Gədəbəy rayonu 2018-ci
ili uğurla başa vurub
Ötən il rayonda sosial-iqtisadi inkişaf
baxımından ciddi nailiyyətlər əldə olunub
Məlum olduğu kimi, son 15 ildə
Prezident İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu, məqsədyönlü siyasət
nəticəsində ölkəmizin sosial-iqtisadi həyatında
baş verən köklü dəyişikliklər, davamlı
makroiqtisadi stabillik və iqtisadi artım vətəndaşlarımızın
maddi-rifah halının əhəmiyyətli dərəcədə
yaxşılaşdırılmasını təmin edib.
Aparılan aktiv və çevik sosial müdafiə tədbirləri,
uğurlu islahatlar ölkəmizin malik olduğu iqtisadi
potensialı reallaşdırmaq, qarşıya qoyulan məqsədlərə,
eyni zamanda, sabit inkişafa və davamlı tərəqqiyə
nail olmaq üçün əhəmiyyətli rol oynayıb. Azərbaycan Prezidenti cənab İlham Əliyevin Sədrliyi
ilə Nazirlər Kabinetinin 2018-ci ilin sosial-iqtisadi
inkişafının yekunlarına və qarşıda duran vəzifələrə
həsr edilmiş iclasında və “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nın
icrasının yekunları ilə bağlı
konfransda ölkə başçısının qeyd etdiyi
kimi, 2018-ci il ölkəmiz üçün, həqiqətən,
uğurlu il olub, dünyanın müxtəlif bölgələrində
xoşagəlməz proseslərin getdiyi, yeni risklərin, yeni təhdidlərin
yarandığı, münaqişələrin, qanlı
toqquşmaların davam etdiyi, kütləvi
etiraz aksiyalarının geniş vüsət aldığı
mənfi mənzərə fonunda Azərbaycan tərəqqi,
sabitlik ölkəsi kimi uğurlu inkişaf göstəricilərinə
nail olub, ölkədə işgüzar fəallıq daha da
yüksəlib, neft sektoru ilə yanaşı, qeyri-neft
sektorunun da sürətli inkişafına, yoxsulluğun
azaldılmasına əlverişli şərait
yaradılıb, mühüm infrastruktur layihələri həyata
keçirilib, abadlıq-quruculuq işləri davam etdirilib.
2004-cü ildən etibarən həyata
keçirilən regionlarin sosial-iqtisadi inkişafı ilə
bağlı Dövlət proqramlarının icra vəziyyətinə
nəzər saldıqda bu işlərin həm real həyatda,
həm rəqəmlərdə, həm də dəyişən,
abadlaşan şəhər, qəsəbə və kəndlərimizdə özünü göstərməsi,
Azərbaycan iqtisadiyyatının dünya miqyasında rekord
templərlə inkişaf edərək, ümumi daxili məhsulun
3,3 dəfə, sənaye istehsalının 2,6 dəfə,
ixracın 4,7 dəfə, valyuta ehtiyatlarımızın 24 dəfə
artması, son 15 ildə ölkəmizə
böyük həcmdə vəsaitin, təxminən 250 milyard
dollar sərmayə qoyulması, bu sərmayənin
yarısının xarici investisiya olması və xarici
investorlar üçün Azərbaycanın çox cəlbedici
ölkə kimi qəbul edilməsi ölkəmizin sürətli
inkişafının əyani təzahürüdür.
Şübhəsiz ki, əldə edilən
misilsiz nailiyyətlər əsası Ümummilli lider Heydər
Əliyev tərəfindən qoyulmuş, Prezident İlham
Əliyevin rəhbərliyi ilə zamanın tələbləri
ilə yeni çalarlarla zənginləşdirilən, Azərbaycanın
hərtərəfli, dayanıqlı və davamlı
inkişafını, insanların layiqli həyat səviyyəsini
ehtiva edən, ölkəmizin dünya miqyasında nüfuzunu
daha da artıran milli sosial-iqtisadi inkişaf modelinin möhkəm
təməllər üzərində qurulmasının əyani
göstəricisidir.
Qeyd edək ki, dövlətimizin
başçısının qərarları ilə hər bir
bölgənin inkişaf strategiyasına uyğun həyata
keçirilən və son illər bütün regionlarda
böyük vüsət alan abadlıq-quruculuq işləri
ötən il Gədəbəy rayonunda da uğurla
davam etdirilib, mühüm infrastruktur layihələri icra
olunub, sosial yönümlü obyektlər tikilib istifadəyə
verilib, yol-nəqliyyat infrastrukturunun
yaxşılaşdırılması, əhalinin sosial vəziyyətin
yüksəldilməsi istiqamətində zəruri təxirəsalınmaz
tədbirlər həyata keçirilib, rayonun iqtisadi və
sosial həyatında baş verən pozitiv dəyişikliklər
bütün sahələrdə yüksəlişlə
müşayiət olunub. Yeri gəlmişkən vurğulayaq
ki, bu günlərdə Gədəbəy rayonunda 2018-ci ilin
sosial-iqtisadi inkişafının yekunları və 2019-cu ildə
qarşıda duran vəzifələrə həsr olunmuş
hesabat yığıncağı keçirilib. Gədəbəy
rayonu İcra Hakimiyyətinin başçısı İbrahim
Mustafayev yığıncaqda geniş hesabat məruzəsi ilə
çıxış edib.
2018-ci ildə rayonun ümumi daxili məhsul
istehsalının həcmi 550 milyon 055,7 min manat olub
Məruzədə qeyd olunur ki, 2018-ci ildə
rayonun ümumi daxili məhsul istehsalının həcmi 550
milyon 055,7 min manat olub ki, bu da ötən ilin eyni dövrü
ilə müqayisədə 55 milyon 304,4 min manat və ya 11,2
faiz çoxdur. Rayon üzrə sənaye məhsulu
istehsalı 156 milyon 716,2 min manat təşkil edib. Sənaye məhsulunun
ümumi həcmində dövlət sektorunun xüsusi çəkisi
1,5% olub. Nəqliyyat sektorunda isə 2 milyon 538,1 min manatlıq
xidmətlər göstərilib ki, bu da ötən ilin eyni
dövrü ilə müqayisədə 2,2% çox olub. Bundan
başqa, rabitə müəssisəsi tərəfindən
idarə və təşkilatlara, əhaliyə faktiki qiymətlərlə
484,5 min manatlıq və ya ötən ilin müvafiq
dövrü ilə müqayisədə 15,4% çox rabitə
xidməti göstərilib.
Hesabat dövründə rayonun
tikinti kompleksində iqtisadi və sosial sahələrin
inkişafı üçün bütün maliyyə mənbələri
hesabına 29 milyon 117,8 min manat məbləğində
investisiya cəlb edilib ki, bu da keçən ilin müvafiq
dövrünə nisbətən 69,4 faiz olub.
İnvestisiyaların 27 milyon 919,4 min
manatı tikinti-quraşdırma işlərinin yerinə
yetirilməsinə sərf olunub və bu göstərici əvvəlki
ilin müvafiq dövrünə nisbətən 67,7 faiz
çoxdur. İstehlak və xidmət bazarlarında isə əhaliyə
254 milyon 484,3 min manatlıq istehlak malları satılıb və
pullu xidmətlər göstərilib. Pərakəndə
əmtəə dövriyyəsi 212 milyon 440,9 min manata, pullu
xidmətlərin həcmi 42 milyon 43,4 min manata
çatdırılıb. Ticarət şəbəkəsindən
satılmış məhsulların 3,2 faizi hüquqi şəxs
kimi fəaliyyət göstərən ticarət təşkilatları,
16,5 faizi kənd təsərrüfatı bazarları, 80,3 faizi
isə hüquqi şəxs yaratmadan fəaliyyət göstərən
fiziki şəxslər tərəfindən realizə olunub.
Ötən il ərzində
rayonun iqtisadi və sosial sahələrində işləyənlərin
orta aylıq əməkhaqqı 2017-ci illə müqayisədə
8,0 faiz çoxalaraq 441,7 manat, sənaye sahəsində
çalışanların orta aylıq əməkhaqqı 3 dəfə
artaraq 878,6 manat təşkil edib. Ümumi daxili məhsul
istehsalında 28,5 faiz sənayenin, 25,7 faiz
kənd təsərrüfatının, 5,3 faiz tikintinin, 40,0
faiz ticarətin, 0,5 faiz isə nəqliyyat və rabitənin
payına düşüb. Ümumi daxili məhsul
istehsalına daxil olan məhsulların istehsalında əvvəlki
illə müqayisədə 41 milyon 215,9 min manat və ya 14,4
faiz, xidmətlərin göstərilməsində isə
14 milyon 088,5 min manat və ya 6,7 faiz artım qeydə
alınıb.
Ötən il Gədəbəydə 1313 yeni
iş yeri açılıb
Son 15 il ərzində Gədəbəy rayonunda
15 min 414 yeni iş yeri açılıb ki, onlardan 665-i daimi
olmaqla 1313-ü ötən ilin payına düşür. Bunlardan 303-ü yeni yaradılmış müəssisə
və təşkilatlar, 107-si mövcud müəssisə və
təşkilatlar, 255-i isə fiziki şəxslər tərəfindən,
49-u investisiyalar hesabına, 648-i digər hallarda
yaradılıb. 2018-ci ildə Gədəbəy rayon büdcəsinin
yerli gəlirlər üzrə mədaxili ümumilikdə 4
milyon 750,0 min manat proqnoz plana qarşı 5 milyon 970,0 min
manat və ya 125,7 faiz olmaqla 1 milyon 220,0 min manat, ötən
ilin müvafiq dövrü ilə müqayisədə 586,1 min
manat çox yerinə yetirilib. Hesabat ilində 7
tədiyyə növü üzrə proqnoz planlar
artıqlaması ilə, 3 tədiyyə növü üzrə
cəmi 169,3 min manat, fiziki şəxslərdən gəlir
vergisi 105,4 min manat və ya 3,9 faiz, sadələşmiş
vergi 59,6 min manat və ya 13,0 faiz və dövlət
torpaqlarının icarəyə verilməsindən
daxilomalar 4,2 min manat və ya 21,2 faiz kəsirlə yerinə
yetirilib. Büdcənin xərcləri 92,3 faiz və ya 803,2 min
manat az yerinə yetirilib, artıq və qanunsuz xərclərə
yol verilməyib. Hesabat dövründə rayon üzrə orta
aylıq əməkhaqqı 441,8 manat təşkil edib ki, bu da
ötən illə müqayisədə 3,7 faiz çoxdur.
Onu da vurğulayaq ki, 2018-ci ildə Gədəbəy
rayonunun inkişafı, sosial infrastrukturun yaradılması ilə
bağlı tədbirlər də uğurla davam etdirilib. “Azərbaycan
Respublikası regionlarının 2014-2018-ci illərdə
sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda rayonun
inkişafını təmin edən 17 tədbirin icrası ilə
bağlı mühüm layihələr həyata
keçirilib. Gədəbəy şəhərinin abadlaşdırılması
işləri çərçivəsində yol kənarlarında
səkilər çəkilib, istinad divarları üzlük
daşla üzlənib, küçələr
işıqlandırılib. Eləcə də şəhərin
Bakı, M.Hüseynzadə, Qarabağ, Səməd bəy
Mehmandarov, Cavanşir Abdullayev və M.Ə.Sabir küçələrində
asfaltlaşdırma işləri aparılıb, N.Nərimanov,
Zərifə Əliyeva, 20 Yanvar, Qoşqar Əhmədli və
Dilarə Əliyeva küçələrində
işıqlandırma sistemi quraşdırılıb.
M.Ə.Rəsulzadə və S.Vurğun küçələrində
istinad divarları üzlənib, suötürücü
kanallar çəkilib, Xəlil Haqverdiyev və Mir Cəlal
Paşayev küçələrində kommunal binalar təmir
edilib. Hal-hazırda isə S.Vurğun küçəsinin
yenidən qurulması istiqamətində işlər
aparılır. Burada yerləşən ticarət
obyektləri yeni dizaynda təmir edilib, səkilər
quraşdırılıb, yüksəkgərginlikli elektrik xətləri
yer altına keçirilib. Şəhərin Vahid Rüstəmov
küçəsində polis əməkdaşları
üçün 2 mərtəbəli 10 mənzilli
yaşayış binası tikilib.
Azərbaycan Prezidenti cənab
İlham Əliyevin rayon icra hakimiyyətlərinin müvafiq ərazilərdə
iqtisadi durumun yaxşılaşdırılması,
dotasiyalardan asılılığın minimuma endirilməsi məqsədi
ilə daxili imkanlardan istifadə etməklə sağlam biznes
mühitinin formalaşdırılması, investisiyaların cəlb
edilməsi, kiçik və orta sahibkarlığın inkişafı və əhalinin
işgüzarlıq fəaliyyətinin artırılması
üçün münbit şəraitin yaradılması,
yeni istehsal və emal müəssisələrinin
açılması, məşğulluq səviyyəsinin
artırılması və əhalinin maddi rifahının
yüksəldilməsi ilə bağlı əməli tədbirlərin
görülməsi istiqamətində
tapşırıqlarının icrası davam etdirilib, rayon
üzrə iqtisadiyyatın müxtəlif sahələrinə
2400,0 min manat investisiya cəlb edilib. 2018-ci ildə Gədəbəy
şəhərində illik istehsal gücü 5 min ton olan
çörək bişirmə müəssisəsi fəaliyyətə
başlayıb və burada 7 nəfər işlə təmin
olunub. Rayonun sənaye potensialına uyğun
olaraq Maarif kəndində “Kiçik Qafqaz” MMC-yə məxsus
illik istehsal gücü 1 milyon dekalitr olan, 47 nəfərin
işləyəcəyi və Miskinli kəndində illik
istehsal gücü 500 min dekalitr olan, 25 nəfərin işləyəcəyi
süfrə suları istehsalı müəssisələrinin
tikinitisi davam etdirilir. Qeyd edək ki, rayonda
iş adamlarına və investisiya yatırmaq istəyən
sahibkarlara bütün zəruri şərait yaradılıb,
təkliflərini və onları narahat edən məsələləri
dinləmək üçün 8 noyabr 2018-ci il tarixdə
iş adamları ilə görüş keçirilib. 2019-cu
il ərzində davam edəcək və yeni cəlb ediləcək
layihələr hesabına Gədəbəydə beş milyon
manatdan çox investisiya cəlb edilməsi nəzərdə
tutulur.
Ötən il ərzində rayonda ümumilikdə
13 min 793,8 hektarda əkin işləri aparılıb
Kənd təsərrüfatına
gəlincə, rayonun iqtisadiyyatının əsasını əkinçilik
və heyvandarlıq təşkil etdiyi üçün bu sahənin
daha da inkişaf etdirilməsi istiqamətində işlər
aparılaraq məhsul istehsalçılarına lazımi dəstək
verilib. 2018-ci il ərzində rayonda ümumilikdə 13 min 793,8
hektarda 11 min 810 hektar kartof, 1585,3 hektar buğda, 94 hektar
arpa, 240 hektar kələm, 18 hektar yerkökü, 10 hektar
qarğıdalı, 36,5 hektar digər tərəvəz məhsulları
əkilib. Sahələrdən 126 min 367 ton
kartof, 4 min 375 ton buğda, 188 ton arpa, 43 ton qarğıdalı,
3 min 360 ton kələm, 252 ton yerkökü və 408,2 ton digər
tərəvəz məhsulları yığılıb, orta məhsuldarlıq
hər hektara kartof, buğda və tərəvəz sahəsində
müvafiq olaraq 107, 27,6 və 143,1 sentner təşkil edib. Kənd təsərrüfatı məhsullarının
becərilməsi zamanı işləyənlərin sayı 37
min 109 nəfər olub. 2019-cu ilin məhsulu üçün
isə 1774,6 hektar payızlıq taxıl (1725,6 hektar buğda,
49 hektar arpa) və 14 hektar yonca səpini aparılmaqla
ümumilkdə 1788,6 hektar sahədə əkin
aparılıb.
Hesabat ilində iribuynuzlu mal-qaranın baş
sayı 48 min 812 baş, qoyun və keçilərin baş
sayı 243 min 452 baş olub, diri çəkidə 67,1 min
sentner ət, 504,0 min sentner süd və 6,1 min sentner yun
istehsal edilib.
2018-ci ildə rayonda 2360 hektar əkin
sahəsinin becərilməsi üçün kənd təsərrüfatı
məhsulları istehsalçılarına yanacaq və motor
yağları alınmasına görə dövlət
büdcəsinin vəsaiti hesabına 157 min 908 manat subsidiya
verilib, 220 ton mineral gübrə 70 faiz güzəştli qiymətlərlə
satılıb. Hesabat ilində 9074 arı ailəsinə
görə 747 arıçıya 90 min 740 manat subsidiya
hesablanaraq ödənilib, 5 oktybar 2018-ci il tarixdə Bakı
şəhərində təşkil edilmiş bal
yarmarkasına 7 nəfər arıçının istehsal
etdiyi 2410 kq süzmə bal, 80 ədəd çərçivə,
6 kq çiçək tozu və 4,5 kq vərəmum
satışa göndərilib.
Ötən il ərzində icra
edilən əsas vəzifələrdən biri də vətəndaşlar
tərəfindən qanunsuz olaraq zəbt edilmiş bələdiyyə
mülkiyyətində olan torpaqların geri qaytarılması,
eyni zamanda, əkilməyən pay torpaq sahələrinin əkin
dövriyyəsinə cəlb edilməsi məqsədi ilə
aparılan maarifləndirmə işlərindən ibarət
olub. Rayon İcra Hakimiyyəti
başçısının hesabat məruzəsində təəssüflə
qeyd olunur ki, belə halların qarşısının
alınmasında bələdiyyələr tərəfindən
hər hansı tədbirlər görülməyib, əvvəllər
zəbt olunmuş sahələrin bələdiyyə mülkiyyətinə
qaytarılmasına cəhd edilməyib. Digər tərəfdən,
bələdiyyələr tərəfindən büdcələrinin
formalaşması üçün lazımi addımlar
atılmayıb, imkanlardan və resurslardan səmərəli
istifadə edilməyib. Bələdiyyələrə
qarşıdakı illərdə bu cür neqativ halların aradan
qaldırılması tövsiyə olunub. 2018-ci il ərzində
20 bələdiyyə üzrə ümumilikdə 81 km yol təmir
edilib, 150 min 163 manat vergi yığılıb ki, bu, hər bələdiyyə
üzrə ildə orta hesabla 7,5 min manat təşkil
edib. Mövcud imkanlara görə bu rəqəm hər bələdiyyə
üzrə ildə orta hesabla 25,0 min manat olmaqla il ərzində
500,0 min manat təşkil edə bilər.
Ötən il ərzində əhalinin sosial təminat
məsələləri, bu sahədə şəffaflığın
və ədalətliliyin təmin olunması diqqət mərkəzində
saxlanılıb. Dövlət Sosial Müdafiə
Fondunun (DSMF) rayon şöbəsində 16 min 37 nəfər
pensiyaçı qeydiyyatda olub ki, onlardan 8558 nəfəri və
ya 53,3 faizi yaşa görə, 6283 nəfəri və ya 39,2
faizi əlilliyə görə, 1196 nəfəri və ya 7,5
faizi isə ailə başçısını itirməyə
görə pensiya alanlardır. Hesabat ilində
sığortaedənlərdən məcburi dövlət sosial
sığorta haqqı hesabına 2 milyon 115,9 min manat vəsait
toplanaraq plan proqnoza 88,9 faiz əməl olunub. Ötən il
rayon üzrə pensiya və müavinətlərin ödənilməsi
üçün daxil olmuş 6021,2 min manat vəsait hər ay
vaxtında pensiyaçıların plastik kartlarına
köçürülüb və bu işlər daim nəzarətdə
saxlanılıb. Pensiya və ünvanlı dövlət sosial
yardımının verilməsi ilə bağlı
qanunvericiliyə edilmiş dəyişikliklər barədə
əhalinin maarifləndirilməsi işinin gücləndirilməsi
DSMF-nin rayon şöbəsinə tapşırılıb.
Gədəbəydə əhalinin məşğulluğunun
artırılmasına yönəlmiş tədbirlər
ötən il də davam etdirlib. Belə ki, Gədəbəy
rayon Məşğulluq Mərkəzinə işlə təmin
olunmaq məqsədilə 1218 nəfər müraciət edib.
Onlardan 529 nəfəri və ya 43,4 faizi müxtəlif idarə,
müəssisə və təşkilatlarda işlə təmin
edilib. İşlə təmin olunanların 227 nəfəri və
ya 43,0 faizi qadınlar, 119 nəfəri və ya 22,5 faizi gənclərdir.
Hesabat ilinin sonuna qeydiyyatda olan işsiz və işaxtaran vətəndaşların
sayı 1547 nəfər olub. Azərbaycan
Prezidentinin “Əhalinin özünüməşğulluğunun
təmin olunması sahəsində əlavə tədbirlər
haqqında” 7 aprel 2016-cı il tarixli Sərancamına uyğun
olaraq rayon məşğulluq mərkəzində qeydiyyatda
olan işaxtaran vətəndaşlar 3 mərhələli təlimlərdə
iştirak ediblər, onlardan 96 nəfəri təlimləri
uğurla başa vurub və il ərzində 49 nəfər
aktivlərlə təmin olunub.
2018-ci ildə rayonda əhaliyə 1 mərkəzi,
31 kənd poçt şöbəsi, 1 agentlik və 25 elektron
avtomat telefon stansiyası vasitəsilə rabitə xidməti
göstərilib. Rayon üzrə telefon çəkilişi
ötən illə müqayisədə 34 ədəd və ya
13,0 faiz çox olub, genişzolaqlı internet istifadəçilərinin
sayı 505 nəfər artaraq 2895 abonentə çatıb.
Rayon Telekommunikasiya qovşağı tərəfindən plan
proqnoz 34,2 min manat və ya 6,2 faiz çox yerinə yetirilib.
Rayonun 63 yaşayış məntəqəsi təbii
qazla təmin olunub və bu proses davam etdirilir
Gədəbəydə hesabat
ilində əhalinin elektrik enerjisi təminatının
yaxşılaşdırılması ilə bağlı 10
kv-luq Ərtəpə, Nəriman, Novoivanovka, Arıqdam,
Miskinli, Şəkərbəy, Alnabat, Böyük Qaramurad,
Novosaratovka, KRS, Hacılar, Slavyanka hava xətlərində 22,7
km, Gədəbəy şəhərində, Qoşabulaq,
Çanaqçı, Hacıələkbərli,
Totuqlu, Qaraməmmədli, Prakənd, Leşkər, Köhnəkənd,
Arıqıran, Əyrivəng, Kərimli, İnəkboğan
və Söyüdlü kəndlərində 0,4 kv-luq hava xətlərində
38,5 km məsafədə əsaslı və cari təmir
işləri aparılıb, cəmi 461 ədəd
yararsız 10 və 0,4 kv dayaq yeni metal dayaqlarla əvəz
olunub. 35 kv-luq Gədəbəy-Novosaratovka hava xəttinin
şəhər ərazisindən çıxarılaraq yeni
trassa üzrə tikintisi davam edib. Qızıl
Aypara cəmiyyətinin dəstəyi ilə Mormor, Zamanlı,
Arabaçı, Qaravəlilər, Əyridərə, Sonalar,
Hacılar və Göyəlli kəndlərində 1129 ədəd
dayaq və 33,8 km naqil yeni SİP-lə əvəz edilib,
hal-hazırda şəbəkə tərəfindən Parakənd
və Səbətkeçməz kəndlərində
SİP dayaqların quraşdırılıması davam edir.
Bu dövrdə 86 mln. 249759 kvt/saat enerji istehlak edilib və onun
dəyəri 7 mln. 367 min 464,9 manat olmaqla 103,1 faiz ödənilib.
2018-ci ildə Şəmkir
Regional Qaz İstismarı İdarəsinin Gədəbəy
Xidmət sahəsi tərəfindən 12 min 072 abonentə xidmət
göstərilib, illik ödəniş 93,4 faiz təşkil
edib. Ötən il 21-i dövlət vəsaiti, 1-i isə kənd
sakinlərinin təşəbbüsü ilə olmaqla cəmi
22 yaşayış məntəqəsində 2103 abonent
təbii qazla təmin edilib, hal-hazırda rayonun
yaşayış məntəqələri üzrə təbii
qazla təmin olunması səviyyəsi 58 faiz və ya 63
yaşayış məntəqəsi təşkil edir. Bu il
rayonun daha bir neçə yaşayış məntəqəsinin
təbii qazla təchiz edilməsi nəzərdə tutulur.
2018-ci ildə Su-kanal İdarəsi
tərəfindən Gədəbəy şəhərində
2339, Pərizamanlı kəndində isə 89 abonentə xidmət
göstərilib. Ötən dövr ərzində
“Südlü bulaq” su mənbəyindən 399 min 369 kubmetr
içməli su götürülüb və
satılmış içməli suya görə 71 min
781 manat vəsait toplanaraq plana 107,6 faiz əməl olunub.
Hal-hazırda şəhərin Heydər Əliyev prospektində
Su-kanal idarəsi üçün yeni inzibati binanın və
yay aylarında xüsusilə yağıntı olmayan dövrdə
fasiləsiz su təminatı üçün Plankənd kəndi
ərazisində yeni su xəttinin tikintisi davam etdirilir.
Ötən ildə də Gədəbəy
rayonunda yol infrastrukturunun qurulması ilə bağlı layihələr
davam etdirilib. Azərbaycan Prezidenti İlham Əliyevin Sərəncamına
əsasən 12 min nəfər əhalinin
yaşadığı 8 yaşayış məntəqəsini
birləşdirən 29 km uzunluğunda Slavyanka-Qoşabulaq-Pərizamanlı
avtomobil yolunun tikintisi başa çatıb. Bununla
yanaşı, Çalburun kəndində Qarıkənd-Miskinli-Çalburun
avtomobil yolu üzərindəki körpünün tikintisi
davam etdirilib, Gədəbəy-Qızıltorpaq-Qonaqlı və
Qarıkənd-Miskinli-Çalburun avtomobil yollarında təmir
işləri aparılıb, Gərgər-Şəkərbəy
avtomobil yolu üzərində sel suları nəticəsində
sıradan çıxmış suötürücü
borular bərpa edilib. Qış mövsümündə hərəkətin
intensivliyinin təmin edilməsi və sürüşkənliyə
qarşı mübarizə məqsədilə texniki duz və
qum qarışığı tədarük edilib.
Ötən il məzunların 228 nəfəri
ali məktəbə qəbul olunub
Hesabat ilində rayonda təhsilin
inkişafı, maddi-texniki bazanın
yaxşılaşdırılması istiqamətində məqsədyönlü
işlər davam etdirilir, bu sahənin inkişafı və
keyfiyyət göstəricilərinin yüksədilməsi istiqamətində
tədbirlər həyata keçirilir. Rayonun
83 ümumtəhsil məktəbində 10516 nəfər
şagirdin təlim-tərbiyəsi ilə 1530 nəfər
pedaqoji işçi məşğul olub. 2017-2018-ci tədris
ilində məktəbin 11-ci sinfini 731 nəfər bitirib,
onlardan 368 nəfəri və ya 50,3 faizi ali məktəblərə
qəbul olunmaq üçün sənəd verib və
228 nəfər ali məktəblərə qəbul olunub. Qəbul
olanlar məzunların 31,2 faizini, sənəd verənlərin
isə 62,0 faizini təşkil edib. Ali məktəblərə
qəbul olanların 54 nəfəri 500-dən, 24 nəfəri
isə 600-dən yuxarı bal toplayıb. İl ərzində
şagirdlərin biliklərinin yoxlanılması məqsədilə
fənn olimpiadaları keçirilib, eyni zamanda, qaliblərin
zona və respublika turunda iştirakı təmin olunub.
Böyük Qaramurad kənd tam orta məktəbinin şagirdi
respublika turunda 3-cü yeri tutub. Həmçinin
Talakənd, Dördlər və Əyrivəng kəndlərində
40 şagird yerlik modul tipli məktəblər, Miskinli kəndində
60 yerlik körpələr evi uşaq bağçası yenidən
tikilib, 15 yerlik Samanlıq kənd körpələr evi
uşaq bağçası əsaslı təmir olunub.
Onu da qeyd edək ki, rayonda əhaliyə
121 çarpayılıq Akademik Zərifə Əliyeva
adına Gədəbəy Mərkəzi rayon Xəstəxanası,
5 kənd xəstəxanası, 19 həkim, 25 tibb məntəqəsi,
Gigiyena və epidemiologiya mərkəzi tərəfindən
tibbi xidmət göstərilir. 2018-ci ildə
rayonda 943 uşaq doğulub. Ötən il Azərbaycan
Prezidenti cənab İlham Əliyevin əhalinin tibbi müayinədən
keçirilməsi ilə bağlı
tapşırığına uyğun olaraq 10 fevral 2018-ci il
tarixdən 01 may 2018-ci il tarixədək Gədəbəy
rayonunda əhalinin tibbi müayinəsi ilə
bağlı humanitar aksiya keçirilib və əhalinin 67 min
480 nəfəri və ya 67,7 %-i tibbi müayinədən
keçib. Müayinədən keçənlərin
52304 nəfəri və ya 77,5 faizinin sağlam olduğu
aşkar edilib, 14990 nəfəri və ya 22,2 faizi ambulator, 89 nəfəri
və ya 0,1 faizi stasionar müalicəyə cəlb edilib, 97 nəfər
və ya 0,2 faizi isə ixtisaslaşmış tibb müəssisəsinə
göndərilib, 16 nəfər üzərində cərrahiyyə
əməliyyatı aparılıb.
Gənclərlə iş və onların vətənpərvərlik
ruhunda tərbiyə edilməsi istiqamətində davamlı
olaraq tədbirlər keçirilir
Onu da vurğulayaq ki, 2018-ci il ərzində
Gədəbəy rayonunda tarixi günlərin, dövlət və
milli bayramların, mədəni-kütləvi tədbirlərin
qeyd edilməsi diqqət mərkəzində saxlanılıb.
9 Noyabr - Dövlət Bayrağı Günü münasibətilə
əmək kollektivlərinin və ictimaiyyət nümayəndlərinin
iştirakı ilə yürüş təşkil olunub və
bu yürüşdə 3000-dən çox rayon sakini
iştirak edib. Yeni il və Dünya Azərbaycanlılarının
Həmrəylik Günü münasibətilə Bakı
Uşaq Teatrının aktyorlarının iştirakı ilə
təhsil, səhiyyə, mədəniyyət sahəsində
çalışan işçilərin, Qarabağ müharibəsi
əlillərinin, şəhid və aztəminatlı ailələrin
uşaqları üçün hər gün 3 seans
olmaqla 2 gün ərzində tamaşa göstərilib.
Gənclərlə iş və
onların vətənpərvərlik ruhunda tərbiyə edilməsi,
vətənə məhəbbət hissinin
aşılanması, xalqla ordu arasında vəhdətin
yaradılması və bu birliyin möhkəmləndirilməsi
məqsədi ilə təbliğat işləri mütəmadi
olaraq aparılmışdır. Gənclər və
İdman İdarəsi ilə birgə “Şahin” hərbi-idman,
“Nə? Harada? Nə zaman?” intellektual oyunları, rayonun daha
çox şagird kontingenti olan məktəblərində
“Sosial şəbəkələr və biz” mövzusunda təlimlər
keçirilib, rayon idmançıları müxtəlif
rayonlarda təşkil olunmuş idman yarışlarında
iştirak ediblər. Taekvando idman növü
üzrə 24-25 noyabr tarixlərində Göyçay rayon
açıq birinciliyinə 11 idmançı ilə
qatılan rayon komandası 1 qızıl, 2 gümüş, 7
bürünc, 26-28 dekabr tarixlərində böyüklər
arasında Bakı şəhərində keçirilən
respublika çempionatında iştirak etmiş 5
idmançıdan ikisi 80 kq və 87 kq çəkidə
gümüş medal qazanıb.
Hesabat dövründə Səfərbərlik və
Hərbi Xidmətə çağırış üzrə
Dövlət Xidmətinin rayon şöbəsi tərəfindən
tapşırığa əməl edilərək 329 nəfər
həqiqi hərbi xidmətə göndərilib. Rayon ərazisində dövlət orqanlarında
çalışan işçilər və fəaliyyət
göstərən iş adamları tərəfindən
Silahlı Qüvvələrin Yardım Fonduna 38 min 652,43 manat
vəsait köçürülüb ki, bu da ötən ilin
müvafiq dövründən 1683,72 manat və ya 4,5 faiz
çoxdur.
Ötən il Gədəbəy rayonunda ekoloji tədbirlərin
də keçirilməsi davam etdirilib. Turizm
imkanları geniş olan rayonda yaşıllaşdırma və
ağacəkmə kampaniyaları ənənəvi hal
alıb. İl ərzində rayonun bütün
yaşayış məntəqələrində, o cümlədən
magistral avtomobil yollarının kənarlarında 10 mindən
çox müxtəlif növ ağaclar əkilib və onların
qorunması üçün mühafizə zolaqları çəkilib.
Eyni zamanda, rayonun bütün yaşayış
məntəqələrində uzun illərdən bəri
yığılıb qalmış məişət
tullantılarının daşınması və zərərsizləşdirilməsi
məqsədilə mütəmadi olaraq iməciliklər təşkil
edilib, rayonun Slavyaka, Novosaratovka, Çanaqçı, Xarxar, Nərimankənd
və Zəhmətkənd kəndlərində
tullantıların mərkəzləşmiş qaydada
daşınması və idarə edilməsi üçün
avtomobillə xidmət yaradılıb.
2018-ci ildə “ASAN xidmət”in səyyar avtobusu
tərəfindən 7-31 iyul tarixlərində rayonda 2263 vətəndaşa
xidmət göstərilib.
Gədəbəy rayon hüquq-mühafizə
orqanları da cinayətkarlığa qarşı mübarizə,
qanunçuluq və hüquq qaydalarının möhkəmləndirilməsi
sahəsində öz fəaliyyətlərini Azərbaycan
Republikasının qanunlarının tələbləri səviyyəsində
qurub.
Ötən il Gədəbəy
RİH başçısı Aparatında vətəndaşların
şikayətlərinə baxılması və onların qəbulu
diqqətdə saxlanılıb, hər həftə rayonun bir
nümayəndəliyində əhali ilə görüşlərin
və vətəndaşların qəbul edilməsi praktikası
davam etdirilib, vətəndaşların qaldırdıqları
problemlərin böyük əksəriyyəti yerində həll
edilib. Hesabat ili ərzində RİH başçısı tərəfindən
yerlərdə 49 səyyar görüş keçirilib və
bu görüşlərdə 5972 nəfər iştirak edib,
vətəndaşlar tərəfindən 196 təklif irəli
sürülüb.
Onu da qeyd edək ki, ötən ilin yekunları
ilə bağlı rayonun bir şəhər və 46 kənd
İƏD üzrə nümayəndəliklərində
hesabat yığıncaqları keçirilib, bu
yığıncaqlarda 5433 nəfər vətəndaş
iştirak edib. Hesabat
yığıncaqlarında mövcud problemlər,
çatışmazlıqlar və təkliflərlə
bağlı çıxış edən 220 vətəndaş
tərəfindən 205 təklif irəli sürülüb ki,
bu təkliflərin 43-ü ərazidəki istifadəyə
yararsız elektrik dayaqlarının və naqillərinin dəyişdirilməsi,
22-si yeni EATS-lərin
quraşdırılması, poçt şöbəsinin
açılması və binaların tikilməsi, 20-si məktəb
binasının tikilməsi və təmiri, 18-i ərazidə
səhiyyə obyektlərinin tikilməsi və əsaslı təmiri,
17-si mədəniyyət evlərinin yaradılması, əsaslı
təmiri və yenidən tikilməsi, 15-i
qazla təchizat, 11-i körpü və keçidin tikilməsi
və təmiri, 11-i kəndarası yolların təmiri, 48-i
isə digər məsələlər üzrə olub. Ötən
il vətəndaşlar tərəfindən qaldırılan bu
məsələlərin həlli ilə bağlı bütün
təkliflər araşdırılaraq, müvafiq tədbirlər
planı hazırlanıb.
Rayon İcra Hakimiyyəti tərəfindən vətəndaşlara
göstərilən xidmətlərin
asanlaşdırılması üçün vahid mərkəz
yaradılıb
Yerli icra hakimiyyəti orqanlarında ilk dəfə
olaraq Gədəbəy rayon İcra Hakimiyyəti (RİH) tərəfindən
göstərilən xidmətlərin
asanlaşdırılması üçün vahid mərkəz
yaradılıb. Mərkəz 39 sahə üzrə xidmət
edir. Qurumda RİH başçısı Aparatında fəaliyyət
göstərən hər şöbədən bir nəfər
məsul işçi olmaqla cəmi 7 nəfər daima orada
xidmət göstərir. Quraşdırılmış
böyük monitorda xidmət sahələrinin adları, həmin
sahələrə məsul şöbələr, tələb
olunan sənədlərin nümunəsi, sənədin icra
müddəti, qanunvericilik bazası yerləşdirilib. Burada
xidmət sahələrinin hər biri telefon və kompüter dəsti
ilə təchiz edilərək onların internetə
çıxışı təmin edilib. Xidmət göstərən
məsul işçilər quraşdırılmış
böyük monitorda vətəndaşa izah vermək, sənəd
nümunələrini göstərmək imkanına malikdirlər.
Mərkəzdə vətəndaşın problemlərinin
operativ həlli məqsədi ilə (4 rəqəmli nömrə)
“Qaynar xətt” yaradılıb. Bundan əlavə, xidmətin səmərəliliyinin
artırılması məqsədilə mərkəzdə
könüllülər fəaliyyət göstərirlər. Burada məqsəd sənədlərin
aşkarlıq şəraitində qəbul edilməsi, vaxt
itkisinin qarşısının alınması,
süründürməçilik və korrupsiya
hallarının qarşısının alınması, vətəndaşın
eyni vaxtda vahid məkanda RİH-in bütün struktur bölmələri
ilə ünsiyyətdə olmasının
təmin edilməsi, işgüzar mühit,
açıqlıq, həssas münasibət, yerli dövlət
hakimiyyəti orqanlarının vətəndaşlar
üçün günün istənilən vaxtı
açıq olması, RİH-in vətəndaşın etimad
ünvanına çevrilməsi, vətəndaş məmnunluğunun
yüksəldilməsidir.
Qeyd edək ki, xidmətə sənədlərin
qəbulu və verilməsi, memarlıq və tikinti məsələləri
(13 xidmət), hüquq məsələləri (12 xidmət),
sosial-iqtisadi məsələlər (6 xidmət), humanitar məsələlər,
İƏD üzrə nümayəndəliklər və
bələdiyyələrlə bağlı məsələlər
(8 xidmət), yetkinlik yaşına çatmayanların işləri
və hüquqlarının müdafiəsi məsələləri
daxildir. Könüllülər isə
sağlamlıq vəziyyətinə görə məhdud hərəkətli
vətəndaşların hüquqlarının müdafiəsi
ilə bağlı onların öz ünvanlarında ilkin sənədləşmə
işlərinə köməklik göstərir, həmçinin
müraciət edən vətəndaşların ərizə
formalarının doldurulmasını həyata keçirirlər.
Göründüyü kimi, Azərbaycan
Prezidenti İlham Əliyevin “Yerli icra orqanları vətəndaşlara
daim diqqət və qayğı göstərməlidirlər. Yaddan çıxarmamalıdırlar ki, onlar vətəndaşlara
xidmət edirlər” kimi tapşırığı vətəndaşların
müraciətlərinə baxılması kimi həssas bir sahədə
Gədəbəy rayon İcra Hakimiyyətinin fəaliyyətinin
əsas qayəsini təşkil edib. İlk növbədə
vətəndaşların qəbuluna münasibət
kökündən dəyişilib, müraciətlərin
mahiyyəti üzrə əsaslı qərarlar qəbul olunub.
Hər bir müraciətə göstərilən
həssas münasibət, açıqlıq, işgüzar
mühit, yerli icra hakimiyyəti orqanlarının vətəndaşlar
üçün günün istənilən vaxtı
açıq olması rayon İcra Hakimiyyətini vətəndaşların
etimad ünvanına çevirib, vətəndaş məmnunluğunu
yüksəldib. Bu yöndə əsaslı və ciddi tədbirlər
davam etdirilir.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 23 fevral.- S.4-5