Ulu Öndər Heydər Əliyevin Azərbaycanda
siyasi hakimiyyətə gəlişi hər bir azərbaycanlı
üçün qürur tarixidir
“Azərbaycan Respublikası Meliorasiya və Su Təsərrüfatı”
ASC-nin sədri Əhməd Əhmədzadə www.yap.org.az
saytına müsahibə verib:
-
Əhməd müəllim, bu günlər respublikamızda
Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycanda siyasi
hakimiyyətə gəlişinin 50-ci ildönümü
böyük təntənə ilə qeyd olunur. Ümummilli Liderimiz Heydər Əliyevin Azərbaycan
xalqı və dövləti qarşısında misilsiz xidmətləri
haqqında fikirlərinizi bilmək istərdik...
- Bəşər tarixində
öz xalqının mədəniyyət və mənəviyyatı
ilə sıx bağlı olan, əsl ümumxalq sevgisi
qazanmış ən böyük şəxsiyyətlərdən
biri zəmanəmizin böyük siyasətçisi və
dövlət xadimi Heydər Əlirza oğlu Əliyevdir.
Böyük rəhbərin respublikanın
ağır iqtisadi, siyasi, mənəvi böhran keçirdiyi
bir vaxtda, 1969-cu ilin iyul ayında Azərbaycan Kommunist
Partiyası Mərkəzi Komitəsinin birinci katibi seçilməsi
ölkəni işıqlı gələcəyə doğru
aparan yolun başlanğıcına çevrildi və bu tarix
hər bir azərbaycanlı üçün qürur tarixidir.
Tarixdə Heydər Əliyev kimi
millətin liderinə çevrilmiş, hamının ümid,
pənah yeri olmuş rəhbərlər tək-təkdir.
Ümummilli Liderimiz Heydər Əliyev Öz ölkəsinin
hüdudlarından çıxaraq, dünyanın ən
böyük siyasətçilərindən birinə
çevrilmişdir. O, bir qəhrəman ömrü
yaşadı, canlı əfsanəyə döndü.
Tanrının verdiyi ömür payını son anınadək
xalqına həsr etdi. Elə ömür yaşadı ki,
dövlətin, xalqın mənafeyi Özünün şəxsi
maraqlarının fövqündə durdu. Vətənin
abadlığı, uşaqların səadəti, həyatın
firavanlığı Onun ən böyük arzusu oldu.
Belə bir həyat və fəaliyyət Azərbaycan
xalqının xoş alın yazısı, taleyin töhfəsidir.
Heydər Əliyev bu xalqın milli sərvətidir. Elə bir
sərvətidir ki, peşəsindən, yaşından
asılı olmayaraq bütün insanlar Ondan faydalanırlar.
Bu, dünən də beləydi, bu gün də belədir,
sabah da belə olacaq. Və nə qədər Azərbaycan
xalqı var, zaman dəyişdikcə gələn hər yeni nəslə
bu sərvətdən pay düşəcək.
1969-cu il iyulun 14-də Azərbaycana
rəhbər seçilən Heydər Əliyev heç bir ay
keçməmiş Mərkəzi Komitənin avqust plenumunu
keçirdi, iqtisadiyyatı bərbad vəziyyətdə olan
respublikanı dirçəltmək üçün
qarşıda duran vəzifələri müəyyənləşdirdi.
1970-ci illərədək Azərbaycan xammal
istehsalçısı olan bir respublika sayılırdı.
Heydər Əliyevin 1969-cu ildə hakimiyyətə gəlişi
ilə ölkədə hər şey kökündən dəyişməyə
başladı. O, ilk növbədə respublika sənayesində,
kənd təsərrüfatında yeni istehsal sahələrinə
və bu sahələrdə çalışan
çoxsaylı mütəxəssislər hazırlanmasına
diqqət yetirirdi. Onun hakimiyyəti dövründə neft sənayesi
tamamilə yenidən quruldu, xalqın maddi rifah halı yüksəlməyə
başladı.
Belə ki, Ümummilli Lider Heydər
Əliyevin hakimiyyətə gəldiyi vaxtdan Azərbaycanın
kənd təsərrüfatında, sənayesində,
ümumiyyətlə, xalq təsərrüfatının
bütün sahələrində xüsusi canlanma başlandı.
Kənd təsərrüfatının inkişaf etdirilməsi
haqqında bir neçə tarixi qərar qəbul olundu. Bunlardan “Azərbaycanda kənd təsərrüfatının
inkişaf etdirilməsi tədbirləri haqqında” (1970-ci il),
“Azərbaycanda kənd təsərrüfatı
istehsalını daha da intensivləşdirmək tədbirləri
haqqında” (1975-ci il), “1976-1980-ci illərdə torpaqların
meliorasiyası və meliorasiya olunmuş torpaqların istifadəsinin
yaxşılaşdırılması tədbirləri
haqqında” (1976-cı il) və “Azərbaycanda kənd təsərrüfatı
istehsalını daha da ixtisaslaşdırmaq,
üzümçülüyü və şərabçılığı
inkişaf etdirmək tədbirləri haqqında” (1979-cu il) qərarlar
xüsusi əhəmiyyət kəsb edirdi. İttifaq
dövründə belə qərarların qəbul edilməsinə
ancaq Heydər Əliyev nail ola bilərdi. Bu qərarlarda Azərbaycanda
kənd təsərrüfatı istehsalının yüksəldilməsi
və ixtisaslaşdırılması əsasında gələcək
üçün respublika iqtisadiyyatının dinamik
inkişaf proqramları qəbul olundu.
Heydər Əliyev şəxsiyyətinin
gücü bunda idi ki, O, cəmiyyətdə gedən proseslərdən,
ölkədə baş verən hadisələrdən dərhal
xəbər tutub Öz münasibətini bildirirdi. Əhali ilə
ünsiyyət qurub xalqın həyatına daha yaxın olurdu.
Ayrı-ayrı bölgələrə səfərləri
zamanı Onun kənd əhalisi ilə söhbətlərini
unutmaq olarmı?
Təcrübəli siyasətçi olan Heydər
Əliyev Azərbaycanın dövlətçiliyini möhkəmləndirən
qüdrətli şəxsiyyət kimi Öz fəaliyyəti
ilə tariximizdə mühüm mərhələ təşkil
edir.
- Ümummilli Lider Heydər Əliyevin
1969-1982-ci illər ərzində respublikamıza rəhbərlik
etdiyi dönəm Azərbaycanın inkişaf və tərəqqi
dövrü kimi xarakterizə olunur. Bu dövrdə həyata
keçirilən tədbirlər və əldə edilən nəticələrlə
bağlı nə deyə bilərsiniz?
- Həmin dövrləri yaşayan və
canlı şahidi olan bir şəxs kimi qeyd etmək istərdim
ki, həyatımızın elə bir sahəsi yox idi ki, bu
dahi şəxsiyyət onunla maraqlanıb, ortaya çıxan
problemləri yoluna qoymasın. Elə götürək
meliorasiya və irriqasiya sahəsini. Ölkəmizdə bu sahəyə
maraq hələ XIX əsrin ikinci yarısından
başlanmasına baxmayaraq, onun genişmiqyaslı inkişafı
Heydər Əliyevin Azərbaycana rəhbərlik etdiyi 1969
-1982-ci illərə təsadüf edir.
Bu illər ərzində bir
sıra iri irriqasiya və meliorasiya obyektləri, o cümlədən
Araz su anbarı elektrik stansiyası ilə birlikdə
Mil-Muğan hidroqovşağı, Baş Mil kanalı, Yuxarı
Mil və Yeni Xan qızı kanalları, Naxçıvan MR-də
Qaraçuq və Arpaçay nasos stansiyaları,
Naxçıvan suvarma sistemi, Abşeron suvarma sistemi, Qusar
rayonunda Caqar-Cibir magistral kanalı,
Şamaxı rayonunda Zaqolovoçay su anbarı, Lənkərançay
su qovşağı, Mərkəzi Muğan və Cənubi-Şərqi
Şirvan qış otlaqlarının su təminatı sistemləri,
Sərsəng su anbarı, Madagiz su anbarı, Arpaçay
üzərində Arpaçay su anbarı, Sirab su anbarı,
Aşağı Köndələnçay su anbarı,
Yuxarı Xanbulançay su anbarı kompleksi, Tovuz rayonunda 3 pilləli
nasos stansiyası, Tərtərçay magistral kanalları və
digər obyektlər tikilib istismara verildi.
Bu illərdə 200 min hektara
yaxın yeni suvarılan torpaqlar kənd təsərrüfatı
dövriyyəsinə cəlb edilmiş, 400 min hektara yaxın
suvarılan torpaqların meliorativ vəziyyəti
yaxşılaşdırılmış, 825 min hektar sahədə
suvarma sistemləri yenidən qurularaq onların su təminatı
artırılmış, 460 min hektar sahədə əsaslı
hamarlama və 150 min hektara yaxın sahədə əsaslı
yuma işləri aparılmış, texniki cəhətdən
mükəmməl irriqasiya və meliorasiya sistemləri
yaradılmışdır.
Bu tədbirlərin həyata keçirilməsi
kənd təsərrüfatı istehsalının xeyli
artırılmasına və məhsuldarlığın
yüksəldilməsinə imkan verdi.
- Ulu Öndərin 1969-1982-ci illərdə
respublikamıza rəhbərlik etdiyi dövrdə su və meliorasiya
təsərrüfatı sahəsində görülən
işlərin əhəmiyyəti haqqında da fikirlərinizi
bilmək istərdik...
- 1969-1982-ci illərdə
meliorasiya və su təsərrüfatı kompleksinə 2,5
milyard manatdan artıq vəsait yönəldilmişdir ki, bu da
sovet hakimiyyəti dövrünün ilk 50 ili ərzində bu
sahəyə qoyulan vəsaitdən 2 dəfədən
artıq idi.
Bu illərdə Azərbaycanda
meliorasiya və su təsərrüfatı sahəsi Ulu Öndər
Heydər Əliyevin bu sahəyə olan daimi diqqət və
köməkliyinin nəticəsində ölkə
iqtisadiyyatının güclü istehsal bazasına,
respublikanın, demək olar ki, bütün bölgələrində
iri tikinti və istismar təşkilatlarına, elmi-tədqiqat
və layihə-axtarış institutlarına malik olan müstəqil
sahəsinə çevrildi.
Xüsusi olaraq vurğulamaq istəyirəm
ki, müdrik və uzaqgörən rəhbər, dünya
miqyaslı siyasətçi, xalqımızın, bütün
melioratorların sevimlisi Heydər Əliyev Azərbaycanda su təsərrüfatı
kompleksinin yaradıcısı, onun inkişaf
konsepsiyasının, respublikamızda meliorasiya və su təsərrüfatı
sahəsində görülmüş əzəmətli
işlərin və əldə edilmiş inqilabi dəyişikliklərin
həm müəllifi, həm də təşkilatçısıdır.
Onun respublikamıza rəhbərliyi
dövründə gördüyü tədbirlərin nəticəsi
olaraq 1980-ci ildə 1970-ci ilə nisbətən respublikada kənd
təsərrüfatı məhsullarının ümumi dəyəri
2,2 dəfə, taxıl istehsalı 2,1 dəfə, pambıq
istehsalı 2,6 dəfə, üzüm istehsalı 4,6 dəfə,
tərəvəz və tütün istehsalı 2,3 dəfə,
meyvə istehsalı 4,4 dəfə, çay yarpağı
istehsalı 2,2 dəfədən çox artmışdır.
Qeyd etmək lazımdır ki, hələ o
vaxtlar hər hansı bir ittifaq respublikasında bu həcmdə
işlərin görülməsini nəzərdə tutan belə
böyük qərarlar çox nadir hallarda verilirdi. Bu qərarların
qəbul edilməsi yalnız Heydər Əliyevin qətiyyəti,
uzaqgörənliyi, dahiliyi və nüfuzunun bilavasitə nəticəsi
idi.
Bütün bu yüksək şəxsi keyfiyyətlər
Ona Azərbaycanı keçmiş Sovet İttifaqında
müttəfiq respublikalar arasında ön yerlərdən
birinə çıxarmağa imkan vermişdi. Qısa
zaman kəsiyində görülmüş nəhəng
işlər, xarakterindəki bütövlük, qətiyyət,
mətin iradə, qeyri-adi zəka, tükənməz enerji, vətənpərvərlik,
millət sevgisi, eləcə də yeniliyin, mütərəqqi
təcrübənin, milli və ümumbəşəri dəyərlərin
tərəfdarı kimi çıxış edən rəhbər,
mahir dövlət idarəçisi, islahatçı təfəkkürə
malik olması xalqın gözündə Heydər Əliyevin
böyük şəxsiyyət və xilaskar obrazını
yaratdı.
Şübhəsiz ki, bu deyilənlər Heydər
Əliyevin böyük tarixi şəxsiyyət kimi Azərbaycana
rəhbərliyi dövründə, həm də SSRİ rəhbərlərindən
biri kimi cəmiyyətdə müstəsna və alternativsiz
roluna aydınlıq gətirir. O, Azərbaycanın rəhbəri
kimi ölkədə plüralizmin, demokratik düşüncə
tərzinin, qanunun aliliyinin bərqərar olması
üçün böyük qətiyyət göstərirdi.
Heydər Əliyev 1982-ci ildən
keçmiş SSRİ-nin rəhbərlərindən biri kimi
dünyada gedən proseslərə dərindən nüfuz
edir, beynəlxalq və regional problemlərin, münaqişələrin
nizama salınmasında yaxından iştirak edir, ittifaq
dövlətinin nəhəng imkanlarını məharətlə
Azərbaycanın tərəqqisinə,
sosial-iqtisadi yüksəlişinə xidmət edən plan və
layihələrin reallaşdırılması işinə
istiqamətləndirirdi və iqtisadiyyatın bütün sahələrində
olduğu kimi, meliorasiya və su təsərrüfatı sahəsinə
də Öz qayğısını əsirgəmir, bu sahədə
işlərin gedişinə daim nəzarət edir və
lazımi köməklik göstərirdi.
1983-cü ildə kənd təsərrüfatında
faktiki istifadə olunan suvarılan torpaqların sahəsi
1970-ci ildəkinə nisbətən 265,1 min hektar
artmışdı, eyni zamanda, istifadə olunmayan suvarılan
torpaqların sahəsi 89,7 min hektara qədər
azalmışdı.
Lakin 1987-ci ildən sonra
respublikanın iqtisadiyyatında yaranmış ağır vəziyyətlə
əlaqədar büdcə vəsaitinin
çatışmazlığı üzündən dövlət
əhəmiyyətli sistemlərin istismarında ciddi çətinliklər
yaranmış, bir sıra mühüm əhəmiyyətli su
təsərrüfatı kompleksləri qəza vəziyyətinə
düşmüşdü. Tikinti işləri, demək olar
ki, dayandırılmışdı. Meliorasiya və su təsərrüfatının
maddi-texniki bazası da xeyli zəifləmişdi.
- Ulu Öndər Heydər Əliyev 1993-cü
ilin iyun ayında xalqın təkidli tələbi ilə
hakimiyyətə qayıtdı. Bu tarixi qayıdış Azərbaycanı
məhv olmaq təhlükəsindən xilas etdi...
- Ümummilli Lider Heydər
Əliyevin ittifaq rəhbərliyindən istefasından sonra
milli zəmində başlanan qanlı münaqişələr
bütün dünyada söz sahibi sayılan nəhəng bir
dövlətin əsaslarını laxlatmış,
iqtisadiyyatını tənəzzülə sürükləmişdi.
Bunu biz respublikamızda daha çox hiss etmişik.
Həmin dövrdə şəxsən
respublika rəhbərliyinin bizim sahəyə laqeyd münasibəti
aparılan işlərin sürətinə və həcminə
mənfi təsir göstərmiş, meliorasiya və su təsərrüfatına
qoyulan kapital heçə endirilmiş, irriqasiya sistemlərinin
istismarına ayrılan büdcə vəsaiti ildən-ilə
azaldılmışdı. Nəticədə mühüm
dövlət əhəmiyyətli bir sıra təşkilatlarımız
sıradan çıxarılmış, fəaliyyətsiz hala
gətirilmişdi. Xoşbəxtlikdən belə vəziyyət
çox uzun sürmədi. 1993-cü ilin iyun ayında
xalqımızın böyük oğlu Heydər Əliyev
ikinci dəfə yenidən Azərbaycanın rəhbərliyinə
qayıtdı.
Yenicə müstəqillik
qazanmış Azərbaycan Respublikası həmin vaxt çox
təhlükəli bir vəziyyətlə üz-üzə
dayanmışdı. Ölkədə, demək olar ki, vətəndaş
müharibəsi başlanmışdı. Bax belə bir gərgin
vəziyyətdə hakimiyyətə qayıdan Heydər
Əliyev bütün dünyaya bəyan etdi ki, həyatının
qalan hissəsini xalqına qurban verir.
Bizim böyük xoşbəxtliyimizdir
ki, dövlətçiliyin bütün incəliklərini dərindən
bilən bu əvəzsiz insan ölkənin ağır məqamında
imdadımıza çatdı. Ölkəmizin bazar
iqtisadiyyatı yolu ilə inkişaf etdiriləcəyi bəyan
olundu. Bununla əlaqədar aqrar sahədə başlanan
islahatlarla paralel meliorasiya və su təsərrüfatında
da bazar münasibətlərinə uyğun işlərə
start verildi. Daxildən və xaricdən törədilən
əngəllərə baxmayaraq, az vaxt ərzində ölkədə
sabitlik yaradıldı. Əsas sərvətimiz sayılan
enerji ehtiyatları hərəkətə gətirildi,
dünyanın aparıcı ölkələrinin güclü
maliyyə imkanlarına malik şirkətləri ilə
“Əsrin müqaviləsi” bağlanıldı və beləliklə,
iqtisadiyyatın bütün sahələrində islahatlara
geniş meydan açıldı.
Ulu Öndər Heydər Əliyevin 1993-cü
ildə yenidən hakimiyyətə qayıdışı ilə
meliorasiya və su təsərrüfatı öz
inkişafının yeni mərhələsinə qədəm
qoydu. Bu sahəyə diqqət və dövlət
qayğısı bərpa olundu, mövcud meliorasiya
potensialının dağılmasının qarşısı
alındı, ondan daha səmərəli istifadə
olunması yolları və sahənin gələcək
inkişaf istiqamətləri müəyyənləşdirildi.
Onun rəhbərliyi ilə başlanılmış, lakin
yarımçıq qalmış obyektlərin yenidən
tikintisinə başlanıldı.
Ulu Öndərin göstərişlərini
əsas tutaraq respublikaya qoyulan xarici investisiyalar ilk növbədə
meliorasiya və su təsərrüfatı sahəsinə -
Baş Mil-Muğan kollektorunun tikintisinə, Samur-Abşeron
suvarma sisteminin yenidən qurulmasına və Vayxır su
anbarının tikintisinə yönəldildi.
Ömrünün 35 ilini Azərbaycan Respublikasının
tərəqqisinə həsr etmiş Heydər Əliyev
demişdir: “Meliorasiya və su təsərrüfatı
obyektləri bizim sərvətimizdir və bu sərvətdən
səmərəli istifadə etməliyik”. Ümummilli
Liderimizin bu tövsiyəsi meliorasiya və su təsərrüfatı
kompleksi kollektivlərinin başlıca fəaliyyət
proqramıdır. Biz həmin proqrama daim sadiq
qalacağıq.
- Əhməd müəllim, müasir müstəqil
Azərbaycan Ümummilli Lider Heydər Əliyevin ideyaları əsasında
inkişaf edir. Azərbaycan Ulu Öndərin əsasını
qoyduğu siyasəti uğurla davam etdirən Prezident İlham
Əliyevin rəhbərliyi ilə möhtəşəm
nailiyyətlər qazanır. Bugünkü reallıqları və
perspektivi necə dəyərləndirirsiniz?
- Ulu Öndər Heydər
Əliyevin Azərbaycan dövlətçiliyi
qarşısında ən böyük tarixi xidmətlərindən
biri dünyanı bürümüş iqtisadi böhranların,
münaqişələrin hökm sürdüyü çətin
bir şəraitdə ölkəmizin Onun tərəfindən əsası
qoyulmuş uğurlu inkişaf strategiyasının davam etdirilməsi kimi çox böyük məsuliyyətli
və taleyüklü bir vəzifəni şərəflə
irəli apara biləcək unikal dövlət idarəçiliyi
təfəkkürünə malik İlham Əliyev cənablarını
xalqımıza bəxş etməsi olmuşdur.
Möhtərəm Prezidentimizin rəhbərliyi
ilə son 16 il ərzində ölkəmiz böyük və
şərəfli inkişaf yolu keçmişdir. Ölkəmiz
bütün sahələrdə böyük uğurlara imza
atmışdır. İqtisadiyyatımızın aparıcı
sahələrindən biri olan meliorasiya və su təsərrüfatı
sistemi qazanılmış nailiyyətlərdə öz yeri və
payı olan sahəyə, eyni zamanda, başlanılmış
genişmiqyaslı islahatların ünvanına
çevrilmişdir.
Bütün maliyyə mənbələri
hesabına 2004-2018-ci illərdə 4,2 min kilometr uzunluğunda
suvarma kanallarının, 2,8 min km uzunluğunda kollektor-drenaj
şəbəkələrinin tikintisi, yenidənqurulması və
bərpası, 413 min hektar sahədə torpaqların su təminatının
və 264 min hektar sahədə meliorativ vəziyyətinin
yaxşılaşdırılması işləri
yerinə yetirilmiş, 166 min hektar yeni suvarılan torpaq sahələri
əkin dövriyyəsinə daxil edilmişdir. Çaylarda
sel və daşqınlara qarşı 187 km-dən artıq
mühafizə tədbirləri həyata keçirilmiş, əkin
sahələrinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması, habelə əhalinin
içməli suya olan tələbatının ödənilməsi
üçün 2273 ədəd subartezian quyusu qazılaraq
istifadəyə verilmişdir. Ümumi sututumu 456 milyon kubmetr
olan Taxtakörpü, Şəmkirçay, Tovuzçay,
Göytəpə su anbarları tikilmiş, eləcə də
Pirsaatçay, Zoğalavaçay və Ləvain su
anbarları təmir-bərpa edilmişdir.
Xanarx kanalının tikintisi
2006-cı ildə, Samur çayı üzərində yerləşən
Baş suqəbuledici qurğunun bərpası, Samur
çayı yaxınlığında Baş sudurulducunun
tikintisi, Samur-Abşeron kanalının ilk 50 km-lik hissəsinin
və bu hissədə yerləşən uzunluğu 185,7 km
olan təsərrüfatlararası kanalların yenidənqurulması
işləri 2007-ci ildə başa
çatdırılmışdır. Respublikanın 500 min
hektar suvarılan sahələrindən duzlu qrunt
sularının Xəzər dənizinə
axıdılmasını təmin edən Baş Mil-Muğan
kollektorunun 3-cü hissəsinin tikintisi 2006-cı ildə
başa çatdırılaraq Mil-Qarabağ kollektoru ilə
birləşdirilmişdir.
15 noyabr 2014-cü ildə möhtərəm
Prezident İlham Əliyev cənablarının iştirakı
ilə açılış mərasimi keçirilmiş
Şəmkirçay su anbarı zonasında 2015-ci ildə əkin
sahələrini suvarma suyu ilə təmin edəcək 60,5 km
uzunluğunda magistral kanalların tikintisi işləri başa
çatdırılmışdır.
Azərbaycan Respublikası
Prezidentinin ölkədə
taxılçılığın,
pambıqçılığın,
tütünçülüyün,
baramaçılığın və digər sahələrin
inkişafı, eləcə də aqroparkların və iri təsərrüfatların
yaradılması ilə əlaqədar verdiyi
tapşırıqların icrası olaraq Səhmdar Cəmiyyəti
meliorasiya və irriqasiya sistemlərinin normal
istismarının təşkili, suvarılan torpaqların su təminatının
və meliorativ vəziyyətinin
yaxşılaşdırılması, sahələrin
genişləndirilməsi, sel və daşqın sularına
qarşı mübarizə və digər istiqamətlərdə
əvvəlki illərdə olduğu kimi, 2018-ci ildə
də öz uğurlu fəaliyyətini davam etdirmişdir.
Araz çayının 54,2 km uzunluğunda yeni
qol-kanalının beton üzlüyə alınması işləri
tamamlanmış və əlavə olaraq 13145 ha olmaqla,
ümumilikdə 53 min hektar yeni suvarılacaq torpaq sahələrinə
suvarma suyu çatdırılmışdır.
Neftçala rayonu ərazisində
uzunluğu 24,9 km olan Neftçala magistral kanalının son
11,4 km hissəsinin hidrotexniki qurğularla birlikdə tikintisinin
başa çatdırılması ilə 12433 ha sahənin su
təminatı yaxşılaşdırılmış və
bununla da layihə üzrə 20205 hektar (ondan 6805 hektar yeni
suvarılan) sahəyə suvarma suyunun
çatdırılması təmin edilmişdir.
2018-ci il iyunun 5-də Azərbaycan
Respublikasının Prezidenti İlham Əliyev cənablarının
iştirakı ilə Şəmkir-Samux-Goranboy magistral suvarma
kanalının ikinci növbəsinin İpək yolu ilə kəsişmə
qurğusunun və ondan sonrakı 4,95 km-lik hissəsinin
açılış mərasimi keçirilmişdir.
Kanalın son 14 km-nin 5,5 km-lik hissəsinin tikintisi ilə 11788
ha (ondan 1570 hektar yeni suvarılacaq sahələrdir) torpaq sahəsinə
suvarma suyu çatdırılmışdır.
Cəbrayıl rayonunun Cocuq Mərcanlı (400
hektar) və Füzuli rayonunun ona bitişik Mirzənağılı
kəndlərinin (280 hektar) ümumilikdə 680 hektar əkin
sahəsinə Araz çayından suyun verilməsi üzrə
işlər tamamlanmış və obyekt istismara
verilmişdir.
2019-cu ildə də kənd təsərrüfatının
inkişafına bilavasitə təsir edən iri infrastruktur
layihələrində nəzərdə tutulan meliorativ tədbirlərin
həyata keçirilməsinə başlanmışdır. Bu tədbirlərin reallaşdırılması nəticəsində
yeni suvarılacaq torpaqların istifadəyə verilməsi və
əkin sahələrinin su təminatının
yaxşılaşdırılması nəticəsində
ölkədə ixrac yönümlü kənd təsərrüfatı
məhsullarının inkişafına geniş imkanlar yaradılacaqdır.
Son olaraq bir daha vurğulamaq istərdim ki, əldə
edilən hər bir nailiyyətin, hər bir uğurun təməlində
Ulu Öndər Heydər Əliyev ideologiyası və bu
ideologiyanı uğurla davam etdirən Prezident İlham
Əliyev şəxsiyyəti dayanır.
Biz əminik ki, Ulu Öndərin
başladığı və nəzərdə tutduğu
bütün işlər möhtərəm Prezidentimizin rəhbərliyi
ilə müvəffəqiyyətlə başa
çatdırılacaqdır. Xalqımızın
ağrılı yeri olan Dağlıq Qarabağ probleminin də
yaxın vaxtlarda həll ediləcəyinə əminik.
Möhtərəm Prezidentimiz İlham Əliyev
əmin ola bilər ki, respublikanın melioratorları və su
təsərrüfatı işçiləri bundan sonra da Ulu
Öndərin milli iqtisadiyyat üzrə ideologiyasının həyata
keçirilməsində Onun yaxın köməkçiləri
olacaqlar.
Yeni Azərbaycan.-
2019.- 12 iyul.- S.7.