“Azərbaycançılıq
ideologiyası və İslam”
Dini Qurumlarla İş üzrə Dövlət
Komitəsi və YAP Gənclər Birliyinin birgə təşkilatçılığı
ilə bu mövzuda konfrans keçirilib
İyulun 10-da Azərbaycan Respublikası Dini
Qurumlarla İş üzrə Dövlət Komitəsi və
Yeni Azərbaycan Partiyası (YAP) Gənclər Birliyinin birgə
təşkilatçılığı ilə “Azərbaycançılıq
ideologiyası və İslam” mövzusunda konfrans
keçirilib.
Konfransı açan Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin sədri Mübariz
Qurbanlı bildirib ki, azərbaycançılıq
ideologiyası bütün dünya azərbaycanlılarını
birləşdirən bir ideyadır. Onun sözlərinə
görə, bu ideologiya Ümummilli Lider Heydər Əliyev tərəfindən
dövlət ideologiyası kimi təsbit olunub: “Bu
ideya XIX əsrın sonlarında meydana gəlib, Xalq
Cümhuriyyəti dövründə də belə ideya olub,
amma praktiki olaraq azərbaycançılıq
ideologiyasının dövlət ideologiyası səviyyəsinə
qaldırılaraq tətbiq olunması Ulu Öndər Heydər
Əliyevin adı ilə bağlıdır”.
Dövlət Komitəsinin sədri qeyd edib ki,
Azərbaycan Konstitusiyasında təsbit olunmasa da, biz bu məfkurə
ətrafında birləşmişik. Bu, təkcə müstəqil
Azərbaycanın vətəndaşlarını deyil,
bütün dünya azərbaycanlılarını birləşdirən
ideyadır.
Mübariz Qurbanlı deyib ki, iyulun 14-də
Ümummilli Lider Heydər Əliyevin Azərbaycanda hakimiyyətə
gəlməsinin 50-ci ildönümü tamam olur. Onun sözlərinə
görə, Ulu Öndər xalqımız və dövlətimiz
üçün misilsiz xidmətlər göstərib. Bu xidmətlərdən
biri də azərbaycançılıq ideologiyasıdır.
Komitə sədri onu da qeyd edib ki, azərbaycançılıq
ideologiyasının formalaşması prosesində İslam
dini mühüm rol oynayıb.
Sonra tədbirdə Ulu Öndər Heydər
Əliyevin banisi olduğu azərbaycançılıq
ideologiyasından bəhs edən “Heydər Əliyev və azərbaycançılıq”
filmi nümayiş etdirilib.
Çıxış edən “Yeni Azərbaycan”
qəzetinin baş redaktoru, Milli Məclisin deputatı Hikmət
Babaoğlu azərbaycançılıq ideyasının
köklərinin qədimlərə gedib
çıxdığını deyib. Onun
sözlərinə görə, real siyasi müstəvidə
azərbaycançılıq ideologiyası bu gün
gördüyümüz güclü, inkişaf edən, beynəlxalq
müstəvidə nüfuzlu aktorlardan birinə çevrilən
Azərbaycandır: “1969-cu ildən başlayan ən yeni
tariximizin bu gerçəkliklərinə görə Ulu
Öndər Heydər Əliyevin fəaliyyətinə
borcluyuq. 1969-cu il iyulun 14-də Ulu Öndər Heydər
Əliyev Azərbaycan KP MK-nın birinci katibi seçildi və
bundan sonra Azərbaycanda yeni inkişaf mərhələsi
başladı. Ulu Öndər Heydər Əliyevin
bütün fəaliyyətində qırmızı xətt
kimi keçən mühüm məqam
ondan ibarətdir ki, müxtəlif fərqli siyasi-ideoloji sistemdə
Azərbaycana rəhbərlik etməsinə baxmayaraq Onun fəaliyyətinin
cazibə mərkəzi kimi Azərbaycan xalqının və
dövlətinin maraqları müəyyənləşmişdi.
İki dövr arasında siyasi varislik körpüsü qurmağa
çalışsaq, hər iki dövrü birləşdirən
mühüm ideoloji xətt var ki, bu da azərbaycançılıqdır.
Azərbaycançılıq sovet dövründə də
bizim milli identifikasiyamızı, milli düşüncəmizi
təmin etdi. Həm də milli özünüdərk
üçün əsaslar yaratdı ki, 1980-ci illərin
sonunda yenidənqurma erasında xalqımız yeni siyasi sistemə
özünü dərk edən, milli dəyərlərini,
milli kimliyini bilən və bununla fəxr etməyi bacaran xalq
kimi daxil oldu. Postsovet məkanında bəzi xalqlar var ki,
sovet dövründə onlara təlqin olunan milli-sosial kimlik bu
gün də qalmaqdadır. Amma biz məhz sovet dövründə
böyük dövlət xadimi Heydər Əliyevin sayəsində
dilimizdən, milli kimliyimizdən, Azərbaycanın sosial
identifikasiyasını təmin edən, ümumi sosial
kimliyimizi formalaşdıran dəyərlərdən məhrum
olmadıq”.
Millət vəkili onu da qeyd edib ki, milli kimliyimizin
formalaşmasında tarixi təfəkkür əvəzsiz rol
oynayır: “Sovet dövründə dilimizin,
dinimizin qorunması, tarixi, milli mənəvi dəyərlərimizi
əks etdirən filmlərimizin çəkilməsi, Azərbaycanın
tarixi qəhrəmanlarının obrazlı şəkildə
yenidən Azərbaycanın özünə təqdim
olunması məhz azərbaycançılıq kimliyini
formalaşdırırdı. 1991-ci ildən yeni tarixi-siyasi
şərait yarandı. Yeni müstəqil dövlət elan
olundu, amma bu dövlətin siyasi sistemini qurmaq çox çətin
məsələ idi. Çünki 1991-1993-cü illərdə
xaos var idi. Hüquqi dövlətin qurulması isə
başlıca vəzifə idi. O dövrdə Ulu Öndər
Heydər Əliyevin fəaliyyətini izləsək görərik
ki, azərbaycançılıq ideologiyası artıq
1993-cü ildə milli məfkurəyə çevrilməyə
başladı. Bu, çox aktual məsələ idi. Amma o
dövrdə fəaliyyət göstərən bəzi siyasi mərkəzlər
xaricdən hazır tezis gözləyirdilər, müxtəlif
ideyalar ortaya atırdılar. Belə bir zamanda böyük
dövlət xadimi Heydər Əliyev Azərbaycan cəmiyyətinə
və siyasi sisteminə yeni fəlsəfə təqdim etdi. Bu
yeni azərbaycançılıq fəlsəfəsi idi. Onun
yaratdığı partiyanın adı da Yeni Azərbaycan
Partiyasıdır. Qısa müddətdə Yeni Azərbaycan
Partiyası ümumxalq partiyasına çevrildi. Ulu Öndər
Heydər Əliyev qeyd edirdi ki, azərbaycançılıq
Azərbaycan dilini, mədəniyyətini bilmək, Azərbaycan
tarixini bilməklə yeni dəyərləri mənimsəyərək
fərdin inkişafını bu prosesdə təmin etməkdir”.
Millət vəkili deyib ki, azərbaycançılıq
ideologiyası Azərbaycanın milli neokonservatizmidir və bu,
ölkənin inkişafını təmin edir. Hikmət
Babaoğlu söyləyib ki, bizim mentalitet milli psixologiya, milli
mədəniyyət və milli mənəviyyatdır: “Mənəviyyatın
içərisində əsas komponentlərdən biri də
dindir. Özümüzü hər nə qədər
müasir cəmiyyətin yetirməsi hesab etsək də,
daxilimizdə fərd olaraq İslam dininin
daşıyıcılarıyıq. Azərbaycançılıq
ideologiyasında olan dözümlülük, tolerantlıq,
sülh, birgəyaşayış, multikultural dəyərlər
həm də İslam dinindən gəlir. Nəticə etibarilə
İslam elmi, inkişafı təlqin edən dindir. Ona görə
də, azərbaycançılıq və İslam dedikdə,
məsələnin bu kontekstdə qiymətləndirilməsi
doğrudur”.
Millət vəkili qeyd edib ki, Heydər
Əliyev Azərbaycan xalqı üçün Ümummilli
Lider, dünya üçün ümumbəşəri dəyərdir:
“Çünki O, yeni dünyanın yeni dəyərlər
sisteminə dəyərlər qatmağı bacaran liderdir”.
Qafqaz Müsəlmanları İdarəsi sədrinin
birinci müavini Salman Musayev çıxışında
konfransın çox aktual mövzuya həsr edildiyini bildirib. O, Azərbaycanda mövcud olan nümunəvi dövlət-din
münasibətləri, tolerant və multikultural mühit, Azərbaycan
həqiqətləri, o cümlədən dinlərarası
dialoqun əhəmiyyəti barədə danışaraq deyib
ki, bu gün dini ayrı-seçkiliyin gücləndiyi, bəzən
dini zəmində qarşıdurmaya bilərəkdən
rəvac verildiyi bir dünyada və zamanda dinlərarası, həmçinin
mədəniyyətlərarası dialoqun bərqərar
olması vacibdir. “Dinlərarası və mədəniyyətlərarası
dialoqa nail olmaq, sülh və əmin-amanlıq
üçün bütün beynəlxalq təşkilatların,
nüfuzlu dini mərkəzlərin, ən əsası, ölkələrin
səylərinin birləşdirilməsi zəruridir. Bu
baxımdan Azərbaycan üzərinə düşən mənəvi
borcu və şərəfli missiyanı layiqincə yerinə
yetirməyə çalışır. Vicdan
azadlığını insan hüquq və
azadlıqlarının yalnız bir parçası kimi deyil, həm
də tarixi dəyər kimi uca tutan Azərbaycan xalqı
müxtəlif dini inanclı insanların birgəyaşayış
ənənələrini zənginləşdirərək
bütün dünya üçün örnək ola biləcək
dini tolerantlıq modelini yaradıb. Məhz bu səbəbdən,
Azərbaycan tarixən sivilizasiyalararası dialoqa önəmli
töhfələr verən, dözümsüzlüyün
bütün formalarını rədd edən humanist məkan
kimi öz mövqeyini qoruyub saxlaya bilib. Bütün bunlar Ulu
Öndər Heydər Əliyevin müəllifi olduğu azərbaycançılıq
ideologiyasında öz əksini tapır”, - deyə S.Musayev
vurğulayıb.
S.Musayev çıxışında Ulu Öndər
Heydər Əliyevin İslam dininə olan ehtiramı, Onun məscidlərin
və digər dini ibadət yerlərinin yenidən qurulması
istiqamətində verdiyi qərarlar barədə fikirlərini
bildirib. Qeyd edib ki, hazırda bu siyasət Prezident İlham
Əliyev tərəfindən uğurla davam etdirilir.
AMEA-nın müxbir üzvü, fəlsəfə
elmləri doktoru Könül Bünyadzadə bildirib ki, Azərbaycan
islami prinsiplərdən istifadə etməklə çox
gözəl dialoqlar aparır: “Azərbaycan bu gün İslama
sahib çıxır, bütün din sahibləri ilə
dialoqa girə bilir. Buna görə də Azərbaycanda
çox gözəl tolerant mühit var”.
Bakı Beynəlxalq Multikulturalizm Mərkəzinin
icraçı direktoru Rəvan Həsənov isə qeyd edib
ki, sovet dövründə azərbaycançılıq
anlayışı daha çox etnik anlayış kimi qəbul
edilirdi: “Amma Ümummilli Lider Heydər Əliyevin təqdim
etdiyi azərbaycançılıq anlayışı birləşdirici
dəyərləri özündə ehtiva edir. Bu ideya mütləq
şəkildə gələcək nəsillərə
ötürülməlidir”.
Tədbirdə həmçinin islamşünas
alim Nəriman Qasımoğlu və DQİDK yanında
İctimai Şuranın sədri Əliməmməd Nuriyev
mövzu ilə bağlı çıxış ediblər.
Nardar BAYRAMLI
Yeni Azərbaycan.-
2019.- 11 iyul.- S.5