Siyavuş Novruzov: Bələdiyyələr
ələbaxımlılıqdan qurtulmalıdır
Milli Məclisin (MM) Dini qurumlar və ictimai
birliklər komitəsinin sədri, Yeni Azərbaycan
Partiyasının (YAP) İcra katibinin müavini Siyavuş
Novruzov Oxu.Az-ın müxbirinin suallarını
cavablandırıb:
- Siyavuş müəllim, bu il Azərbaycanda bələdiyyə
institutunun fəaliyyətə başlamasının 20 ili tamam
olur. Sizcə, bələdiyyələrlə bağlı daha
hansı addımlar atılmalıdır ki, onlar daha effektiv
şəkildə fəaliyyət göstərsinlər?
- Azərbaycanda ilk dəfə
1999-cu ildə bələdiyyələrə seçkilər
keçirilib və bununla da ölkədə yerli
özünüidarəetmə orqanlarının fəaliyyəti,
onların formalaşdırılması yönündə ilkin
addımlar atılmağa başlanılıb.
Ötən illər ərzində də bir
neçə dəfə - 2004, 2009 və 2014-cü illərdə
bələdiyyə seçkiləri keçirilib və bələdiyyə
üzvləri seçiliblər. Qarşıdan isə növbəti
- beşinci bələdiyyə seçkiləri gəlir. Bu
ilin dekabr ayında yenidən bələdiyyə seçkiləri
keçiriləcək. Bu, heç də az müddət deyil.
Ancaq həyat göstərir ki, yerlərdə bələdiyyələrin,
bələdiyyə üzvlərinin sayı nə qədər
az olsa, işin effektivliyi bir o qədər artar. Məsələn,
elə Bakını götürək; paytaxtın bir rayonunda
19 nəfər bələdiyyə üzvü var. Bu, çox
böyük rəqəmdir.
Dünya praktikasında belədir ki, kiçik ərazilərdə
bir, böyük ərazilərdə üç-beş nəfər,
maksimum beş nəfər bələdiyyə üzvü
seçirlər. Onlardan biri sədr seçilir və həmin
bələdiyyəni idarə edir. Bələdiyyə sədrləri
bəzi ölkələrdə bələdiyyə üzvləri,
bəzi ölkələrdə isə seçicilər tərəfindən
seçilir. Ona görə belə hesab edirəm ki, Azərbaycan
kimi bir ölkədə bu qədər bələdiyyələrə
və bələdiyyə üzvlərinə ehtiyac yoxdur.
- Yeri gəlmişkən, bizdə nə qədər
bələdiyyə üzvü var?
- Hazırda Azərbaycanda 20 minə yaxın bələdiyyə
üzvü var. Bu, həddindən artıq çoxdur. Axı
nə ehtiyac var? Hesab edirəm ki, bunu on dəfələrlə
azaltmaq lazımdır. Təmsilçilik olmalıdır, amma
bu təmsilçilik elə olmalıdır ki, cəmiyyət
üçün xeyir gətirsin. Bələdiyyələrin
baxış və iş sistemi dəyişməlidir.
İndi Ədliyyə Nazirliyi tərəfindən
bələdiyyələrə nəzarət orqanı, Bələdiyyələrlə
İş Mərkəzi mövcuddur. O cümlədən Azərbaycan
Respublikası Prezidenti Administrasiyasının (PA) Regional idarəetmə
və yerli özünüidarəetmə orqanları ilə
iş şöbəsinin Bələdiyyələrlə
iş sektoru var.
Onların köməyi ilə bələdiyyələri
yerli özünüidarəetmə orqanları kimi öz
mülkiyyətlərindən düzgün şəkildə
istifadə edib, daha çox gəlir əldə etməsinə,
əhalinin müəyyən problemlərinin həll
olunmasına yönəltmək lazımdır.
Çünki belə olmadığı təqdirdə
bəzi problemlər ortaya çıxır.
Əslində, bələdiyyələrin kifayət
qədər səlahiyyətləri var ki, həm öz problemlərini
həll etsinlər, həm də yerlərdə insanların
problemlərinin həllinə kömək göstərsinlər.
Bələdiyyələrə bələdiyyə məktəbləri,
bələdiyyə uşaq bağçaları açmaq, bələdiyyə
qəbiristanlıqları yaratmaq, bələdiyyə
yolları salmaq və digər səlahiyyətlər verilib.
Məsələn, bələdiyyə elektron
kitabxanası təşkil etmək olar, sonra müxtəlif
klublar, o cümlədən gənclər üçün
klublar və sair yaratmaq mümkündür. Bu işlərə
də, ola bilər ki, dövlət tərəfindən verilən
dotasiyadan və əldə olunan gəlirlərdən müəyyən
vəsait ayrılsın. Bundan çəkinmək lazım
deyil.
Çünki onlar gələcəkdə
elə bir gəlir gətirə bilər ki, həm o bələdiyyələrin
təminatını həyata keçirər, həm də əhalinin
aztəminatlı təbəqələrinə yardım məsələlərində
öz rolunu oynayar. Yaxud bələdiyyə parkı
salmaq, orada yeməkxana tikmək, çay evi, dondurma satışı
məntəqəsi açmaq olar.
Bununla yanaşı, dövlət tərəfindən
verilən dotasiyaları da bəzi yerlərdə bələdiyyə
üzvləri və ya bələdiyyə işçilərinin
arasında əməkhaqqı kimi bölürlər. Ancaq əslində,
dotasiyalar ona görə verilir ki, müəyyən proqramlar həyata
keçirilsin.
Həmçinin digər proqramların həyata
keçirilməsi üçün bələdiyyələr
özləri layihələr təqdim edə bilərlər.
Onlar bu yolla həm xaricdən, həm də daxildən
ayrı-ayrı strukturlardan qrantlar ala bilərlər. Demək
istəyirəm ki, bütün bunlar hamısı bələdiyyələrin
səlahiyyətinə daxildir, bələdiyyələr bu
işlərlə məşğul ola bilər.
Ən əsası, onlar özləri bu barədə
qərar vermək, onu reallaşdırmaq hüququna malikdirlər.
Hesab edirəm ki, bələdiyyələr
artıq bu istiqamətdə işi qurmalıdırlar. Əgər
bu cür güclü fəaliyyətə başlayacaqlarsa,
qısa müddət ərzində xeyli işlər görəcəklər
və xeyli gəlir əldə edəcəklər.
- Reklam məsələləri bələdiyyələrə
verilə bilərmi? Məsələn, parlamentin son plenar
iclasında Dövlət Reklam Agentliyinin ləğv
olunması, reklamlarla bağlı məsələlərin digər
qurumlara həvalə edilməsi yönündə təkliflər
səsləndirildi. Bu baxımdan, yerlərdə reklam işlərinin
təşkili bələdiyyələrin səlahiyyətinə
daxil edilə bilərmi?
- Yenə deyirəm, bələdiyyələrin
öz fəaliyyətlərini düzgün, səmərəli
qurmaları, özlərini ayaq üstə qaldırmaları,
təsdiqləmələri üçün kifayət qədər
səlahiyyətləri var. Yetər ki, bunlardan düzgün
yararlana bilsinlər. Amma bununla belə, lazım gələrsə,
müəyyən məsələlər də bələdiyyələrə
verilə bilər.
Məsələn, yerli vergilərin
yığılması məsələsi bələdiyyələr
üçün böyük gəlir mənbəyi ola bilər.
Onlar hətta inzibati qaydada məsələ qaldıra bilərlər
ki, kimlər o yerli vergiləri vermirlərsə - torpaq vergisi və
s. - onlar haqqında müəyyən məhkəmə qərarları
qəbul olunsun, cərimələr tətbiq edilsin. Bu, işin
bir tərəfidir.
Məsələnin digər tərəfinə
gəlincə, Bakı şəhərində nə qədər
mənzil var, nə qədər tikinti işləri həyata
keçirilir. İldə bir dəfə onlardan bu torpaq
vergisini tələb etməklə, onların
yığımını təşkil etməklə bir bələdiyyənin
ərazisində kifayət qədər vəsait
toplanmış olur. Həmçinin yerlərdə, kəndlərdə,
rayonlarda bununla əlaqədar addımlar atmaq və
böyük gəlir əldə etmək mümkündür.
Yenə elə götürək Bakı şəhərini.
İstənilən bir parkı abadlaşdırıb, orada bir
struktur qurmaqla yüz min manatlarla vəsait, gəlir əldə
etmək mümkündür. Yaxud bu gün
ölkədə, xüsusilə Bakı şəhərində
çoxlu özəl məktəblər açıblar, amma
orada elə qiymətlər müəyyən ediblər ki,
çox adam orada təhsil ala bilmir, maddi imkanı
çatmır və yaxud insanların ora üz tutması,
güzəştli şəkildə istifadə etməsi
mümkün olmur.
Bələdiyyələr isə
yaxşı əməkhaqqı verməklə, savadlı, təcrübəli,
nüfuzlu müəllimləri cəlb etməklə, özəl
məktəb açsalar və qiymətləri iki-üç
dəfə azaltsalar, oradan xeyli gəlir götürə bilərlər.
İstənilən bir yeri götürüb, tikib, orada
özəl uşaq bağçası kimi fəaliyyət
göstərmək bələdiyyənin özünün
statusunda var.
Bu gün elə özəl uşaq
bağçaları var ki, ayı bir uşaq üçün
700 manata gəlib çıxır. Ancaq bələdiyyə
bundan iki dəfə ucuz edə bilər. Bununla həm
uşaqların qidalanması yaxşı, düzgün təşkil
edilə, həm tədrisi qaneedici ola, həm ordakı
işçilər yaxşı əməkhaqqı ala, həm
də bütövlükdə bələdiyyələr
özləri yaxşı gəlir götürə bilərlər.
Bu addımları atmaq, buna getmək lazımdır.
Bələdiyyələr artıq özləri
özlərini ələbaxımlı olmaqdan qurtarmalıdırlar.
- Qarşıdan növbəti bələdiyyə
seçkiləri gəlir. Bələdiyyələrin
və bələdiyyə üzvlərinin sayının
azaldılması, o cümlədən, dediyiniz kimi, bələdiyyə
sədrlərinin seçicilər tərəfindən
seçilməsi üçün yaxın günlərdə
Seçki Məcəlləsinə dəyişiklikləri nəzərdə
tutan qanun layihəsinin müzakirələrə təqdim
edilməsi və qəbulu gözləniləndirmi?
- Mən bu məsələni bir neçə dəfə
parlamentdə qaldırmışam. Hətta parlamentin 2019-cu il
yaz sessiyası başlayanda da bu məsələnin
qanunvericilik işləri planına salınmasını təklif
etmişəm. Növbəti dəfələrdə də bu məsələni
qaldıracağıq. Çalışacağıq ki,
ümumi razılıq əsasında bu məsələyə
gedək.
Gedək ki, bu məsələ, nəhayət,
öz həllini tapsın, yəni həm bələdiyyələrin,
həm bələdiyyə üzvlərinin sayı azalsın,
həm də bələdiyyə sədrləri bələdiyyə
üzvləri tərəfindən deyil, seçicilər tərəfindən
seçilsinlər.
- Neçə illərdir ki, Azərbaycanda
böyük şəhər, o cümlədən Bakı
Böyük Şəhər Bələdiyyəsinin
yaradılması istiqamətində müzakirələr gedir.
Bu ideyanın gerçəkləşməsi
mümkündürmü?
- Bilirsiniz, böyük şəhər bələdiyyələri,
adətən, böyük, əhalisi həddindən artıq
çox olan şəhərlərdə olur. Məsələn,
bu gün Türkiyənin İstanbul şəhərinin əhalisi
haradasa iyirmi milyona gəlib çatıb. Belə demək
mümkünsə, İstanbul az qala özü bir ölkədir,
bir dövlətdir.
Onu bir bələdiyyə idarə edə bilməz.
Odur ki, orada kiçik bələdiyyələr birləşərək,
böyük şəhər bələdiyyəsi yaradır.
Bakıda isə əhali o qədər də çox deyil. Ona
görə Bakının hər rayonunun özünün
ayrıca bələdiyyəsi var, hər rayonun
özünün ayrıca icra hakimiyyəti var və onlar da
birlikdə yerli məsələlərin həlli istiqamətində
çalışırlar. Bu baxımdan, Bakı Böyük
Şəhər Bələdiyyəsinə elə bir ehtiyac
qalmır.
Yeni Azərbaycan.-
2019.- 19 fevral.- S.7