Regionların uğurlu
inkişafı bütün sahələri əhatə edir
2018-ci il respublikamızın Qərb bölgəsinə
daxil olan Ağstafa, Qazax və Tovuz rayonları
üçün də uğurlu olub
Ölkəmizdə son 15 ildə Prezident
İlham Əliyevin rəhbərliyi ilə həyata
keçirilən uğurlu siyasət nəticəsində
bütün sahələrdə möhtəşəm nailiyyətlər
əldə olunub. Təbii ki, dinamik tərəqqi Azərbaycanın
bölgələrini də əhatə edib, regionların
sosial-iqtisadi inkişafı davamlı xarakter alıb. Eyni
zamanda, respublikamızda regionların sosial-iqtisadi
inkişafına dair əvvəlki iki Dövlət Proqramı
kimi, 2014-2018-ci illəri əhatə edən sayca
üçüncü proqramın icrası da yüksək səviyyədə
təmin olunub. Prezident İlham Əliyevin 29 yanvar 2019-cu il
tarixində imzaladığı növbəti Fərmanla isə
“Azərbaycan Respublikası regionlarının 2019-2023-cü
illərdə sosial-iqtisadi inkişafı Dövlət
Proqramı” təsdiqlənib. Yeri gəlmişkən,
dövlət başçısı cari il yanvarın 29-da
keçirilən “Azərbaycan Respublikası
regionlarının 2014-2018-ci illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın icrasının
yekunlarına həsr olunan konfransdakı nitqində ölkəmizin
inkişafı baxımından üçüncü Dövlət
Proqramını yüksək qiymətləndirib: “Regionların
sosial-iqtisadi inkişafına dair üçüncü
Dövlət Proqramının icrası təmin edildi. Beş
il bundan əvvəl qəbul edilmiş proqram artıqlaması
ilə yerinə yetirildi. Son beş il ərzində
qarşımıza qoyduğumuz bütün vəzifələr
icra olundu. Üçüncü proqramın çox
böyük əhəmiyyəti var. Bu proqram bizə imkan
yaratdı ki, regionlarda əvvəlki illərdə aparılan
islahatlara, görülən işlərə yeni təkan verək”.
Beləliklə, Azərbaycanda
2004-cü ildən etibarən böyük uğurla
reallaşdırılan regionların sosial-iqtisadi
inkişafına dair Dövlət proqramları respublikanın
bölgələrinin ümumi inkişaf dinamikasını
artırmaqla yanaşı, hər bir rayonda əldə edilən
uğurlarla müşayiət olunub. Və bu uğurlar
2018-ci ildə də davam edib. Bu məqamda vurğulamaq yerinə
düşər ki, 2018-ci il respublikamızın Qərb
bölgəsinə daxil olan Ağstafa, Qazax və Tovuz rayonu
üçün də uğurlu olub.
Belə ki, ötən il ərzində
Ağstafa rayonunda bir sıra sahələr üzrə ciddi nəticələr
əldə edilib. 2018-ci ilin sosial-iqtisadi inkişafının
yekunlarına və qarşıda duran vəzifələrə
dair hesabat yığıncağında Ağstafa rayon İcra
Hakimiyyətinin başçısı Məhərrəm
Quliyev bildirib ki, ölkə
başçısı tərəfindən regionların
sosial-iqtisadi inkişafı Dövlət proqramlarında nəzərdə
tutulan tədbirlərin uğurlu icrası ölkəmizin
bütün bölgələrində olduğu kimi,
Ağstafanın da inkişafına böyük təkan
vermişdir. Ağstafa rayonunda həyata keçirilən
sosial-iqtisadi islahatlar ağstafalıların həyatında,
onların maddi rifah halının
yaxşılaşdırılmasında mühüm rol
oynayır. Məhz bunun nəticəsidir ki, rayonda
sahibkarlığın dəstəklənməsi və
inkişaf etdirilməsi istiqamətində həyata
keçirilən tədbirlər nəticəsində ötən
dövr ərzində 7324 yeni iş yeri
açılmışdır. Son 7 ildə
rayonda ümumi məhsul buraxılışının həcmi
2,0 dəfə, sənaye məhsulu istehsalı 3,5 dəfə,
kənd təsərrüfatı məhsulları istehsalı
1,8 dəfə, tikinti-quraşdırma işlərinin həcmi
2,4 dəfə, əsas kapitala yönəldilən investisiyalar
2,4 dəfə, orta aylıq nominal əməkhaqqı 1,3
dəfə artıb. 2018-ci ildə kənd təsərrüfatı
məhsullarının istehsalı ilə 12591 nəfər məşğul
olub. Rayonda 9 ədəd subartezian quyusu istismar
üçün balansa götürülüb, 12 ədəd
yeni subartezian quyusunun qazılması cari ildə nəzərdə
tutulur.
Qeyd edək ki, il ərzində Ağstafa şəhərinin
abadlaşdırılması, küçə və
meydanların yenidən qurulması, çoxmənzilli
yaşayış binalarının təmiri işləri
ön plana çəkilib. Rayonun Qıraq Kəsəmən, Zəlimxan
və Göycəli kəndlərində yerli imkanlar
hesabına “Şəhidlər parkı” tikilib istifadəyə
verilib. Ağstafa rayonunun yaşayış məntəqələri
100 faiz mavi qazla təmin olunub. Əhalinin elektrik enerjisi ilə
təminatında 124 ədəd yararsız dayaq yenisi ilə əvəz
edilib, 7,7 km yeni SİP kabel xətti çəkilib və 1011 ədəd
yeni metal dayaqlar quraşdırılıb. Ağstafa
şəhər əhalisinin daha təmiz və keyfiyyətli
su ilə təmin olunması üçün rayonun Vurğun
qəsəbəsində yerləşən mərkəzi su
anbarı kompleksinin ərazisində “Osmos” tipli sutəmizləyici
qurğunun tikintisi həyata keçirilir. Rayonun yol-nəqliyyat
təsərrüfatı sisteminin kompleks şəkildə əsaslı
surətdə yenidən qurulması davam etdirilib və kənd
yollarının 90 faizi asfaltlanıb. Hazırda 9,5 km
uzunluğunda Ağstafa-Xətai-Yenigün avtomobil yolunun yenidən
qurulması və əsaslı təmiri işlərinə
başlanıb.
Təhsilin infrastrukturunun daha da
yaxşılaşdırılması istiqamətində isə
Köhnəqışlaq kəndində 108 şagird yerlik yeni məktəb
binası və Kolayır kəndində 20 şagird yerlik modul
tipli ibtidai məktəb binası tikilib istifadəyə
verilib. Qəzalı vəziyyətdə olan
Böyük-Kəsik kənd tam orta məktəbinin yeni
binasının tikinti işləri davam etdirilir, H.Aslanov qəsəbəsində
20 şagird yerlik modul tipli məktəbin
quraşdırılması başa
çatdırılmış və yaxın vaxtlarda istifadəyə
verilməsi nəzərdə tutulur. 2018-ci ildə ali məktəblərə
keçirilən qəbul imtahanlarında məzunlardan 17 nəfəri
600-dən, 42 nəfəri isə 500 baldan yuxarı nəticə
göstərib.
Ötən il Qazax rayonu üçün də
uğurlu olub. Ötən ilin yekunları və qarşıda
duran vəzifələrə həsr olunmuş
yığıncaqda Qazax rayon İcra Hakimiyyətinin
başçısı Rəcəb Babaşov geniş məruzə
ilə çıxış edib. O qeyd edib ki, hesabat ilində
bütün sahələr üzrə uğurlu nəticələr
əldə olunub. Regionların sosial-iqtisadi inkişafı
Dövlət Proqramında qarşıya qoyulmuş
bütün vəzifələr yerinə yetirilib.
Tikinti-quruculuq işləri ilə yanaşı, kənd təsərrüfatı
sahəsində görülən işlərə diqqət
çəkən icra başçısı respublika Prezidenti
İlham Əliyevin bu sahə ilə bağlı verdiyi
tapşırıqların yerinə yetirildiyini qeyd edib.
Prezident İlham Əliyevin apardığı
quruculuq siyasətinin Qazaxda həyata keçirilməsini qeyd
edən rayon rəhbəri burada bütün sahələrin
inkişaf etdiyini, uğurlu göstəricilərin əldə
edildiyini bildirib. Qeyd edib ki, rayonda
genişmiqyaslı quruculuq işləri aparılıb, yeni
iş yerlərinin yaradılması ilə bağlı
çox ciddi tədbirlər görülüb. İcra
başçısı son iki il yarımda Qazaxda aparılan
abadlıq və quruculuq işlərini müqayisə edərək
bildirib ki, rayonda 2018-ci ildə bir çox uğurlara imza
atılıb. Bunu rayonda inşa olunan sosial
obyektlərin sayı, kənd təsərrüfatının
ildən-ilə inkişaf etməsi, əkin sahələrinin
artırılması, təhsil, səhiyyə, mədəniyyət,
idman, eləcə də digər sahələrdə əldə
edilən nailiyyətlərdən də görmək olar.
“Azərbaycan Respublikası
regionlarının 2019-2023-cü illərdə sosial-iqtisadi
inkişafı Dövlət Proqramı”nın təsdiq edilməsi
haqqında respublika Prezidenti İlham Əliyevin 29 yanvar 2019-cu
il tarixli Fərmanından söz açan icra
başçısı bildirib ki, həmin Dövlət
Proqramı Azərbaycanın növbəti 5 il ərzində
daha böyük uğurlara imza atacağından xəbər
verir. Vətəndaşların rifah
halının, yaşayış şəraitinin
yaxşılaşdırılmasına xidmət edən
Dövlət Proqramının qəbul olunmasını
yüksək qiymətləndirən icra
başçısı həmin proqrama əsasən 2019-cu ildə
də genişmiqyaslı işlərin görüləcəyini
diqqətə çatdırıb.
Tovuz
rayonu da 2018-ci ili uğurla başa vurub.
Ötən ilin sosial-iqtisadi yekunları və qarşıda
duran vəzifələrə həsr olunmuş
yığıncaqda Tovuz rayon İcra Hakimiyyətinin
başçısı Məmməd Məmmədov hesabat məruzəsi
ilə çıxış edərək bildirib ki,
respublikamızda əldə olunmuş dinamik inkişaf fonunda
ötən il Tovuz rayonunda da xeyli
uğurlar əldə edilib. 2018-cı ildə rayon
iqtisadiyyatının əsas sahələrində istehsal
olunmuş məhsul və xidmətlərin ümumi həcmi əvvəlki
ilə nisbətən müqayisəli qiymətlərlə 5,9
faiz artaraq 414 milyon 338 min manat olub. Bunun 62,9
faizi istehsal, 37,1 faizi isə xidmət sahələrinin
payına düşür. Ümumi həcmdə məhsul
istehsalının xüsusi çəkisi 1,5
faiz artıb. Qeyri-neft sektorunun aparıcı sahəsi
kimi kənd təsərrüfatının inkişafına
xüsusi diqqət yetirilir.
Ötən
il rayon üzrə 190 milyon 784 min
manatlıq kənd təsərrüfatı məhsulları
istehsal olunub. Əvvəlki illə müqayisədə
10 min 773 ton çox məhsul istehsal edilib. 2018-ci ildə
rayonda 341 min 968 ton kənd təsərrüfatı məhsulları,
o cümlədən 65 min 798 ton dənli bitkilər istehsal
olunub. Dənli bitkilərin məhsuldarlığı keçən
illə müqayisədə 0,1 faiz ataraq
32,1 sentner, o cümlədən buğdanın məhsuldarlığı
32,4 sentner olub. Ötən il Tovuzda 144 min
412 ton kartof istehsal olunub. Kartofun tədarükünün
isti yay aylarına təsadüf etdiyini və satış
dövrünün uzun çəkdiyini nəzərə alsaq,
saxlama kameralarının tikintisi vacib məsələ kimi
gündəmə gəlir. Düz Cırdaxan kəndində
3 min tonluq soyuduçu kamera fəaliyyət göstərir,
keçən il Əyyublu kəndində hər
birinin tutumu 1200 ton olan iki soyuduçu kamera tikilib. Lakin bunlarla kifayətlənmək olmaz. Soyuducu tikintiləri davam etdirilməlidir və bu sahədə
olan təşəbbüslər dəstəklənəcək.
Bu
mövsümdə rayon fermerləri 38,4 hektar istixanalarda
yetişdirilmiş 2542 ton məhsulun satışından 3
milyon 813 min manat gəlir əldə ediblər. Ötən il 1279 hektar sahədə tərəvəz əkilib,
sahələrdən 26 min 297 ton məhsul
götürülüb. O cümlədən, 9906 ton
yerkökü istehsal olunub və fermerlərimiz bundan 3 milyon
500 min manat gəlir əldə ediblər.
İqtisadi səmərəliliyi ilə yanaşı, əmək
tutumlu sahə kimi üzümçülüyün
inkişafı da xüsusi əhəmiyyət kəsb edir. Son illər
fermerlərin bu sahəyə marağı artıb. Hazırda üzüm bağlarının ümumi
sahəsi 725 hektara çatdırılıb. Ötən
il rayonda 12 min 96 ton məhsul istehsal olunub. Əvvəlki illə müqayisədə məhsuldarlıq
35 sentner artaraq 202 sentner olub. Ötən il
həmçinin 5 hektar sahədə yeni üzüm
bağları salınıb. Üzümçülüyün
inkişafı özü ilə bərabər emal sənayesinin
yaradılması zərurətini də ortaya qoyur. Müasir texnologiya əsasında mini şərab
emalı zavodlarının qurulmasına ehtiyac var. Bunun
üçün sahibkarlara lazımi dəstək verilir.
Keçən
il rayonda meyvə bağlarının ümumi sahəsi isə
1324 hektara çatdırılıb, 17 min 662 ton məhsul
götürülüb. Bu, əvvəlki ildən
1652 ton çoxdur. Rayonda meyvə
bağlarının əksəriyyəti ənənəvi
üsulla salınmış bağlardır. Son dövrlər Alakol, Düz Qırıqlı,
Aşağı Quşçu kəndlərində, Qovlar
şəhəri ərazisində müasir
bağçılıq təsərrüfatlarının
yaradılmasına da başlanıb. Ötən il 12 hektar sahədə yeni müasir bağlar
salınıb. Tovuz Dövlət Aqrar
İnkişaf Mərkəzi, yerli icra nümayəndələri
və bələdiyyələr müasir
bağçılıq təsərrüfatlarının
yaradılması, intensiv və superintensiv üsulla bağlar
salınması üçün fermerlər arasında maarifləndirmə
işləri aparmalıdır.
Tovuz Regional Meşə Təsərrüfatı
Mərkəzi tərəfindən ötən il meşə
ağaclarından meyvə ağaclarına keçid layihəsi
çərçivəsində 70 hektar sahədə qoz,
badam, ərik tinglərindən ibarət Aqrobağ
salınıb. Hazırda Aqrobağların sahəsi 180
hektardır. Meyvəçiliyin sürətli inkişafı
üçün saxlama-soyuducu kameralarına ehtiyac var. Bu məqsədlə
ötən il Əyyublu, Alakol və Aşağı
Quşçu kəndlərində ümumi tutumu 1000 ton olan
soyuducu kameralar tikilib.
Ümumilikdə, Tovuzda kənd təsərrüfatının
ənənəvi sahələri inkişaf edir. Ötən il
9 ton 781 kiloqram barama istehsal edilib. Bu, əvvəlki ildəkindən
2 min 911 kiloqram çoxdur.
Rayonda kənd təsərrüfatının
digər əsas sahəsi olan heyvandarlığın
inkişafı da diqqət mərkəzində
saxlanılır. Əvvəlki illə müqayisədə ət
istehsalı 1,7 faiz, süd istehsalı 0,7 faiz, yumurta
istehsalı 2,5 faiz, yun istehsalı 0,1 faiz artıb.
Onu da qeyd edək ki, ötən il rayon
iqtisadiyyatına 62 milyon 113 min manat sərmayə qoyulub.
İnvestisiyanın 63,1 faizi dövlət mülkiyyətinə,
36,9 faizi qeyri-dövlət mülkiyyətinə aiddir. Rayon
iqtisadiyyatına cəlb olunmuş investisiyanın həcmi 91,2
faiz artıb. Həmçinin Tovuzda ötən il 1764 yeni
iş yeri açılıb ki, bunun 1059-u daimidir.
Bütövlükdə isə 2004-2018-ci illər ərzində
Tovuzda 17012 daimi iş yeri açılıb.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 27 fevral.- S.7