Azərbaycanın regionlarında yol-nəqliyyat infrastrukturunun yenilənməsi həm iqtisadi, həm də sosial əhəmiyyət daşıyır

 

Son 15 ildə ölkə üzrə təxminən 15 min kilometr avtomobil yolu tikilib, 443 körpü istifadəyə verilib

(əvvəli ötən sayımızda)

 

Masallıda 38 min əhalinin istifadə etdiyi yolda yenidənqurma işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub

Masallı rayonunda 16 kilometrlik Masallı-Köhnə Alvadı-Təzə Alvadı və Köhnə Alvadı-Güllütəpə-Yeni Zuvand-Əmirtürbə kəndlərarası avtomobil yollarının əsaslı şəkildə yenidən qurulması yekunlaşmaq üzrədir. Sözügedən yollarda işlər texnoloji ardıcıllığa riayət olunmaqla yüksək sürətlə aparılır. IV texniki dərəcəyə uyğun təkmilləşdirilən yolların eni 10 metrədək genişləndirilib. Buraya 6 metr enində hərəkət hissə və 2 metr enində çiyinlər daxildir. Aparılan genişləndirmə işləri, öz növbəsində, bütün hərəkət iştirakçılarının normal və təhlükəsiz hərəkətinə hesablanıb.

Hazırda avtomobil yolunda asfaltlanma işləri görülür, yola ikiqat olmaqla yeni asfalt-beton örtük döşənir. Bu işlər yolun 100 min kvadratmetr sahəsini əhatə edir. Yolboyu yaşayan vətəndaşların pay torpaqlarında becərdikləri kənd təsərrüfatı məhsullarının suvarılması və məişətdə istifadəsi üçün yolun altından suların ötürülməsi məqsədilə müxtəlif diametrlərə malik 11 suötürücü dəmir-beton borular tikilib, yolun 6-cı kilometrində yerləşən 46 poqonmetr uzunluğunda olan avtomobil körpüsü təmir edilib.

Layihənin sonuncu mərhələsində yolboyu 15 yerdə avtobus dayanacağı inşa ediləcək, hərəkətin normal təşkili üçün 500 siqnal dirəyi, 150 yol nişanı və məlumatverici lövhə quraşdırılacaq, üfüqi nişanlanma xətləri çəkiləcək. Bununla da sözügedən yollarda müasir yol infrastrukturu yaradılacaq. Tikinti işlərinin yaxın müddət ərzində yekunlaşdırılması nəzərdə tutulub.

Bərdədə kənd yollarının təmir olunması istiqamətində işlər davam etdirilir

Son illərdə respublikamızın hər yerində olduğu kimi, Bərdə rayonunda da yol infrastrukturunun yenidən qurulması istiqamətində böyük işlər görülüb. Belə ki, respublika əhəmiyyətli Yevlax-Xocalı-Laçın və Bərdə-İstisu avtomobil yollarının Bərdə rayonu ərazilərindən keçən hissələri əsaslı təmir edilib. Prezident İlham Əliyevin sərəncamlarına əsasən, Alpout-Mustafaağalı-Qaratəpə-Nazırlı, Mollaisalar-Vəliuşağı-Mollaəhmədli-Sərkarlar, Yeni Daşkənd-Umudalılar, Muğanlı-Körpüsındıran kəndlərarası avtomobil yolları yenidən qurulub. Bərdə şəhəri ərazisində və Əyricə kəndinə gedən avtomobil yolunda, Tərtər çayı üzərində körpülər tikilib.

Hazırda Bərdə rayonunda kənd yollarının təmir olunması istiqamətində işlər davam etdirilir. Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi 43 nömrəli Yol İstismar MMC-nin mühəndisi Elmir Hüseynov bildirib ki, son bir ay ərzində Lənbəran-Təhlə, Saatlı, Mirasəfli kəndlərinə gedən 11,7 kilometr yol asfaltlanıb. Qaraağacı-Mollagüllər, Mollalı, Bala Qəcər-Qullar, Kətəlparaq-Piyadalar, Qayalı və Bəcirəvan avtomobil yollarının çınqıl yatağı asfalt işləri üçün hazırlanıb. Hazırda Zümürxan-İmamqulubəyli-Çəmənli və İkinci Qaradəmirçi avtomobil yollarında asfalt örtüyün salınması işləri davam etdirilir.

Kənd yollarının təmir edilməsi sakinlərin sevincinə səbəb olub. İkinci Qaradəmirçi kənd sakini Bəhlul Muxtarov deyib: “Kəndimiz təbii qaz, elektrik, su ilə təmin olunub. Tək narahatlığımız yol sarıdan idi. Yağış yağanda palçıqdan, yayda isə toz-torpaqdan əziyyət çəkirdik. İndi dövlətimizin qayğısı sayəsində bu çətinliyimiz də aradan qaldırılır”.

Digər sakin Cəfər Əliyev isə bildirib: “Kənd ilə rayon mərkəzi arasında məsafə 4 kilometr olsa da, gedib-gəlməkdə çətinlik çəkirdik. Yolun asfaltlanması həm məişətimizə rahatlıq gətirəcək, həm də sakinlər öz məhsullarını, saxladıqları mal-heyvanı bazarlara rahatlıqla apara biləcəklər. Bunun üçün dövlətimizə minnətdarlığımı bildirirəm”.

Kürdəmirdə Şilyan-Qarasu yolunun tikintisinə 15-dən çox ağır texnika cəlb olunub

Kürdəmir rayonunda yol infrastrukturunun yenidən qurulması istiqamətində tədbirlər davam etdirilir. Hazırda uzunluğu 14,3 kilometr olan IV dərəcəli Şilyan-Qarasu yoluna asfalt çəkilir. İşlərə 2 aydır ki, başlanılıb. Yolun çəkilişini Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyinin 17 saylı xüsusi təyinatlı yol idarəsi həyata keçirir. Bu günədək yolun 3 kilometri asfaltlanıb və əlavə olaraq yolun 5 kilometrlik hissəsi asfaltlanmaq üçün hazır vəziyyətə gətirilib. Yolun Baş Şirvan Kollektorunun üzərindən keçən hissəsində aşırımı 31,6 metr olan yeni körpü salınıb. Yolun tikintisinə 15-dən çox ağır texnika və 40-dək işçi qüvvəsi cəlb olunub.

Qeyd edək ki, Şilyan-Qarasu yolunda aparılan yenidənqurma işləri 2 kəndin 10 min nəfərdən çox əhalisinin işini xeyli asanlaşdıracaq. Rayonda Şilyan-Qarasu yolu ilə yanaşı, 34,5 kilometrlik Pirli-Muradxan-Sor-Sor, 37,2 kilometrlik Karrar-Bağman-Böyük Kəngərli və 3,75 kilometrlik Yenikənd-Dəyirmanlı yollarında da tikinti işləri aparılır.

Astarada 5 yaşayış məntəqəsini əhatə edən yolda genişmiqyaslı yenidənqurma işləri aparılır

Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi Astara rayonunda 11,6 kilometr uzunluğa malik 5 yaşayış məntəqəsini əhatə edən avtomobil yolunda genişmiqyaslı yenidənqurma işləri aparır.

Agentliyin İctimaiyyətlə əlaqələr şöbəsindən bildirilib ki, rayonun 20 mindən çox əhalisi olan Ərçivan-Artupa-Səncərədi-Alaşa-Züngüləş yaşayış məntəqələrini birləşdirən avtomobil yolu IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Layihəyə uyğun olaraq, 12 metr enində yeni yol yatağı inşa edilib. Həmçinin suvarma məqsədilə tikilmiş metal borular yararsız vəziyyətdə olduğu üçün zəruri yerlərdə diametri 300 və 500 millimetr olan yeni borular quraşdırılıb: “İnşaat Norma və Qaydaları”nın tələblərinə əsasən, hazırda yolboyu 130 min kvadratmetr sahədə yol əsasının alt və üst layının inşası işləri aparılır. Bundan başqa, yolun kənarı ilə səth sularının kənarlaşdırılması üçün dəmir-beton küvetlər inşa olunur, həmçinin zəruri ərazilərdə istinad divarları tikilir. Daha sonra yola iri və xırda dənəli asfalt-beton örtüyü döşənəcək. Son mərhələdə yol birləşmələrinin təmiri, zəruri olan yerlərdə avtobus dayanacaqları quraşdırılması işləri görüləcək, hərəkətin normal təşkili üçün yol nişanları və siqnal dirəkləri qoyulacaq, yol-cizgi və yolgöstərici xətlər çəkiləcək”.

Xınalıq kəndi istiqamətində yenidən qurulan yolun ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək

“Kəndimiz Şahdağın ətəyində yerləşir. Yolla bağlı çox böyük çətinliklərlə üzləşirdik. Bir dəfə də olsun təmir olunmadığından yolumuz bərbad vəziyyətdə idi. Allah Prezidentimiz İlham Əliyevə, birinci xanım Mehriban Əliyevaya və bu yolun tikintisində əməyi keçən hər bir kəsə cansağlığı versin. Kənddən Qubanın rayon mərkəzinə kimi iki saata gedib çata bilirdik. Halbuki Qubadan Bakıya da iki saata gedilir. Heç ağlımıza gəlməzdi ki, bizim bu yolumuz da yenidən qurulub abadlaşdırılar. İndi müasir yol çəkilir”.

Bu fikirləri KİV-ə müsahibəsində Qubanın Susay kənd sakini Əflatun Mədətov Quba-Susay-Xınalıq yolunun tikintisi ilə bağlı sevincini dilə gətirərkən söyləyib.

Yolun tikintisi bu ərazidə 8 minə yaxın əhalinin yaşadığı 8 yaşayış məntəqəsini, həmçinin dəniz səviyyəsindən 2350 metr yüksəklikdə yerləşən və 5 min illik tarixə malik yaşayış məntəqəsi olan Xınalıq kəndini Quba-Qusar avtomobil yolu ilə birləşdirərək, sərnişin və yükdaşımasını xeyli yaxşılaşdıracaq.

Susay kəndinin digər sakini Müsənnif Fərzəliyev də yolun çəkilməsinin burada yaşayan əhali üçün olduqca əlamətdar hadisə olduğunu bildirir. “Yolun yenidən qurulmasından sonra əsas çətinliklərimiz arxada qalacaq. Təsəvvür edin, xəstəmiz olanda vaxtında xəstəxanaya çatdıra bilmirik. Maşınımız çayda batırdı, 2-3 saat onu çıxarmaq üçün çalışırdıq. Çayların üzərində yerli bələdiyyələr tərəfindən quraşdırılan kiçik körpülər işimizə yaramır və tez-tez sıradan çıxırdı. İndi isə çayın üzərindən müasir, hər bir şəraiti olan körpü tikilir. Yolun tikilməsi üçün göstəriş verdiyinə görə dövlətimizin başçısına minnətdarıq”, - deyə kənd sakini bildirib.

İş icraçısı Hafiz Dünyamalıyev bildirib ki, təbii amillərin təsiri, eləcə də qar uçqunları, torpaq sürüşmələrinin baş verməsi və iri qaya parçalarının yola tökülməsi 2007-ci ildə istifadəyə verilmiş Quba-Xınalıq avtomobil yolunun tez-tez uzunmüddətli bağlanmasına səbəb olur. Xınalıq kəndinin ölkəmizdə turizm üçün əhəmiyyəti və əhalinin alternativ yolla rahat gediş-gəlişinin təmin edilməsinin vacibliyi baxımından 24 kilometr uzunluğunda Quba-Susay avtomobil yolunun yenidən qurulması və bu yolun davamı olaraq əlavə 30 kilometr uzunluğunda Susay-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən avtomobil yolunun tikintisi zərurəti yaranıb.

Hazırda Quba-Susay-Xınalıq yolunun tikintisi Azərbaycan Avtomobil Yolları Dövlət Agentliyi tərəfindən sürətlə davam etdirilir. Tikinti işlərinə respublika əhəmiyyətli Quba-Qusar avtomobil yolunun 9-cu kilometrindən ayrılan Alpan-Kürkün-Susay istiqamətində başlanılıb. Layihə çərçivəsində yol 2 hərəkət zolaqlı olmaqla, IV texniki dərəcəyə uyğun olaraq yenidən qurulur. Yolun hərəkət hissəsi 6 metr, çiyinlərin hər birinin eni 2 metr olmaqla, torpaq yatağının eni 10 metr təşkil edir.

Layihənin növbəti mərhələsində isə Alpan-Kürkün-Susay yolunun davamı olaraq 30 kilometr uzunluğunda Susay-Qalaxudat-Xınalıq, həmçinin sözügedən yoldan 4,8 kilometr məsafədə dağlıq ərazidə yerləşən Qrız kəndinə gedən yolun da IV texniki dərəcəyə uyğun tikintisinə başlanılacaq. Beləliklə, həyata keçirilən yeni yol layihəsinin ümumi uzunluğu 58,8 kilometr təşkil edəcək. Xınalıq kəndi istiqamətində yeni avtomobil yolunun tikintisinin 2020-ci ildə yekunlaşdırılması planlaşdırılır.

Mübariz ABDULLAYEV

Yeni Azərbaycan.- 2019.- 2 iyul.- S.7