Bahar Muradova:
Beynəlxalq cinayətlərlə
bağlı qanun layihəsi rəy alınması üçün
beynəlxalq dairələrə
göndərilib
Azərbaycan Milli Məclisi,
“Qüdrətli Azərbaycan
Naminə” İctimai Birliyi və Prezident yanında Qeyri-Hökumət Təşkilatlarına
Dövlət Dəstəyi
Şurasının birgə
həyata keçirdikləri
“Soyqırımı və
etnik təmizləmə
cinayətlərinin dünya
səviyyəsində tanınmasının
hüquqi aspektlərinin öyrənilməsi” layihəsi
çərçivəsində hazırlanan “Beynəlxalq cinayətlərin qarşısının
alınması və onları törədən
şəxslərin cəzalandırılması
haqqında” qanun layihəsi rəy alınması məqsədilə
həm beynəlxalq dairələrə, həm
də ölkənin müvafiq qurumlarına göndərilib.
Bunu “Trend”ə
Milli Məclis sədrinin müavini, ATƏT
Parlament Assambleyasında
Azərbaycan nümayəndə
heyətinin rəhbəri
Bahar Muradova deyib.
Qanun layihəsini
mükəmməl sayan
vitse-spiker hazırda onun müzakirə mərhələsində olduğunu,
layihə üzərində
məsləhətləşmələrin
davam etdiyini söyləyib: “Təbii ki, Prezident Administrasiyası,
Xarici İşlər
Nazirliyi, hüquq-mühafizə
orqanlarının bu qanunun tətbiqi zamanı meydana çıxa bilən problemlərlə bağlı
rəyləri bizim üçün çox əsasdır. Ona görə də layihə rəylərin alınması üçün
həmin qurumlara göndərilib. Rəylər
alındıqdan sonra,
yəqin ki, layihəni parlamentdə müzakirəyə qəbul
edə biləcəyik.
Bunun nə vaxt olacağı artıq rəy verən təşkilatların
öz işlərini nə zaman başa
çatdıracağından asılıdır. Biz də maraqlıyıq ki, həmin layihəni daha tez qəbul edək”.
B.Muradova qeyd
edib ki, “Beynəlxalq cinayətlərin
qarşısının alınması
və onları törədən şəxslərin
cəzalandırılması haqqında” qanun layihəsi ilə bağlı çoxsaylı
ictimai müzakirələr
keçirilib: “Bu qanun beynəlxalq standartlara və sənədlərə, Azərbaycan
qanunvericiliyinə uyğun
şəkildə hazırlanıb”.
Milli Məclisin
sədr müavininin sözlərinə görə,
layihə cinayətləri
törədən dairələrin
cəzasız qalmaması
üçün hüquqi
bazanın yaradılması
istiqamətindəki tələbləri
özündə ehtiva
edir: “Qanun layihəsi qəbul olunduğu zaman Azərbaycan xalqına qarşı cinayət törədənlər mütləq
şəkildə bu qanunun təsir dairəsinə düşəcəklər”.
O əlavə edib ki, Xocalı
soyqırımı Azərbaycana
və Azərbaycan xalqına qarşı törədilmiş soyqırımı
cinayətlərinin ən
dəhşətli səhifəsidir.
Lakin qanun layihəsi yalnız Xocalı soyqırımı
ilə bağlı deyil: “Təbii
ki, bu qanun
qəbul olunub tətbiq olunduğu zaman həm Xocalı faciəsini törədənlər, həm
buna qədər, həm də ondan sonra Azərbaycan
xalqına qarşı
vəhşilikləri, insanlıq
əleyhinə cinayətləri
törədənlər mütləq
şəkildə bu layihənin təsir dairəsinə düşəcəklər. Bu
qanunun ictimai müzakirələrində bildirilirdi
ki, Qarabağ hadisələri üzərindən
Ermənistanda hakimiyyətə
gələrək özünün
təhlükəsizliyini təmin
edənlər bir gün bunu itirəcəklər.
Bu gün o şəxslərin bir çoxu öz ölkəsində cinayət
məsuliyyətinə cəlb
olunaraq məhkəmə
ittihamları ilə üz-üzədirlər. İndiki
halda onlar öz vətəndaşlarına
qarşı törətdikləri
cinayətlərə görə
ittiham olunurlar. Amma həmin insanlara qarşı ittihamların üzərinə
insanlıq əleyhinə
cinayət törədicisi
kimi ittiham da əlavə olunacaq və onlar törətdikləri
cinayət əməlinə
görə məsuliyyət
daşıyacaqlar”.
B.Muradova vurğulayıb ki,
bu cinayət təkcə müəyyən
qrup şəxslərin
və daha sonra Ermənistan hakimiyyətini idarə edən rəsmi şəxslərin cinayəti
kimi ortaya çıxmır, eyni zamanda, söhbət onların təhrikçiliyi
və təşkilatçılığı
ilə bütöv bir xalqın - Ermənistan xalqının
bu cinayətə şərik olmasına səbəb olmaqdan gedir: “Ona görə də düşünürəm ki,
Ermənistan xalqı,
bugünkü Ermənistan
iqtidarı bu cinayətlərə şərik
olmadığını sübut
etmək və insanlıq əleyhinə cinayət törədə
biləcək bir iqtidarda olmadıqlarını
göstərmək istəyirlərsə,
bu ittihamı da əvvəlki hakimiyyətdə təmsil olunan cinayətkarlara qarşı
irəli sürməlidirlər
və öz xalqlarını belə bir ittiham qarşısında
qoymamalıdırlar. Hesab
edirəm ki, indi onların bu barədə düşünmək, qərar
vermək və addım atmaq üçün vaxtları
var”.
Yeni Azərbaycan.-
2019.- 27 fevral.- S.7