Azərbaycanda ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər öz bəhrəsini verir

 

Regionlarda barama istehsalı ilə məşğul olan kümçülər iyulun 1-dək 633,2 ton yaş barama tədarük ediblər

Məlum olduğu kimi, Azərbaycanda həyata keçirilən siyasət nəticəsində bütün sahələrdə, o cümlədən kənd təsərrüfatında uğurlar əldə olunub. Eyni zamanda, regionların sosial-iqtisadi inkişafına dair müvafiq Dövlət proqramları çərçivəsində əldə edilən nəticələrdən bütün regionlara pay düşüb. Regionlarda kənd təsərrüfatının inkişafından bəhs edərkən baramaçılığın inkişafına xüsusi toxunmaq gərəkdir. Məlum olduğu kimi, 2017-ci il avqustun 7-də Qax rayonunda keçirilən “Barama, tütün və fındıq istehsalının inkişafı məsələlərinə dair respublika müşavirəsi”ndə Prezident İlham Əliyev baramaçılıqla bağlı qarşıya konkret məqsədlər qoymuşdu: “2015-ci ildə cəmi 200 kiloqramdan bir qədər çox barama tədarük edilmişdir. Operativ tədbirlər nəticəsində biz 2 il ərzində bu rəqəmi 244 tona çatdırmışıq və bu, hələ başlanğıcdır... Dövlət hər şeyi öz üzərinə götürüb. Kümçülərə materiallar, subsidiyalar verilir, “Şəki İpək” bütün baramanı qəbul edir. Ona görə də əminəm ki, baramaçılığın inkişafında çox ciddi artım olacaqdır. Hazırda 3 min kümçü ailəsi baramaçılıqla məşğuldur. Gələcək planlarımıza gəldikdə, real artım tempi göstərir ki, gələn il 500 ton barama tədarük edilə bilər. Əkilən və əkiləcək ağacları nəzərə alsaq, biz 2019-cu ildə ən azı 1000 ton səviyyəsinə qalxa bilərik. Əgər bütün planlarımız həyatda öz əksini tapsa, biz 2025-ci ildə 6 min ton barama istehsal edə bilərik”.

Sözügedən müşavirədə dövlət başçısı onu da bildirmişdi ki, bu sahənin inkişafı üçün dövlət öz dəstəyini əsirgəmir. Belə ki, bütün tinglər dövlət tərəfindən alınır, baramaqurdu toxumları da xaricdən gətirilir və ağacəkmə prosesi kütləvi xarakter alır: “Dövlət yenə də əsas yükü öz üzərinə götürür və tapşırıq verilmişdir ki, gələn dörd il ərzində əlavə 8 milyon tut tingi əkilsin. İndi bizim 2 milyon 200 min ağacımız var, 8 milyon əlavə əkiləcək. Beləliklə, 10 milyon tut ağacımız olacaqdır. Bu işi Ekologiya və Təbii Sərvətlər Nazirliyi görəcək. Bütün aidiyyəti qurumlar da bu işlərə qoşulsunlar. Eyni zamanda, mən məsləhət görürəm ki, kəndlilər, fermerlər də fərdi qaydada tut ağacları əksinlər ki, istehsal daha da artsın. Beləliklə, Azərbaycanda baramaçılıq kütləvi xarakter alacaqdır”.

Bu məqamda xüsusi olaraq vurğulamaq lazımdır ki, “Azərbaycan Respublikasında baramaçılığın və ipəkçiliyin inkişafına dair 2018-2025-ci illər üçün Dövlət Proqramı”nın icrası nəticəsində 2025-ci ilədək yaş barama istehsalı həcminin 6 min tona çatdırılması nəzərdə tutulur.

Ölkəmizdə yaş barama istehsalı dövlət tərəfindən subsidiyalaşdırılır. Kümçülər yaş baramanı kiloqramı 4 manatdan “Azəripək” MMC-yə təhvil verirlər. Dövlət əlavə olaraq hər kiloqram yaş barama istehsalına görə fermerlərə 5 manat subsidiya ödəyir. Ümumilikdə fermer təhvil verdiyi hər kiloqram yaş baramanın əvəzində 9 manat alır.

Baramaçılığın yem bazasının yaradılması məqsədilə son üç ildə Çin Xalq Respublikasından ölkəmizə 3,5 milyon ədəd tut tingi (çəkil) gətirilərək rayonlarda əkilib. Sonuncu dəfə 2018-ci il dekabrın 4-də Çindən gətirilən 1 milyon ədəd tut tingi 36 rayon üzrə paylanıb və əkini aparılıb.

Onu da qeyd etmək lazımdır ki, ölkə başçısının baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu konkret vəzifələrin icrası istiqamətində son illər Qazax rayonunda da ardıcıl tədbirlər həyata keçirilib və uğurlu nəticələr qazanılıb. Belə ki, əgər 2016-cı ildə Qazaxda 1502 kiloqram yaş barama istehsal olunmuşdusa, ötən il qazaxlılar 6260 kiloqram yaş barama istehsal edərək “Azəripək” MMC-yə təhvil veriblər. Cari ildə isə kümçülər tərəfindən 8 ton yaş baramanın istehsalı nəzərdə tutulub. Bu günə kimi İkinci Şıxlı, Birinci Şıxlı, Kəmərli, Qaymaqlı, Aşağı Salahlı, Orta Salahlı-Qazaxbəyli, Kosalar, Hüseynbəyli-Canalı, Daş Salahlı, Dəmirçilər-Ürkməzli, Alpout-Abbasbəyli, Xanlıqlar, Cəfərli, Ağköynək-Qarapapaq kəndləri üzrə 2 tondan çox barama “Azəripək” MMC-yə təhvil verilib. Qazax Dövlət Aqrar İnkişaf Mərkəzində kümçülərin baramanı təhvil vermələri üçün hər cür şərait yaradılıb.

Hazırda xeyli sayda kənd sakini baramanın yetişdirilməsində çalışır. Hətta onların arasında Prezident İlham Əliyevin sosial təşəbbüsü əsasında əhalinin məşğulluğunun təmin edilməsi məqsədilə haqqı ödənilən ictimai işlərə cəlb olunan sakinlər də var. Bu gün “DOST İş Mərkəzi” MMC-də çalışan hər bir kənd sakini istər ictimai işin təşkilinə, istərsə də ölkəmizdə baramaçılığın inkişafına görə ölkə başçısına minnətdarlıq edirlər. Hər il olduğu kimi kümçülər bu il də daha çox məhsul götürməyi qarşıya məqsəd qoyduqlarını söyləyirlər.

Prezident İlham Əliyevin respublikada baramaçılığın inkişafı ilə bağlı qarşıya qoyduğu vəzifələr Sabirabadda da uğurla icra edilir. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, ötən il rayonda 14 ton 200 kiloqram barama istehsal olunub. Cari mövsümdə isə 20 ton məhsul istehsalı nəzərdə tutulub və bunun üçün kümçülərə 500 qutu ipəkqurdu toxumu paylanılıb.

Dövlətin bu sahənin inkişafı üçün göstədiyi qayğı və hər kiloqram məhsul üçün verdiyi əlavə subsidiya rayonda ipəkçiliyə olan marağı artırıb. Keçən il rayon üzrə 338 ailə barama istehsalı ilə məşğul olmuşdursa, bu mövsüm 500 kümçü ilə müqavilə bağlanılıb və onlara ödənişsiz olaraq ipəkqurdu toxumu paylanılıb.

Artıq sabirabadlı kümçülər bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar. İndiyədək tədarük məntəqəsinə 13 ton 791 kiloqram barama təhvil verilib.

Rayonun Nizami kənd sakini Gültəkin Əliyeva üçüncü ildir ki, ipəkqurdu bəsləyir və hər il də yaxşı nəticə əldə edir. “Ötən il ailə üzvlərimlə birlikdə 6 qutu ipəkqurdu bəsləyərək 270 kiloqram barama tədarük etdik. 35-40 gün ərzində istehsal etdiyimiz məhsuldan 2430 manat gəlir götürdük. Bu il də 6 qutu ipəkqurdu toxumu götürüb bəsləmişik və 294 kiloqram məhsul tədarük etmişik. Hesablamama görə, qazancımız ötənilkindən də çox olacaq”, - deyə kümçü KİV-ə açıqlamasında bildirib.

Qeyd edək ki, son 3 ildə rayonda baramaçılığın inkişafı məqsədilə 82 min tut tingi əkilib.

Yeri gəlmişkən, qeyd edək ki, Sabirabadda zəngilanlı məcburi köçkünlər üçün salınmış qəsəbədə ikinci ildir ki, ipəkqurdu bəslənilir. Dövlət başçısının ölkəmizdə barama istehsalının artırılması ilə bağlı verdiyi tapışırıq və tövsiyələr, imzalanan sərəncamlar uzun illər bu sahədə zəngin təcrübəsi olan zəngilanlı ipəkçilərin də ürəyincə olub.

Zəngilan Dövlət Aqrar İnkişaf Mərkəzinin rəisi Möhübbət Səmədov bildirib ki, baramaçılıq rayonda əsas təsərrüfat sahələrindən biri olub. Rayon erməni hərbi birləşmələri tərəfindən işğal olunana qədər burada hər il 18-20 ton barama istehsal edilirdi. Rayonda ipəkqurdu becərilməsində yaxşı təcrübəsi olan kümçü çoxdur. Onlar bu gün də ipəkqurdu bəsləmək arzusundadırlar. Baramaçıların istəyini nəzərə alaraq 4 il bundan əvvəl qəsəbəyə yaxın ərazidə 5 hektar sahədə 15 min tut tingi əkilib. Ötən il 6 ailə hər biri 2 qutu (38 qram) ipəkqurdu toxumu bəsləyərək 500 kiloqram barama tədarük ediblər. Bu mövsüm isə qəsəbədə yaşayan 20 ailə ipəkqurdu bəsləyib. Bir neçə gündür ki, zəngilanlı baramaçılar bəslədikləri ipəkqurdundan əldə etdikləri məhsulun tədarükünə başlayıblar və bu günə kimi 1 ton 22 kiloqram barama təhvil verilib.

Zəngilanlı məcburi köçkün Polad Quliyev uzun illər barama istehsalı ilə məşğul olub. Bu sahədə yaxşı təcrübəsi var. “Zəngilanda yaşadığımız illərdə ailə üzvlərim ilə birgə hər il 650-700 kiloqram barama istehsal edirdik. Son illər yenidən bu sahə ilə məşğul olmağa başlamışam. Ötən il 2 qutu (38 qram) ipəkqurdu toxumundan 78 kiloqram barama istehsal etdim. Bu mövsüm isə 3 qutu ipəkqurdu toxumu götürərək bəsləmişəm və indiyədək 168 kiloqram barama tədarük etmişəm. Hesablamama görə, bundan sonra daha 8-10 kiloqram baramam olacaq”, - deyə kümçü bildirib.

Uzun illik fasilədən sonra Astara rayonunda ötən il ilk dəfə olaraq barama istehsalına başlanılıb. Astara Dövlət Aqrar İnkişaf Mərkəzinin direktoru Etibar Abbasov bildirib ki, 2018-ci ildə rayonda 700 kiloqramdan çox yaş barama məhsulu tədarük olunub. Bu il Astara rayonu üçün ayrılmış 100 qutu ipəkqurdu 14 yaşayış məntəqəsində bu sahədə təcrübəsi olan insanlara paylanılıb. İlkin mərhələdə tədarük məntəqəsinə 1 ton 226 kiloqram yaş barama məhsulu təhvil verilib.

Astaralı kümçülərin bir ay ərzində çəkdiyi zəhmət, görülən aqrotexniki tədbirlər öz bəhrəsini verib. Tədarük edilən barama “Azəripək” MMC-yə təhvil verilir. Qeyd edək ki, bu il Astara rayonunda 1,5 ton barama istehsalı nəzərdə tutulub.

Bu il İmişlidə 17 ton barama istehsalı nəzərdə tutulub. Bu məqsədlə 425 qutu barama qurdu toxumu gətirilərək kümçülərə paylanılıb.

Respublikada ipəkçiliyin inkişafı ilə bağlı həyata keçirilən tədbirlər rayon baramaçılarının bu sahəyə marağını xeyli artırıb. Əgər ötən il İmişlidə 134 ailə ipəkqurdu bəsləmişdirsə, bu il onların sayı 156-ya çatıb. Rayon Dövlət Aqrar İnkişaf Mərkəzindən bildiriblər ki, ötən il İmişlidə 10 ton 87 kiloqram barama istehsal olunub. İpəkçilər bu il istehsalı artıraraq 17 tona çatdırmağı qarşıya məqsəd qoyublar. Bununla bağlı kümçülər üçün bütün zəruri şərait yaradılıb. Artıq bu günədək tədarük məntəqəsinə 9 ton 500 kiloqram barama təhvil verilib ki, bu da ötən ilin eyni dövrü ilə müqayisədə 3 ton 214 kiloqram çoxdur. Tədarük olunan məhsulun 4 ton 500 kiloqramını rayonun Oruclu, Cəfərli və Telikli kəndlərinin kümçüləri istehsal edib.

Builki mövsümdə Oğuz rayonunda yaş barama istehsalının ötən illə müqayisədə 2 dəfədən çox artırılaraq 12 tona çatdırılması planlaşdırılır. Barama yetişdirilməsi üçün kümçülərə 300 qutu və ya 5,7 kiloqram ipəkqurdu paylanılıb. Hazırda rayonda istehsalçılardan barama tədarükü davam edir. Oğuzlu kümçülər indiyədək qəbul məntəqəsinə 8 ton 585 kiloqram yaş barama təhvil veriblər.

Oğuz Dövlət Aqrar İnkişaf Mərkəzindən bildirilib ki, Bayan kənd sakini Qalib Seyidxanov indiyədək qəbul məntəqəsinə rayon üzrə hamıdan çox - 330 kiloqram yaş barama təhvil verib. Padar kəndindən Gülnarə Yunusova builki mövsümdə 252 kiloqram, Yaqublu kəndindən Sahibə Allahverdiyeva isə 240 kiloqram yaş barama istehsal ediblər.

Bu il 1000 qutu (19 min qram) ipəkqurdu toxumu bəsləyən Bərdə rayonunun kümçüləri hazırda barama tədarükünü davam etdirirlər. Rayon statistika idarəsindən bildirilib ki, artıq kümçülərin yetişdirdikləri 36 min 574 kiloqram məhsul “Azəripək” MMC-nin nümayəndələri tərəfindən qəbul edilib. Cari mövsümdə Bərdədə 40 tondan çox barama tədarük ediləcəyi gözlənilir.

 

(davamı növbəti sayımızda)

Qaşqay RAMAZANOV

 Yeni Azərbaycan.- 2019.- 3 iyul.- S.7