Dövlət Neft Fondu 20 il ərzində müasir standartlara cavab verən beynəlxalq maliyyə qurumuna çevrilib

 

Dünyada mövcud olan 200-ə yaxın dövlətin heç də hamısı yüksək gəlir gətirən təbii sərvətlərə malik deyil. Bu səbəbdən də bir çox dövlətlər nəinki gələcək nəsillərin rifahı üçün vəsait toplanmasına çalışır, hətta indiki halda öz büdcəsini formalaşdırmaq baxımından da problemlərlə üzləşirlər. Zəngin təbii ehtiyatlara malik olan dövlətlərin bir çoxunda isə xalqın rifah halının yaxşılaşdırılmasına, gələcək nəslin yaxşı yaşamasına hesablanmış strategiya mövcud deyil. Xalqın rifahı naminə perspektivə hesablanmış strategiyaya malik olan dövlətlərdə isə təbii sərvətlərdən əldə edilən gəlirlər təyinatı üzrə xərclənir, əlavə vəsait isə fondlarda saxlanır, xüsusi qanunlarla tənzimlənən fəaliyyət üzrə idarə olunur.

ARDNF-in fəaliyyəti neft və qaz ehtiyatlarından əldə olunan gəlirlərin səmərəli şəkildə istifadə edilməsinə şərait yaradır

Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyev tərəfindən yaradılan və dünyada məqsədyönlü fəaliyyəti ilə seçilən Azərbaycan Respublikası Dövlət Neft Fondu (ARDNF) bu il 20 illiyini qeyd edir. Ötən əsrin sonunda Ulu Öndər Heydər Əliyevin müdrik və uzaqgörən siyasəti nəticəsində artan neft gəlirlərini ölkə iqtisadiyyatına düzgün istiqamətləndirmək məqsədilə uzunmüddətli neft strategiyası proqramı hazırlanıb. Neft strategiyası proqramının əsas məqsədi ölkənin daxili imkanlarının səfərbər olunması və zəngin neft ehtiyatlarından gələn gəlirlərin Azərbaycan xalqının rifahı naminə səmərəli istifadə edilməsidir. Bu məqsədlə Azərbaycan xalqının Ümummilli Lideri Heydər Əliyevin 29 dekabr 1999-cu il tarixli Fərmanı ilə Azərbaycan Respublikası Dövlət Neft Fondu təsis edilib və əsasnaməsi təsdiq olunub. Azərbaycan Respublikası Prezidentinin 2001-ci ilin iyun tarixli Fərmanı ilə ARDNF-in vəsaitlərinin yerləşdirilməsi qaydaları təsdiq edildikdən sonra Fond fəaliyyətə başlayıb.

Ulu Öndərin əsasını qoyduğu neft strategiyasının növbəti mərhələsini ölkənin qaz və neft yataqlarının xarici şirkətlər ilə birgə işlənməsindən əldə edilən gəlirlərin toplanaraq səmərəli idarə edilməsi, həmin vəsaitlərin strateji sahələrin inkişafına və sosial-iqtisadi baxımdan mühüm əhəmiyyət kəsb edən layihələrin həyata keçirilməsinə yönəldilməsi təşkil edirdi.

ARDNF-in fəaliyyəti isə Azərbaycan xalqı və dövləti qarşısındakı aşağıdakı 3 mühüm vəzifənin yerinə yetirilməsinə yönəlib: 1) ölkədə makroiqtisadi sabitliyin qorunması, maliyyə-vergi intizamının təmin edilməsi və qeyri-neft sektorunun inkişafının təmin edilməsi; 2) ölkənin sosial-iqtisadi tərəqqisi naminə mühüm ümummilli layihələrin maliyyələşdirilməsi; 3) neft və qazın bərpa edilməyən təbii ehtiyat olduğunu nəzərə alaraq, onlardan əldə edilən gəlirin nəsillər arasında bərabər bölüşdürülməsi və gələcək nəsillər üçün ehtiyat vəsaitin toplanması.

Beləliklə, “Neft - Azərbaycanın ən böyük sərvəti olub, xalqa, özü də təkcə indiki nəslə deyil, həm də gələcək nəsillərə mənsubdur”, - deyən Ümummilli Liderin əsasını qoyduğu neft strategiyasının həyata keçirilməsi istiqamətində ARDNF-in fəaliyyəti tükənən təbii sərvətlərdən əldə olunan gəlirlərin toplanması və Azərbaycan xalqının bugünkü və gələcək nəsillərinin arasında bərabər bölünməsi, onların səmərəli və məqsədyönlü şəkildə idarə edilməsinə şərait yaradır.

Neft Fondu yalnız dünyada ciddi uğur əldə edən suveren fondlarla müqayisə edilə bilər

Xatırladaq ki, təbii ehtiyatlarla zəngin olan bir sıra dövlətlərdə də ARDNF-ə analoji fondlar fəaliyyət göstərir. Bu fondların bəziləri böhran dövründə və qlobal investisiyalar üçün vasitə kimi maliyyə sabitliyini təmin etmək üçün yaradılıb.

“Suveren fond” termini ilk dəfə 2005-ci ildə işlədilib. 2009-cu il aprelin 5-6-da Küveytin paytaxtında Suveren Fondların Beynəlxalq İşçi Qrupunun iclasında Suveren Fondların Beynəlxalq Forumunun (SFBF-in) yaradılması haqqında qərar qəbul olunub. ARDNF də Forumun üzvüdür və SFBF vasitəsi ilə digər dövlətlərdə fəaliyyət göstərən suveren fondlar ilə əməkdaşlığını davam etdirir.

Onu da qeyd edək ki, ilk suveren fondların ortaya çıxması ötən əsrin 50-ci illərinə (Küveyt, Venesuela) təsadüf edir, onların sayı XX əsrin sonu və XXI əsrin əvvəllərində baş verib.

ABŞ-ın Alyaska Daimi Neft Fondu 1976-cı ildə əyalət əhalisi arasında keçirilən referendumdan sonra yaradılıb. Əyalət hökumətinin neft şirkətlərindən aldığı vəsaitin 25%-i fondun hesabına köçürülür.

Venesuela Makroiqtisadi Sabitlik Fondu 1998-ci ildə yaradılıb. Fonda vəsaitin yığılması meyarları ilk vaxtlar ciddi olsa da, daha sonra Fonda vəsaitlərin köçürülməsi qaydaları dəyişib və dövlət büdcəsi daim kəsirlə üzləşib. Hazırda fond fəaliyyətsizdir.

Küveytdə iki fond fəaliyyət göstərir: Büdcə ehtiyat fondu (1960-cı il) və Gələcək nəsillərin fondu (1976-cı il). Dövlət gəlirlərinin 10%-i Gələcək nəsillər ehtiyat fondunun hesabına köçürülür.

Norveçdə Dövlət Neft Fondu 1990-cı ildə yaradılıb. Fonda vəsaitlərin yığılması qaydası hökumət tərəfindən müəyyənləşdirilir və hər il parlament tərəfindən təsdiqlənir. Dövlət büdcəsinin neft gəlirlərinin təxminən yarısı Fondun hesabına köçürülür.

Omanda 1980-ci ildə Dövlət Ehtiyat Fondu, 1993-cü ildə isə Neft Fondu yaradılıb. Fondlar yarandığı gündən böyük məbləğdə vəsait yığa bilməyib, çünki onların vəsaitləri daim büdcə kəsirini ödəmək üçün istifadə olunub.

Rusiyada Stabilləşdirmə Fondu 2004-cü ildə yaradılıb. 2008-ci il fevral ayının 1-dən etibarən Stabilləşdirmə Fondu iki hissəyə bölünüb: Ehtiyat Fond və Milli Rifah Fondu. 2018-ci il yanvarın 1-dən etibarən fond ləğv edilib və Milli Rifah Fonduna birləşdirilib.

Göründüyü kimi, suveren fondların kəmiyyət və keyfiyyətcə inkişafı, əsasən, XXI əsrin ilk onilliyində neft qiymətlərinin yüksək olduğu dövrlə bağlıdır. Digər tərəfdən, suveren fondların fəaliyyətinə diqqət yetirdikdə, yalnız bir neçə fondun ciddi nəzarət şəraitində idarə olunduğu və uğur əldə etdiyi məlum olur. ARDNF yaradılarkən bu fondların təcrübələri, həmçinin yerli xüsusiyyətlər və mövcud ehtiyaclar nəzərə alınıb və neft gəlirlərinin gələcək nəsillərə saxlanması ilə yanaşı, indiki əhalinin problemlərinin həlli üçün də istifadə edilməsini nəzərdə tutan bir model seçilib.

ARDNF makroiqtisadi stabilliyin təminatında mühüm rol oynayır

Qeyd edək ki, ARDNF təyinatına uyğun olaraq makroiqtisadi stabilliyin təminatında, o cümlədən ölkə iqtisadiyyatının inkişafında da mühüm rol oynayır. Belə ki, Fondun əsas fəaliyyəti qeyri-neft sektorunun inkişafına dəstək göstərilməsi, makroiqtisadi sabitliyin qorunması, strateji layihələrin maliyyələşdirilməsinə yönəldilib.

Yeri gəlmişkən, qeyd edək ki, ARDNF-ə Azərbaycan Respublikasının Prezidenti tərəfindən vəzifəyə təyin olunan İcraçı direktor rəhbərlik edir. ARDNF-in fəaliyyətinə ümumi nəzarət Müşahidə Şurası tərəfindən həyata keçirilir.

ARDNF-in vəsaitlərinin idarə olunması ilə bağlı fəaliyyəti “Azərbaycan Respublikası Dövlət Neft Fondunun valyuta vəsaitlərinin saxlanılması, yerləşdirilməsi və idarə edilməsi haqqında Qaydalar”a və illik əsasda təsdiq olunan “Azərbaycan Respublikası Dövlət Neft Fondunun İnvestisiya siyasəti”nə uyğun olaraq həyata keçirilir. Valyuta vəsaitlərinin bu qaydalara uyğun olaraq idarə edilməsi Fondun valyuta vəsaitlərinin təhlükəsiz saxlanılması və səmərəli idarəetmə yolu ilə investisiya gəliri əldə etməklə davamlı artırılması məqsədlərini daşıyır.

“Büdcə sistemi haqqında” Qanuna uyğun olaraq, ARDNF-in xərcləri icmal dövlət büdcəsinin tərkib hissəsidir və hər il dövlət büdcəsi ilə birlikdə ölkə parlamenti tərəfindən baxılaraq təsdiq edilir.

ARDNF-in ölkədə makroiqtisadi sabitliyin təmin edilməsində iştirakında dövlət büdcəsinə transfertlər, Mərkəzi Banka transfertlər də xüsusi yer tutur. ARDNF-in xərclərinin müəyyən hissəsi isə onun idarə edilməsinə yönəldilir.

ARDNF-in vəsaiti aşağıdakılar hesabına formalaşır: hasilatın pay bölgüsü sazişlərinə uyğun olaraq Azərbaycan Respublikasının payına düşən neft və qazın satışından əldə edilən xalis gəlirlər, bonuslar, ödənişlər, dividendlər, neftin və qazın Azərbaycan ərazisi ilə ötürülməsindən, sərmayəçilər tərəfindən verilən aktivlərdən, Fondun aktivlərinin yerləşdirilməsindən və idarə olunmasından əldə edilən gəlirlər, qrantlar və digər təmənnasız yardımlar, qanunvericiliyə uyğun olaraq digər gəlirlər və daxilolmalar.

ARDNF-in Əsasnaməsinə uyğun olaraq, Fondun vəsaiti ölkənin sosial-iqtisadi tərəqqisi naminə ən mühüm ümummilli problemlərin həllinə və strateji əhəmiyyətli infrastruktur obyektlərinin inşası və bərpası üçün istifadə olunur.

Şəffaflığın təmin edilməsi baxımından öz təcrübəsini digər dövlətlərlə bölüşdürməyə qadir qurum

ARDNF yaradıldığı gündən fəaliyyətinin əsas prinsiplərindən biri şəffaflıq olub. ARDNF-in hesabat sistemində şəffaflığın təmin edilməsi ilk növbədə Fondun maliyyə fəaliyyəti haqqında hesabatının müstəqil auditor tərəfindən yoxlanılmasının həyata keçirilməsindən asılıdır.

ARDNF təbii ehtiyatların idarə olunmasından əldə edilən gəlirlər və onların xərclənməsi istiqamətlərinin ictimaiyyətə çatdırılmasında şəffaflığın təmin olunması üçün gəlir və xərcləri haqqında rüblük, ARDNF-in fəaliyyəti barədə illik hesabatları mətbuatda, ARDNF-in internet səhifəsində və sosial media səhifələrində mütəmadi olaraq dərc etdirir.

Məsələn, ARDNF-in öz rəsmi saytı (www.oilfund.az) vasitəsilə yaydığı son məlumatda bildirilir ki, Azərbaycan Respublikası Dövlət Neft Fondunun aktivləri ARDNF-in tarixində ilk dəfə olaraq 40 milyard ABŞ dolları məbləğini (2019-cu ilin 31 mart tarixinə olan məlumat ARDNF-in aktivləri: 40273,3 milyon ABŞ dolları) keçib.

2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-in büdcə gəlirləri 5 960,7 milyon manat, büdcə xərcləri isə 2 640,7 milyon manat təşkil edib. Ötən rüb ərzində Fondun vəsaitinin idarə olunmasından əldə edilən gəlirlər 1 355,7 milyon manata bərabər olub. Hesabat dövrü ərzində ARDNF-in 2019-cu il büdcəsinin icrası çərçivəsində 2 615,0 milyon manat vəsait dövlət büdcəsinə transfert edilib. Qaçqın və məcburi köçkün ailələrinin məskunlaşdırılması və sosial-məişət vəziyyətinin yaxşılaşdırılması üzrə tədbirlərin həyata keçirilməsinə 19,7 milyon manat vəsait ayrılıb. 2019-cu ilin yanvar-mart ayları ərzində ARDNF-in idarə edilməsi ilə bağlı xərcləri 6,0 milyon manat təşkil edib.

Beləliklə, Ulu Öndər Heydər Əliyevin əsasını qoyduğu və Prezident İlham Əliyevin ardıcıl olaraq həyata keçirdiyi milli neft strategiyasına uyğun olaraq ölkədə həyata keçirilən iqtisadi islahatlar nəticəsində ARDNF aktivləri ildən-ilə artan, beynəlxalq səviyyədə müasir standartlara cavab verən, şəffaflığın təmin edilməsi baxımından digər dövlətlərlə öz təcrübəsini bölüşdürməyə qadir olan maliyyə qurumuna çevrilib, həmçinin Azərbaycanın nüfuzunun artmasına xidmət edən bir çox nailiyyətlər əldə edib.

Qaşqay ZİYƏDDİNOĞLU

ARDNF-nin yaradılmasının 20-ci ildönümü münasibətilə “Suveren fondların inkişaf etməkdə olan ölkələrin iqtisadiyyatında rolu:

Azərbaycan Respublikası Dövlət Neft Fondunun timsalında” mövzusunda keçirdiyi

müsabiqəyə təqdim olunur

 

Yeni Azərbaycan.- 2019.- 6 iyul.- S.7