Qafqazın Şeyxi ilə qısamüddətli söhbəti olub. Söhbət zamanı Rusiya Federasiyasının Prezidenti Vladimir Putin QMİ sədrinə iki ölkə arasında dinlərarası münasibətlərin inkişafında xidmətlərinə və Rusiyanın ali dini rəhbərliyinə verdiyi daimi dəstəyinə görə təşəkkür edib.

Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində Şeyxülislam Allahşükür Paşazadənin xüsusi rolu var

Yeri gəlmişkən, qeyd edək ki, Azərbaycan nümayəndə heyətinin Moskvaya səfərindən bir qədər sonra, fevral ayının 5-də Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Bakıya səfər edib. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Moskva və Bütün Rusiyanın Patriarxı ilə görüşündə dövlət başçısı deyib ki, Azərbaycanda Patriarx Kirill və onun fəaliyyətinə böyük hörmətlə yanaşırlar. Azərbaycan Prezidenti hörmətli qonağın dünyada təhlükəsizliyin, əməkdaşlığın və qarşılıqlı anlaşmanın möhkəmləndirilməsi işində rolunun bütün dünyada olduğu kimi, Azərbaycanda da yüksək qiymətləndirildiyini qeyd edib: “Siz dinlərarası dialoqun, müxtəlif konfessiyaların, müxtəlif millətlərin, ölkələrin nümayəndələri arasında qarşılıqlı anlaşmanın möhkəmlənməsi işində çox mühüm rol oynayırsınız. Biz də Azərbaycanda Sizin işlərinizi, sözlərinizi çox diqqətlə izləyirik”. Rusiya Patriarxının Azərbaycana çox xeyirxah münasibət bəslədiyini qeyd edən İlham Əliyev bildirib ki, onun Azərbaycana budəfəki səfəri həm dinlərarası əməkdaşlıq sahəsində münasibətlərin, həm də bütövlükdə çox uğurla və dinamik inkişaf edən Rusiya-Azərbaycan əlaqələrinin möhkəmlənməsi işinə xidmət edəcək. Prezident deyib ki, eyni zamanda, Rusiya və Azərbaycan prezidentləri arasında münasibətlərin səviyyəsi, prezidentlərin yaxınlığı, onların qarşılıqlı səfərləri bu münasibətlərin daha da möhkəmlənməsi işində çox mühüm rol oynayır: “Düşünürəm ki, bizim münasibətlərimiz qonşular arasında münasibətlərə nümunə ola bilər. Bizi tarixi baxımdan bağlayan səbəblər çoxdur və bu gün - biz bütün istiqamətlərdə fəal qarşılıqlı əlaqə saxladığımız bir vaxtda bu əməkdaşlıq, əlbəttə, bizim regionda, Qafqazda sülhün möhkəmlənməsi işində xüsusi əhəmiyyət kəsb edir”.

Moskva və Bütün Rusiyanın Patriarxı Kirill də öz növbəsində görüş üçün vaxt ayırdığına görə Prezident İlham Əliyevə təşəkkür edib. Patriarxın sözlərinə görə, Azərbaycana səfər onun üçün hər zaman mühüm mənəvi-mədəni hadisədir: “Mən Azərbaycana səfər edərkən həmişə dinlərarası münasibətlərin yüksək səviyyəsinə diqqət yetirirəm. Azərbaycandakı pravoslavlar da əhalinin müsəlman əksəriyyəti kimi bütün imkanlardan istifadə edirlər”. Azərbaycanda millətlərarası, dinlərarası sülhün möhkəmlənməsində Şeyxülislam Allahşükür Paşazadənin rolunu xüsusi qeyd edən Patriarx onun təkcə Azərbaycan müsəlmanlarının deyil, həm də Qafqazın ali dini rəhbəri olduğuna görə Rusiya müsəlmanları ilə münasibətlərin inkişafında böyük işlər gördüyünü vurğulayıb. Eyni zamanda, Moskva və Bütün Rusiyanın Patriarxı Şeyxülislam Allahşükür Paşazadənin sülhməramlı rolunu, həm də dinlərarası münasibətlər sahəsində mürəkkəb məsələləri həll etmək bacarığını çox yüksək qiymətləndirdiklərini söyləyib.

Azərbaycanda pravoslav kilsəsinin vəziyyəti ilə əlaqədar dövlət başçısına xüsusi təşəkkürünü çatdıran Patriarx bildirib ki, həqiqətən də, Azərbaycanda yaşayan pravoslavlar heç bir narahatlıq hiss etmirlər. Eyni zamanda, Moskvada, ümumiyyətlə, Rusiyada Azərbaycan xalqının çoxsaylı nümayəndələrinin yaşadığını, onların müasir Rusiyanın həyatında mühüm rol oynadıqlarını vurğulayan Patriarx Kirill Moskva şəhərinin müsəlman və pravoslav icmaları arasında münasibətlərin uğurlu və dinc şəkildə qurulduğunu deyib: “Ulu Tanrıya şükür edirəm ki, çoxmillətli Rusiyada, ümumiyyətlə, hər hansı dinlərarası gərginlik yoxdur və bu, əlbəttə, çox cəhətdən pravoslavların dünya duyumu və onların başqa dinlərə münasibəti ilə şərtlənir. Lakin bu, həm də, o cümlədən əslən Azərbaycandan olan müsəlmanların mövqeyi ilə bağlıdır. Başqa sözlə desək, bizim ölkələrimiz, xalqlarımız arasında münasibətlərdə müsbət cəhətlər çoxdur”.

Bu münasibətlərin bir çox cəhətdən həm Rusiya, həm Azərbaycan üçün, həm də xalqlarımız üçün vacib olduğunu söyləyən qonaq əminliklə deyib ki, Rus Pravoslav Kilsəsi, Qafqaz Müsəlmanları İdarəsi, Rus Pravoslav Kilsəsinin iyerarxiyası, o cümlədən Azərbaycandakı ruhanilər Azərbaycan ilə Rusiya arasında münasibətlərin daha da inkişafına səmimi-qəlbdən çalışan etibarlı tərəfdaşlardır. Xatırladaq ki, səfər zamanı Moskva və Bütün Rusiyanın Patriarxı Kirill Azərbaycanın Birinci vitse-prezidenti Mehriban xanım Əliyeva ilə də görüşüb.

Rusiya və Azərbaycanın dini icmaları arasında səmimi və mehriban münasibətlər mövcuddur

Sonda qeyd etmək yerinə düşər ki, QMİ sədrinin rəhbərlik etdiyi nümayəndə heyətinin Moskvaya və Patriarx Kirillin Bakıya son səfərləri Rusiya və Azərbaycan xalqları arasında qarşılıqlı münasibətlərin gələcək inkişafı, həm də Rusiyada yaşayan soydaşlarımızın problemlərinin həlli yönündə müəyyən işlərin görülməsi baxımından əhəmiyyətə malikdir.

Ümidvarıq ki, iki ölkənin ali dini rəhbərlərinin qarşılıqlı fəaliyyəti sayəsində xaqlarımız arasında mövcud olan mehriban münasibətlər heç vaxt sarsılmayacaq. Rusiya və Azərbaycan münasibətlərinin tarixi də göstərir ki, iki xalq arasında heç bir vaxt dini zəmində qarşıdurma və ayrı-seçkilik olmayıb. Məhz buna görə də xalqlarımız arasında mövcud olan dinlərarası dialoq hazırda çox yüksəksəviyyəli münasibətlərin formalaşmasına şərait yaradır. Bu kontekstdə bu gün Rusiya və Azərbaycanın dövlət başçıları, ali dini rəhbərləri, ümumiyyətlə, dini icmaları arasında mövcud olan qarşılıqlı mehriban münasibətlər yüksək dəyərləndirilməlidir. Bu baxımdan hər iki ölkənin dini qurumlarının liderlərinin qarşılıqlı səfərləri və görüşləri iki ölkə arasındakı münasibətlərin inkişafına əhəmiyyətli töhfələr verir.

HİKMƏT BABAOĞLU

Bakı-Moskva-Bakı

Yeni Azərbaycan.- 2019.- 19 fevral.- S.9.