Ulu Öndər Heydər Əliyev
bütün dövrlərdə öz xalqına sədaqətlə
xidmət edib
İyulun 14-də Ümummilli Lider Heydər
Əliyevin Azərbaycana ilk dəfə rəhbər
seçilməsinin 50 ili tamam olur
1969-cu ilin 14 iyulu Azərbaycan
tarixində çox əlamətdar tarixlərdən biridir.
Çünki həmin tarixdə Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin (KP MK) plenumunda Heydər
Əlirza oğlu Əliyevin Azərbaycan KP MK-nın birinci
katibi və büro üzvü seçilməsi
respublikanın iqtisadi, mədəni yüksəlişində,
xalqımızın rifahının
yaxşılaşmasında, eləcə də müstəqil
dövlətimizin təməlinin qoyulmasında həlledici
oldu.
Məhz Ulu Öndər Heydər Əliyevin
qısa zamanda həyata keçirdiyi tədbirlər, islahatlar
nəticəsində 1969-cu ilə qədər keçmiş
İttifaq miqyasında geridə qalmış aqrar respublika kimi
xarakterizə olunan Azərbaycan inkişaf etmiş sənaye
respublikasına çevrildi.
Azərbaycan xalqı Ulu Öndərə rəğbət
bəsləyir, Onun gördüyü işləri dəstəkləyirdi.
Onun ən çox diqqət yetirdiyi məsələlərdən
biri işgüzar, xalqa sadiq, mənəvi cəhətdən
saf olan kadrların seçilərək respublikada, şəhər
və rayonlarda rəhbər vəzifələrə təyin
edilməsi idi. Düzgün kadr siyasətinə xüsusi diqqət
ayıran Ulu Öndər xüsusi olaraq rəhbər vəzifələrə
azərbaycanlıları cəlb edirdi.
Sovet dövrünün ideoloji təbliğatına
baxmayaraq, Azərbaycançılıq ideyasına sadiqliyini
qoruyub saxlayan Ulu Öndər ölkədə ana dilindən
istifadəni təşviq etdi. Məhz Ulu Öndər tərəfindən
doğma dilə verilən önəmin nəticəsi idi ki,
Azərbaycan SSR-in 1978-ci il Konstitusiyasında Azərbaycan dili
ilk dəfə olaraq rus dili ilə yanaşı, rəsmi
dövlət dili kimi öz əksini tapdı.
Xalqın milli şüurunun formalaşdırılması
ilə yanaşı, Ulu Öndər ölkənin
sosial-iqtisadi inkişafına da böyük diqqət
ayırdı. Onun siyasi iradəsi və şəxsi nüfuzu
sayəsində respublikada yüzlərlə yeni ictimai obyektlər,
məktəb və xəstəxanalar, zavod və fabriklər
tikilərək istifadəyə verildi. Bu dövrdə
yaşayış binalarının sayında sürətli
artım qeydə alındı, minlərlə ailəyə
yeni mənzil verildi.
Ümummilli Lider Heydər Əliyev Azərbaycan
SSR-ə rəhbərlik etdiyi dövrdə respublikada elmin
inkişafına da böyük diqqət yetirdi. Ulu Öndər
1970-ci illərdə minlərlə azərbaycanlı gəncin
Sovetlər Birliyinin ən qabaqcıl ali təhsil ocaqlarında
biliyə yiyələnməsinə nail oldu. Məhz
Ulu Öndər Heydər Əliyevin respublikaya rəhbərlik
etdiyi illərdə SSRİ-nin müxtəlif
respublikalarında oxumağa göndərilən azərbaycanlı
gənclərin sayı dəfələrlə artdı. Təhsilini
bitirdikdən sonra ölkəyə qayıdan həmin gənclərin
böyük hissəsi müstəqil Azərbaycan
Respublikasında elmin inkişafında mühüm rol
oynadı.
Ulu Öndər Heydər Əliyev Azərbaycan
torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi
ənənəsi qarşısına qətiyyətlə sədd
çəkdi
Ulu Öndərin 1969-cu ildə respublika rəhbərliyinə
gəlişinin Azərbaycanın taleyində nə qədər
böyük hadisə olduğunu zaman göstərdi. Belə ki, Ümummilli Liderin Azərbaycan
torpaqlarının hissə-hissə Ermənistana birləşdirilməsi
ənənəsinin qarşısına qətiyyətlə sədd
çəkməsi ermənilərin və imperiya rəhbərlərinin
mənfur planlarına əngəl törədirdi. 1982-ci ildə
SSRİ rəhbərliyində yüksək vəzifəyə
təyin olunan Ulu Öndər Heydər Əliyev 1987-ci
ilin oktyabrında Sovet İttifaqı Kommunist Partiyası Mərkəzi
Komitəsi Siyasi Bürosunun və şəxsən baş
katib Mixail Qorbaçovun yeritdiyi siyasi xəttə etiraz olaraq
tutduğu vəzifədən istefa verdi. Təsadüfi
deyil ki, bundan sonra ermənilərin Azərbaycana qarşı ərazi
iddialarını gerçəkləşdirmək uğrunda fəaliyyəti
genişləndi, 1980-ci illərin sonlarından başlayaraq Ermənistandakı
azərbaycanlılar etnik təmizlənməyə məruz
qaldılar. 1990-cı illərin əvvəllərində isə
yenicə müstəqillik əldə edən
Azərbaycan ən çətin dövrlərini
yaşayırdı. Bir tərəfdən, Ermənistanın
ölkəmizə qarşı apardığı
işğalçılıq müharibəsi, digər tərəfdən,
ölkədəki hakimiyyətdaxili çəkişmələr,
siyasi, iqtisadi böhran nəticəsində dövlətin
mövcudluğu təhlükə altına
düşmüşdü. Belə bir çətin məqamda
Azərbaycanı xilas edə biləcək yeganə şəxsin
məhz Heydər Əliyev olduğunu xalq yaxşı bilirdi. Ulu Öndər də bu məqamda üzərinə
olduqca ağır və məsuliyyətli işi götürməyin
vacibliyini anlayırdı. Beləliklə, xalqın təkidli
çağırışı sayəsində Ulu Öndər
1993-cü ilin iyununda Azərbaycan rəhbərliyinə
qayıtdı. Elə həmin dövrdən ölkənin
müstəqil inkişafı yolunda yeni mərhələyə
qədəm qoyuldu.
1993-cü ildə Ulu Öndər Heydər
Əliyevin xilaskarlıq missiyası Azərbaycanı məhv
olmaqdan, parçalanmaqdan xilas etdi
Ulu Öndər Heydər Əliyev qısa zaman
kəsiyində Azərbaycanda vətəndaş müharibəsinin
qarşısını ala bildi və Heydər Əliyevin
xilaskarlıq missiyası Azərbaycanı məhv olmaqdan,
parçalanmaqdan xilas etdi. Asayiş və
qayda-qanun bərqərar edildi. Ən əsası, nizami ordu
yaradıldı, Ermənistan-Azərbaycan Dağlıq
Qarabağ münaqişəsində atəşkəs əldə
edildi, problemin dinc yolla nizama salınmasına dair
danışıqlara başlanıldı. Eləcə də,
idarəetmə sistemi formalaşdırıldı,
insanların öz dövlətinə inamı qaytarıldı.
Ölkə iqtisadiyyatının dirçəldilməsi, Azərbaycanın
gələcəyi üçün ən mühüm
addımlardan sayılan neft müqavilələri imzalandı və
Azərbaycanın iqtisadi inkişafının əsası
qoyuldu. Azərbaycanda qanunsuz silahlı qruplaşmaların
dövlət çevrilişləri cəhdlərinə son
verildi, ilk parlament seçkiləri keçirildi və 1995-ci
ildə referendum yolu ilə müstəqil Azərbaycanın
ilk Konstitusiyası qəbul edildi. Ulu Öndər Heydər
Əliyevin səyi ilə qısa zamanda Azərbaycanın beynəlxalq
əlaqələri formalaşdırıldı, ölkənin
dünya birliyinə inteqrasiyası prosesi başlandı.
Ümummilli Liderimiz Heydər
Əliyevin Azərbaycan dövlətinin rəhbərliyinə
qayıtması, onu məhv olmaqdan və dövlətçiliyin
itirilməsindən xilas etməsi, güclü, dinamik
inkişaf edən ölkəyə çevirməsi, təkcə
bugünkü deyil, ümumən gələcək nəsillər,
Azərbaycan amalını qəlbində yaşadan
bütün insanlar üçün epoxal əhəmiyyət
kəsb edən dövlətçilik təcrübəsi oldu.
Beləliklə, Azərbaycan bir əsrdə
ikinci dəfə müstəqillik əldə etdiyi bir məqamda
tarixin təkrarlanmasına - müstəqilliyin itirilməsinə
yol vermədi. Məhz Ümummilli Liderimiz Heydər Əliyev
müasir Azərbaycan dövlətinin varlığını
qorudu.
Əsası Ümummilli Liderimiz tərəfindən
qoyulan siyasi kurs Prezident İlham Əliyev tərəfindən
uğurla davam və inkişaf etdirilir
Bu məqamda qeyd edək ki, əsası Ulu
Öndərimiz tərəfindən qoyulan və Azərbaycanın
inkişafına xidmət edən siyasi kurs bu gün Prezident
İlham Əliyev tərəfindən uğurla davam və
inkişaf etdirilir. Prezident İlham Əliyev bildirib ki, Heydər
Əliyev bütün dövrlərdə Öz xalqına sədaqətlə
xidmət edib: “O, bütün dövrlərdə
Azərbaycan xalqının rifah halının
yaxşılaşdırılmasına və Azərbaycanın
inkişafına böyük səylər qoymuşdur.
1970-1980-ci illərdə Onun rəhbərliyi altında Azərbaycan
Sovet İttifaqında ən geridə qalmış yerlərdən
ən qabaqcıl yerlərə qədər yol
keçmişdir. Onun rəhbərliyi altında o illərdə
güclü sənaye potensialı yaradılmışdır
ki, bu gün də bu potensial müasir və müstəqil Azərbaycana
xidmət göstərir”.
Həqiqətən də, həmin dövrlərdə
Ulu Öndər Heydər Əliyevin səyi nəticəsində
müasir Azərbaycanın təməli qoyuldu. Bu gün yerləşdiyi
regionun lider dövlətinə çevrilən Azərbaycanın
inkişafının əsasında məhz həmin dövrdə
Ümummilli Liderimiz tərəfindən aparılan siyasi kurs
dayanır. Prezident İlham Əliyev bildirib ki,
Heydər Əliyevin fəaliyyəti uzunmüddətli
inkişafa hesablanmışdı. Onun təşəbbüsü
ilə başlanmış layihələr, tikilmiş müəssisələr
bu gün də xalqımıza, dövlətimizə xidmət
göstərir: “1987-ci ildə Heydər Əliyev Sovet
İttifaqının siyasi rəhbərliyindən
uzaqlaşdırılandan sonra Azərbaycanın problemləri
başlamışdır. Ondan iki həftə sonra erməni
lobbisi tərəfindən başlanmış kampaniya nəticəsində
Dağlıq Qarabağı Azərbaycandan ayırıb Ermənistana
birləşdirmək ideyası ortaya qoyulmuşdur. Bu ideya ətrafında
Ermənistan və onun havadarları Azərbaycana qarşı
işğalçı siyasətini başlamışdır.
Heydər Əliyev amili, Onun gücü imkan vermirdi ki, belə
iddialar ortaya qoyulsun. Onun istefasından iki həftə sonra bu
planlar reallaşmağa başlamışdır”.
Ulu Öndər Heydər Əliyevin Azərbaycan
xalqı qarşısında ən böyük xidmətlərindən
biri məhz Prezident İlham Əliyev kimi siyasi varisin
hazırlanması oldu. Heydər Əliyev dövlətçilik
məktəbinin layiqli yetirməsi olan Azərbaycan
Respublikasının Prezidenti cənab İlham Əliyev
iqtisadi-siyasi sahələrdə təməli
atılmış işləri daha da inkişaf etdirdi. Qısa
müddət ərzində Azərbaycanın dövlət
büdcəsi bir neçə dəfə artırıldı,
ölkəmizdə ordu quruculuğu və digər sahələrdə
yüksək inkişaf əldə olundu.
Bəli, bütün bu uğurlara əsası
Ulu Öndər tərəfindən qoyulan siyasət nəticəsində
nail olunub və Prezident İlham Əliyevin hər zaman bəyan
etdiyi kimi, Heydər Əliyev sevgisi xalqımızın qəlbində
əbədi yaşayacaq: “Azərbaycan xalqı Heydər
Əliyev sevgisini qəlbində yaşadır və
yaşadacaqdır. Biz - Ulu Öndərin
davamçıları elə etməliyik ki, Onun siyasi xətti
Azərbaycanda daim üstünlük təşkil etsin. Mən
buna şübhə etmirəm”.
Pərviz SADAYOĞLU
Yeni Azərbaycan.- 2019.-11
iyul.-S.3